Mədəniyyət

Barat Vüsalın 75 illik yubileyi münasibətilə “Uzanan ömrüdü şair dünyanın” adlı ədəbi-bədii gecə keçirilib - FOTO

28 Aprel 2026 15:23
Baxış: 370
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax bölməsinin sədri, şair-publisist, Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyi münasibətilə "Uzanan ömrüdü şair dünyanın" adlı ədəbi-bədii gecə keçirilib.

Tədbir şairin yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

Daha sonra Xalq şairi Nəriman Həsənzadənin yubilyara ünvanladığı təbrik videoformatda təqdim olunub.

Gecənin aparıcısı yazıçı-publisist Əkbər Qoşalı Barat Vüsalın sənət dünyasından söz açıb. Bildirib ki, Barat Vüsal sözə dayanan, sözün məsuliyyətini daşıyan şairlərdəndir. Onun şeirlərində biz həm lirikanı, həm də Vətənin nəfəsini, xalqın yaddaşını, tarixin səsini eşidirik. Onun misralarında torpaq danışır, dağ-daş danışır, çay danışır, yol danışır. Bu günkü gecə şair üçün zaman qarşısında bir hesabat, söz qarşısında bir sayğı duyarlığıdır.

Yubiley gecəsində çıxış edən AYB-nin sədr müavini Rəşad Məcid yubilyarın həm şair, həm bölmə rəhbəri kimi fəaliyyətini, yaradıcılığını yüksək qiymətləndirərək ona Azərbaycan Yazıçılar Birliyinin xüsusi diplomunu təqdim edib.

Millət vəkili Səməd Seyidov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, tənqidçi və ədəbiyyatşünaslar Rüstəm Kamal, Əsəd Cahangir, Məti Osmanoğlu və Qazax Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov çıxışlarında şairin yaradıcılığının çoxşaxəli olduğunu vurğulayıblar. Bildirilib ki, Barat Vüsal yaradıcılığında hər zaman milli-mənəvi dəyərləri yaşadaraq təbliğ edən ziyalılardandır.

Tədbirdə aşıqlar Avdı Musayev, Şaiq İncəli, Cahangir Gədəbəyli, İlqar Qələmçili və Şahin Süleymanov çıxış ediblər. AYB-nin Poeziya sektorunun rəhbəri, şair İbrahim İlyaslı şairə həsr etdiyi şeiri oxuyub. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Kərəm Hadıyev, qiraətçilər Ayna Səs, Səbinə Yusif və şairin nəvəsi Aymən Əsədzadə Barat Vüsal yaradıcılığından nümunələr səsləndiriblər.

Sonda AYB Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək ona göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Tədbirin keçirilməsində əməyi olan və tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.