Mədəniyyət

Naibə Allahverdiyeva: "Teatr olmasaydı, çoxdan intihar etmişdim"

17 İyun 2010 10:25
Baxış: 1 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Bu gülüşlər o qədər çox idi ki, məni qıcıqlandırırdı"


- Səhnəmizin "Tomka"sı kimi yaddaşlara həkk olunan gözəl aktrisamız Naibə Allahverdiyeva bu obrazı səhnənin ona verdiyi şəxsiyyət vəsiqəsi hesab edirmi, yoxsa bu addan bezib?

- Düzdür, baxmayaraq ki, bu rolu neçə illər öncə oynamışam, amma indiyə qədər də dillərdə əzbərdir. Bəlkə, tamaşanı tez-tez göstərirdilər, yaxud başqa səbəbləri var, bilmirəm. Yaxşı ki, son vaxtlar məni öz adımla təqdim edirlər. İnsanlar mənə "Nayibə xanım" deyərək müraciət edir. Amma, hərdən mənə "Tomka" da deyirlər, hələ üstəlik "maçı"nı da əlavə edirlər. Yəni həm ad qoyublar, həm familiya. Təbii ki, bu yanaşma bir ara məni qıcıqlandırırdı. Amma illər ötdükcə aktrisa hansı rolu ilə sevilirsə, o rol onun üçün doğmalaşır. "Tomka" mənim gəncliyimdir, o rolla insanların qəlbinə yol tapmışam, sevilmişəm. O, mənim üçün əziz obrazlardan biridir, amma pasportum deyil. Sadəcə olaraq "Yarım Ştat"da insanlar tərəfindən sevilməyimi, onların qəlbində "Tomka" kimi yer tapmağımı Allahın mənə verdiyi mükafat sayıram.

- Deyirsiniz ki, əvvəllər "Tomka" sizi qıcıqlandırırdı, niyə?

- İnsanlar məhəbbətini müxtəlif cür izhar edirdilər. Küçədə gedirdim, qışqırırdılar ki, "Tomka maçı, Tomka maçı". Və yaxud da görürsən ki, ciddi bir adamdır, adımı demək əvəzinə, deyir - a-a-a "Tomka maçı". Baxmayaraq ki, mənim artıq müəyyən qədər yaşım vardı, elə bil mənə uşaq kimi baxırdılar. İnsanlar məni görəndə həmişə gülürdülər. Bu gülüşlər o qədər çox idi ki, məni qıcıqlandırırdı, əsəbləşirdim. Mən fikirləşirdim ki, axı mənim səhnədə başqa rollarım da var, həyatda başqa təbiətli insanam axı. Düşünürdüm ki, niyə bunlar mənim özümü tanımırlar, əsl Nayibəni görmürlər.

- Bəlkə gəncliyinizdən irəli gələrək siz tamaşaçının məhəbbətini, gülüşlərini olduğu kimi deyil, lağ kimi qəbul etdiyinizə görə reaksiyanız belə olurdu?

 - Yox, o gülüşlərdə lağ yox idi, o gülüşlərdə məhəbbət var idi. Ola bilsin ki, bu mənim ya əsəbi, ya da kefimin olmayan vaxtına düşürdü. İnsanıq da, hər kəsin özəl həyatı var. Belə bir vaxtımda görürdün ki, kimsə qolumdan tuturdu  - "aa.. necəsən Tomka maçı?" Əsəbiləşirdim, mən də qayıdıb deyirdim ki, bəyəm mənim adım yoxdur sən mənə "Tomka maçı" deyirsən?! Görürdüm ki, pərt olurlar. Sonra da özüm-özümə peşiman olurdum ki, axı o nə bilsin ki, mən kədərliyəm, ya mənim bir dərdim var. Amma son vaxtlar lap kefim olmayanda da, insanlar mənə yaxınlaşıb, halımı soruşub, üzümə gülürlərsə, mən də onlara qarşılıqlı cavab verirəm. Yalandan da olsa gülümsəyirəm.

- Belə çıxır ki, siz qaraqabaq, sərt adamsınız?

- Yox, mən sərt deyiləm. Sadəcə, olaraq həyat məni bir qədər sərtləşdirib. Bəlkə də həyatda mənim qədər ürəyi yumşaq insan yoxdur.

- Bu həyat sizə nə etdi ki, insanların məhəbbətini, gülüşlərini ürək açıqlığı ilə qəbul edib sevinə bimədiniz?

 - Ola bilsin ki, əvvəllər münasibətləri düzgün hiss eləmirdim. İnsanlar mənimlə çox yaxşı davranırdılarsa, ünsiyyət qururdularsa, ya mənim üzümə gülürdülərsə elə blirdim ki, mənə qarşı pislik etməzlər. Müəyyən yaşıma qədər mən bu cür olmuşam. Amma get-gedə gördüm ki, bəzən insanların sənə satdığı məhəbbətin özü də yalandır.


