Mədəniyyət

Sovet kinosunun şanlı adlarının kinomuzdan keçən yolu - FOTOSESSİYA

5 Sentyabr 2014 03:00
0 Şərh     Baxış: 5 397
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sovet kinosunun şanlı adlarının kinomuzdan keçən yolu Milli.Az-ın araşdırmasında

Kino tariximizə budəfəki səyahətimiz bu tarixin yazılmasında iştirak edən, bir sıra filmlərin çəkilişi üçün Bakıya dəvət, təyin və ya cəlb edilmiş əcnəbi ssenari müəllifləri, rejissor və operatorların adları ilə bağlıdır. Bu səyahət sayəsində aşkar oldu ki, həmin kino xadimlərinin, demək olar ki, hamısı peşəkar olmaqdan başqa, həm də çox maraqlı həyat yolu keçmiş şəxsiyyətlərdi. Beləliklə, müxtəlif illərdə istehsal olunmuş Azərbaycan filmlərinin titrlərində gördüyümüz isimlər bizə nə deyir?
 

1924-cü ildə Azərbaycan Foto-Kino İdarəsində (məqalə boyunca qeyd olunan bütün Azərbaycan kino istehsal qurum adları indiki C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının keçmiş adlarıdır - red.) istehsal olunan "Qız qalası" filminin rejissoru və rəssamı Vladimir Ballyuzek (1881-1957) Sankt-Peterburq Ali Rəssamlıq Məktəbində və Mühnen Rəssamlıq Məktəbində təhsil alıb, Parisin teatr dekorasiyaları emalalatxanalarında çalışaraq təcrübə toplayıb. Rusiyaya qayıtdıqdan sonra teatr və kino rəssamı kimi fəaliyyətini davam etdirib. Kinoda dekorasiya sənətinin texnologiyaları sahəsində elmi araşdırmaların müəllifi idi. V.Ballyuzekin filmoqrafiyasını rus və sovet kinosunun miniatür nəfis portreti adlandırmaq olar. 1916-cı ildə "Qaratoxmaq qadın" filmi ilə başlayan bu filmoqrafiyaya "Komediant qadın", "Mosselpromun papiros qabı", "Günəşdən məhrum edilmişlər", "Kapitan Qrantın uşaqları", "Sentyabr gecəsi" kimi 11 ekran əsəri daxildir.
 

1925-ci ildə "Azdövlətkinosənaye" idarəsində istehsal olunmuş "Bismillah" filminin ssenari müəllifi Pavel Blyaxin (1886-1961) inqilabi hərəkatın fəal iştirakçısı, partiya və dövlət xadimi, yazıçı, ssenari müəllifi olub. XX əsrin əvvəllərindən siyasi-inqilabi fəaliyyətinin bir "qolu" Bakı ilə bağlı olub. Ədəbi yaradıcılığa bağlanması 1919-cu ilə təsadüf edir. 1925-ci ilin martında MK-nın Kinokomissiyasının iclasında kino işinin təşkilinin möhkəmləndirilməsi məsələsinin müzakirəsinin nəticəsi olaraq Blyaxinin SSRİ-nin kino, mətbuat və ədəbiyyat sahəsində karyerası başlayır. Onun sonuncu vəzifəsi 1939-41-ci illərdə "Multfilm" kinostudiyasının ssenari şöbəsinin müdiri olub. Böyük Vətən Müharibəsi illərində 60 cəbhə oçerk və hekayələri dərc olunub. 1945-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü idi. P.Blyaxinin 1923-26-cı illərdə dərc etdirdiyi "Qırmızı şeytan balaları" macəra povestinin birinci hissəsinin motivləri əsasında eyniadlı film çəkilib. Ölümündən sonra isə həmin povestin süjeti sovet kinosunun populyar filmlərindən biri olan "Ələkeçməz qisasçılar" filminə çevrilib. Bakı təəssüratları "Bismillah"dan başqa, "Bolşevik Məmməd", "26 Bakı komissarı" kinossenarilərində bədii təzahürünü tapıb.
 

