Mədəniyyət

Böyük Səlcuqların Alp Arslan zirvəsi

2 İyul 2015 13:13
Baxış: 859

Yunus Oğuz türklərin tarixinə həsr olunmuş bir sıra tarixi romanlarından sonra müəllifin yaradıcılıq texnologiyasına yaxşı bələd olan oxuculara özünün "Sultan Alp Arslan"ını təqdim edir.

Hər şeydən əvvəl, romanın bədii strukturu və ya kompozisiyasının özünəməxsusluğu barədə danışmaq lazımdır. Belə ki, əsər türk tarixinin, yaxud türklərin xüsusilə orta əsrlərdə dünyanın geniş bir coğrafiyasında yayılmasının çox böyük (həlledici!) hadisələrindən olan "axın" (axınçıların gəlişi) xəbərilə başlayır. Dəmirçi Murad bu xəbəri Savalan dağlarında, gizli bir məkanda məskunlaşmış Dədələrə çatdırır.

"...Bu yerlərdə İslamın bərqərar olmasından üç yüz əlli il keçməsinə baxmayaraq əski inancların bir qismi hələ də hakimlik edirdi. Ən başlıcası təktanrıçı­lıq idi. Yəqin ki, İslamda birallahlıq olmasaydı, oğuzlar bu dini qəbul et­məz­­di­lər. Burada yalnız oğuzların başa düşdüyü dildə dualar, alqışlar, qarğışlar oxunurdu. Oğuz dədələri hələ Sasanilərin dövründə təqibdən qaçaraq bu dağlara çəkilmişdilər. Onlar üçün Sultan sözü, Sultan əmri Tanrı əmrindən sonra ikinci sayılardı. Sultan oğuzlar üçün elə "yerdəki Tanrı" demək idi"...

Dədələr yüzillərlə gözlədikləri bu xəbərdən çox şad olurlar. Və Baş Dədə axınçıların gəlməsi münasibətilə Dədələri bir yerə toplayır...

"- Dədələr, - Baş Dədə oturanlara müraciət etdi, - İndicə mən alov içindən çıxdım. Alovun içində olanda gələcəyə baxdım. Həqiqət Zərdüşt peyğəmbərin dediyi kimidir. Bu dəfə oğuzlar gün çıxandan gün batana qədər olan yerlərdə on dəfə yüz ildən çox hakimiyyətdə olacaqlar. Bir oğuz ulusu o biri oğuz ulusunun hakimiyyətini dəyi­şə­cək. Düz on dəfə yüz ildən artıq buralar onun hökmü altında olacaq. Amma biz də buna hazır olmalıyıq. Hücrələrdə öyrətdiyimiz elmimiz, həm də fitrimiz bizə kömək edəcək. Bundan sonra da biz bu işləri davam etdirib, nəsildən nəsilə ötür­məliyik. - Sual dolu nəzərlərlə Dədələrə baxdı, - Fikrim aydındırmı, Dədələr? Bu min ildə oğuz­ları çətin sınaqlar gözləyir. Mən bunların hamısını gördüm; qardaş qardaşı öldürəcək, əqidə, məzhəb uğrunda savaş gedəcək. Ərazilərimiz gah bö­yü­yəcək, gah kiçiləcək. Ortada daha qüdrətli düşmən qalmayacağı üçün oğuzlar bir-biri ilə savaşacaqlar, ancaq yenə hakimiyyətdə qalacaqlar."

Azərbaycanda axınçıların yolunu gözləyən xeyirxah Dədələrlə yanaşı onların (yalnız onların yox, ümumən dünyada harmoniya yaradacaq hər cür qüvvənin, hakimiyyətin!) düşməni olan bədxah xaşxaşilər də var ki, Ələmut dağında gizlənib Həsən Sabbahın başçılığı altında quldur dəstələri toplayıb böyük xadimləri öldürür, hərcmərclik yaradırlar.

