Həmsöhbətimiz bir neçə gün əvvəl ömrünün 77-ci ilinə "əlvida" deyən sevimli sənətkarımız, xalq artisti Səyavuş Aslandır. Onu təqdim etmək üçün bərbəzəkli sözlərə lüzum yoxdur. Əslində, SƏYAVUŞ ASLAN ad-soyadı özü-özlüyündə çağdaş bir milli dəyərimizi ifadə edir. Özü isə sadəcə, deyir ki, "məndən o qədər yazıblar ki..."
Odur ki, vaxtı bada verməyib, birbaşa söhbətə keçək, hər şeyi sənətkarımızın öz dilindən eşidək.
77 illik ömrün yaşıl yarpaqları...
- Səyavuş müəllim, öncə sizi 77 yaşınız münasibətilə, bir qədər geciksə də, qəzetimizin kollektivi və oxucuları adından təbrik edirəm. İnsan ömrünün hər keçən gününü ağacdan düşən yarpağa bənzədirlər. 77 illik həyatınızda yaşıl yarpaqlar çox olub, yoxsa saralmışlar?
- Mənim həyatımda saralmış yarpaqlar olmayıb. Bundan sonra, bəlkə 80, 90, 100 yaşımda olacaq, bilmirəm. Amma insan ömrünün uzun olması yarpaqların yaşıl olmasından çox asılıdır. Mənim ömrümdə yaşıl yarpaqlar çox olub, mən onlara inanmışam.
- Ancaq bildiyimə görə, sənətdə çətinlikləriniz çox olub. Hətta bir vaxtlar Teatr İnstitutundan da xaric olunmusunuz...
- Mən Teatr İnstitutuna qəbul olunanda, artıq bir aktyor kimi tanınırdım. Sadəcə, diplom almaq üçün girmişdim. O dövrdə mənim üçün çox çətin idi, işləməklə əyani oxumağı bir araya gətirməyin öhdəsindən gələ bilmirdim. Ona görə də 2-ci kursda oxuyarkən məni institutdan xaric etdilər, rektor Rahib Hüseynov xaric olunmağım barədə əmri imzaladı. O zaman Rahib müəllim məni yaxşı tanımırdı. Sonra günlərin bir günü bəstəkar Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" operettasında mən tələbə rolunu oynayırdım. Rəhmətlik Rahib müəllim də tamaşaçıların arasında olub və mənim ifam onun xoşuna gəldiyindən, yanındakılardan barəmdə soruşub. Deyiblər ki, "dərsə gəlmədiyinə görə onu institutdan siz xaric etmisiniz". Məni yanına çağırtdırdı. Dedi ki, "sən tamaşada gözəl, məsuliyyətli, dərsə vaxtında gəlib-gedən tələbə rolu oynayırsan, özünsə institutdan qaçırsan, niyə?" Mən də dedim ki, işim imkan vermir. Yenidən instituta bərpa olunmağım barədə əmr verdi. Sonra da imtahan verib yenidən əvvəlki qrupuma qayıtdım. 1969-cu ildə də institutu bitirdim...
Dəmiryolu məktəbinin iki korifey aktyoru
- Cavanlıqda maşinist də işləmisiniz...
- Bu mənim lap cavan yaşlarımda - təxminən 1951-52-ci illərdə olub. O dövrdə dolanmaq çətin idi. Atam məni maşinist köməkçisi peşəsini öyrənmək üçün ikiillik dəmiryolu məktəbinə qoymuşdu. Amma məndən bir il əvvəl o məktəbi Hacıbaba Bağırov oxuyub qurtarıb.
Bir gün usta bizi Biləcəri stansiyasına aparanda gördüm ki, Hacıbaba artıq orada işləyir. Görüşdük, mən onu keçmiş "26-lar" Sarayında rəhmətlik Əjdər Sultanovun rəhbərlik etdiyi dram dərnəyindən tanıyırdım. Hacıbabanın o vaxtlardan yaxşı aktyorluq qabiliyyəti var idi. Sonradan mən Dəmiryolçular Klubunun nəzdində rəhmətlik Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram dərnəyinə getməyə başladım. Ona "Mirzə qədeş" deyirdim. İlişdim həmin dərnəyə... Dəmiryol Məktəbini bitirəndən sonra elə oldu ki, maşinist işləmədim. Kasıbçılıqla dolansaq da, sənət məni elə valeh etmişdi ki, ayrılmaq mümkün deyildi. Bilirsənmi oğlum, ümumiyyətlə, hərdən indiki gənclərə diqqət yetirəndə, məəttəl qalıram. Çünki biz cavan olanda birdən-birə 5-6 dərnəyə gedirdik. Boş vaxtımız qalmırdı ki, gedib başqa işlərlə məşğul olaq...