"Həyat yoldaşım mənə xəyanət edirdi"


- O yalanla harada rastlaşmısınız, ailədə, yoxsa sənətdə?

- Elə hər yerdə. Nə deyim... Ailədə gördüyümü gördüm. Ailədə elə şeylərlə qarşılaşdım ki, bu mənə böyük zərbə vurdu. Bəlkə də sənətdə bir ara işimi dayandırmağıma da səbəb bu oldu. Bütün məhəbbətimi ailəmə, həyat yoldaşıma verdim. Axırda isə mənə qarşı elə hərəkətlər eləməyə başladı ki, məəttəl qaldım. İnsan necə belə olar, bunu ağlıma sığışdıra bilmirəm. Bizdə o ikinci plan var ey, heç vaxt mən onu düşünməmişəm. Mən səhnədə düşünürəm, amma həyatda yox. Amma indi-indi başa düşürəm ki, insanlarda nə qədər müxtəlif sifətlər var imiş. Doğrudan da düz deyirlər ki, həyat səhnədir, insanlar isə aktyor. Onlar daha çox aktyorluq qabiliyyətinə malikdir, nəinki teatrda gördüyümüz aktyorlar.

- Həyat yoldaşınız aktyor idi?

- Yox.

- Sizi sənətinizə görə atıb?

- Yox, o bilirdi ki, mən aktrisayam. Mənim sənətimi qəbul edirdi. Bir də ki, o, məni qoyub getməyib, mən ondan ayrılmışam. Mən yalan danışan insanları xoşlamıram, yalanlarla dolu həyatı qəbul edə bilmirəm. Mənim üçün ailə müqəddəsdir, orda yalan ola bilməz. Ailədə pərdə götürülməməlidir, hesab edirəm ki, ər arvadın tacıdır. Bəzi ailələrdə eşidirəm ki, ər arvada, arvad ərə xəyanət edir və sonra da gəlib üz-üzə otururlar. Təsəvvür edə bilmirəm ki, bu insanlar yalandan bir-birinin üzünə necə baxırlar. Mənə bəzən deyirlər ki, sən çox dərinə gedirsən, hər şeyi dəqiqliyi ilə istəyirsən. Mənim üçün elə şeylər var ki, həyatda müqəddəsdir. Mənim ailəm müqəddəs olmayandan, tez-tez yalanlarla üzləşəndən sonra, o ailəyə necə müqəddəs bir şey kimi baxa bilərdim? Əgər ailəm müqəddəs deyilsə, mənə lazım deyil. Həyat yoldaşım mənə xəyanət də edirdi. Mənsə elə bilirdim ki, o heç vaxt mənə xəyanət etməz. Mənim dərdlərimi, həyati problemlərimi mənə unutduran teatr oldu. Teatr olmasaydı, bəlkə də çoxdan intihar edərdim.

- Naibə xanım, tamaşaçıların başı çox vaxt şou müğənnilərinin qalmaqalları ilə qatılır. Sizin sözünüzdən belə çıxır ki, teatr-kino aktyor və aktrisaları da qalmaqallardan xali deyil. Deyəsən siz də bundan az çəkməmisiniz.

- Mən belə şeylərlə gənclik illərimdə çox rastlaşmışam. Təzə-təzə teatra gələndə müəyyən akyorlar var idi ki, məni incidirdilər. İndi onların bəziləri rəhmətə gediblər, adlarını açıqlamaq istəmirəm. Onlar məni elə bir vəziyyətə saldılar ki, güclü əsəb sarsıntısı keçirdim. Dəlicəsinə sevdiyim səhnədə bu cür şeyləri görəndən sonra çox pis vəziyyətə düşmüşdüm. Elə oldu ki, neçə illər nervoloji xəstəlikdən əziyyət çəkdim. Yalnız qızım dünyaya gələndən sonra, həyatım bir qədər normallaşdı, depressiya ötüb keçdi. Çünki həyatımı ancaq qızıma bağlamağa başladım, onunla başımı qatdım. Elə aktrisa, aktyorlar var ki, səhnədən getdi-getmədi, rolu oldu-olmadı bu gün səhnədədir, sabah onu rahatlıqla atıb gedə bilər. Bu onların heç vecinə də deyil. Amma mən o zülümlərin qarşısında səhnəni də atıb gedə bilmirdim, dözə də bilmirdim. Amma indi teatra gələn gənclərə heç nə deyən yoxdur. Gəncləri görəndə mən birinci salam verirəm. Amma vaxt olub özümdən böyük aktrisalara salam verəndə salamımıı almayıblar. Elə aktrisa olub ki, rejissorun qarşısında şərt qoyub ki, Nayibə tamaşada oynasa, o oynamayacaq. Mən bir tamaşada oynamalıydım, bir gündən sonra premyera olmalıydı, məni o vəziyyətə çatdırıb ki, əsəb gərginliyi keçirib xəstəxanya düşdüm və o premyeranı oynaya bilmədim. Bir dəfə də aktrisa Lətifə xanım Əliyeva ona dedi ki, niyə belə edirsiniz, bilmək olmaz gələcəkdə nə olacaq, bəlkə gün gələcək Nayibə hamıdan yüksəyə qalxıb, teatrın ulduzu olacaq. İndi də hərdən mənə deyir ki, görürsən, mən dediyim oldu. O vaxt məni gözümçıxdıya salanlardan həyatda olanı da var, adlarını çəkmirəm.


