Mədəniyyət

Kəmalə Hüseynova: "Həmin qadağa mənim aktrisa olmağıma geniş şərait yaratdı..."

19 May 2012 16:55
0 Şərh     Baxış: 6 342
Əməkdar Artist Kəmalə Hüseynovanın "Ekspress" qəzetinə müsahibəsi.  

- Sənət aləmi çətinliklərdən ibarətdir. Bəlkə, buna görə sənət dünyasında olan insanların həyatı təsadüflərlə doludur. Eyni zamanda, peşə olaraq incəsənəti seçənlər hər zaman seçim qarşısında qalır. Ailə, ya sənət. Siz ikisini də seçmisiniz. Maraqlıdır, bu qədər çətinliklərin öhdəsindən necə gəldiniz?

- Həyatda çətin heç bir şey yoxdur. Mən hesab edirəm ki, özümüz həyatımızı çətinliklərə salmasaq, həyatda çətinlik də olmaz. Sənətin çətinliyinə gəlincə, şəxsən mən heç bir çətinliklərlə qarşılaşmamışam. O insanlar əgər fikirləşirlər ki, bu sənət çətindir, düşünürəm ki, onlar lazım olduğundan artığını istəyirlər. Əgər seçdiyin peşənin peşəkarısansa, o zaman heç bir şey çətin ola bilməz. Buna görə mən sənətimlə birgə ailə xoşbəxtliyimi də qorudum və özümü tam olaraq hər ikisinə həsr etməyi bacardım. Sizi inandırım ki, bu günə qədər nə ailəmdə, nə də sənətimdə heç bir çətinliyin qarşısında aciz qalmamışm.

- Peşənin öhdəsindən məharətlə gəlmək peşəkarlıqdan xəbər verir...

- Mən özümə peşəkar demirəm, sadəcə olaraq, mənə həvalə edilən rolların öhdəsindən gəlməyi bacarıram.

- Həm kino, həm də teatr aktrisası kimi tamaşaçıların diqqətində olmusunuz. Özünüzdən əvvəl sənətdə olmuş hansı aktrisanı örnək olaraq gördünüz, onun davamçısı olmağı düşündünüz?

- Kiminsə yoluyla getməyi heç düşünmədim, bu səbəbdən özümdən əvvəlkilərin işini örnək götürmədim. Ümumiyyətlə, aktrisa olmaq fikrim olmayıb. Bütün ailələrdə olduğu kimi, mənim də atam tərəfindən müəyyən qadağalar vardı. Mənim arzum hüquqşünas olmaq idi. Hüquq fakultəsinə hazırlaşırdım və atam da bu arzumu dəstəkləyirdi. Orta məktəbin sonuncu sinfində oxuduğum vaxt 26-lar adına Mədəniyyət Evinin uşaq dram dərnəyinə gedirdim. Bu, artıq mənim xobbimə çevrilmişdi. Dərnəyə gedənə qədər isə qarmon, baraban, piano ifaçılığı ilə yaxından maraqlandım. Dərzilyə də həvəsim vardı. Axı əvvəllər orta məktəb siniflərinin maraq dairəsi çox geniş olurdu... Ancaq dərnəyə getdikdən sonra günlərin birində evdə zarafatla dedim ki, mən aktrisa olacam. Bunu eşidən atam mənə qadağa qoydu. Məhz həmin qadağa mənim aktrisa olmağıma geniş şərait yaratdı.

- Həyatda təsadüfi heç nə olmur.  Aktrisa olmaq elə qismətinizidə var imiş...

- Ola bilər. Aktrisa olmağıma peşman deyiləm və əgər yenidən dünyaya gəlsəydim, yenə aktrisa olardım.

- Teatr aktrisası olsanız da, kinoya da bələdsiniz. Hələ yeniyetməlik çağlarınızda "Sahilsiz gecə" filminə çəkilməklə həm cəsarətli addım atdınız, həm də kino dünyasına qədəm qoydunuz...

 - Ancaq unutmayın, ilk dəfə kinoya "Kişi sözü" filmi ilə gəlmişəm...

