Mədəniyyət

Niyaməddin Musayev: "Yamsıladığın sənətkarın özü var da, ikincisi nəyə lazımdır?"

23 Avqust 2010 10:37
Baxış: 2 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Türk və Avropa musiqisi Azərbaycan musiqinə təsir edir"


- İsti yay günlərində nə işlə məşğulsunuz?

- Bu isti havalarda Hovsan qəsəbəsinə gedirəm. Orada istirahət etmək üçün çox gözəl şərait yaradıblar. İnsanlar istirahət üçün ora gedirlər. Bədənlərini möhkəmləndirirlər, idmanla məşğul olurlar, dincəlirlər. Artıq çəkinin olmaması üçün özüm də idmanla məşğul oluram. Əvvəllər idmançı olmuşam. Klassik güləş üzrə idmanla məşğul olurdum. İdman ustalığına kimi yüksəlmişəm. Hazırda da qaçıram, idmanla məşğul oluram. Formada qalmaq üçün isə trenajorlardan istifadə edirəm.

- Hər zaman imiciniz, səhnə görünüşünüz və repertuarınız diqqət cəlb edib. Repertuarınıza nəzər salsaq, müxtəlif janrlarda, mövzularda mahnıların yer aldığını görərik. Müxtəlif mövzuların bir yerdə olması müğənniyə qarşı tamaşaçıda çaşqınlıq yaratmır ki?

- Gərək bir sənətkar kimi, vətəndaş kimi dövlətçiliyə, vətəndaşlığa və xalqa bağlı olasan ki, hərtərəfli öz sənətini insanlara açıqlaya biləsən. Birtərəfli olmayasan. Mən muğam ifaçı olmuşam və sonra 1978-ci ildə estrada musiqisi ifa etməyə başlamışam. Milli ruhda şərq estrada janrını Azərbaycanda yaratmışam. Yeni ritmlər, aranjemanlar və yeni səslənmələr gətirmişəm. Hazırda bütün ifaçılar bu sistemə keçiblər. Amma özündən razı olanlar çoxdur. Onlarım arasında bəzi bəstəkarlar da var. Bu da hərəyə bir cür təsir bağışlayır.

Allah rəhmət eləsin! Ulu Öndərimiz Heydər Əliyev məni Azərbaycan mədəniyyətinin musiqiçi novatorluğuna görə "Şöhrət" ordeni ilə təltif etdi. Yəni ki, bu göz qabağındadır. Bunu inkar etmək olmaz. Məndən əvvəl "Qaya" qrupu vardı. Bundan əlavə, estrada ifaçıları Mirzə Babayev, Oqtay, Flora Kərimova vardı ki, fəaliyyət göstərirdilər. Yəni, ifa etdiyim mahnılar ayrı bir stildə, janrdadı. Xanəndəlik qalmaq şərti ilə muğamdan estrada janrına keçdim. Bir də estrada musiqi alətləri imkan verirdi ki, mahnılar kütləvi yayılsın. Həm xalq mahnıları, həm də özümün bəstələdiyim mahnıları aranjeman edirdim. Bu janrda səslənən mahnılar əcnəbi xalqlara çatdırılmaq da əlverişli vasitə idi.

- Musiqisi sizə, sözləri Məmməd Araza məxsus olan "Dünya sənin, dünya mənim, dünya heç kimin" mahnısı sizin ifanızda bu gün də sevilməkdədir. Həmin mahnı günümüzlə ayaqlaşırmı və öz aktuallığını saxlaya bilibmi?

- 1978-ci ildə yazdığım "Kölgəm qədər", "Röya" mahnıları ilə yanaşı "Dünya sənin, dünya mənim, dünya heç kimin" mahnısı bu gün də insanların dilindən düşmür. Çünki mahnı həmişə aktualdır. Zamanla ayaqlaşır. Zaman keçdikcə görürsən ki, mahnı yenə də aktualdır və insanların zövqünü oxşayır. Mən çox şadam ki, mahnılarımın əksəriyyəti sözünü deyib. İstər poetik mahnılarım, istərsə də vətənpərvərlik mahnılarım - "Qiyamətə qalmasın", "Ata", "El atası", dramaturq Hüseyn Cavidin Sibirdən Azərbaycana gətirilməsi haqqında ifa etdyim mahnılar xalqın yaddaşlarından silinməyib. Bunu qəbul edən insanlara da öz təşəkkürümü bildirirəm!