"Əvvəllər belə müğənniləri daşqalaq edərdilər..."


- Naibə xanım, yəqin müşahidə edərsiniz ki, son vaxtlar mənəviyyatın, əxlaqın qorunması, ailə və məişətdə kişi-qadın münasibətləri ilə bağlı mövzular efirdə tez-tez tərəzi-mizana çıxarılır. Çox vaxt əxlaqın pozulmasına səbəb kimi müğənnilərin, aktrisaların yüngül davranışları əsas götürülür və onlara qarşı yönələn qınaqlar "ərindən boşananlar ya müğənni olur, ya da aktrisa" ifadəsinin altında yer alır. Sizin bu cür yanaşmalara münasibətiniz necədir?

- Mən bu haqda çox düşünmüşəm. Sənət adamlarına bu cür münasibət ilk olaraq bulvar qəzetlərində başladı. Bəzən jurnalistlər gəlib elə suallar verirdilər ki, adam özü utanırdı. Bəlkə belə şeylər yığışdırılıb, bilmirəm. Demək istəyirəm ki, bu münasibət əvvəl də olub. Bilirsiniz, son vaxtlar peşəkarlar qalıb kənarda, qeyri-peşəkarlar efirə yol açdılar. Bu da ondan irəli gəlir ki, bizim cəmiyyətdə hər şey alınıb satılır. Əxlaq da alınıb satılır, istedad da. Camaat ailə-məişət problemlərini efirdə ona görə müzakirə edir ki, insanların hüquqları çox pozulur. Dövlət bəzi adamlara etimad göstərib onlara vəzifə verir, amma o adamlar isə bundan elə istifadə edirlər ki, elə bil bu, onların dədələrindən miras qalıb. Elə bilirlər ki, kabinet bunlara pul qazanıb, insanları əzmək üçün verilir. Dövlət sənə inanıb etimad göstəribsə, vəzifə veribsə, gərək elə layiqli xidmət edəsən ki, xalqın sənə məhəbbəti artsın, inansın. Bəzi vəzifəli insanlar kabinetdə elə oturur ki, elə bil dədəsinin evindədir. Peçat, möhür bunun əlindədir və necə istəyirsə elə də hərəkət edir, insanların hüquqlarını pozur. O ki qaldı əxlaqın, mənəviyyatın pozulmasında sənət adamlarınan günahlandırılmasına, bu sözləri eşidəndə acığım gəlir.
Başa düşmürəm elə adamları, niyə efirə buraxırlar. Bu düzgün deyil axı. Həm efirdə bunları tənqid edirər, həm də verilişlərinə dəvət edirlər. Belə şeylərə gülməyim gəlir. Əvvəllər televiziyalarda senzura var idi, hər adam efirə buraxılmırdı. Onun işi, peşəkarlığı, təhsilinin olub-olmaması, hər şey ələkdən keçirilirdi. İndi bəzi müğənnilər var ki, not bilmir. Biabırçılıqdır. Müğənni necə not bilməyə bilər? Müğənninin ali savadı olmalıdır. Bəzi müğənnilərə deyirlər ki, kitab oxuyun, mütaliyə edin. Bəli, müğənninin hər şeydən başı çıxmalıdır. Çünki sənət adamıdır, ictimaiyyət arasında olur, hər zümrədən olan adamla üz-üzə gəlir. Onun gözəl danışıq qabiliyəti, dünya görüşü olmalıdır. Başa düşmürəm ki, belələrini niyə efirə buraxıb, sonra da başlayırlar ələ salmağa. Elə özümdən deyim, bu gün dükan-bazara çıxıramsa məni görən insanlar gedib hər yerdə danşırlar ki, mən Nayibə xanımı gördüm. Bir dənə səhv addım ataramsa, bu heç kimin diqqətindən yayınmayacaq. Ona görə də çalışıram ki, artıq-əksik hərəkət etməyim. Biz özümüzü çox qısırıq. Bəzilərini saymıram, onlar sənətə layiq deyillər. Gedib bir məclisdə oturursan, istəyirsən sən də nə cür oldu durub oynayasan. Amma sən onu edə bilmirsən. Çünki sənə qıraqdan baxırlar. Amma adi adamlar nə istəyirsə onu edir.


"Camaat efirdə ağzına gələni danışan müğənnilərin dalınca danışır, sonra da 10 min verib toylarına çağırır"


- Aktyor və müğənnilərin özlərini aparmaları sizi qane edir?