- Təbii ki, ilk gəlişiniz "Kişi sözü" filmiylə başladı, ancaq kinoda cəsarətli addımı və aktrisa kimi sözünüzü tam olaraq deməniz "Sahilsiz gecə" ilə başlandı.

- Mən həmişə demişəm ki, filmə çəkilən aktyor xoşbəxtdir. Çünki film hər zaman qalır, hər zaman izlənilir. Dünya kinosunun aktyorlarını tanımayan yoxdur, ən azı ona görə ki, dünya ölkələrinin çəkdiyi filmlərə baxır və film vasitəsilə başqa ölkələrin adət-ənənələri ilə tanış olmaqla yanaşı, eyni zamanda akyorları ilə də yaxından tanış oluruq. Ancaq dünya ölkələrinin teatr aktyorlarını hər birimiz tanımırıq, sadəcə, onları teatrla yaxından maraqlanan tamaşaçılar tanıya bilər. Müqayisəyə gəlincə, teatr aktyoru ilə kino aktyoru arasında fərq həm var, həm də yoxdur. Mən kinonu sevirəm. Doğuşun əzabını bir dəfə yaşayırsan, ancaq teatrda dəfələrlə əzab yaşayırsan. Misal olaraq Milli Dram Teatrının səhnəsində Mehriban Ələkbərzadənin quruluşunda hazırlanan "Qatarın altına atılan qadın" tamaşasını göstərmək istərdim. Bu tamaşada mən hər dəfə əziyyətli məqamlarla üz-üzə qalıram. Ancaq film olaraq çəkilsəydi, bu əzabı sadəcə bir dəfə yaşayacaqdım. Digər zamanlarda isə sadəcə ekrandan seyr edəcəkdim. Mənim oyun tərzimdə, düşüncə tərzimdə heç nə dəyişmir. Bildiyim tək bir şey var, kinoda etdiyin səhvi heç bir zaman düzəldə bilməzsən, ancaq teatrda etdiyin səhvi hər dəfə dəyişmək imkanı var. 7 il öncə iştirak etdiyim "Pəri Cadu" tamaşasında indiyədək də düzəlişlər edirəm. Deməli, tamaşa 7 ildir teatrın repertuarında var və hər dəfə səhnəyə bu tamaşa ilə çıxarkən yeni əlavələr edirəm və nə qədər bu davam edəcək, məlum deyil. Eləcə də iştirak etdiyim digər tamaşalar. Ancaq kinoda bir dəfə oynadın və bununla da hər şey bitdi. Filmə çəkilərkən o qədər peşəkar olmalısan ki,  sadəcə bir dəfə lentə alınan o məqamda sonra səhv tutmayasan.

- Çəkildiyiniz filmlərə baxarkən çox səhv tutursunuz?

- Desəm ki, çəkildiyim filmlərə baxmıram, yəqin inanarsınız. İnanın səmimiyyətimə, çəkildiyim filmlərə baxanda utanıram.

- Ancaq həmin filmlərə çəkildiyi dövrün gözü ilə baxsanız, bəlkə o zaman az səhv tutarsınız...

- Çox təəssüf ki, çəkildiyim filmlərə məcburən baxsam da, indiki gözlə baxıram və çox səhvlər tuturam.

- Tamaşaçı sizin kimi düşünmür və qəbul edir...

- Ola bilər. Ancaq bir məqam da var. Əgər sənət adamı 20 il əvvəlki işinə yüksək qiymət verərək "çox gözəl oynamışam" deyirsə, deməli o bitib, tükənib. Mən sənətkara belə bir tərif verərdim: "Sənətkar o şəxsdir ki, tamaşaçı ona baxıb sevinir, ancaq o özünə baxıb utanır".

- Maraqlı fikirdir. Ancaq bir məqamı unutmayaq ki, tamaşaçı sayəsində siz - sənət adamları - səhnədə nə qədər güclü olduğunuzu hiss edirsiniz...

