Mədəniyyət

Heykəltəraş Kamal Ələkbərovun dünyasına emosional ekskurs – zaman və sənət içindən keçən yol - FOTO

16 Aprel 2026 22:03
Baxış: 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli heykəltəraş, pedaqoq, Xalq rəssamı, professor Kamal Ələkbərovin (1928-2009) həyat və yaradıcılığına həsr olunmuş xatirə gecəsi və kitab təqdimatı keçirilib.

Gecənin həm səmimi, həm də təntənəli ab-havası tanınmış mədəniyyət xadimlərini, yaradıcı ziyalıları, ustadın yetirmələrini və gəncləri bir araya gətirib. Kamal Ələkbərov adı onlar üçün sənətə sədaqətin və yüksək peşəkarlıq məktəbinin rəmzi olaraq qalır.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektorları, Xalq rəssamları Səlhab Məmmədov və Fuad Salayev, heykəltəraşlıq kafedrasının müdiri, Əməkdar rəssam Azad Zeynalov, həmçinin muzeyin elmi-tədqiqat üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədova ustadın yaradıcılığı və şəxsiyyəti ilə bağlı xatirələrini bölüşüblər. Onlar qeyd ediblər ki, sənətkarın irsi müasir təsviri sənətdə mühüm yer tutur və milli bədii məktəbin inkişafına bu gün də təsir göstərir.

Xatirə formatında təşkil olunmasına baxmayaraq, gecə Kamal Ələkbərovun dünyasına dərin və emosional bir səyahətə çevrildi. Onun yaradıcılıq yolu, sənət axtarışları və bu gün ölkənin şəhər və rayonlarını, mədəniyyət və təhsil ocaqlarını bəzəyən əsərlərinin yaranma prosesi geniş şəkildə təqdim olundu. Onun əsərlərində Azərbaycanın tarixi, mədəniyyəti və milli qüruru yaşayır. Yaratdığı obrazlar statik deyil - onlar tamaşaçı ilə sanki dialoq qurur, düşündürür və hiss etdirir.

Tədbirdə sənətkarın mürəkkəb həyat yoluna da xüsusi diqqət yetirildi. Kamal Ələkbərovun uşaqlıq və gənclik illəri çətin dövrə təsadüf edib: repressiyalara məruz qalmış ailəsi yoxsulluq içində yaşayıb. Gələcəyin ustası erkən yaşlarından çalışaraq ailəsinə dəstək olub, gecələr vaqon boşaldaraq həm dolanışığını təmin edib, həm də təhsil almağa çalışıb. Bu çətinliklər onun xarakterini möhkəmləndirib və sonradan yaradıcılığında əksini tapan daxili gücü formalaşdırıb.

O, ilk sənət təhsilini Azərbaycan Rəssamlıq Məktəbində alıb və burada onun müəllimi SSRİ Xalq rəssamı Pinxos Sabsay olub. Daha sonra Vasili Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirib. Yaradıcılığı dövründə çoxsaylı sərgilərin iştirakçısı olub və müxtəlif mükafatlara layiq görülüb.

Kamal Ələkbərovun yaradıcılığı geniş sahələri əhatə edir - dəzgah rəngkarlığından monumental heykəltəraşlığa qədər. Onun əsərlərinin mərkəzində insan, onun mənəvi aləmi, xalqın tarixi və mədəni yaddaşı dayanır. Ustadın bədii dili ifadəli plastika, dərin psixologizm və ümumiləşdirilmiş obraz yaratmaq istəyi ilə seçilir.

Onun yaratdığı heykəllər sırasında həm sadə zəhmət adamlarına və Böyük Vətən müharibəsi qəhrəmanlarına, həm də görkəmli şəxsiyyətlərə həsr olunmuş əsərlər xüsusi yer tutur: XII əsr memarı Əcəmi Naxçıvani, dramaturq Cəfər Cabbarlı, yazıçı İlyas Əfəndiyev, bəstəkar Arif Məlikov, aktyorlar Mirzəağa Əliyev və İsmayıl Dağıstanlı, xalçaşünas Lətif Kərimov və başqaları. Bu əsərlər daim mütəxəssislər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.

Onun yaradıcılığında xüsusi yer tutan abidələrdən biri doğma Füzuli şəhərində ucaldılmış, Böyük Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş 18 metrlik monument olub. Qarabağ müharibəsi zamanı erməni təcavüzkarları tərəfindən dağıdılan bu abidə sənətkar üçün ən ağır itkilərdən biri sayılıb. Sonradan heykəltəraş həmin kompozisiyanı kiçik ölçüdə gips variantında yenidən yaradıb. Bu əsər Moskvada sərgilənərək mükafatlara layiq görülüb.

Kamal Ələkbərov təkcə görkəmli heykəltəraş və rəssam deyil, həm də böyük pedaqoq idi. O, bir çox istedadlı gənc heykəltəraş yetişdirərək onlara yalnız peşəkar bilik deyil, sənətə münasibət fəlsəfəsini də aşılayıb. Onu tələbkarlıq, sadəlik və tələbələrinə səmimi qayğıkeş münasibət fərqləndirirdi.

Gecədə sənətkarın ailəsi də xüsusi yer aldı. Onun həyat yoldaşı, tanınmış pediatr Gülnarə Ələkbərova ustadın həyat və yaradıcılıq yolundan bəhs edərək təqdimatını fotolarla müşayiət etdi. O, həmçinin sənətkarın övladlarının yaradıcılıq fəaliyyətindən danışdı. Oğulları Cəmal və Fərid atasının yolunu davam etdiriblər: Cəmal kompüter qrafikası sahəsində çalışır, Fərid isə neon rəngkarlığı sahəsində özünəməxsus üslub yaradaraq dünyada yeganə Neon İncəsənət Muzeyi - Farhouse-un təsisçisidir və bu il muzeyin 20 illiyi qeyd olunur.

Sonda tədbir Kamal Ələkbərovun sevdiyi əsərlərdən ibarət musiqili-poetik proqramla davam edib. Musiqi və poeziya sənətkarın həyat fəlsəfəsinin bədii davamına çevrilib.
Gecənin aparıcısı İlqar Quliyev olub və o, tədbirə xüsusi səmimiyyət və bütövlük qazandırıb.

Bu gecə təkcə böyük sənətkarın xatirəsinə ehtiram deyil, həm də əsl sənətin zamandan kənar olduğunu göstərən canlı sübut oldu. Kamal Ələkbərovun irsi bu gün də yaşayır - onun əsərlərində, yetirmələrində və sənətini sevən insanların yaddaşında.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.