- Vallah, özünü apara bilməyən müğənniyə imkanı yaradan da elə onu bəyənməyənlərin özüdür. Elə müğənnilər var ki, efirdə ağıllarına gələni danışırlar, necə istəyirlər hərəkət edirlər. İnsanlar da onlara baxıb tənqid edir, dalınca danışır, sonra da 10 min dollar verib toy məclisinə çağırırlar. Amma 25 il canını səhnədə qoymuş aktyoru saymırlar. Müğənni də fikirləşir ki, ah nə gözəl, deməli, mən bu cür olmalıyam. Hələ üstünə bir az da qoyub, çıxıb efirdə ondan da betərini edir. Bu da ictimai qınağın olmamasından irəli gəlir. Əvvəllər elə insanları nəinki efirə buraxardılar, onları hətta daşqalaq edərdilər.


"Gənclər müğənniyə, içki aləminə baxıb nə götürəcəklər?"


- Nəyə görə sənət aləmində ən çox narazı təbəqə aktyorlardır?

- Bilirsiniz, aktyorlar nə qədər əziyyət çəkir? Səhnənin tozunu udurlar, aldıqları maaş da heç nədir. Bir misranı 10-20 dəfə təkrar edirlər. Fikir vermirlər ey, onların maaşları azdır, yoxsa çoxdur. Səhnəyə çıxanda tamaşaçını razı salmaq üçün dəridən-qabıqdan çıxırlar. Amma demək olar ki, televiziya kanallarında teatr və tamaşalar haqqında heç nə verilmir. Təbliğ azdır. Axı teatr xalqa lazımdır. Gələcək nəslin yetişməsində teatrın çox böyük rolu var. Gənclərin, tələbələrin, məktəblilərin teatra gəlməsi onların dünya görüşünü artırır. İndi biz XVII əsrdə cərəyan etmiş bir fransız əsərini oynayırıq. Gənclər ona baxmaqla ədəb qaydalarını, dünya mədəniyyətini öyrənirlər. Amma müğənniyə, içki aləminə baxıb nə götürəcəklər?

- Teatrda nəyin qıtlığını çəkirsiniz?

- Rejissor, ssenari qıtlığı var. Gözəl sənətkarlarımız var, ssenari yoxdur. Elə bizim teatrın özündə gənc, istedadlı rejissorlar var. Nicat Kazımovun, Cənnət Səlimovanın adını çəkə bilərəm. Amma hər halda, bunlar azdır. Yaxşı olardı ki, daha çox olsun. Bizim teatrda ailəvi mühit var. Teatrımız intriqalardan uzaqdır. Bəlkə başqası üçün bu belə deyil, amma mən belə görürəm.

- Naibə xanım, siz komediya aktrisasısınız, amma daha çox dramatik əsərləri oynayırsınız. Buna nə deyərdiniz?

- Bü gün komediya, yumor yazan yoxdur. Bəlkə də var, amma onlar ortaya çıxarılmır, təbliğ olunmur. Mən yumor aktrisasıyam, amma neçə vaxtdır, komediya oynamıram. Elə bil yumordan uzaqlaşmışam. Elə bilirəm ki, cəmiyətdəki ab-hava, ssenarilərin olmaması, bizim ömrümüzü boşu-boşuna apardı. Komediya səhnəsində hər şey dayanıb, böyük durğunluq var. Axı bizim gözəl komediya artistlərimiz var. Biz çox gözəl filimlər çəkə bilərik. Aktiyorlarımız o qədər işləmirlər ki, paslanıblar. Bunun üçün də ssenarilər lazımdır, pul lazımdır. Bilmirsən pulsuzluğun dərdini çəkəsən, yoxsa başqa problemlərin.


"Artıq başlayırlar səni ələ salmağa"

 
- Naibə xanım, deyisiniz ki, əvvəl maddi baxımdan həyatınız heç də yaxşı keçməyib, indi hər şey yaxşıdır?

- İndi şükürlər olsun ki, mən prezident mükafatı alıram. Bu hardasa mənə köməkdir. Çünki tənha ana olmaq çox çətindir. Uşağın problemləri, özümün sağlamlığımla əlaqədər problemlərim... Nə bilim, birtəhər çulumuzu sudan çıxarırıq da. Amma maddi baxımdan hələ də narahatçılığım var. Çünki biz sənət adamlarıyıq. Bəzən populyarlıq adama heç xeyir gətirmir. Mən peşimanam ey bazara getməyə, 10 nəfər fəhlə dalımca düşür ki, Nayibə xanım, verin sumkanızı aparaq. Bunların da hərəsinə pul verməlisən də. Ən bahalı şeyləri təklif edirlər. Yəni sən hər zaman normal görkəmdə olmalısan. Hər zaman saç düzümün, makiyajın yerində olmalıdır. Bunun üçün də sən salonlara getməlisən. Səni məclislərə çağırırlar, efirə çağırırlar. Efirə çıxanda bir paltarı üç dəfə geyinsən, artıq başlayırlar danışmağa. Deyirlər ki, aa, bu nə gündədir, başlayırlar səni ələ salmağa. İnsanları maraqlandırmır ki, sənin varındır, yoxsa yox. Bir dəfə bir aktyordan danışırdılar ki, filan aktyor metroyla gəlir, nə gündədi. Biz də insanıq da. Belə hallar insanı depresiyaya salır. Bir dəfə bir məclisə getmişdim, orda mənə məktub yazdılar ki, biz səni toy səhnəsində yox, böyük səhnələrdə görməyi arzulayırıq, siz o səhnələrə yaraşırsınız. Tamaşaçı qəbul etmir ey, sənin varındır, yoxsa yox, o səni həmişə yüksəklərdə görmək istəyir. Sən hamıya gedib bir-bir deyə bilmərsən ki, bu, belə deyl, belədir. Aktyorların çoxu marşrut avtobusundan istifadə edir.