- Mən özüm də bir tamaşaçıyam, hətta çox tələbkar tamaşaçıyam. Tamaşaçıların fikri ilə yanaşı, mənim öz sözüm də mənim üçün kifayət qədər önəmlidir. Hələ məşq prosesində iştirak etdiyim tamaşaları telefon vasitəsilə də olsa lentə aldıraraq roluma diqqətlə baxıram. Bilmək istəyirəm ki, rola yanaşmam necədir, nəyi necə etmək lazımdır və s. kimi suallarıma məhz lent vasitəsilə də olsa cavab tapıram.

- Belə bir məqam da maraqlıdır - dublyorunuzun işinə baxırsınızmı?

- Öncəliklə, dublyor rollarım yoxdur, olanlara da qətiyyən baxmıram. Səmimi deyirəm, dublyorum tamaşanı oynadığı gün mən özümü xəstəliyə vurub teatra gəlmirəm. Ancaq mən dəfələrlə görmüşəm ki, dublyorlarım mənə baxır.

- Dublyorlarınızın sizə baxdığını görmək necə təsir edir?

- Çox ləzzət edir...

- Səmimi cavabdır. Milli Dram Teatrı Azərbaycan teatrlarının məbədgahıdır və siz bir çox sənət adamlarının həsrətlə təklif gözlədiyi bu məbədgahın yeni bir tamaşasında əsas rolla səhnəyə çıxdınız...

- "Qatarın altına atılan qadın" tamaşasından öncə Mehriban Ələkbərzadə ilə onun quruluşunda çəkilən "Məhkumlar" filmində çalışmışdım. Bu baxımdan rejissorun iş prinsipinə kifayət qədər bələd idim. Milli Teatra dəvət aldığım zaman fikirləşmədim ki, məni çox çətin bir məqam gözləyir. Sadəcə, bildiyim odur ki, mən etdiyim işin arxasında durmağı bacarıram. Geriyə qayıtmağı sevmirəm, işi mükəmməl görməyə üstünlük verirəm. Əgər yaxşı alınmazsa, o zaman da peşman olmaram. Bütün bunlar mənim xarakterimə aiddir. Mehriban xanım məni tamaşasına dəvət etdiyi zaman əvvəlcə əsəri oxudum, hiss etdim ki, qəhrəman mənim içimdə var və mənə zəng edən rejissora həmin an dedim ki, məşqlərə gəlirəm. Tamaşaya qatıldım. Kollektivin mənə olan münasibətini yüksək qiymətləndirirəm və yenidən Milli Dram Teatrının tamaşalarına dəvət alsam, böyük məmnuniyyətlə qəbul edərəm.

- Əslində, dəyişiklik də önəmlidir...

- Dəyişiklik çox önəmlidir. Hər əsər, əsərdəki qəhrəman aktyor üçün yeni bir mərhələdir. Hər rolumda, rolun daxili aləmində bir Kəmaləni kəşf edirəm. Belə olduğu zaman rolun daxili aləmini üzə çıxarmaq da çox asan olur. Yəni hər rolumda mənə aid nə isə var, ya əksinə, məndə rollarımdan nə isə var.

- Sizi tam olaraq göstərən rolunuz necə, varmı? Tutaq ki, sizin üzərinizə hər hansı bir ssenari yazılsın...

- Əslində, elə rollarım var ki, onlar sanki məni anlatsa da, sırf mənim üçün yazılan bir ssenari olmayıb. Ancaq bir məqamı da diqqətinizə çatdırım ki, əsl Kəmaləni heç kim görmür. İçimdə fərqli bir Kəmalə var. Yəni gizli bir dünyam var ki, onu heç kim görmür və mən də heç kimə göstərmək istəmirəm.

- Gizli hisslərin, gizli düşüncələrin olması insanın daxili aləminin zənginliyinə aiddir. O gizli hisslər insanı xoşbəxt edir...

- Çox xoşbəxt edir... Mənə sual verəndə ki, əsl xoşbəxtlik nədir, deyirəm ki, əsl xoşbəxtlik bədbəxtlikdədir. Heç olmasa, hərdən olsa belə, bədbəxçilikdən də zövq almaq lazımdır və yaxud da, əksinə. Əsl xoşbəxtlik məhz çətinliklər içindədir. Ona görə də çətinliklərdən qorxmaq lazım deyil... 

Milli.Az
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.