XX əsrin 30-cu illərində Azərbaycanın bir çox yazıçıları, şairləri, dövlət xadimləri sovet quruluşunun əleyhinə çıxdıqlarına görə illərlə göz dustağı edildilər, həbsxanalara salındılar, bəziləri işğal və işgəncəyə etiraz əlaməti olaraq qürbətdə mühacir həyatı yaşamaga məcbur oldular. Onlardan bir qismi isə Uzaq Sibirin və Şimali Qazaxıstanın qarlı-şaxtalı çöllərinə sürgün edildi, bəziləri də güllələndi...
Dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra xalqın mənəvi dünyasından və tarixin yaddaşından silinməyən belə insanlar ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində gündəmə gəldilər. Onlardan biri də Azərbaycan ədəbiyyatına dəyərli töhfələr vermiş Əhməd Cavad Axundzadədir.
Xalqımızın müstəqillik ideyalarına bütün həyatı boyu sadiq qalan, Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoyan Əhməd Cavad klassik ədəbiyyatımızda müstəsna rola malikdir. Onun zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivləri aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini özündə dolğun əks etdirir.
Şairliklə yanaşı, tərcüməçi, maarifçi-pedaqoq və ictimai xadim kimi də tanınan, Azərbaycanın Dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) bu il may ayının 5-də anadan olmasının 120 illiyi tamam oldu. Prezident İlham Əliyev fevralın 9-da Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır.
Əhməd Cavad Şəmkir mahalının Seyfəli kəndində ruhani ailəsində anadan olmuşdur. Yazıb-oxumağı atası Molla Məhəmmədəlidən öyrənsə də, ilk təhsilini üç il kənddəki mollaxanada almışdır. Cavad yeddi yaşında olarkən Qurani-Kərimi sərbəst oxuyar, bəzi surələri hətta əzbərdən deyərdi. Lakin 1900-cü ildə Cavadın atası Axund Məhəmmədəli dünyasını dəyişəndən az sonra anası Yaxşı xanım Cavadı da götürüb Gəncəyə köçür. Burada xalça sexinə işə düzəlir. Cavad isə Yelizavetopol (Gəncə) Müsəlman-Ruhani Seminariyasında təhsilini davam etdirir. 1906-cı ildə seminariyaya daxil olan Cavad Axundzadə 1912-ci ildə oranı müvəffəq qiymətlərlə bitirir. Təhsil illərində Cavad müəllimlərinin sevimlisi olur, istedadlı gənc kimi tanınır. 1910-cu ildə Cavadın müəllimi Abdulla Tofiq (Abdulla Sur) dostu Abdulla Şaiqə göndərdiyi məktubunda yazır: "Tələbələrimin içində Cavad adlı gənc bir yazar var. Mənə oxuduğu ilk mənzumələri gələcəyə böyük ümidlər verir. Lisanı (dili - R.S.) sadə və gözəldir".
Gəncə mədrəsəsində Hüseyn Cavid, Abdulla Sur, Savad Cavad, İdris Axundzadə, Mirzə Abbas Abbaszadə, Əli Razi, Əli Nəzmi, M.Axundzadə, Ə.Ş.Ruhi və digər görkəmli pedaqoqlardan dərs alan Əhməd Cavad 1912-ci ildə seminariyanı 10 fəndən əla qiymətlərlə bitirir.
1912-ci ildə Çar Rusiyasının Osmanlı Türkiyəsinə qarşı Balkan yarımadası ətrafında müharibəyə başlaması türk-müsəlman dünyasında ciddi narahatlığa səbəb olmuşdu. Bakıdan, Gəncəbasardan, Qarabağdan, Şirvandan, Qubadan, bir sözlə, Azərbaycanın müxtəlif bölgələrindən vətənpərvər insanlar Qafqaz könüllüləri tərkibində Türkiyəyə - düşmənlə savaşa yollanır, kimi də cəbhədəki könüllülərə və döyüş gedən ərazilərdəki əlillərə, imkansızlara müxtəlif yardımlar edir. Əhməd Cavad da əqidə dostları İdris Axundzadə, İsa Əlizadə, Əli Əsədulla və digərləri ilə birlikdə İstanbula gedib Balkan müharibəsində bir əlində silah, bir əlində qələm döyüşür.