Mahnıdan sonra şair Məmməd Arazla münasibətimiz oldu. M.Arazla birgə rayonlara getmişik, mədəniyyətimizə xidmət etmişik. Şairin ailəsi ilə də münasibətim yaxşıdır. Onlar da məni çox istəyirlər. Ələlxüsus şairin kürəkəni, millət vəkili Aqil Abbasla dostuq. Aqil bəy o qədər incə qəlbli, incə duyğulu insandır ki, hər zaman mənə stimul verir və sənətim haqqında öz fikirlərini bildirir.

- Bu gün mahnı bəstəçiləri xeyli çoxalıb. Onların bəstələrində sizi narahat edən məqamlar varmı?

- Nə bəstələyirsən və nə yazırsan, gərək xalq ruhunda-milli ruhda olsun. Dahi Üzeyir bəy hər bir əsərini milli ruhda yazıb. O, xalq üçün nə qədər böyük iş gördü. Elə bəstəkarlar var ki, bəstələri müvəqqəti səslənir və yaddan çıxır. İngilis, fransız. italyan- millətindən asılı olmayaraq, hər millətin xalq ruhunda yazdıqları mahnıları gözəl olur. Mənim mahnılarım da milli ruhdadır. Ona görə də, həmin mahnılarda düşündürən melodiya var. Melodiya, ritm və müasir səpkidə yazılan milli ruhlu mahnılar öz sözünü deyir. Xarici ritmlərin musiqimizə daxil olması yaxşıdır. Əslində, həmin xarici ritmlər bizim ritmlərdi. Sadəcə olaraq, həmin ritmləri onlar bir az müasirləşdiriblər, kompüterləşdiriblər, dinamik ediblər.

- Biz xarici ölkələrə inteqrasiya olunuruq, yoxsa xarici ölkələr bizə inteqrasiya olunur?

- Əslində Qərb ölkələri Şərqə inteqrasiya olunur. Bu nöqteyi-nəzərdən türk və avropa musiqisi Azərbaycan musiqinə təsir edir. Bu baxımdan da dinləyicilər arasında çaşqınlıq yaranır. Amma Azərbaycan musiqisi itmir. Ola bilər ki, çox meyillilik olur ki, bu da musiqidən kənarlaşmağa gətirib çıxarır. Mənə elə gəlir ki, get-gedə inteqrasiya olunan bir zamanda Azərbaycan musiqi mədəniyyəti inkişaf edir, gözəlləşir. Məsələn, fabrik, zavod bütün parametrlərə uyğun şəkildə məhsullarını istehsal edir ki, dünya standartlarına uyğun gəlsin və qəbul olunsun. Musiqidə də elə standartlıq var. Həmin standartlıq nədir? Milli ruh, ritm, müasir səpkidə aranjemanlar. İki yüz il bundan əvvəl yaşayıb, yaradan bəstəkar Motsartın bəstələrinə nəzər salsaq, görərik ki, melodiya, ritm və milli ruh var. Həmçinin, dahi Üzeyir Hacıbəyovun yaradıcılığı da belədir. Hər hansı xalq Üzeyir bəyin bəstələrini dinləsə, dərhal qəbul edəcək.

"Bayağı mahnı olmur"


- Estrada mahnısının ortasında muğamdan bir parça ifa etmək düzgün amildir?

- Estrada mahnısında muğamdam parça oxunması onu göstərir ki, bütün mahnılar muğam üzərindədir. Kim muğamı bilirsə, həmin bəstəkar çox gözəl mahnı bəstələyəcək. Kim muğamı bilmirsə, onun bəstələri milli ruhdan uzaqlaşacaq.

- Nəzərə alın ki, bayağı mahnıların səslənməsi Azərbaycan musiqisinə və zövqlərin pozulmasına təsir edir.

