Musiqi elə bir sərvətdir ki, xərcləndikcə bitmir, yetmir. Daha da zənginləşir, gözəlləşir, artır, çoxalır. Musiqi bir ünsiyyət vasitəsidir. Nə tərcüməçiyə, nə də tərcüməyə ehtiyacı var. Qəlbə yol tapdısa, onun qarşısını heç nə kəsə bilməz.
May ayı musiqi mədəniyyətimizin tarixinə qeyri-adi naxışlarla həkk olunacaq. Çünki Bakı bu ay Avropa musiqisinin paytaxtına çevrildi. Avropanın müxtəlif ünvanlarından şəhərimizə üz tutan əcnəbi musiqiçilər, turistlər öz heyrətlərini, təəccüblərini, bəzi halda da həsədlərini gizlədə bilmirdilər. Bakının gözəlliyi onların üzlərində elə bir məmnunluq ifadəsi yaradıb ki, ürəklərindən keçirdiklərini dərhal duymaq olur. Ayrı-ayrı iştirakçıların, təmsilçilərin dillərindən qopan ifadələrin bir ümumi ahəngi var: "Bakıya aşiq oldum", "yeməklərinizin dadından doymaq olmur", "kaş mən bakılı olaydım", "paxlavanızın dəlisiyəm", "hər gün tikə kababı yeməkdən ləzzət alıram", "dolmalarınızdan doymadım", "mən ilk dəfə limonlu çayı paxlava ilə Bakıda içdim", "çox qonaqpərvərsiniz", "bakılılar necə mehribandır", "yarışmadan sonra da iki həftə Bakıda qalacağam", "kaş bir qədər tez gələydim bu şəhərə", "Avropanın ən gözəl şəhəridir Bakı" və s.
Litvalı təmsilçi Donny Montellin coşqunluqla söylədiyi bir ifadə çox düşündürücü oldu: "Dünya qonaqpərvərliyi Azərbaycandan öyrənməlidir". Bu dəyərli sözün qəlbimizdə yaratdığı xoş hisslər bizi haralara aparmadı? Bineyi-qədimdən qonaqpərvərik. Bir də biz belə görüşlərə, tədbirlərə həmişə ürəklə, məhəbbətlə hazırlaşmışıq. İlk dəfə deyil ki, yurdumuzda beynəlxalq musiqi yarışması keçirilir? Doğrudur, Avropada doğulan, 56 il müxtəlif ölkələrdə musiqisevərləri başına yığan "Eurovision" yarışması 57-ci ilini Bakıda qarşıladı. Məhz bu yarışma bizim üçün birincidir.
Xəyalımız Qarabağa qanadlandı. Vaxtilə hər ilin mayında Şuşada beynəlxalq "Xarı bülbül" festivalı keçirilərdi. Bu festivala Yaponiyadan, ABŞ-dan, Türkiyədən, Almaniyadan, İsraildən, İtaliyadan, İspaniyadan, Avstriyadan, Əfqanıstandan, keçmiş SSRİ-nin müttəfiq respublikalarından - Rusiyadan, Ukraynadan, Belarusiyadan, Litvadan, Türkmənistandan, Qırğızıstandan, muxtar qurumlardan - Tatarıstandan, Başqırdıstandan, Dağıstandan gələrdilər. Hətta Moldova qaqauzları da bu festivalda çıxış edərdilər. O zaman bu festival əhəmiyyətinə, səviyyəsinə, rəngarəngliyinə görə nəinki Azərbaycanda, keçmiş sovet məkanında, hətta dünyada belə, ən sanballı mədəniyyət tədbirlərindən biri sayılardı.
"Xarı bülbül" beynəlxalq festivalında iştirak edən kollektivlərin yaradıcılığı şərti olaraq üç qrupa bölünərdi: 1. Mərasim və ayin rəqsləri; 2. Xalq mahnı və rəqsləri; 3. Müasir estrada janrında ifa olunan mahnı və rəqslər. "Xarı bülbül" festivalı zəngin repertuarı ilə, sözün əsl mənasında, beynəlmiləl bayrama çevrilərdi. İstər peşəkarlar, istərsə də özfəaliyyət qrupları yüksək səviyyədə çıxış edərdilər.
Festivaldan öncə "dəyirmi masa" arxasında elmi-nəzəri müzakirələr aparılardı. Müzakirələrin də əsas mövzusunu muğam sənətinin virtuozluğu, improvizasiya təşkil edərdi. Bu müzakirələrlə yanaşı, qonaqlar Qarabağın görməli yerləri ilə tanış olar, əmək adamları ilə görüşər, müxtəlif söhbətlər və disbutlarda iştirak edərdilər. Təbii ki, bu görüş və söhbətlər də musiqi kollektivlərinin müşayiəti ilə keçərdi.