1913-cü ildə Balkan müharibəsindən geri dönən Əhməd Cavad Gəncədə Qafqazın Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verib "şərəfli türk və fars dilləri müəllimi" adını alandan sonra Gəncədə 1 nömrəli qızlar məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlayır.
Əhməd Cavadın müəllim, şair və ictimai xadim kimi formalaşmasına Gəncə ədəbi mühiti böyük təsir göstərmişdir. Əhməd Cavad 1914-cü ildə Gəncəyə gəlmiş doktor Xosrov paşa Sultanov ilə Nəsib bəy Yusifbəylinin vasitəçiliyi ilə tanış olur. Ələkbər bəy Rəfibəyli və Nəsib bəy Yusifbəylinin zəmanəti ilə "Xeyriyyə cəmiyyəti"nin katibi və cəmiyyətin sədri Xosrov bəyin müavini təyin edilir.
1915-ci ildə Türkiyənin Anadolu torpaqlarının şərq hissəsini işgal edən çar ordusunun əsgərləri Qars və Ərzurum əhalisini kütləvi qırğına məruz qoyurdu. Çar ordusuna arxalanan ermənilər türk-müsəlman kəndlərinə hücum edərək dinc əhalini qılıncdan keçirirdi. Məqsəd qədim türk torpaqlarında Ermənistan dövləti yaratmaq idi. Bu zaman Azərbaycan türklərinin taleyi üçün narahatlıq keçirən Əhməd Cavad ikinci dəfə Türkiyəyə dönür, əsas dayanacaq yeri Batum olmaqla, burada xeyriyyə işləri ilə məşğul olmağa başlayır.
Şair qardaş xalqın çətin günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni "Nə gördümsə" adlı şeirində belə təsvir edir:
Ərməğanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim gördüm dost elində
Nə bir səs var, nə bir layla.
Vicdan mənə əmr edər ki:
Belə gündə bayram etmə.
Quran mənə yol göstərir:
"Yoxsulları məyus etmə".
1915-ci il martın 22-də qələmə aldığı bu şeirdən görünür ki, Əhməd Cavad həmin vaxt Novruzu bayram kimi keçirə bilmir. Çünki Qars çar ordusu tərəfindən işğal edilərkən oradakı türk soydaşlarını çar əsgərləri və ermənilər qılıncdan keçirmişdilər, Qars xarabazarlığa çevrilmişdi. Əhməd Cavadın bu hadisədən həyəcanlanmaması mümkün deyildi. O, vəzifəsini təkcə şeir və məqalə yazmaqla bitmiş hesab etmirdi. Əlində silah cəbhədə də vuruşurdu. Şair bu barədə "İmdad" şeirində deyir:
Ziyafət görmədim, yaslıdır ellər,
Çoxalmış məzarlar dərdini söylər.
Talanmış şanələr, yolunmuş tellər
Olduğunu duydum, imdadə gəldim.
Qarlarla boyanmış məzlumlar qanı,
Ölənlər çox, fəqət, məzarı hanı?
Ayaqlar altında şövkəti, şanı
Qalanları görüb fəryada gəldim.
O dövrdə də qaçqınlar, köçkünlər, didərginlər, evsiz-eşiksizlər saysız-hesabsız idi. Belələrinə Bakıdan əsasən milyonçu Hacı Zeynalabdin Tağıyev və başqaları kömək göstərirdilər. Əhməd Cavad 1916-cı ildə böyük xeyriyyəçi Z.Tağıyevin maliyyə dəstəyi ilə Batumda yaşayan 2500-ə yaxın azərbaycanlı ailəsi üçün məktəb açmış, yeni yaradılan məktəblərdə həm də müəllimliklə məşğul olmuşdur. 1917-ci ildə Ə.Cavadın vasitəsilə 2500 nəfərdən çox türk qaçqın və didərgini Gəncə və Bakı ətrafında yerləşdirilmişdi.