- Televiziyalar, səsyazma studiyaları ümumiyyətlə, təbliğat ocaqları həmin mahnıları yayımlayır. Bir də ki, zövqlər müxtəlifdir. Onu da bildirim ki, mahnı bayağı olmur. İnsan var "sup" istəyir, insan da var "aş". Ümumi musiqi nöqteyi-nəzərdən və peşəkar kimi baxanda əlbəttə ki, bu, bayağı görünür. Bu cür mahnılara həvəskar oxuyanların, yeni addımlayanların ifasında rast gəlmək olar.

- Deməli, problem mahnıda deyil, ifaçıdadır?

- Heç problem ifaçıda da deyil. Əsas odur ki, mahnının sözləri və musiqisi bəsit olmasın. Peşəkar musiqiçi baxımından mahnı bəsit ola bilər. Amma dinləyici üçün həmin mahnılar bəsit sayılmır. Əgər mahnını bütövlükdə bəsit, bayağı hesab etsək, onda "Yer kürəsi"nin əhalisi gərək konservatoriya təhsili ala? Bu da məntiqlə düz gəlmir. Konservatoriyanı bitirən elə şəxs var ki, bəstələdiyi mahnı heç kimin xoşuna gəlmir. Şablonluq yaranır. Zövqsüz bir şeydir. O boyda konservatoriya savadsız xalqın üzərində qurulub. Xalq mahnıları üzərində bütün simfoniyalar qurulub, bəstəkarların da hamısı ondan bəhrələnib. O boyda səhiyyə də xalq təbabətinin üzərində qurulub. Xalq yığışıb mahnı yazmır ki? O yallılar, gözəl oyun havaları və başqa bu kimi mahnıları bəstələyən adam var. Amma həmin şəxs bəstəkar deyil. Türkəçarə həmişə olub və olacaq da. Sonradan elm bunun müəyyən amillərini açıqlayıb ki, bu gün bizə məlumdur. Musiqi də elədir. 19-20 əsrlərdə orkestrlar qurulub, notlaşdırma yaranıb ki, daha da inkişaf etsin, gözəlləşsin. Məsələn, "Rast", "Şur", "Çahargah" muğamları olduğu kimi nota köçürülür və simfonik muğam olaraq, böyük orkestrlər tərəfindən səsləndirilir. Orkestr daxilində də həmin muğamlar səsləndirmə baxımından musiqi alətləri arasında bölüşdürülür və iri həcmli simfonik muğam yaradılır.

Muğam, vokal sahəsində, estrda janrında nə qədər gözəl ifaçılarımız üzə çıxdı. Əvvəllər Müslüm Maqomayev, Lütfiyar İmanov idi. Hazırda muğam, vokal və estrda janrı üzrə nə qədər ifaçılar meydana gəlib. Məsələn, 13 yaşlı vokalist Emin Eminzadəyə qulaq asanda, insana çox xoş təsir bağışlayır. Eminin dünya musiqisindən xəbəri var və milli ruha bağlı olan uşaqdır. Bunların hamısı konservatoriyanın, elmin bizə verdiyi gözəlliklərdi.

- Belə aydın olur ki, çoxluğun üstünlük təşkil etməsi heç də pis amil hesab olunmur.

- Heç də pis deyil. Sadəcə, rəqabət olan yerdə inkişaf da olacaq. Mən belə başa düşürəm ki, həmin yaxşı olmayan ifaçılar sıradan çıxacaq, yalnız yaxşılar qalacaqlar.


""Daşlı Qala", "Dilə bəndəm, elə bəndəm" mahnıları xalq mahnısı deyil..."


- Bəstəkarlıq fəaliyyətinizi də uğurlu hesab etmək olar. Sizin mahnılarınzı yerli və xarici müğənnilər ifa ediblər. Buna görə, sizdən icazə alınıb və mahnınıza görə sizə qonarar verilib?

- Aygün Kazımova ilə Elxan Şirinov "Niyə gəlmədin" mahnımı ifa ediblər. Könül Kərimova ilə Cabbar Musayev də həmin mahnını oxuyublar. Nazənin, Arzu Mələk, Səyyad Əlizadə, Rəqsanə, Mətanət İsgəndərli və başqa yerli müğənnilərimiz bəstələrimə müraciət ediblər. O cümlədən, Türkiyədən Neşe Qaraböcek mahnılarımın əksəriyyətini oxuyub. İsraildə, Ərəbistanda, İranda və dünyanın başqa yerlərində mahnılarımı ifa edənlər var. Mahnılarım dünyaya yayılıb, ifaçılarının sayı da çoxdur. Həmin müğənnilər mahnılarımı efirdən, diskdən götürüb oxuyurlar. Buna görə də məndən icazə alınmır. Mahnını oxusun deyə, icazə almaq üçün məni necə tapsın?