Və bu cür qurbanlardan biri də Alp Arslan olur...

Baş vəzir Nizam- ül- Mülkün etirazına baxmayaraq namazı məsciddə xalqla bir yerdə qılmağa gedən Sultanı ağlı başından alınmış xaşxaşi "fədai"lərindən biri ağır yaralayır...

... "Atlılar məscidə yaxınlaşıb dayandı. Mühafizlərdən biri qaçaraq Sultanın atının yüyənindən tutdu. Məscid meydanı namaza gələnlərlə dolu idi.

Sultan meydana daxil olduqda qatil onun dəstəsinə qoşuldu. Meydan camaatı Sultanı görcək sağ əlini sinəsinə qoyub baş əyir, ehtiramla yol verirdi. Sultan məscidə daxil olduqdan sonra namaza gələnlərin böyük hissəsi onun arxasınca içəri girdi. Sultan ön sırada, qatil isə ikinci sırada səf tutub yerləşdi və namaz qılmağa başladılar. Sübh namazının ikinci rükətində, səcdə zamanı hər kəs özünü Allaha təslim edib, dua edəndə birdən Alp Arslanın üstünə sanki qırğı şığıdı. Kürən xadimin əbası yellənib geniş açıldı. Heç kəs nə baş verdiyini anlamağa macal tapmamış, kimsə canamazdan başını qaldırmamış qatilin xəncəri Sultanın kürəyinə saplandı. Bu zaman ətrafdakılar bir vıjıltı səsi də eşitdilər. Yuxarıdan atılan xəncər sürətlə uçaraq, qatilin kürəyini deşdi. Onun geniş əbası Sultanı görünməz etdi. Qatil Sultanın üstünə sərilmişdi"...

Və bundan sonrakı hadisələr ölüm yatağında olan, ağrıdan qıvrılan Alp Arslanın xatirələri, daha doğrusu, xatırlamaları kimi təqdim olunur... Hər xatırlamadan sonra hökmdarın sağalmaz yaradan çəkdiyi əzablara qayıdılır. Və bu ədəbi priyom- texnologiya əsərin struktur bütövlüyünü, bədii ritm və intonasiyasını müəyyənləşdirir.

...Türküstandakı rəqiblərini yenən səlcuqlar türk tarixində yeni güclü bir sülalə hakimiyyətinin - dövlətin (Səlcuqluların! ) əsasını qoyurlar.

..."Dandanakan döyüşündən sonrakı on il müddətində səlcuqlar Xarəzm torpaqlarını ələ keçirtdilər, qəznəliləri özlərinə tabe etdilər. Bu on il ərzində türkmənləri və Kirmanşahdakı qəbilələri, Diyarbəkr, Axlat və Malazgirddəki Məv­rani dövlətini, İraq, Əl-Cəzirə və Şimali Suriyadakı Hamdaniləri, Təbə­ris­tanda ziyariləri, Deyləmanda kakuiləri, Gilanda Səffariləri, Azərbaycanda Rəv­vadiləri, Şirvanda Şirvanşahları, Dərbənddə Haşimiləri, Divin və Aranın bir hissəsində Şəddadiləri, Farsda Buveyhiləri, Sistanda Səffariləri özlərinin vas­sal­larına çevirdilər. Səlcuq hakimiyyətinin on beş illiyində isə Bağdad və bütün İslam şərqi artıq tam olaraq onların əlində idi.

Axınçılar indi də batının hər yerində görünür, hər kəsi özlərinə tabe etdirməyə çalışır və bunu bacarırdılar"...

Vəliəhd Alp Arslan özünü Sultan elan etdikdən sonra səlcuqların Qərbə axını daha böyük vüsət alır...