- Heç olmasa maşınınız var?

- Hə var, iki il onun kreditinə işləmişəm.


"Müğənnilər bizi qoyurlar ki toy aparaq?.."


- Naibə xanım, sözünüzdən belə başa düşdüm ki, toylara da gedirsiniz.

- Toya dəvət olunuram deyəndə, mən hər toya getmirəm. Ayda-ildə bir dəfə. Tanış, qohum, dost xahiş edəndə gedirəm.

- Yoxsa müğənnilik edirsiniz?

- Yeri gələndə oxuyuram da. Amma deyirlər mən çox gözəl toy aparıram. Sadəcə, hövsələm yoxdur.

- Niyə də olmasın?

- Nə bilim vallah, görürəm pulum yoxdur, çağıranda gedirəm.

- Neçəyə gedirsiniz?

- Nə bilim, vallah, mən onu burda deyə bilmərəm, sizin qulağınıza deyərəm.

- Siz bərkdən deyin, bəlkə kimsə sizi öz toyunda görmək istəyəcək, xaricdən sifariş edəcəklər?

- Sizə 1000 manata.

- Qoy bir az qiyməti qaldıraq, bunu edək 3-5 min...

- Hə də, deyəcəklər Nayibə bəxtəvər olub, qaz vurub, qazan doldurur. İndi bəyəm müğənnilər bizi qoyurlar toy aparaq? Aktyorlar heç olmasa tamada gedirdilər, indi müğənnilər onu da artistlərin əlindən alıblar. Eviniz tikilsin, heç olmasa imkan verin bu yazıq kişi aktyorlar da toya getsinlər də.

- Yəqin həmin aktyorlar müğənnilərə rəqib gözüynən baxırlar.

- Yox, əksinə, mən istərdim ki, müğənnilərimiz daha çox qazansınlar. Amma bilirsən, çoxu özünü yuxarıdan aparır. Başa düşmürlər ki, əgər bunu Allah verirsə, Allah da ala bilər. Belə eləməsinlər, günahdır. Bir də görürsən ki, dünən səhnəyə çıxan bir uşaq böyük sənətkarlar haqqında elə söz danışır ki, gəl görəsən. Bunun da ağzını yuman yoxdur. Dediyim kimi, bu da ona görə baş verir ki, bizdə hər şeyi pulnan satın alırlar.

- Naibə xanım, aktyorların veriliş aparmasına necə baxırsınız?

- Mən aktyorların veriliş aparmağına pis baxmıram. Yalnız siyasi verilişdən başqa, akytor veriliş apara bilər. Bir də nə etsin, yəqin pul qazanmaq isətyir də. Nə etməlidir? Nə kinoya çəkirlər, nə tamaşaya, nə də proqram verirlər. İndi siz gənc nəsildən olan insanlara sual versəniz, heç aktyorların çoxunu tanımayacaqlar. Çünki gənc aktyorların reklamları yoxdur. Akytor balaca bir auditoriyada sıxılıb qala bilməz. Gərək ona geniş məkan verilsin. Mən jurnaistlərdən də bəzən inciyirəm. Ancaq harda hansısa müğənninin konserti oldu, kim kimnən qalmaqal yaratdı, hansı müğənninin nəyi oldu, ondan danışırlar. Qoy verilişlər etsinlər, aktyorlar tamaşa haqqında danışsınlar. Belə verilişlər var, amma ayda ildə bir dəfə. Amma şükür ki, tamaşa salonları dolu olur. Mən deyərdim ki, tamaşalarımız hansısa müğənninin konsertindən çox yüksək səviyyədə qarşılanır. Bəzən deyirlər ki, tamaşaçı yoxdur, xeyir var. Teatra teatrı bilən, onu sevən tamaşaçı gəlməlidir. Bu bizim üçün daha önəmlidir. Bizə bizi sevən insanlar gəlib baxsınlar. Əgər bir tamaşaçı gəlib salonda yuxulayacaqsa, mən onu neynirəm.
Belə başa düşürəm ki, bizim televiziya məkanlarımız teatrın inkişafına müəyyən mənada öz köməkliklərini eləməlidilər. Hər kəs özünə borc bilməlidir ki, mən Azərbaycan incəsənətinə, idmanına kömək eləməliyəm, onu təbliğ etməliyəm, onu xalqa sevdirməliyəm. Gənclər gedib hardasa avaralanmamalıdır. O, muzeyə, kinoya, teatra cəlb olunmalıdır. Deyirlər ki, Azərbaycanda tamaşa yoxdur. Var axı. O gün mən bizim "Pəri Cadu" tamaşasına gözəl bir cərrahı çağırmışdım. Tamaşadan sonra mənə zəng elədi ki, Nayibə xanım, mən sizin kollektivin qarşısında baş əyirəm.