- Hər halda, bəstələriniz əqli-mülkiyyət hesab olunur və bir növ sizin hüquqlarınız tanınmır. Bunu necə, qəbul edirsiniz?

- Bizdə hələ hüquqi baxımdan əqli-mülkiyyət tam formalaşmayıb. Bu da tədricən əmələ gələcək. Hüquqların müdafiə olunması, qonorarın verilməsi və başqa bu kimi məsələlər öz həllini tapacaqdır. Amma müəyyən dərəcədə bəzi hüquqi məsələlər öz həllini tapmaqdadır. Əlbəttə ki, başqa ölkələrdən tələb etmək vacibdir. Gərək parlamentdə bu cür məsələlərlə bağlı qərar çıxarıla. İstər şadlıq evlərində, istərsə də hər haradasa kimliyindən asılı olmayaraq ifa olunan mahnıların müəllif hüquqları qorunmalıdır.

- Bəstələdiyiniz mahnıların hər birini Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçirmisiniz?

- Mahnılarımın əksəriyyətini qeydiyyatdan keçirmişəm. Amma bəzi mahnılarım var ki, hələ də qeydiyyatdan keçməyib. Deyirlər ki, "Daşlı Qala", "Dilə bəndəm, elə bəndəm" mahnıları xalq mahnısıdır. Xeyr! Həmin mahnılar mənim mahnılarımdır. Hər iki mahnının musiqisinin müəllifini danaraq, xalq mahnıları kimi qələmə verirlər. Mən də bunu sübut etmək üçün həmin mahnıların lent yazılarını haradan tapım? Yoxdur. O vaxtlar kim idi ki, bu cür məsələlərə baxan?! Əgər plastinkalarda, kasetlərdə və disklərdə mahnının musiqisinin və sözlərinin müəlliflərinin adları yazılırsa, həmin məhsulları əldə edən də mahnının kimə məxsus olduğunu biləcək. Yox, əgər onlar eqoistlik edirlərsə, istəmirlərsə, başqa bir məsələ...

- Sizin kino yaradıcılığınızda da fəaliyyətiniz olub. Həmin bədii filmlər hansılardı?

- "Qaçaq Nəbi", "Qatır Məmməd", "Şahid qız", "Qara Volqa", "Gecə qatarında qətl" bədii filmlərinin mahnılarını səsləndirmişəm və hətta, "Gecə qatarında qətl" bədii filmində epizodik rolda oynamışam. 1973-cü ildə hələ tanınmadığım bir vaxtda rəhmətlik tarzən Əhsən Dadaşov, bəstəkar Cahangir Cahangirov və rejissor Rasim Ocaqov "Qatır Məmməd" bədii filminə dəvət etdilər. Həmin bədii filmə bir çox müğənniləri dəvət etmişdilər ki, filmin mahnılarını ifa etsin. Amma sonda mahnıları ifa etmək üçün məni seçdilər.

- Siz İmişli rayonunda yaşayandan peşəkar səhnədəsiniz?

- Məktəb illərindən, elə, Eminin (red: E.Eminzadəni göstərərək, gülür) vaxtından peşəkar səhnədəyəm. Orta məktəbdə oxuyurdum. Adətən, uşaqların bədii özfəaliyyəti oradan gəlir. Həmçinin, Rayon Mədəniyyət evinin bədii rəhbəri idim. Ümumiyyətlə, sənətkarın 3 dövrü olur: bədii özfəaliyyət dövrü, yamsılamaq dövrü və sənətkarlıq dövrü. Ayrıca bir dövr seçirsən və həmin yolla da gedirsən. Əgər yamsılamaq dövrünü seçirsənsə, elə də qalırsan. Yəni ki, yamsıladığın sənətkarın özü var da, axı ikinci nəyə lazımdır? Artıq, bu, peşəkarlıq hesab olunmur.