... "Alp Arslanın qarşısında çox böyük işlər dururdu: Şərqdə bütünlüklə Türküstanı özünə tabe etdirmək, Çindən, Hindistandan qərbə gedən ipək yoluna tam nəzarət etmək, qərbdə isə Bizans tor­paq­larının hesabına Egey dənizinə qədər torpaqları ələ keçirmək. Toğrul bəyin siyasətini davam etdirən yeni sultan əsas hərəkət qüvvələrini sərhəd əra­zi­lərində yerləşdirməklə, axınçıların əsas istiqamətini mərkəzdən yayındırır, bununla da paytaxtın işini yüngülləşdirir, ölkənin və dövlətin idarə olunmasını asanlaşdırırdı. Bu isə təkcə paytaxtı deyil, ölkənin bərabər qaydada hər yerini qüvvətləndirir və yeni fəthlərə yol açırdı. Axınçılar yeni fəthləri hər gün, hər ay, hər il gör­mək, onu əldə etmək istəyirdilər. Haranınsa fəth edilməsi xalqın həyat tərzinə çevrilirdi. Bu, səlcuqların ruhunu da qüvvətləndirirdi. Onlar hara gedirdilərsə, oralara özləri ilə dövlət quruculuğunu aparır, yerli xalqlarla qohum olur, onlardan qız alır, çoxlu övlad dünyaya gətirirdilər.

Dünya və xalqlar sanki böyük türk fəthinə hamilə imiş kimi onun yolunu gözləyirdi. Hakim zümrələr axınçıların gəlişini eşitdikdə daha ciddi müqavimət barədə düşünə bilmirdilər. Çoxları bu yürüşdən faydalanmaq istəyirdi. Öz ölkəsinin hakim zümrəsindən narazı olan xalqlar axıncıların gəlişinə daha artıq sevinirdi. Səlcuqlar hər yerdə ədalətli hakimiyyət qurur, xalqı daha çox razı salmaq barədə qərarlar qəbul edirdilər"...

Səlcuqların qarşısında ciddi müqavimət göstərən əsas şəhər Bizansın Ani şəhər- qalası olur...

"...Ani şəhərinin alınmasına az qalırdı.

Bütün gecəni əsgərlər sal daşları daşıyıb, çaya tökdülər. Çay getdikcə axarını dəyişməyə hazır vəziyyətə gətirildi. Sonuncu sal daşı yerinə qoymaq qalırdı.

Hər tərəfdən hücum başlandı.

Usta Muradın atdığı dəmir kürələr şəhərdə yenidən çaşqınlıq yaratdı. Eyni zamanda sonuncu sal daşı çayın qarşısına qoyduqda çay axarını dəyişdi, sel şəhər qapılarına doğru axdı. Sel o qədər güclü idi ki, şəhər mühafizəçiləri gözlərini açmağa macal tapmadılar. Su öz qarşısına nə çıxırdısa yuyub aparırdı. Birdən darvaza layları yerindən qopub selin altına düşdü. Şəhər girəcəyi darvazasız qaldı. Selin arxasınca səlcuq əsgərləri də özlərini şəhərə sel kimi vurdular. Gizli yolu aşkar edən səlcuq əsgərləri xəlvəti yoldan keçərək, düz şəhər meydanına çıx­dı­lar. Burada onlar hamını oxa tutmağa başladılar. Şəhər camaatı nə edəcəyini bilmirdi. Həyəcan və təşviş içində olan əhali şəhərdən çölə də qaça bilmə­yə­cəkdi. Şəhərdən kənarda hər şey daha betər idi. Səlcuqlar daha heç kimi əsir götür­mür­, hamını qılıncdan keçirirdilər. Onlar yalnız Sultan Alp Arslanın əmrinə tabe idilər. Sultan isə "Kim ki İslamı qəbul edib "La ilahə illallah, Mühəm­mə­dün rəsulullah" deyəcəksə onlara toxunmasınlar" demişdi. Selin yuyub apara bilmədiklərini səlcuqlar yerlə-yeksan etdilər. Şəhərdə nə qədər kilsə vardısa, hamısı dağıdıldı. İnsanlar qılıncdan keçirildi. Yalnız çayın axarını döndərmək üçün qoyulan sal daşlar götürüldükdən sonra Araz öz məcrasına qayıtdı. Axşama yaxın sel suları şəhərdən çəkilməyə başladıqda əvvəlki Anidən əsər-əlamət qalmamışdı. Şəhər xarabalığa çevrilmiş, darmadağın edilmişdi. Küçələrdə bir meyit də gözə dəymirdi. Geri axan sel suyu bütün meyidləri ağuşuna alıb çox uzaqlara aparmışdı. Elçinin başının kəsilməsini Sultan anililərə bağışlamadı.