"Bir insan gəlib qapımı döymədi ki, nəyə ehtiyacın var?"


- Naibə xanım, sizə meydan genişdir?

- Teatr meydanı hə, amma başqa meydanlar yox. Məsələn, kino ilə bağlı həsrətim var. Demək olar ki, mən kinoya çəkilmirəm, dəvət də almıram. Amma kommersiya filmlərinə dəvət alıram. Kommersiya filmləri çox ucuz çəkilidyi üçün mən o filmlərə çəkilməkdən imtina edirəm. Ssenari aşağı olur, rejissor peşəkar olmur. Elə filmlərə çəkilmişəm, amma indi artıq çəkilmirəm. Maliyyəsi çox aşağı olur. O qədər pul qazanırlar, verdikləri qəpik-quruşdur. Başa duşmədim, mən bu fanatlığımı səhnədə edirəm də. Kimsə baxıb mənə zövq almalıdır, mənim də cibim boş qalmalıdır. Mən xəstə olanda bir insan gəlib qapımı döymədi ki, nəyə ehtiyacın var. Allaha şükürlər olsun ki, Tanrı məni heç vaxt yerdə qoymayıb, məni ayağa qaldırıb. Mənim arxamda heç kimim yoxdur, yalnız öz qüvvəmə arxalanıram. İnanın mənə, bu mənim səmimi sözümdür. Nə bilim, bəlkə mən Tanrının sevimli bəndəsiyəm. Hər zaman görürəm ki, Tanrı elə bil açılmayan qapıları mənim üçün açır.

- Naibə xanım, niyə sizin arxanız olmadı?

- Bilirsiniz, bəlkə də bu mənim özümdən irəli gəlir. Bir az kaprizni insanam. Arxası olan adamları görürəm də. Kimsə birinə arxa durub kömək edir, sonra görürsən ki, əvəzində onu yeri gələndə təhqir edir, alçaldır. Amma mən belə şeyləri götürə bilmərəm.

- Nə təklif edir ki?

- Söhbət təkcə onu gəzmək-filana dəvət etməkdən getmir. Kimsə kiməsə kömək edirsə, sabah onu yanında dəsmal aparan, qabağında əl buyruğu edir. Mən isə onu bacarmıram. Mən belə rahatam. Çünki özüm özümün ağasıyam, nə istəyirəm, nəyi bacarıramsa öz qüvvəmlə edirəm. Bilirəm ki, bunu heç kəsə quyruq bulamadan, heç kəsin qabağında yaltaqlanmadan etdim. O gün bir akytor var, ad günündə mənə deyir ki, halal olsun ey, Nayibə xanım, yüz kişinin görə bilmədiyi işi sən görürsən. Evə gələndə fikirləşirəm görən nə etmişəm ki?

- Ailədə kiminiz var, onlar sizə kömək edir?

- Anam, iki qardaşım var. Anamın 76 yaşı var, indi mən ona kömək etməliyəm. Qardaşlarımın da... Nə bilim, özlərinin ailəsi var... Nə deyim?..


"İstəyərdim ailəm olsun"


- Naibə xanım, xəyanətə və bizim bilmədiyimiz səbəblərə görə ərinizdən imtina eləmisiniz. Yenidən ailə qurmaq barədə düşünürsünüz? Bəlkə artıq namizəd var?

- Sözün açığı mənə təkliflər olub. Düzdür, tək yaşamaq çox çətindir, istəyərdim ailəm olsun. Amma dünya çox dəyişib, çətin zəmanədir. Mənim 13 yaşlı qızım var, fikirləşirəm ailə qursam necə olar. Sözün açığı qorxuram. Gələcəkdə qızım ailə qurandan sonra bəlkə də ailə quraram. Evlilik üçün namizədin olmasına gəlincə, elə adamlar var ki, heç mən onu tanımıram. Ordan-burdan eşidirəm. Bilirsiniz, mənim ailə qurmaq istədiyim insan ilk növbədə gərək ziyalı olsun. Mən demirəm ki, milyonu olsun, mənə şuba, brilliant alsın, yox. Yəni, ziyalı olsun, ailəsinə müqəddəs bir şey kimi baxsın, qızımı öz qızı kimi qəbul etsin. Qızım mənim ən zəif yerimdir. Mən həmişə Allaha dua edirəm ki, ay Allah, məndən nə xoşbəxtiliyi aldınsa, mənim qızıma qismət elə, bəlkə ondan sonra rahat nəfəs alım. Qızım xoşbəxt olsa bəlkə mən də xoşbəxt olaram.