"Xalq mənə, mən də xalqa çörək verirdik"


- İxtisasca iqtisadçı olduğunuz halda, niyə məhz ixtisasınızı deyil, müğənnilik fəaliyyətinizi üstün tutub, davam etdirdiniz?

- İqtisadçı olmazdan əvvəl artıq müğənni idim, tanınırdım. 1978-ci ildə Bünyadzadə adına Azərbaycan Dövlət Milli İqtisadiyyat İnstitunun iqtisad fakültəsinə daxil oldum. İnstitun rəhmətlik rektoru Zeynal müəllim başda olmaqla, bütün müəllim heyətinə minnətdarlığımı bildirirəm. Elə müğənni ola-ola təhsil alırdım. Atam da ticarətçi olub. Rəhmətlik qardaşım da və qardaşım oğlu Cabbar Musayev də həmin institu bitiriblər.

- Bəzi müğənnilər özlərini biznesmen hesab edirlər. Çünki deyirlər ki, bir növ iş adamıyıq, açıq bazardı, iştirak edəcəyim toyların maddi məsələsini özümüz həll edirik. Bəlkə, siz də bu nöqteyi-nəzərdən iqtisadçı olmağı nəzərə almısınız?

- Mən onu bizneslə bağlamaram. Sənət adamıyam. Toy əzəldən olub, ta Adəmdən Hatəmə qədər... O halda, onu biznes adlandıraq? (gülür) İndi biznez deyirlər. Bizim şüurumuzda elə bir söz yox idi. Deyirlər də...
Əgər ikinci sahə olaraq, müğənnilikdən əlavə bizneslə məşğul olursansa, bunun nəyi pisdir? Çox gözəl! Maddi cəhətdən təmin olunursan, toya da gedib maddi baxımdan güzaranını yaxşılaşdırsan.

- Toydan söz düşmüşkən, toylarımızda da müəyyən problemlərimiz var ki, birbaşa müğənninin yaradıcılığına təsir edir.

- Əksinə, xoş təsir etməlidir. Nəyə görə? Biz əvvəllər məclislərə gedəndə, məsuliyyət hiss edirdik. Bizdən yeni mahnılar, yeni qəzəllər və səsinin formada olmasına görə, yaxşı mahnı oxumağını istəyirdilər. Özündə məsuliyyət hiss edib, qayğına qalırdın. Çünki məclisdə oxuyub, pərt olmayasan deyə... Həm də xalqın təlabatını ödəmək üçün öz üzərində çalışırdın və sənətin də inkişaf edirdi.

- Səhv etmirəmsə, 1991 - 1992-ci illlərdə rəhbəri olduğunuz "Röya-1" adlı şirkətiniz vardı. Hazırda həmin şirkətin fəaliyyəti nə yerdədir?

- Yenə də həmin şirkət qalır, amma fəaliyyət göstərmir. Çünki istehsal olunan məhsullar təlabata uyğun deyil və standartlara cavab vermir. "Röya-1" şirkəti 1991-ci ildə təsis olunub. O vaxtları şirkətin fəaliyyəti dövründə xalatlar, uşaq paltarları, qadınlar üçün gecə geyimləri tikilirdi. Bundan əlavə, ölkədə çörəyin qıt vaxtlarında çörək bişirilirdi. O vaxtları çox insanlara əl tuturduq. Xalq mənə, mən də xalqa çörək verirdik. Şirkətin sonrakı fəaliyyəti dövründə gördük ki, şirkət öz daxili hesabını ödəyə bilmir və bağladıq. Şirkət Ədliyyə və Vergilər Nazirliyindən qeydiyyatdan keçib, hazırda isə icarəyə verilib.

Allah rəhmət eləsin! Ulu Öndər Heydər Əliyev ayda mənə təqaüd ayırıb. Əsas məni yaşadan həmin məbləğdir. Sonra isə ikinci dərəcəli toylardı ki, gəlirimin bir qismini təşkil edir. İcarədən olan məbləğ isə elə də yüksək deyil.

- Bu gün Azərbaycanda fəaliyyət göstərən bütün müğənnilərin ifası, səhnə mədəniyyəti, geyimi və başqa bu kimi amilləri sizi qane dirmi?