Aninin alınması ilə axınçıların Bizans torpaqlarına girməsi və dərinliyinə doğru irəliləməsi üçün şərait yarandı. Amma, Sultan yenə də tələsmirdi. Onun Türküstanı tam olaraq özünə tabe etdirmək arzusu gerçəkləşmək üzrə idi.

16 avqust 1064-cü ildə Bizans imperiyasının şərq sərhədində ən güclü şəhəri olan Ani fəth olundu və xarabalığa çevrildi"...

Alp Arslan geriyə- Türküstana yürüş edib ona tabe olmayanları, Səlcuqlular dövlətinə qarışıqlıq salmaq istəyənləri cəzalandırır, qurultay keçirir, dövlətdaxili idarəçilik münasibətlərini tənzimləyir.

Və bu zaman Konstantinopolda Roman IV Diogen kral seçilir.

Səlcuqlularla Bizanslılar 1071- ci ildə Malazgirddə üz- üzə gəlməli olurlar ki, bu döyüş türklərin yunanlar üzərində yalnız tarixi qələbəsi olaraq qalmadı, onları (türkləri) Konstantinopola- İstanbula qədər aparıb çıxaran çoxlu qələbələrinin möhkəm bünövrəsinə çevrildi.

Ancaq gələcək qələbələrin müəllifi Alp Arslan yox, onun xələfləri olacaqdı...

"...Sultan Alp Arslan daha keçmişdən və xatirələrdən qayıtmaq istəmirdi. Saray həkimi onun otağına girəndə xəstədən səs-səmir gəlmirdi. Həkim əvvəlcə Sultanın yuxuya getdiyini zənn elədi. Nəbzini yoxladı. Böyük Cahangir yuxudaca haqq dünyasına qovuşmuş, özünün fatehlik səlnaməsində əbədiyyətə çevrilmişdi.

Bəlkə də Sultan öz yuxu və ya xəyallarında dolaşır, qılıncını siyirib, at belində hücuma keçirdi. O özünün fatehlik salnaməsində əbədiyyətə qovuşmuşdu.

Sultan Alp Arslan 23 noyabr 1072-ci ildə 43 yaşında vəfat etdi.

Onu Mərvdə atası Çağrı bəyin yanında dəfn etdilər.

... Alp Arslandan sonra vəliəhd olan Məlikşah onun taxtında oturdu (1072-1092).

Məlikşahın iyirmi illik hakimiyyəti dövründə Səlcuqların və türklərin intibahı başlandı. Bu dövrdə elm, mədəniyyət, tədris çox inkişaf etdi. Nizam ül-Mülk seçilmiş gənclərin dövlət idarəçiliyinə hazırlanması üçün yeni kitablar yazdı. Baş vəzir türklərin xarakterinə tam uyğunlaşmışdı və onların nə istədiyini yaxşı bilirdi. Onun siyasətlə bağlı əsərləri təkcə maraqlara deyil, həm də kişilik əlamətlərinə, meyarına uyğunlaşdırılırdı.

Baş vəzir Nizam ül-Mülkü və Məlikşahı xaşxaşilər sui-qəsd yolu ilə aradan götürdülər"...

Bir tərəfdə nəfsinə (şeytan) uyub türk irəli gedənlərini aradan götürən xaşxaşilər, digər tərəfdə haqdan gələn ideoloji- mənəvi (ruhani!) enerjilərilə onları müdafiə edən, gücləndirən Dədələr!..