Hamının gözlədiyi gün isə musiqiyə bürünmüş avtomobil karvanının dolama yollarla ötüb dağların zirvəsinə - Şuşaya qalxdığı ecazkar bir mənzərə ilə yaddaşa köçərdi. Qarabağın tacı sayılan Şuşada hər şey göz oxşayardı. Təbiət də, bu gözəlliyin dəyərini daha da artıran hazırlıq işləri də. Hər yana xalı-xalçalar döşənərdi.
"Xarı bülbül"ün emblemi çəkilmiş pannolar Şuşaya qəribə bir ovqat gətirərdi. Həqiqətən də, dağlar gözəli heyranedici bir bayram ovqatına bürünərdi. Qonaqları və bütün festival iştirakçılarını Şuşanın baş meydanında bədii özfəaliyyət kollektivləri qarşılayardı. Milli paltar geymiş oğlan və qızlar onlara gül-çiçək bağışlayar, şərbət və duz-çörək təqdim edərdilər.
Çox hallarda da cürbəcür hədiyyələr qonaqları təəccübləndirərdi. Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün abidələri önünə çiçək çələngi düzülərdi. Cənginin, "Koroğlu" operasından məşhur üvertüranın qəlb titrədən sədaları ətrafa yayılardı. Müxtəlif yallılar əl-ələ tutularaq qanadlanardı. Kollektivlər bir-birini əvəz edər, qonaqlar, təmsilçilər rəqs edərdilər. Elə bu yüksək ruhla da, sevinclə də şəhərin küçələrindən keçərək dillər əzbəri Cıdır düzünə bir karvan gedərdi. Bütün şəhər musiqi ilə çırpınardı.
Bəzən də bu festivalın gözəlliyini artıran toylar düzənlənərdi. Bəylə gəlin festival iştirakçılarının sevincinə səbəb olardı, şənlik şənliyə qarışardı. Qonaqlar təzə ailə quranlara xeyir-dua verər, onların valideynləri, qohumları ilə ünsiyyət qurardılar. "Xarı bülbül" beynəlxalq festivalı ailənin xoşbəxtlik simvoluna çevrilərdi. Məşhur Qarabağ atlarının yarışı başlayardı. Cıdır meydanında baş tutan bu gözəllik qonaqlara bir möcüzə təsiri bağışlayardı. Məşhur İsa bulağından su içmiş səslərin xoş avazı dağlarda əks olunardı.
Qonaqları ən çox heyrətə gətirən isə Üçmıx dağının sinəsindən dərilən Xarı bülbül çiçəyi olardı. Onlar təbiətin bu əsrarəngiz gözəlliyi qarşısında heykələ dönərdilər.
Beynəlxalq "Xarı bülbül" festivalı, əslində, görkəmli Azərbaycan xanəndəsi Seyid Şuşinskinin anadan olmasının 100 illik yubileyi münasibətilə start götürmüşdü və hər il də ənənəvi olaraq keçirilirdi. "Cənubi Qafqazın konservatoriyası" adlandırılan Şuşada bu festivalın təşkil olunması təbii idi. Çünki Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli, görkəmli bəstəkar Soltan Hacıbəyli, ilk Azərbaycan baletinin müəllifi Əfrasiyab Bədəlbəyli, ilk uşaq baletini yazan Əşrəf Abbasov, virtuoz dirijor Niyazi, ecazkar səsi ilə dünyanı dolaşan Bülbül, Rəşid Behbudov, muğam sənətimizin qüdrətli bahadırları - Zülfü Adıgözəlov, Keçəçi Məhəmməd, Xan Şuşinski, Əbülfət Əliyev və onlarca başqaları məhz bu şəhərdə doğulub böyümüşdülər. Şuşa əzəl gündən mahnı və rəqslərimizin beşiyi olub.
Festivalın yekunu isə adətən, Ağdam şəhərində - Qarabağın əbədi bahar ruhlu şairəsi Xan qızı Natəvanın bağında "Xarı bülbül buketi" ilə sona yetərdi. Hər çiçəyindən min bir ətir duyulan bu buket bütün festival iştirakçılarına paylanardı. Şair-publisist Şahmar Əkbərzadə yazırdı: "Xarı bülbül" beynəlxalq musiqi festivalının işığına toplaşanların hərəsi bir pərvanəydi - sənət oduna yanan pərvanə". Təəssüf ki, erməni işğalçıları tərəfindən Qarabağın işğal edilməsi bu pərvanələrin də işığa qanadlanmasının qarşısını aldı. 20 ildir ki, Qarabağda "Xarı bülbül" beynəlxalq festivalı keçirilmir. Qarabağ dağlarında indi musiqi yox, başqa səslər əks-səda verir.