1924-cü ildə Azərbaycan Foto-Kino İdarəsində çəkilmiş "Bayquş" filminin, 1928-ci ildə "Azdövlətkinosənaye" idarəsində istehsal olunmuş "Gilan qızı" filminin ssenari müəllifi və rejissoru Leo Mur (Leonti, ya da Leopold Muraşko) (1889-1938) inqilabi hərəkata qoşulduğuna görə 1907-ci ildə həbs edilərək katorqaya göndərilib. 4 il katorqada cəzasının bir hissəsini çəkəndən sonra Amerikaya qaçıb. 1912-ci ildən orada Qriffitin atelyesində və digər kinofirmalarda aktyor, rejissor köməkçisi, inzibatçı qismində çalışıb. 1917-ci il inqilabından sonra, 1923-cü ildə vətənə qayıdıb və o vaxt "Qoskino" adlanan Moskva kinofabrikində rejissorluq fəaliyyətinə başlayıb. Eyni zamanda öz filmlərinin ssenari həmmüəllifi kimi də çıxış edib. Səsli kino meydana gələndən sonra yalnız ssenari müəllifi kimi fəaliyyət göstərib. Sovet və Amerika kinosuna aid məqalə və kitabların müəllifidir.


1930-cu ildə "Azərkino"da istehsal olunmuş "İlk komsomol buruğu" filminin ssenari müəllifi, "Şərəf nişanı" orden və medalının sahibi Katerina Vinoqradskaya ədəbi fəaliyyətə 1926-cı ildə başlayıb. 1940-cı ildə çəkilmiş "Hökumət üzvü" filmi kinodramaturqun filmoqrafiyasında ən mötəbər yer tutur desək, yanılmarıq.
 

1932-ci ildə "Azərfilm"də lentə alınmış "İyirmi altı komissar" filminin ssenari müəlliflərindən biri və rejissoru, RSFSR-in əməkdar incəsənət xadimi, ikinci dərəcəli Stalin mükafatı laureatı Nikolay Şengelaya (1903-1943) Tiflis Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Sənətə gəlişi poeziyayla başlayıb, daha sonra kinoya keçib. K.A.Marcanişvilinin tələbəsi olub. Kino fəaliyyətinə rejissor assistenti kimi başlayıb. Ssenarilər yazıb. 1927-ci ildə özünü rejissor kimi sınayıb və elə ilk təcrübələrindən gürcü kinosunun o dövrünə xas olan ədəbi əsərlərin ekranlaşdırılması sahəsindəki "möhürlərdən" azad olmağa cəhdlər edib. Gürcüstan "Dövlətkinosənaye"də L.V.Kuleşovun mühazirə kursunu dinləyib. Səssiz kinonun poetik dövrünün ən parlaq simalarından biri kimi özünü təsdiq edən N.Şengelaya sovet və gürcü kinosunun tarixində əbədi iz qoyan simalardandı. Onun vəfatı da iş başında, "O, hələ qayıdacaq" filminin çəkilişləri zamanı baş verib.
 

"İyirmi altı komissar" filminin digər ssenari müəllifi Aleksandr Rjeşevski (1903-1967) dramaturq və ssenari müəllifi kimi formalaşana qədər Petroqraddakı "Müqəddəs Anna" adına alman məktəbindən, Baltika donanmasından, Kronştadt hərbi-dəniz artilleriyası dəstəsinin yunqası, dəniz piyadaları dəstəsinin kəşfiyyatçısı və pulemyotçusu, siyasi banditizmlə mübarizənin iştirakçısına kimi yol keçib. Leninqrad Ekran Sənəti İnstitutunun aktyorluq fakültəsini bitirib. SSRİ kinematoqrafının ən ünlü kaskadyoru kimi tanınıb. Amma ssenarilərin yazılması prosesi ona daha cəlbedici görünüb. Emosional ssenari müəllifi kimi ad çıxarıb. Onun ssenarilərində hadisələrin ardıcıllığı deyil, müəllifin düşüncələri aparıcı qüvvə kimi çıxış edir. Belə təfəkkür Pudovkin və Eyzenşteynin diqqətini cəlb etsə də, Rjeşevskinin tənqidçiləri də az olmayıb. Məsələn, V.Şklovski onun haqqında belə yazıb: "O, istedadlı idi, lakin bu istedad öz zamanında üzə çıxmamışdı". Rjeşevski 1935-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilib. Lakin 1953-cü ildə üzvlükdən kənarlaşdırılıb. Ona qarşı illərlə davam edən pis münasibətdən sonra vəfatından az qala bir il əvvəl SSRİ Kinematoqrafçılar İttifaqına üzv qəbul edilib. M. Katsla birgə yazdığı "Oleko Dundiç" pyesinin tamaşası on illər ərzində teatrların repertuarında olub, daha sonra isə ekranlaşdırılıb.
 