- Edir. Çox gözəl və zövqlə geyinirlər. Mahnılarında rəngarənglik var. Ümumiyyətlə, muğamda, estradada, musiqili komediyadada və s. Bu kimi musiqinin başqa sahələrində inkişaf var. Şəhərin gözəlliklərini görməyən insan kordu. Musiqi inkişafını görməyən insanı da kor hesab edirəm. Nə qədər gözəl çeşidlərdə, gözəl aranjemanlarda mahnılar artıb. Buradan İtaliyaya, İspaniyaya, Amerikaya mahnılarımız gedir. Müğənninin yaxşısı da olar, zəifi də olar. Hər şey birdən düzəlməyəcək ki? Demək olmaz ki, hamısı yaxşıdır. Tədricən zəiflər uzaqlaşacaq, güclülər qalacaq.

- Söhbət zamanı Emin Eminzadənin adını çəkirdiniz. Bilmək istərdik ki, E.Eminzadə kimdir?

- İstərdim Emin haqqında atası Xəzər Emin danışsın. Xəzər bəy həm də Dünya Azərbaycanlıları Milli Birliyinin rəhbəri və təsisçisidir.

Xəzər Emin:

- Emin Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin fortepiano kursunda təhsil alır. Artıq 2-ci ildir ki, Filarmoniyada böyük konsertlə çıxış edir. İyunun 1-də "Beynəlxalq Uşaq Günü" münasibətilə Heydər Əliyev adına sarayda keçirilən müsabiqədə Emin italyan mahnısı "Camayka"nı və "Bakı" mahnısını oxuyaraq, Respublika üzrə "Ən İstedadlı Uşaqlar" nominasiyasında 3-cü yerə layiq görüldü. İfaçılıq nöqteyi-nəzərdən Niyaməddin müəllim ona öz töhvələrini verir. Eminə dəstək olur. Çox sağ olsun ki, Eminə böyük sənətkarlarımız qiymət verirlər.

Niyaməddin müəllimlə birgə 10 il o vaxtları Dünya Azərbaycanlıları Konqresində işləmişik. O zamanlar 15-ə yaxın ölkələrdə səfərdə olmuşuq. Niyaməddin müəllim həmvətənlərimizlə yanaşı, xarici millətlərin qarşısında konsert proqramı ilə çıxış edib. Fransada, Belçikda, Almaniyada, İtaliyada, İspaniyada və başqa ölkələrdə çıxışları olub. Niyaməddin müəllimin maarifçiliyə, dövlətə və dövlətçiliyə görə, mahnılarının çox böyük xidməti olub. O, təkcə 9 milyonluq Azərbaycanlıların deyil, 50 milyonluq Azərbaycanlıların sevimli müğənnisdir. O, istər vətənpərlik, istər lirik mahnıları ilə canlı tarix yaratdı. Müəyyən məsələlərə görə, hazırda qastrol səfərləri ləngiyir. Amma sentyabr-oktyabr ayından sonra böyük konsert proqramı ilə xarici ölkələrə gedəcəyik. Artıq İsveçrəyə dəvətimiz var. Onu da qeyd edim ki, Niyaməddin Musayev təmənnasız olaraq, konsert proqramı ilə çıxış edib. Bu yaxınlarda, İranda səfərdə idim. Orada maşınlarda Niyaməddin müəllimin mahnıları davamalı olaraq, səslənirdi. İranda onu çox sevirlər, istəyirlər. Bəzi məsələlər var ki, öz həllini tapandandan sonra Niyaməddin müəllim 35 milyonluq Azərbaycanlıların qarşısında konsert proqramı ilə çıxış edəcək. Xalqın formalaşması, milli-mənəvi duyğuların inkişafı, vətənə məhəbbət hissində gənc nəslin böyüməsi onun sənətinin ideoloji göstəricisidir. O, sıradan bir sənətçi deyil. Bütün bunların nəticəsi olaraq, dövlətimiz onu "Şöhrət" ordeni ilə, Respublikanın xalq artisti fəxri adı ilə təltif edib, Prezident təqaüdü verib. Bundan əlavə, Niyaməddin Musayev Naxçıvan Muxtar Respublikasının əməkdar artistidir.

Fuad Mədətov
Milli.Az



--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.