...57-ci "Eurovision" musiqi yarışmasının Bakıda keçirilməsi bir qalibiyyət bayramıdır. Siyasətin, hərbin döyə bilmədiyi qapıları musiqi həmişə bir göz qırpımında açır. Musiqinin qüdrəti qarşısında çox şey acizdir. Avropanın musiqisevərləri Bakıya toplaşdı. "Min dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır" - deyiblər. Onlar bizim humanistliyimizi duydular, mehribanlığımızı gördülər, qonaqpərvərliyimizdən vəcdlə danışdılar, şəhərimizə, millətimizə vurulduqlarını dilə gətirdilər. Bir fikir bəlkə yüzlərin dilindən qopdu: "Siz necə də böyük xalqsınız".
Təəssüf ki, bu böyük xalqın da böyük dərdi var. Amma inanmaq istəyirik və bilirikdə ki, bunun da öhdəsindən gələcəyik. Əgər Avropanın musiqisevərləri Bakıdan ayrılmaq istəmirsə, Azərbaycanı qarış-qarış gəzmək arzusunda olduqlarını bildirirlərsə, günlərin birində belə bir beynəlxalq musiqi yarışmasının da Şuşada keçiriləcəyinə şübhə etmirik. Çünki musiqisevərin, musiqi vurğununun və yaradıcısının əsl musiqinin beşiyini görmək istəməsi təbiidir.
Vaxtilə Xan Şuşinski özünəməxsus şövqlə, qəlbimizi titrədən səsi ilə oxuyardı:
Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı...
Ustadın ruhu bizi bağışlasın. Başqa cür oxumaq istərdik: "Duman, gəl get bu dağlardan, dağlar təzə bar eyləsin". Yolların sinəsinə karvan düzülsün. Dünyaya bir müjdə yayılsın. Bakıda başlanan "Eurovision-2012" büsatının tarixə düşəcək səsi tezliklə Şuşada əks-səda versin!
Flora Xəlilzadə, "Azərbaycan" qəzeti
Mədəniyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
"Xarı bülbül"dən "Eurovision"adək
26 May 2012 13:06
0 Şərh
Baxış: 2 419

DİGƏR XƏBƏRLƏR
-
Üzeyir Hacıbəyov riyaziyyat kitabı da yazıbmış - FOTO
-
Eldar Cəfərov Bakıda keçiriləcək dünya rəqs yarışı haqqında: Bütün istiqamətlər təqdim olunacaq - VİDEO - FOTO
-
B-Boy Mahmood: Birinci “Baku Flow”da 20-dən çox ölkənin nümayəndələri iştirak edəcək – VIDEO - FOTO
-
"Gazelli Art House Baku" sizi “Məskunlaşmış fərdlər” adlı multidissiplinar qrup sərgisinə dəvət edir
-
Rusiya Xalq artisti vəfat etdi
-
Azərbaycanda daha bir məşhur professor vəfat etdi - FOTO
XƏBƏR LENTİ
-
Balıkesirdə 3 gündə 879 zəlzələ olub
-
Skuter işıq dirəyinə çırpıldı, ölən var - Anbaan görüntülər
-
Bu vərdişlər qadınlarda libidonu azaldır
-
Putin Kim Çen In ilə telefonla danışdı
-
Dırnaqlarınız saralırsa, bu xəstəliyiniz var
-
Krediti olanların nəzərinə! - Qaydalar dəyişir
-
“Qarabağ” öz meydanında “Şkendiya”nı darmadağın etdi - YENİLƏNİB - VİDEO
-
Xərçəngə 40 qəpiklik çarə
-
Tramp İlham Əliyev və Paşinyanla görüşündən görüntüləri paylaşıb - VİDEO
-
Üzeyir Hacıbəyov riyaziyyat kitabı da yazıbmış - FOTO
-
Belə qarpızları almayın
-
Bu rayonda qaz olmayacaq
-
BMT-nin tərkibində fəaliyyət göstərən qurum və şəxslər İlham Əliyevə təbrik məktubları ünvanlayıb
-
Doğulduğunuz tarixdə sizə hansı sehrli güc verilib?
-
56 yaşlı Gülsüm 22 ilə 11 ərini öldürdü
-
Saçlarını gözəllik salonlarında yuduranların nəzərinə!
-
Azərbaycanda müğənni bala görə öldürüldü
-
Pezeşkian Ermənistana 3 günlük səfər edəcək
-
Soğanı ağlamadan necə doğramaq olar? - Maraqlı üsullar
-
Üçtərəfli görüşün olacağını açıqladı
-
Metroda QR ödənişlə bağlı problem həll oldu - YENİLƏNİB
-
Həzmi asanlaşdırır, enerji verir - Afrodizyak təsiri var
-
Azərbaycan DİN MDB Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
-
"Qarabağ"ın oyununa hansı kanalda baxaq?