- Naibə xanım, bəlkə xoşbəxtsiniz, amma bilmirsiniz?

- Nəyim xoşbəxtdir?

- Məsələn, sizi sevən nə qədər tamaşaçınız var.

- Xoşbəxtlik bilirsiniz nədir? İşdən evə gəlirsən, görürsən tək deyilsən, dərdini bölüşəcəyin insan var yanında. Bəzən elə şeylər olur ki, elə dərdin olur ki, dostuna, yaxınına danışa bilmirsən. Qalırsan dörd divar arasında, deyirsən ay Allah, mən dərdimi kimə danışım. Mən indi o vəziyyətdəyəm, dərdimi heç kəsə danışmıram. Çünki danışanda ya gülürlər, ya da birinin üstünə beşini qoyub, camaata pis şəkildə yayırlar. Çox qorxuludur.

- Deyəsən başınız yaman çəkib...

- Özü də çox. Nəyinki yadlardan, özümünkülərdən də çəkib. Hərdən dərdimi qızıma danışıram. Görürəm o da matdım-matdım dürüb üzümə baxır. Başa düşmür axı, 13 yaşı var. Bəzən görürsən başa düşür, bəzən də görür çox ağlayıram, deyir mama yaxşı da, bəsdir, birdən sən ölsən mən neyniyərəm, tək qalaram, məni internata verərlər. O qədər danışıram-danışıram, görürəm bu da başa düşmür. Sonra da deyirəm, əşşi, uşağın başını niyə doldururam ey belə şeylərlə. Mənim dərdlərim tamaşaya gedəndə unudulur. Evə gəlirəm yenidən hər şey başlayır.


"Gözü-qaşı oynayan adam deyiləm"


- Naibə xanım, çox vaxt şıltaq, göz-qaşı oynayan qadın obrazlarını oynayırsınız.

- Vallah, mən həyatda gözü-qaşı oynayan adam deyiləm. Bir dəfə bu sözü mənə Qubada demişdilər. Bir bağa getmişdim, meyvə alırdım. Dedi ay Nayibə xanım, siz səhnədə başqa cürsünüz, həyatda niyə qaşqabağınız düyünlüdür. Ola bilsin xarakterimdə müəyyən uşaqlıq var. Bir də görürsən ki, həyat mənə bir damcı xoş olanda, insanlardan bircə damcı özümə qarşı sevgi görəndə, hiss edəndə ki, insanların mənə qarşı hissləri təmizdir, münasibətlərində yalan yoxdur, bir anlıq uşaqlaşıram. Amma sonradan görəndə ki, hər şey yalandır, artıq mən özümdə olmuram. Mən çox istəyirəm başqa cür olum. Bir dəfə həkimə getmişdim, deyirəm ay doktor, elə bir dərman yoxdur verəsiniz içəm, dünya vecimə olmasın. Əvvəl belə deyildi. Qohumların bir-birinə yadlaşması, bacının qardaşa, qardaşın bacıya düşmən olması, övladın ananın üzünə ağ olması bu dərəcədə deyildi. Bütün bunlar insana təsir edir, düşünürsən ki, həyatda kimə inanasan. Nə bilim... Yaşamaq çox çətindir. Bəzən adam düşünür ki, başını götürüb getsin bir adaya, heç nə görməsin. Mən özüm elə vaxt olur ki, tərki dünya olub, başımı götürüb getmək istəyirmə. Amma hara qaçım? Nə bilim, bəlkə də bir az yaşlaşandan sonra gedib bir kənddə yaşayacam.

- Yaman yorğunsunuz.

- Həyatdan çox yorulmuşam, çox... Yenə deyirəm, yaxşı ki, bu teatr var.

- Dostlarınız köməyinizə gəlmir?

- Dostlarım var ey, nolsun? Dostdu da... Oturursan, deyirsən, gülürsən. Yalandan. İnsanın ürək dostu onun həyat yoldaşıdır. O da yaxşı olmalıdır. Bir də insanın anasıdır. Vəssalam. Çünki ana balanı satmaz. Bu gün dostun varsa, sabah o sənin düşməninə çevrilə bilər.

- Naibə xanım, qızınızı gələcəkdə kim görmək istərdiniz?

- Çox istəyirəm ki, vəkil olsun. Bu, mənim arzumdur. Çünki Məryəm qızımın çox yaxşı dili var, qəşəng danışır. Ağıllı qızdır. Maması ona qurban olsun.


"Kişilər həmişə qadınları geri itələyib"


- Naibə xanım, hansı obrazları oynamaq istərdiniz?