Əhməd Cavadın şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma", 1919-cu ildə isə "Dalğa" adlı kitabları nəşr olunmuşdur. Şeirlərində və ictimai fəaliyyətində əsas qayəsi xalqı itaətkar vəziyyətə salmaq istəyənlərə qarşı milləti oyatmaq, azadlıq, müstəqillik uğrunda mübarizəyə səfərbər etmək idi.
1918-ci ilin əvvəllərində bolşeviklərin təpədən-dırnağadək silahlandırdığı erməni qoşunları "Daşnaksütyun" partiyasının xüsusi tapşırığı ilə Naxçıvanda, Bakıda, Qubada, Şamaxıda, Göyçayda və digər bölgələrdə müsəlman əhalini kütləvi surətdə güllələyir, süngüdən keçirir, evini-eşiyini dağıdıb yandırırlar. Mart qırğınları zamanı amansız qətliamlar, işgəncələr və vandalizm siyasəti nəticəsində Bakı qan içində boğulanda qardaş Türkiyədən Nuru paşanın komandanlığı altında türk ordusu köməyə gəlir. Əhməd Cavad həmin ordunun tərkibində Gəncədən Bakıyadək döyüşlərdə iştirak edir. Bakıda, Yasamalda, Güzdəkdə əsgərlərə mənəvi dəstək olur. "Osmanlı ordusuna" həsr etdiyi şeirində bu barədə yazır:
Şu qarşıkı duman çıxan bacadan,
Sən gəlmədən iniltilər çıxardı.
Geciksəydin, məzlumların fəryadı
Yeri, göyü, kainatı yıxardı.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Əhməd Cavadın həyatında müstəsna rol oynamışdır. Müstəqil Azərbaycan Respublikasının tarix səhnəsinə qədəm qoymasını ürəkdən alqışlayan, onun mövcudluğuna, dövlət rəmzlərinə, milli ordusuna alovlu şeirlər yazan və bu siyasi hərəkatda fəal iştirak edən 26 yaşlı Əhməd Cavadın həyatının ən xoşbəxt anları Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. Ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyev də Əhməd Cavad yaradıcılığının milli respublika dövrünü yüksək qiymətləndirərək, şairin bu zaman kəsiyində yazılmış şeirlərini onun ən yaxşı əsərləri sırasına daxil edir.
1920-ci il aprel ayının 28-də XI sovet ordusu tərəfindən Azərbaycan işğal edildikdən sonra Ə.Cavad ailəsi ilə birlikdə Qusarın Xuluq kəndinə (o vaxtlar Qubanın ərazisi hesab edilirdi) köçərək orada müəllim, sonra isə Quba Xalq Maarif Şöbəsinin müdiri işləyir. 1922-ci ildə Azərbaycan Ali Pedaqoji İnstitutunun Ədəbiyyat və tarix fakültəsinə qəbul olunduqdan sonra Bakıya köçür, savadsızlığı ləğvetmə kurslarında və Nərimanov adına Pedaqoji Texnikumda müəllimlik fəaliyyətini davam etdirir, Bakı ədəbi mühitində çox böyük şöhrət və nüfuz qazanır.
Cəmiyyətin ruhunu, mənəvi simasını şeirlərində dolğun əks etdirən Ə.Cavad 1924-1926-cı illərdə Azərbaycan Şura Yazıçıları Cəmiyyətinin məsul katibi vəzifəsində çalışır. Bu dövrdə şairin paxıllığını çəkənlər, gözü götürməyənlər də az deyildi. O, böhtan və tənələrdən qurtulmaq üçün 1929-1930-cu illərdə Gəncəyə köçməyə məcbur olur. Beş il Gəncədə yaşayıb- yaradan Əhməd Cavad özünə qarşı edilən haqsız hücumlardan ruhdan düşməyərək, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Türk və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri, Gəncə Dram Teatrında ədəbi hissə müdiri vəzifələrində işləyir. 1933-cü ildə ona professor adı verilir.
