11:54
Azərbaycan qazının Suriyaya ixracına başlanılıb.
11:20
Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı ilə bağlı Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilir.
Trend-in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak edirlər.
Nazirlərin çıxışlarından sonra aparıcı açılış mərasimində iştirak edən rəsmi şəxsləri səhnəyə dəvət edəcək. Daha sonra səhnədə yerləşən vana (klapan) simvolik olaraq çevriləcək. Bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start veriləcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetr təbii qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200-1.300 meqavatlıq istehsal gücü hədəflənir.
Ümumilikdə, yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın yenidən qurulmasında mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Türkiyə üzərindən Kilis xətti ilə Suriyaya çatdırılması Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəzi olma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur.
Xatırladaq ki, cari ilin iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.
Milli.Az