Elə günüm olub ki, cibimdə bir abbası pul olmayıb
- İndiki gəncliklə o dövrdəki gəncliyi müqayisə edəndə hansı fərqli cəhətləri müşahidə etmisiniz? İndikilərdə çatışmayan nədir?
- O vaxtkı gənclərə üstünlük verirəm, ona görə ki, onlar yalnız sənətlə məşğul olurdular. Amma indikilər boş vaxt tapan kimi əyləncəyə cumurlar. Biz belə şeyləri bilmirdik. Elə bu səbəbdəndir ki, o dövrün gəncləri arasında sonradan korifey sayılan sənətkarlar çıxıb. Biri elə rəhmətlik Həsənağa Turabov, axır vaxtlar direktorumuz da oldu. Ümumiyyətlə, çox uşaqlar aktyorluq sənətini seçdi və axıradək bu sənətdə qaldı. Biz - o dövrün gəncləri istəyimizə zaman keçdikcə nail olurduq. İndiki gənclərdəsə səbr yoxdur. Cavanlıqda elə günüm olub ki, evə çörək almaq üçün cibimdə bir abbası pul olmayıb. Aylarla teatr bizə məvacib verməyib. İndikilər isə hər şeyi bir anın içində əldə etmək istəyirlər. Mən arzu edərdim ki, gənclərimiz səbrli olsunlar, yalnız sənətləri ilə məşğul olsunlar, yerdə qalan şeylər vaxtında özü gəlib onları tapacaq. Əgər belə olsa, nəinki Səyavuş, bütün sənət dahilərinin yeri dolacaq.
- Vaxtilə sizin ifanızda səhnəyə vəsiqə qazanan rolları indi bir çox aktyorlar oynayırlar. Onların oyunu sizi qane edirmi?
- Mənim rollarımı indi çoxları oynayırlar. Onların oyunu məni çox qane edir. Bilirsinizmi, indi nə itib? Əvvəllər sənət ocaqlarına rəhbərlik edənlər sənətkarların üstündə əsirdilər. Xəstə olsaq da, xahiş edirdilər ki, rolumuzu oynayaq. Deyirdilər ki, "siz əvəzolunmazsınız, sizin öz yeriniz var, başqalarının öz yeri". İndi deyirlər ki, "kimin oynamasının mənim üçün fərqi yoxdur, tamaşanı satın".
Turabov məndən də böyük aktyor idi
- Söhbətlərimizin birində mərhum Həsənağa Turabov dedi ki, aktyorluq sənətinə həvəsi onda siz oyatmısınız. Bəs siz kimə görə bu sənəti seçmisiniz?
- Biz bir yerdə dram dərnəyinə getmişik. Sonradan o, deyəsən, Sənaye Texnikumuna qəbul olunmuşdu. Həsənağa ona görə belə deyirdi ki, mən artıq gənc vaxtımda professional teatrda çıxış etməyə başlamışdım. Tamaşalarda oynadığım üçün tanındığımdan, istər-istəməz tay-tuşlarım mənə həsəd aparırdılar. Amma həyat elə gətirdi ki, dostlarımın əksəriyyəti aktyor sənətini seçib teatra gəldilər. Mən deyərdim ki, Turabov məndən də böyük aktyor idi. Çünki o, bütün tamaşaların əsas qəhrəmanını oynayırdı. Nəhayət, teatrın direktoru və bədii rəhbəri vəzifəsinədək yüksələ bilmişdi. Bu hər adama qismət olmur.
O ki qaldı kim bu sənətə qarşı məndə maraq yaradıb, mən uşaq vaxtı Pionerlər Evində tar dərnəyinə gedirdim. Uşaqlıq dostum vardı - Hacağa Əzimov, o rəhmətlik dram dərnəyinə gedirdi. Məni özü ilə dram dərnəyinə aparandan sonra tarı atıb birdəfəlik bu sənətə bağlandım. O illəri də hesablasaq, artıq 65 ildən də çox vaxt keçir ki, Hacağanın məni saldığı cığırdan çıxmamışam. O, çox gənc ikən dünyadan köçdü. Amma onun qardaşları, uşaqları qalır, Allah onlara can sağlığı versin. Bilirsinizmi, həyat elədir ki, gərək görüb-götürəsən. Professional səhnəyə gələndən sonra mənim qabağa getməyimə, necə deyərlər, müstəqil sənətkar olmağıma rəhmətlik Lütfəli Abdullayev səbəbkardır.