1935-ci ildə "Azərfilm"lə "Mejrabpomfilm"in istehsalı olan "Mavi dənizin sahilində" filminin rejissoru, RSFSR-in əməkdar artisti, Ukraynanın əməkdar incəsənət xadimi Boris Barnetin (1902-1963) babası çap işləri üzrə mütəxəssis ailəsindən olan ingiltərəli idi. B. Barnet Moskva rəssamlıq, heykəltəraşlıq və memarlıq məktəbində oxuyub, eyni zamanda Moskva Bədaye Teatrının birinci studiyasında butaforçu işləyib. Moskva Ali Hərbi Məktəbini bitirib, peşəkar boksçu olub. Dövlət Kinematoqrafiya Məktəbində təhsilini davam etdirib. Kino fəaliyyətinə aktyor kimi başlayıb. Özünün ilk filmi olan "Qız və qutu" filmində "NEP" atmosferini lirika, nəfis ironiya və ekssentrik buffonadanın köməkliyilə çatdırıb. Barnetin "Kənarda" filmi sovet kinematoqrafının zirvələrindən biri hesab olunur. 1963-cü ildə "Mosfilm"in rəhbərliyi ilə konfliktdən sonra işdən getmək haqqında ərizə verərək Riqa mehmanxanalarının birində intihar edib. Bir çox kino xadimləri Barneti öz ustadları hesab edirlər. O.İoseliani onu Tarkovskidən sonra ikinci mürəkkəb və vicdanlı sənətkar kimi qəbul etdiyini deyib.
 

"Mavi dənizin sahilində" filminin ssenari müəllifi Klimenti Mints (1908-1995) Leninqradda kütləvi tamaşalar və tədbirlər studiyasını, İncəsənət Tarixi İnstitutunun kino fakültəsini bitirib. Teatr və kino aktyorlarının hazırlıq emalatxanasına rəhbərlik edib, "Balaqan" küçə artistləri teatrında çalışıb, "Sovet ssenari fabriki"nin təşkilatçılarından biri olub. Kinodramaturgiya və ssenari yazılışı ilə ciddi şəkildə məşğul olub. 1945-ci ildən 1970-ci ilədək efirə çıxan "Məşhur kapitanlar klubu" verilişinin ssenari müəlliflərindən biri idi.
 

1938-ci ildə "Azərfilm"də lentə alınan "Bakılılar" filminin rejissoru və ssenari müəlliflərindən biri Viktor Turin (1895-1945) Sankt-Peterburqda doğulub, teatr məktəbində oxuyub. 1912-ci ildə Bostondakı qohumlarıgilə yollanıb, Massaçusets Texnologiya İnstitutunu bitirib. Beş il Hollivudda librettoçu və aktyor kimi çalışıb. 1923-cü ildə vətənə qayıdıb və kino fəaliyyətini davam etdirib.
 

"Bakılılar", "Kəndlilər" (Bakı kinostudiyası, 1939), "Səbuhi" (Bakı kinostudiyası, 1941), "Səhər" ("Azərbaycanfilm, 1960) filmlərinin baş operatoru, RSFSR-in əməkdar incəsənət xadimi, üç dəfə Stalin mükafatı laureatı Leonid Kosmatov (1900-1977) Kinematoqrafiya İnstitutunu bitirəndən sonra müxtəlif kinostudiyalarda çalışıb, 1933-cü ildən "Mosfilm"in operatoru olub. Rəngli plyonka ilə çəkən ilk sovet operatorlarındandı. Operatorluq sənətinin bir çox "priyom"larının pioneri və ustası kimi tanınır. Kinematoqrafiya İnstitutunun müəllimi olub, çoxlu layiqli tələbələri var.
 

"Bakılılar", "Kəndlilər" (Bakı kinostudiyası, 1939), "Səbuhi" (Bakı kinostudiyası, 1941), "Səhər" ("Azərbaycanfilm, 1960) filmlərinin digər baş operatoru, Gürcüstanın əməkdar incəsənət xadimi Dmitri Feldman (1902-1963) 16 yaşından operator köməkçisi kimi fəaliyyətə başlayıb. Keçmiş SSRİ-nin müxtəlif kinostudiyalarında quruluşçu operator kimi çalışıb.
 