- Yaşım uyğun gəlmir, amma arzum var ki, "Təhminə və Zaur"da Təhminəni oynayım. Lap gənclik illərndən arzum Fosforlu Cevriyyəni oynamq idi. Onu televiziya tamaşasında oynadım. Təhminəni, Anna Kareninanı oynamaq istərdim. Bəlkə mənim taleyim onların taleyinə yaxındır ona görə. Bəlkə özümün içimdə olanları onların dili ilə açıb danışmaq istəyirəm. Bilmirəm. Hələ ki, öz taleyimi oynamamışam.

- Bəs siyasətlə maraqlanırsınız?

- Hə, vaxtilə.

- Deputat olmaq ürəyinizdən keçməyib?

- Yox, deputat olmaq... (gülür - red.) Kimdi məni deputat seçən. Yəqin ki, məni deputat seçməzlər, çünki çox haqlı insanam.

- Ahaa?!.

- Yox, o mənada demirəm ey (gülür - red.). Sözüm bir az pis çıxdı. Bilirsiniz, bəzən cəmiyyətdə haqqı tələb edəndə adamı pis qəbul edirlər. Ona görə də siyasətçi olmaq çətindir. Hər adam siyasəti bacarmaz. Siyasətçi olmaq üçün güclü siyasətin olmalıdır. Amma mən bunları bacarmıram. Əgər bu haqdırsa, məni öldürsələr də onu deyəcəm. Sonra da məni itələyəcəklər bir qırağa (gülür - red.).

- Yaxşı, Naibə xanım, siyasətçi olmaq istəmədiniz. Bəs heç olmasa siyasətçi qadınlarımızın fəaliyyətini  izləyirsiniz?

- Mən siyasətdə olan qadınlarımızla fəxr edirəm. Çünki xanım siyasətçilərin hər biri anadır. Mənə elə gəlir ki, qadınlar daha sülhpərvər, haqqın tərəfdarı olurlar. Amma nədənsə qadınların yüksək vəzifələr tutmasına qısqanclıq edirlər. Kişilər həmişə qadınları geri itələyib, özləri qabaqda olmaq istəyiblər. Siyasətçi xanımlardan Bahar xanım, Qənirə xanım xoşuma gəlir. Qənirə xanım dilli-dilavər, çox düzgün danışan xanımdır. O, jurnalist olanda da ondan xoşum gəlirdi. Rəbiyyət xanımın özünə hörmət edirəm. Ümumiyyətlə, hamısından xoşum gəlir, ictimai-siyasi proseslərdə iştirak edən qadınlarla fəxr eləmişəm. Bizim Azərbaycan xanımları doğrudan da gözəldir. Həm ailədə, həm siyasətdə öz işlərini bilən bacarıqlı insanlardır. Bizim qadınlardan yoxdur.


"Yaxşı kişinin qadını heç vaxt pis olmaz"


- Naibə xanım, bu günlərdə, Milli Məclis ailədə qadın zorakılığı ilə bağlı məsələni müzakirə edirdi. Qadın deputatlar qadınlara qarşı zorakılığın aradan qaldırılmasını təmin edə biləcək qanunun qəbulunu tələb edərkən, kişi deputatlar ailədə kişilərin də öz arvadları tərəfindən zorakılığa məruz qalıb-qalmadığını araşdırmağı qeyd etməklə fikir ayrılığı yaratdılar. Sizin məsələyə münasibətiniz necə olardı?

- Kişiləri döymək olar?! Yaxşı kişinin qadını heç vaxt pis olmaz. Düzdür, bəzi harınlamış qadınlar var, amma belələri çox azdır. Bizim qadınlar ailə saxlayırlar, evdarlıqla məşğuldular, uşaq böyüdürlər. Xaricdə belə şey yoxdur ey. Qadın deyir ki, sən də işləyirsən, mən də, bu gün qabı mən yuyacam, sabah sən. Amma bzim qadınlar belə deyil. Xaricdə kişi ilə qadın boşananda ona nə qədər pul ödəyirlər. Amma bizdə nə edirlər, iki dənə uşağı verir qoltuğuna, özünü də evdən çıxardıb küçəyə atırlar. Mən qadın deputatları dəstəkləyirəm. Çox istərdim ki, qadınların hüquqlarını müdafiə edən yeni qanunlar çıxarsınlar. Bizim qadınlar doğrudan da xanım adına layiq olsunlar. Yəni onlar nəyəsə məcbur olmasınlar. Kişiləri məcbur eləmək lazımdır ki, onlar öz xanımlarına hörmət etsinlər. Kişilər bəzən öz xanımına "mənim həyat yoldaşım" demir, "mənim uşaqlarımın anası" deyir. Həyat yoldaşım deməyə utanır. Mənim belə adamlardan acığım gəlir. Allah qadın deputatlarımıza cansağlığı versin. Öpürəm onları.

Tahirə Qafarlı
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.