Vaxtilə ABŞ-də cəmi 10 sentə ( günün məzənnəsi ilə təxminən 17 qəpiyə ) satışa çıxarılan iki klassik komiks illər sonra inanılmaz qiymətə alıcı tapıb. Xüsusi hərracda həmin nəşrlər ümumilikdə 13 milyon dollara satılıb və kolleksiya dünyasında səs-küy yaradıb.
Milli.Az xəbər verir ki, hərracın ən çox diqqət çəkən lotlarından olan "Batman No.1" 1940-cı ildə nəşr edilib. Çox yaxşı vəziyyətdə qorunub saxlanılan komiks 6 milyon dollara satılıb və indiyədək ən bahalı Batman buraxılışı kimi tarixə düşüb. Məhz bu sayda "Joker" və "Catwoman" personajları ilk dəfə oxucu qarşısına çıxıb. Satış əvvəlki rekord göstəricini bir neçə dəfə üstələyib.
Digər bahalı satış isə 1939-cu ilə aid "Superman No.1" olub. Komiks 7 milyon dollara alıcı tapıb. Nəşrin Mile High kolleksiyasına aid olması onun dəyərini daha da artırıb və kolleksiyaçılar üçün xüsusi status qazandırıb.
Satışda vasitəçi kimi çıxış edən "SemperFi Comics" şirkətindən Jordan Seymour baş verənləri kolleksiyaçılıq dünyası üçün dönüş nöqtəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, "bu kitablar artıq sadəcə nostalji əşyalar deyil, dünya mədəniyyətinin real və canlı parçalarıdır". /demokrat.az
Milli.Az