1943-cü ildə Bakı kinostudiyasında lentə alınmış "Bir ailə" filminin rejissorlarından biri, aktyor, ssenari müəllifi, SSRİ xalq artisti, iki dəfə Stalin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Qriqori Aleksandrov (əsl soyadı Mormonenko) (1903-1983) əmək fəaliyyətinə doqquz yaşında başlayıb. Yekaterinburq opera teatrında müxtəlif vəzifələrdə çalışıb. Yekaterinburq musiqi məktəbinin skripka sinfini, rejissor kurslarını bitirib. Moskva birinci işçi teatrının aktyoru işlədiyi dövrdə Sergey Eyzenşteynlə tanış olur və onların ilk yaradıcı tandemi olan "Müdrik" adlı yenilikçi, eksperimental tamaşa ərsəyə gəlir. Sonralar bu əməkdaşlıq kino işlərində davam edir və şəxsi dostluğa keçir (hətta onların hər ikisinin homoseksual oriyentasiyalı olduğuna aid fərziyyələr mövcuddu. Və bu, onun şəxsi həyatına aid yeganə qeyri-adilik deyil - Aleksandrovun üçüncü dəfə evləndiyi xanım oğlunun dul qalmış həyat yoldaşı imiş). 1929-32-ci illərdə Q.Aleksandrov S.Eyzenşteyn və operator E.Tisse ilə birgə Hollivudda çalışaraq peşə vərdişlərini təkmilləşdirirlər. 1932-ci ildə SSRİ-yə qayıdan S.Gerasimov kino tarixinə "Şən uşaqlar", "Sirk", "Volqa-Volqa", "Xəzər adamları", "Bahar" və s. kimi ekran əsərləri bəxş edir. Onun filmləri çoxsaylı beynəlxalq festivalların ən mötəbər mükafatlarına layiq görülüb.
 

"Bir ailə" Q.Aleksandrovun və filmdə əsas qadın obrazını yaratmış onun ikinci xanımı, sovet kinosunun ən parlaq "ulduz"larından biri Lyubov Orlovanın yaradıcılığında ekranlara çıxmadan rəfə qoyulmaq ittihamı alan ilk və yeganə filmdi. Filmin süjeti Böyük Vətən müharibəsi zamanı rus ailəsinin himayəsi sayəsində salamat qalan azərbaycanlı Nəcəflə (Xosrov Məlikov) rus qızı, konservatoriya tələbəsi Katyanın (Lyubov Orlova) səmimi hisslərinin müharibə kabusu fonundakı gözəlliyindən bəhs edir. Kino tarixindəki məlumatlara görə, Aleksandrovun yaradıcılığına xüsusi maraq göstərən Stalin bu filmi faşist Almaniyasına o qədər də tutarlı cavab və Aleksandrov-Orlova tandeminə layiq iş hesab etməyərək ekranlara çıxmasını yasaqlayıb. Filmə yalnız bir dəfə, 1943-cü il oktaybrın 16-da Kino evində kütləvi baxış təşkil edilib.
 

1947-ci ildə Bakı kinostudiyasında çəkilmiş "Fətəli xan" filminin rejissoru, pedaqoq və ssenari müəllifi, Stalin mükafatı laureatı Yefim Dziqan (1898-1981) kinoya gəldiyi vaxtdan SSRİ-nin müxtəlif kinostudiyalarında, o cümlədən Bakı kinostudiyasında çalışıb. Sənədli kino və teatr quruluşları sahəsində də maraqlı işləri olub.
 

1950-ci ildə Bakı kinostudiyasında lentə alınmış "Bakının işıqları" filminin rejissorlarından biri, dramaturq, ssenari müəllifi, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, iki dəfə Stalin mükafatı laureatı Aleksandr Zarxi (1908-1997) Leninqrad ekran sənəti texnikumunu bitirib. Iosif Xeyfitslə birgə  "Sovkino" (indiki "Lenfilm") kinofabrikində, eləcə də keçmiş SSRİ respublikalarının kinostudiyalarında çalışıb.
 