Roman müəllifi hadisələri təsvir edərkən həm elmi- publisistik bir dəqiqlik (və salnaməçi təmkini) ilə onların (tarixi hadisələrin) xronologiyasını verir, həm də həmin hadisələrə mistik müdaxilələrin əhəmiyyətli təsir göstərdiyi qənaətinə gələrək bu təsirlərin metafizik semiotikasını müəyyənləşdirməyə çalışır. Və fikrimizcə, Dədələrlə xaşxaşilərin türk tarixindəki siyasi- ruhani missiyalarının obrazlı təqdimi romanın ən maraqlı səhifələrini təşkil etməklə əsəri yalnız bədii- estetik baxımdan deyil, ideya- fəlsəfi məzmunca da zənginləşdirir.

Yunus Oğuz indiyə qədərki tarixi romanlarında olduğu kimi "Alp Arslan"da da türklərin möhtəşəm tarixlərilə, hər şeydən əvvəl, bir övlad (xələf!) duyğusallığıyla qürur duyur. Və romanın elə səhifələri vardır ki, müəllif özünü təsvir olunan hadisələrin - döyüşlərin, rəsmi danışıqların, qurultayların sanki iştirakçısı kimi hiss edir. Məsələn, Alp Arslanla Nizam- ül- Mülkün aşağıdakı dialoqu müəllif hisslərinin mətnə müdaxiləsi baxımından maraq doğurmaya bilməz:

... "Sakit səslə, -Daha bir məsələ qaldımı, hörmətli vəzir? - deyə soruşdu.

-Bəli, qaldı, sultan həzrətləri. - Ələmut qalasından xəbər aldım ki, Sultan həzrətlərinə Həsən Sabbah tərəfindən sui-qəsd fətvası verilib. Nəzarəti daha da gücləndirmək lazımdır. Mənim tərəfimdən bir sıra tədbirlər görülüb, ancaq yaxşı olardı ki, siz də ehtiyatlı olasınız. Alp Arslan bu xəbərdən bir anlıq duruxub qaldı. Sanki bu xəbərin gerçək olacağına inandı. Hətta dərindən köks ötürdü. Sonra gülümsədi və:

- İşimi-gücümü atıb Ələmut qalasına vaxt ayırsam, o sarsaq Həsən Sabbaha baş qoşsam, tarix mənə gülər. - dedi.- Mən o şərəfsizə layiq olmadığı şərəfi vermək fikrində deyiləm! Onsuz da böyüklər çox vaxt rəzillərin əli ilə öz ölümünə qovuşur. Makedoniyalı İsgəndər Zülqərneyn bir ağcaqanadın dişləməsilə ölmədimi? Taleh yazısına pozu olmaz! Mənim ömrüm bitən anda Həsən Sabbahı qarşıma cənab Əzrayılın özü gətirib çıxardacaq. Amma... Bax, bu işi elə sizə tapşırıram, vəzir həzrətləri. Bir vaxtlar səhv etmirəmsə Həsən Sabbah sənin yanında olub. - Sultan güldü. - Onun bütün işlərindən sənin başın daha yaxşı çıxar.

Baş vəzir Sultanın hara işarə vurduğunu başa düşdü. Amma indi özünü başa düşməyən kimi göstərməsi daha münasib idi"...

Yazıçının qanında olan türk təəssübkeşliyi ona səlahiyyət verir ki, yeri gələndə türklərin çatışmayan cəhətlərindən də açıq bir şəkildə (və cəsarətlə!) bəhs etsin...

... "Nizam ül-Mülk Sultanın sözü hansı dərəyə atdığını yaxşı başa düşdü, amma özünü o yerə qoymadı.

- Sultan sağ olsun, hər kəs və hər şey yerindədir. Sizin sağlıq vəziyyətinizi nəzərə almasaq, hər şey çox yaxşıdır. Oğlunuz Məlik şah sizin qoyduğunuz qaydalarla dövləti yaxşı idarə edir.