Bəlkə də kənardan pul qoyanlar var ki, xalqın zövqü korlansın
- Müsahibələrinizdən birində teatr sənətinin uçuruma getdiyini söyləmisiniz. Sizcə, ötən əsrdə inkişaf edən, öz qızıl dövrünü yaşayan milli teatrımızın birdən-birə uçuruma yuvarlanmasına səbəb nədir? Aktyorların səviyyəsi, əsər qıtlığı və yaxud rejissor çatışmazlığı?
- Mən dəqiq deyə bilmərəm, bəlkə də kənardan pul qoyanlar var ki, xalqın zövqü korlansın. Onlar da deyəsən, istəklərinə çatırlar. Teatrların hazırladıqları tamaşalar nə qədər zəif olsa, yenə teatrdır. Amma elə biabırçı şoular, elə biabırçı oyunlardan çıxırlar ki, bu da xalqın zövqünün korlanmasına, teatrdan uzaqlaşmalarına səbəb olub. Üzeyir bəy kimi bir dahinin, professional musiqimizin banisinin "O olmasın, bu olsun" əsərini başqa cür, şou formasında hazırlamaq düzgün deyil. Bu gün xalqımız ayılmasa, mədəniyyətimiz çox bərbad vəziyyətə düşəcək. Ona görə də mən tamaşaçılardan xahiş edirəm ki, keyfiyyətsiz şoulara uymasınlar.
Gedənlər məktəbi də özləri ilə aparıblar
- Bu gün Musiqili Komediya Teatrında səhnələşdirilən tamaşalara baxanda köhnə tamaşaların şirinliyini duymaq olmur. Çox süni oyunların şahidi oluruq. Sizcə, bu nə ilə bağlıdır?
- Heç kimə sirr deyil ki, keçmiş pyeslərə bənzər əsərlər yazılmır. Əvvəlkilərə nisbətən indi zəif yazırlar. Digər tərəfdən, əvvəlki aktyorlar da qalmayıb, yaxşı aktyorlar barmaqla sayılacaq qədər azdır.
- "Muzkomediya"nın böyük məktəbi olub, axı...
- Doğrudur, məktəbi olub, amma iş burasındadır ki, gedənlər həmin məktəbi özləri ilə aparıblar. Hazırda Musiqili Komediya Teatrının əvvəlki səviyyəsini qaldırmaq üçün yaxşı əsərlər, yaxşı rejissorlar lazımdır. Əfsuslar olsun ki, indi oranın rejissorları zəifdir. Ay nə bilim, keçmişdə rəqslə məşğul olanlar, hansısa teatrda zəif planda işləyənlər, rejissor köməkçiləri indi tamaşa hazırlayırlar. Doğrusu, mənim bu barədə danışmağım da düzgün olmaz, çünki oranın öz müdiriyyəti var, özləri bilərlər...
- Hər halda həmin teatrın inkişafında xidmətləriniz az olmayıb. Bir məsələni də öyrənmək istərdim. Sizi bir ara "Muzkomediya"nın bədii rəhbəri vəzifəsində də gördük, amma bu, çox az çəkdi...
- Məsələ ondadır ki, teatrın o dövrdəki direktoru rəhmətlik Topçuyev məni çağırıb dedi ki, "burda neçə illər can qoymusan, tamaşaların səviyyəsini qaldırmaq lazımdır". Mən də fikirləşdim ki, doğma teatrım olub, ona görə razılaşdım. Onda hələ teatr "26-lar" Sarayının binasında fəaliyyət göstərirdi. Təsəvvür edin, rejissor yox, köhnə əsərləri birtəhər quraşdırıb oynadıq. Direktor dünyasını dəyişəndən sonra rəhmətlik Hacıbabanı onun yerinə gətirdilər ki, o, direktor olsun, mən də bədii rəhbər. Onda razılaşmadım, dedim, "indi ki Hacıbabanı direktor qoyursunuz, o da mənim kimi aktyordur, bədii rəhbərliyi də bacarar, öz teatrıma qayıtmaq istəyirəm".
Bir rol var ki, hələ də gözləyirəm
- Elə rollar olubmu ki, oynamaqdan imtina etmisiniz?
- İmtina etdiyim rol çox olub. Mənə layiq olub-olmamağına görə yox, başqa-başqa səbəblərdən. Onu da deyim ki, mənim üçün rolun böyük-kiçikliyi yoxdur. Misal üçün, rəhmətlik Ağadadaş müəllimin "Mariya Tüdor" tamaşasında oynadığı yəhudi rolu həcmcə kiçik olsa da, hələ də onun oyununun söhbəti gedir.
- Elə bir rol varmı ki, hələ də oynamaq arzusundasınız?