"Bakının işıqları" filminin daha bir rejissoru, pedaqoq, iki dəfə Stalin mükafatı laureatı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı İosif Xeyfits Leninqrad ekran sənəti texnikumunu və İncəsənət Tarixi İnstitutunun kino fakültəsini bitirəndən sonra sovet kinosunun təşəkkülünə xidmət edən fəaliyyətə başlayıb. "Böyük ailə", "Rumyantsevin işi", "Mənim əziz adamım", "İtlə gəzən xanım", "Pis yaxşı insan", "Asya" və s. kimi məşhur filmlərin müəllifidir. Onun kino dilində danışmaq bacarığının mükəmməlliyi İ. Savvina, A. Batalov, A. Papanov, O. Dal, V.Vısotski kimi görkəmli aktyorların istedadının açılmamış tərəflərinin üzə çıxmasına şərait yaradıb. Xeyfitsin ekran əsərləri dəfələrlə müxtəlif kinofestivallarda, o cümlədən Kannda dəyərləndirilib. 1971-86-cı illərdə SSRİ Kinematoqrafçılar İttifaqının Leninqrad şöbəsinin birinci katibi olub.
 

"Bakının işıqları" filminin ssenari müəllifi, dramaturq, rejissor, Ukraynanın və Tacikistanın əməkdar incəsənət xadimi Qriqori Koltunov (1907-1999) Odessa konservatoriyasının radio fakültəsini bitirib. Teatr aktyoru və miniatür teatr rəhbəri, radionun bədii rəhbəri, kinostudiya redaktoru kimi fəaliyyət göstərib. Sovet və rus kino tarixinin ən maraqlı nümunələri sırasını təşkil edən bir çox elmi-kütləvi, bədii və cizgi filmlərinin ssenarilərinin müəllifidir.
 

"Bakının işıqları" filminin digər ssenari müəllifi, Stalin mükafatı laureatı Yevgeni Pomeşşikov (1908-1979) ədəbiyyat və ssenari fakültələrini bitirib. Odessa və Kiyev kinostudiyalarının redaktoru, "Soyuzdetfilm"in ssenari müəllifi, Kinematoqrafiya işləri komitəsinin bədii filmlərin istehsalı üzrə idarəsinin rəis müavini və pedaqoq kimi fəaliyyət göstərib. Ssenarilərinin əksəriyyəti müasir həyatdan bəhs edən komediyalardır.
 

1957-ci ildə Bakı kinostudiyasında çəkilmiş "Mahnı belə yaranır" filminin ssenari müəllifi Roman Fatuyev (1902-1966) kommersiya məktəbində oxuya-oxuya rəssamlıqla da məşğul olub. Kiçik yaşlarından ağır göz xəstəliyindən əziyyət çəkirmiş. 1918-ci ildə N.V.Krupskayanın rəhbərlik etdiyi Xalq Komissarları Maarifinin məktəbdənkənar şöbəsində işləyib, daha sonra könüllü olaraq Qızıl Orduya yazılıb, döyüşlərin birində ağır yaralanıb. Ötən əsrin 20-ci illərində müvafiq təhsil alaraq Kamera teatrında dekorator vəzifəsində çalışıb. Elə həmin illərdə jurnalistika ilə məşğul olmağa başlayıb. Sonralar bədii yaradıcılığa keçib. Onun ədəbi əsərləri haqqında M.Qorkinin müsbət rəyləri məlumdur. 1934-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilib. 30-cu illərin ortalarına qədər Mahaçqalada yaşayıb, müxbirlik və ədəbi fəaliyyətlə məşğul olub. "Səadət bulağı", "Dağların nəfəsi", "Qafqaz əfsanələri" kimi roman və povestləri var, pyesləri Mahaçqala və Moskvada tamaşaya qoyulub. Böyük Vətən Müharibəsi illərində Sovinformbüronun müxbiri olub, Moskvanın və Qafqazın müdafiəsinə görə medallarla təltif edilib. Məhz müharibədən sonra kinossenariçi kimi özünü göstərib.
 