Baş vəzir deməsə də əslində Sultan ölkənin necə idarə olunduğunu yaxşı bi­lirdi. Məhz o özü təşəbbüs göstərmişdi və oğuz türkləri oturaq həyat tərzinə keç­mişdilər. Çox vaxt oğuzlar döyüşür, fəth edir, dövlət qurur, amma sarayın ida­rə edilməsilə başqaları məşğul olurdu. Türklər saraya çəkilməyi özlərinə yaraş­dır­mırdılar. Onlar fəthlər üçün yaranmışdı. Bu zaman saray işləri digər millət­lər­dən olanlara həvalə olunurdu. Onlar da bu sahədə formalaşır, püx­tə­lə­şir­dilər. Hət­ta yazışmalar da Samani-tacik dilində idi. Sultan bunu gözəl başa düşürdü. Ta­rix yaradan bir xalq tarix yaza bilmirdi. Bu qaydanı, bu cür tərzi-hərəkəti nə zamansa də­yiş­mək lazım idi. Tarix yazmağı başqalarının ixtiyarına ver­mək olmazdı. O halda tarix təhrif oluna bilərdi.

Əli ilə vəziri bir az daha yaxına çağırdı və astadan:

-Düzdürmü ki, sən əslən müsəlmanlığı qəbul etmiş yəhudisən?-deyə soruşdu"

Qədim türklərdə dövlət qurmaq, ictimai- siyasi qayda- qanun yaratmaq marağının az qala bir instinkt, refleks olduğu məlumdur. Və romanda bu məsələyə, tamamilə doğru olaraq, tez- tez qayıdılır... Məsələn, Alp Arslanın atası Çağrı bəyə qardaşı Toğrul bəyin də fikrini ifadə edərək əmisi Musa yabquya deyir:

... "Başqa çıxış yolumuz yoxdur, əmi. Dünyaya yenidən hakim olmalıyıq. Biz olmasaq, onlar bizə hakim olacaqlar! Onlar bizim insanlar kimi mərd deyillər. Onlar bizi tamam məhv edəcəklər. Biz onlara hakim olmaq üçün isə öz dövlətimizi elan etməliyik. Oğuz türkləri dünyaya dövlət qurmağı öyrətdilər. Heç olarmı ki, indi özümüz dövlətsiz qalaq?! Köhnə şöhrətimizi geri qaytarmalıyıq, əmi! Yoxsa biz oğuzlar tamam məhv olacağıq. Ya qazi, ya şəhid olmalıyıq!"

Bu sözlər Çinə tabe olmuş Göy türklərin irəli çıxanlarının xalqa müraciətini xatırladır ki, VII əsrə məxsus qədim türk (run) yazılı abidələrində də əks olunmuşdur.

Ümumiyyətlə, türklərin tarixini bilavasitə mənbələr əsasında dərindən öyrənmiş, gizlin qatlarına zaman- zaman yaxşı bələd olmuş ( və bu tarixi ruhuyla mənimsəmiş!) Yunus Oğuz onu (türkün tarixini) bütöv görməyi, ayrı- ayrı hadisələri həmin bütövlük üzvü tərkib hissəsi kimi təsəvvür (və təqdim) eləməyi ustalıqla bacarır. Müəllif şüurundakı məlumat bolluğunun nəticəsidir ki, bəzən hətta "mətn"dən (və "zaman"dan) kənara çıxaraq bir- iki cümlə ilə ya sələfləri, ya da xələfləri xatırladıb bütövlüyün miqyasını genişləndirməkdən də çəkinmir.