- Var, amma indiyə qədər ürəyimdə saxlamışam, açıb-ağarda bilmərəm.
- Həmin rolu indi oynamağa imkanınız varmı?
- Var, amma hələ də gözləyirəm...
Zaman sillələri geri qaytaracaq
- "Bəyin oğurlanması" filmində Muxtar Maniyev gözləmədiyiniz halda sizi sillələdi... Həyatda belə qəfil sillələr çoxmu almısınız? Əgər belə olubsa, kimlər tərəfindən olub?
- Həyatda gözləmədiyim halda çox sillələr yemişəm. Həm dostlarım tərəfindən, həm düşmənlərim tərəfindən, həm də ailəm tərəfindən... Mən bu haqda danışmaq istəməzdim, amma çox bərk sillələr olub. Gözlənilməz sillələrə dözmək də hər oğulun işi deyil. Dözmək lazımdır, zaman keçdikcə, həyat özü bu sillələri geri qaytaracaq...
- Hələ də həmin zərbələrin acısını hiss edirsiniz?
- Yox, hiss etmirəm. Olub keçib...
- Bəs Muxtar Maniyevə acığınız tutmadı ki?
- Yox əşi, burada onluq bir şey yoxdur ki. Rejissor deyib, o da vurub...
"Ekspress" qəzeti
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Səyavuş Aslan: "Gözlənilməz sillələrə dözmək də hər oğulun işi deyil"
8 Sentyabr 2012 12:55
0 Şərh
Baxış: 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Milli İncəsənət Muzeyində “Musiqi zarafat edir” adlı konsert proqramı keçirilib - FOTO
-
Nəsilləri birləşdirən musiqi: mart konsertlərinə baxış - FOTO
-
Bakıdan Nyu-Yorka: Rüstəm Quliyevin yaradıcılıq yolu və “Oominorun Gəmisi”nin təqdimatı - VİDEO - FOTO
-
Muğam Televiziya Müsabiqəsinin qalibləri konsert ilə çıxış edib - FOTO
-
“İşığa doğru”: Azərbaycan rəssamları İtaliyada möhtəşəm sərgi ilə çıxış etdi - FOTO
-
Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat
XƏBƏR LENTİ
-
Universitetin maliyyə məsələlərini düzgün tənzimləməməsinə görə tələbə cavabdeh deyil - Rəsmi
-
Azərbaycan Milli İncəsənət Muzeyində “Musiqi zarafat edir” adlı konsert proqramı keçirilib - FOTO
-
17 yaşında qətlə yetirilən qızın qatili 51 il sonra TAPILDI - Görün kim İMİŞ
-
"TikTok" istifadəçilərə xəbərdarlıq etdi - "Qanunla qadağandır"
-
"Hamamdan çıxanda gördük ki..." - Sumqayıtda zəhərlənən altı uşağın anası DANIŞDI
-
Bakıda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB YENİLƏNİB
-
Efir qadağası olan müğənni canlı ifası ilə TƏƏCCÜBLƏNDİRDİ - VİDEO
-
Orxan Əfəndiyev və Uğur İbrahimli külli miqdarda borclarını ÖDƏDİLƏR - YENİLƏNİB
-
Ölkədə sarı və narıncı xəbərdarlıq VERİLDİ
-
İran-İsrail müharibəsi fonunda süni intellekt qalmaqalı: Hər şey saxta İMİŞ?
-
Bağça müəllimlərinin yerdəyişməsi başlayır
-
Dünya çempionatında böyük ŞOK
-
Rüfət Məmmədov rəis təyin EDİLDİ
-
Səidə illərdir danışdırmadığı anası və xalası ilə barışmasından DANIŞDI
-
Taksi sahiblərinin NƏZƏRİNƏ: Sığorta haqqı ARTIRILDI
-
Bir ailədə 6 uşaq dəm qazından zəhərlənib, 2-si reanimasiyadadır - YENİLƏNİB
-
“Qalatasaray” bu futbolçusuna 80 milyon qiymət qoydu
-
“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyən təşkilatların sırası genişlənir
-
Öz saytı işləməyən internet şirkətləri - SİYAHI
-
"Qəbiristanlığa gedib ölünü ziyarət etmək mənə çatmır"
-
Maaşlar artırıla BİLƏR - Bu tarixdən
-
Trampın GİZLİ PLANI üzə çıxdı: İranın nüvə ehtiyatlarına dair riskli plan hazırlanıb?
-
Messi Ronaldo ilə VİDEOsunu paylaşdı
-
Azərbaycanlı bəylə ərəb qızın TOYU - VİDEO