1962-ci ildə "Azərbaycanfilm"in kinosevərlərə daha bir hədiyyəsi olan "Telefonçu qız" ekran əsərinin ikinci ssenari müəllifi RSFSR-in əməkdar incəsənət xadimi İsidor Annenskinin (1906-1977) yaradıcılığı sovet kino tarixinin "qızıl fondu"na daxil edilib. O, Odessada teatr məktəbini bitirəndən sonra Arxangelskin, Rostovun, Bakının, Moskvanın teatrlarında çalışıb. Daha sonra Moskva Teatr İnstitutunun və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültələrini, Eyzenşteynin kursunu bitirib. Annenskinin diplom işi olan "Ayı" filmi Rusiya və keçmiş sovet kinematoqrafiyasının tarixində ən uğurlu diplom işi sayılır. Yaradıcılığı boyunca Çexov, Lermontov kimi rus klassiklərinin əsərlərinin ekranlaşdırılması onu daha çox cəlb edib. "Qılaflı adam", "Toy", "Anna boyunda", "Knyajna Meri" və s. kimi kinoşedevrlərin ssenari müəllifi və quruluşçu rejissorudur.
 

1966-cı ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Yaşamaq gözəldir, qardaşım" filminin rejissorlarından biri yunan əsilli Antonis Voyazosun kinoya gəlişi rus mənbələrində nədənsə 1975-ci ildə ekranlara çıxıb böyük əks-səda doğuran "Omeqa" variantı" filmi ilə əlaqələndirilib, "Yaşamaq gözəldir, qardaşım" filminin adı isə filmoqrafiyaya ümumiyyətlə daxil edilməyib.
 

Həmin filmin ssenari müəllifi, SSRİ Dövlət mükafatı laureatı Leonid Aqranoviçin (1915-2011) də filmoqrafiyasında "Yaşamaq gözəldir, qardaşım" filminin adı yoxdur.
 

1976-cı ildə "Azərbaycanfilm" kinostudiyasında lentə alınmış "Günlərin bir günü" kinoalmanaxına daxil olan "Süita" novellasının ssenari müəlliflərindən biri, rəssam, rejissor, ədib, ssenari müəllifi, heykəltəraş, SSRİ Dövlət mükafatı, Rustaveli, Nika, Triumf, Qızıl maska mükafatları laureatı, Fransa respublikasının Ədəbiyyat və incəsənət ordeninin kavaleri Revaz Qabriadze Tiflisdə Marionetkalar Teatrının yaradıcısı, "Limonlu tort", "Qəm yemə!", "Mimino", "Dolça", "Kin-dza-dza" kimi 35-dən çox kinoşedevrin ssenari müəllifi və rejissoru, dövrünün görkəmli teatr rejissoru kimi tanınır. Ötən əsrin 90-cı illərində İsveçrədə və Fransada tamaşalar qoyub, Avropa və Amerikada qastrollarda olub, festivallarda iştirak edib. 2004-cü ildə Barışnikovun Rəqs Fondu üçün "Qadağan olunmuş milad və ya Həkim və xəstə" pyesini qələmə alıb və tamaşaya qoyub, nüfuzlu sərgilərin iştirakçısı olub.
 

1977-ci ildə "Azərbaycanfilm"də istehsal olunmuş "Sevinc buxtası" filminin ssenari müəllifi, Gürcüstanın əməkdar incəsənət xadimi Georgi Mdivani (1905-1981) 1922-ci ildən kinodramaturq kimi fəaliyyətə başlayıb. Gürcü və rus dillərində kəskin süjetli publisistik pyeslər, kinossenarilər qələmə alıb.
 

"Azərbaycanfilm"in 1984-cü ildə istehsal etdiyi "Qara gölün cəngavərləri" və 1986-cı ildə ekranlara buraxdığı "Bircəciyim" filmlərinin ssenari müəllifi, rejissor, aktyor, ssenari və mahnı mətnlərinin müəllifi, RSFSR-in xalq artisti Yuri Çulyukin (1929-1987) Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. "Mosfilm"dəki fəaliyyətindən başqa, televiziyada da bir neçə oçerkin müəllifi kimi çıxış edib. Filmləri keçmiş SSRİ-nin kinofestivallarında mükafatlandırılıb. Çulyukinin adı rejissoru olduğu və ekranlara çıxan gündən sovet kinosunun kinohitlərindən birinə çevrilmiş "Qızlar" komediyası ilə bağlıdır. Konkret olaraq, "Azərbaycanfilm"in adları çəkilən filmlərdəki iştirakına gəlincə isə bu təcrübəni uğurlu hesab etmək olmaz. Filmlərin hər ikisi, xüsusilə "Bircəciyim" baxımlılıqdan məhrumdur. Y.Çulyukinin dünyasını dəyişməsi faciəvi şəkildə Mozambikdə baş verib. Rusiya mənbələrinin versiyalarına görə, sovet kino həftəsinin iştirakçısı kimi orada olan kino xadimi ya rus qızına sataşan qaradərili tərəfindən öldürülüb, ya da mehmanxana liftinin şaxtasına yıxılıb.