Romanda ümumən türk dünyasına məhəbbətlə yanaşı həmin kontekstdən kənara çıxmayan bir Azərbaycan vətənpərvərliyi də var ki, bu, müəllifin təkcə bilavasitə mənsub olduğu etnosiyasi coğrafiyaya bağlılığından, onu daha yaxşı tanımasından irəli gəlmir, həm də (və daha çox!) onunla bağlıdır ki, odlar yurdu Azərbaycan ən qədim zamanlardan bəri türk dünyasının etnomədəni mərkəzlərindən biri (bəlkə də, birincisi) olaraq etiraf edilməkdədir...

... "Sultanın yürüş əmri bir andaca saray divarlarını yalayıb dəhlizləri dolaşdı, ey­vana, oradan da qalaya, küçələrə, evlərə, dükanlara, bazarlara, yollara yayıldı.

Müqəddəs Azərbaycan torpaqlarından ayrılmaq heç bir oğuz türkünün heç zaman ürəyincə olmayıb. Bu torpağın Vətən cazibəsi adlı qüvvəsinin mövcud olduğunu və digər yerlərə məxsus Vətən hissindən daha qüvvətli olmasını Oğuz dədələr də təsdiq edirdi. Buranı özünə Vətən hesab edən şəxs milliyətindən və dinindən asılı olmadan, bir müddət burada yaşadıqdan sonra zahirən də yerli sakinlərə oxşa­mağa başlayırdı. Sultan Alp Arslan artıq özünü təkcə oğuz-səlcuq türkü deyil, həm də əsil oğuz -azərbaycanlı hesab etməyə başlamışdı.

Ona görə də yazıçı qələmi heç bir şübhə yeri qoymadan Alp Arslanı Bakıya ("Baku şəhəri"nə) gətirir. Və hökmdar - sərkərdə Kaspi sahilindəki Ağ qalanı (Qız qalasını) ziyarət edir, buradan ruhi- mənəvi güc alır...

Yunus Oğuz yeni romanında türk etnoqrafiyasını, adət- ənənələrini, vərdişlər sistemini, ayinlərini, əvvəlki romanlarda olduğu kimi, təfsilatı ilə təsvir etməklə əsərə tarixi kolorit gətirir...

... "Qədim oğuz-şaman sirlərinə vaqif olan sərkərdə üçün bir anda şamana çevrilmək çətinlik törətmədi. Özü oğuz olmayan kəs Oğuz elminə vaqif ola bilməzdi. Oğuz elminin isə gerçəkləşdirməyə qadir olmadığı istək yox idi. Yazda buludlar yağışa çevrilmədən axıb keçməsin deyə kahinlər üzü göylərə sarı nələr etməzdilər!

Alp Arslan astadan yağış nəğməsini oxumağa başladı. Dualar, ahəstə rəqs, mimika və jestlər işə düşdü. Sonra tonqal başına hərlənərək kösövlərin üstünə xüsusi otlar, metallar qırıntıları səpdi. Sərkərdələr ağac başına keçirdilmiş ayı və pələng başının sümüklərini tonqala sarı tutdular.

Bir azdan bütün düşərgə oyandı, oxuyub, rəqs etdilər.

Alp Arslan sonda yalın əlini uzadıb, tonqalın içərisindən bir yanar kösöv götürdü, üzünü göylərə tutub boz qurd kimi uladı.

Sanki bura canavar düşərgəsi idi; işıldayan baxışlar göylərə doğru dikil­miş­di. Elə bil eyni anda minlərcə boz qurd ulayırdı"...

Heç şübhə etmirik ki, Yunus Oğuzun "Alp Arslan" romanı da görkəmli yazıçının bundan əvvəlki romanları kimi türk etnosunun möhtəşəm tarixinin yeni nəsil tərəfindən daha yaxşı öyrənilməsi, mənimsənilməsi kimi mühüm (və müqəddəs!) işə uğurla xidmət edəcək, Böyük Səlcuqların Alp Arslan zirvəsi barədə daha geniş təsəvvür yaradacaqdır.

Nizami Cəfərov, filologiya elmləri doktoru, professor, millət vəkili

Trend

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.