Mədəniyyət

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət - (Foto)

26 Avqust 2026 16:27
Baxış: 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Nizami" Kino Mərkəzində V SALAM Beynəlxalq Yeniyetmə Filmləri Festivalının ikinci günü keçirilib. Bu gün ərzində yeniyetmə iştirakçılar yalnız film izləməklə kifayətlənməyib, həm də özləri filmlərin yaradıcılarına çevrilib, eyni zamanda yeniyetməlik dövrünün ən ağrılı problemlərindən biri - bullinq barədə açıq danışmaq imkanı əldə ediblər, Trend-in müxbiri xəbər verir.

Festival günü rejissor Zheng Yunchangın "The Answer to Forever" adlı Çin filminin nümayişi ilə başlayıb. Ekran əsəri gənc tamaşaçıların marağına səbəb olub. Filmin final titrlərindən sonra müzakirə zalda davam edib, iştirakçılar təəssüratlarını bölüşüb, qəhrəmanların davranışları ilə bağlı fikirlərini bildiriblər.

Bakı çəkiliş meydançasına çevrildi

Film nümayişindən sonra CINEMARATHON iştirakçıları öz qısa metrajlı filmlərinin çəkilişlərinə başlayıblar. Bu il layihənin mövzusu "Özünkülər arasında yad, yadlar arasında özün" olub.

Komandalar müxtəlif məkanlara yollanıblar: bəziləri "Nizami" Kino Mərkəzində çəkiliş aparıb, digərləri isə Vapiano restoranına və Bakının müxtəlif şəhər məkanlarına üz tutublar. Kameralar, ssenarilər, məşqlər, uğurlu kadr axtarışları - bir neçə saat ərzində festival məkanı əsl kino laboratoriyasına çevrilib.

CINEMARATHON iştirakçıları üçün bu, sadəcə yaradıcı tapşırıq deyil. Gənclər müstəqil şəkildə hekayələr qurur, rolları bölüşdürür, kamera ilə işləyir və öz ideyalarını ekran əsərinə çevirməyi öyrənirlər.

Söhbət şəxsi xarakter alanda

İkinci günün ən yaddaqalan məqamlarından biri aktyor, rejissor, teatr pedaqoqu və prodüser Leonid Klyotsla keçirilən görüş olub. Görüş Nine Senses Art Centerin mədəni dəstəyi ilə təşkil edilib.

Klyots uzun illərdir yeniyetmələr və bullinq problemi ilə bağlı sosial və teatr layihələri həyata keçirir. O, "Mən müqəvva deyiləm!" layihəsinin müəlliflərindən biri, həmçinin rejissor Konstantin Soldatovun "İqor-stul" qısa metrajlı filminin prodüseri və ssenari həmmüəllifidir.

Görüşdən əvvəl iştirakçılar Konstantin Soldatovun "İqor-stul" sosial dramını izləyiblər. Filmdə sinif yoldaşına edilən ilk baxışdan zərərsiz görünən zarafatın tədricən bullinqə çevrilməsi və ağır nəticələrə səbəb olması göstərilir.

Nümayişdən sonra müzakirə adi film söhbəti çərçivəsindən çıxaraq yeniyetmələr arasında qəddarlıq, bullinqin şahidi olan insanların laqeydliyi və hər kəsin şəxsi məsuliyyəti kimi mühüm məsələlərə yönəlib.

Leonid Klyots iştirakçıların fəal şəkildə cəlb olunduğu interaktiv ustad dərsi və sosial eksperiment keçirib. Söhbət getdikcə daha səmimi xarakter alıb. Bəzi iştirakçılar şəxsən qarşılaşdıqları və ya şahidi olduqları bullinq halları barədə danışıblar.

Görüşün rəsmi hissəsindən sonra da emosional söhbətlər davam edib. Bir çox iştirakçı Leonid Klyotsa yaxınlaşaraq suallarını verib, bütün auditoriya qarşısında danışmağa çətinlik çəkdikləri şəxsi hekayələri bölüşüblər.

Kino - eşidilmək imkanı kimi

Görüşdən sonra iştirakçılar yenidən CINEMARATHON çərçivəsində filmlərinin çəkilişlərinə qayıdıblar.

SALAM-ın ikinci günü bir daha göstərib ki, gənclər üçün kino yalnız ekran, kamera və hekayədən ibarət deyil. Kino onları narahat edən məsələlər barədə danışmaq, çətin suallar vermək və eşidilmək üçün bir vasitəyə çevrilə bilər.

Festivalın xüsusi atmosferi də məhz bununla bağlıdır: burada yeniyetmələr sadəcə film izləmir, öz hekayələrini danışmağı, başqalarını dinləməyi, komanda şəklində işləməyi və bəzən ucadan deməyin çətin olduğu mövzular üçün söz tapmağı öyrənirlər.

V SALAM Beynəlxalq Yeniyetmə Filmləri Festivalı avqustun 24-dən 27-dək Bakıda keçirilir. Festivalın təşkilatçısı Narimanfilm kinokompaniyasıdır. Baş sponsor PASHA Holdingdir. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kino Agentliyinin (ARKA) dəstəyi ilə keçirilir. Festival məkanının tərəfdaşı "Nizami" Kino Mərkəzidir. Mədəni-maarif proqramının xüsusi tərəfdaşı Nine Senses Art Centerdir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.