1988-ci ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Yaramaz" filminin operatoru Aleksandr İlxovski Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini və İngiltərənin Şeffild Universiteti nəzdindəki kino məktəbini bitirib. Əmək fəaliyyətinə "Sentrnauçfilm"in operator assistenti kimi başlayıb. Sonradan "Mosfilm"in operatoru kimi fəaliyyət göstərməkdədir. Bəzi filmlərin ssenari müəllifi kimi də çıxış edib. Bir sıra mükafatlara, o cümlədən, "Yaramaz" filmindəki işinə görə Azərbaycan SSR-in Dövlət mükafatına layiq görülüb.
 

1981-ci ildə "Azərbaycanfilm" kinostudiyasında lentə alınmış "Qorxma, mən səninləyəm!" filminin ssenari müəllifləri Yuli Dunski (1922-1982) və Valeri Fridin adları kino tarixinə qoşa yazılıb. Onların məktəb illərindən başlayan dostluq ömürlərinin sonuna kimi davam edən əməkdaşlığa çevrilib. 1998-ci ildə Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin xüsusilə istedadlı tələbələri üçün "Söz" studiyası tərəfindən Dunski ilə Fridin adını daşıyan təqaüd təsis edilib. Bu gözəl tandemin qələmindən "Zolaqlıların səfəri", "İki yoldaş xidmət edirdi", "Alış, yan, mənim ulduzum", "Çar Pyotrun ərəbi evləndirməsi haqqında", "Ekipaj", "Ovod" kimi hər zaman baxımlı filmlərin ssenariləri çıxıb.
 

1989-cu uldə "Azərbaycanfilm"də istehsal olunmuş "Bir nəfər hamıya görə" filminin operatoru, "Özbəkfilm"in quruluşçu operatoru Həmidulla Xasanov Daşkənd kino texnikumunu və Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. 2000-ci ildən rəssam və prodüser kimi də fəaliyyət göstərir. "Bir nəfər hamıya görə" qısametrajlı filmi "Ən yaxşı operator işi" nominasiyasında Kiyevdə "Gənclik" mükafatına layiq görülüb. Ümumiyyətlə, H. Xasanov bu nominasiya üzrə istər Özbəkistanda, istər keçmiş SSRİ-də, istər indiki MDB və istərsə də digər ölkələrin nüfuzlu kinofestivallarında mükafatlndırılıb.
 

1984-cü ildə "Azərbaycanfilm"də istehsal olunmuş "Tənha narın nağılı" filminin ssenari müəllifi Roza Hüsnitdinova M.Qorki adına Ədəbiyyat İnstitutunu və Ali ssenari və rejissorluq kurslarını bitirb. 1967-ci ildən kinodadır. Bir sıra bədii və animasiya filmlərinin ssenari müəllifidir. "Balerina gəmidə" nağıl toplusunu qələmə alıb. Amma nədənsə "Tənha narın nağılı" filmi onun filmoqrafiyasına daxil edilməyib.
 

1986-cı ildə "Azərbaycanfilm"də lentə alınmış "Aşkarsızlıq şəraitində" filminin operatoru Yefim Reznikov ssenari müəllifi, rejissor və prodüser kimi də tanınır. Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini bitirib. "Nar" studiyasının bədii rəhbəridir. "Zərif yaş dövrü", "Balaca Vera", "Soçi şəhərinin qara gecələri", "Rəqs edən ruhlar" kimi filmlərin operatorudur.
 

1991-ci ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Nakəs" filminin operatoru, "Nika" mükafatı laureatı Valeri Ginzburq (1925-1998) 1949-cu ildə Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini bitirib. Tələbə-praktikant kimi Gerasimovla Rapoportun çəkiliş qrupunda işləyib. İnstitutu bitirəndən sonra M.Qorki adına kinostudiyaya təyinat alıb. "Qəribə adamlar", "Mən evə gedirəm", "Komissar", "Sizin oğlunuz və qardaşınız", "Səma onlara tabe olur", "Ağaclar böyük olanda", "İvan Brovkin xam torpaqda" kimi ekran əsərlərinin quruluşçu operatoru olub.
 

Samirə Behbudqızı
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.