Ə.Cavad 1934-cü ilin iyun ayında Azərbaycan Yazıçılarının Gəncə filialından Bakıda keçirilən Şura Yazıçılarının I qurultayına nümayəndə seçilir. Həmin qurultayda Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir və "Azərnəşr"də işləmək üçün dəvət alır. Yenidən Bakıya köçür, əvvəl Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor, sonralar isə "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri vəzifələrində çalışır.
Bakıda olduğu müddətdə daha məhsuldar işləyən Əhməd Cavadı bu dəfə də rahat buraxmırlar. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, sovet dönəmində cəmi səkkiz şeiri dərc edilib. Hər şeirindən sonra yersiz şantaja, haqsız tənqidə məruz qalan şair məcbur olub dünya klassiklərindən tərcümələr edir. Bunu da ona çox görürlər. Sinəsi söz dustağı, özü isə göz dustağı olan Əhməd Cavad 1937-ci il mart ayının 21-də - Novruz bayramı günü müəllimi Hüseyn Cavid və Vəli Xuluflu ilə bir gecədə bolşeviklər tərəfindən həbs edilir. Səkkiz aya yaxın NKVD zirzəmisində işgəncələrə məruz qalan Əhməd Cavadı 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə döyə-döyə qətlə yetirirlər. Yeri gəlmişkən, Azərbaycanın tanınmış ziyalıları Bəkir Çobanzadəni, Böyükağa Talıblını, Vəli Xuluflunu, Məmmədkazım Ələkbərlini, Hənəfi Zeynallını, Xalid Səid Xocayevi də həmin gecə güllələmişlər.
Azərbaycan 1991-ci ildə öz tarixi müstəqilliyini bərpa edəndən sonra yüzlərlə Azərbaycan ziyalısı, Azərbaycan yazıçısı kimi, Əhməd Cavad yaradıcılığının da üzərinə işıq düşdü. Kitabları çap olundu, haqqında məqalələr yazıldı. Müstəqil Azərbaycanın çiçəklənən gələcəyini qabaqcadan görən ümummilli lider Heydər Əliyev deyirdi: "Azərbaycanın gözəl himni var. Sevindirici haldır ki, bu himn hələ 1918-ci ildə yazılıb. Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini böyük şairimiz Əhməd Cavad yazıb. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir. Mən xarici ölkələrə səfər edərkən hər yerdə iki himn çalınır - Azərbaycanın himni, bir də getdiyimiz ölkənin himni. Hər ölkənin himni özünə əzizdir. Öz xalqının musiqisini, mənəvi xüsusiyyətlərini əks etdirir. Bu, təbiidir. Ancaq mən hər yerdə müqayisə edib görürəm ki, bizim himn müəllifləri bu himni nə qədər böyük məharətlə yaradıblar. Hər dəfə xarici ölkələrdə bu himni dinləyərkən mən yenidən iftixar hissi duyuram".
Ümummilli liderin yüksək qiymət verdiyi, iftixar hissi duyduğu Dövlət himnimizin sözlərini 1918-ci ildə milli marş kimi Əhməd Cavad yazmışdir. 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etmiş və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edilmişdir. Təəssüflər olsun ki, 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu sözləri Əhməd Cavadın olan Azərbaycanın milli himnini qəbul etməyə imkan verməmişdi.
XX əsrin əvvəllərində - 1920-ci ilin aprelində sovet imperiyası tərəfindən müstəqil ölkəmizin işğalı nəticəsində milli himnimizi qəbul etməyə imkanımız olmasa da, bu şansı tarix bizə ikinci dəfə - XX əsrin sonlarında təkrar verdi: Parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük şairimiz Əhməd Cavad və sevimli bəstəkarımız Üzeyir Hacıbəyov tərəfindən hazırlanmış "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
Rəhman SALMANLI,
filologiya üzrə fəlsəfə doktoru
"Azərbaycan" qəzeti
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İstiqlal şairi Əhməd Cavad
6 May 2012 12:21
0 Şərh
Baxış: 18 949

DİGƏR XƏBƏRLƏR
-
"Gəncə və gəncəlilər" layihəsində Rövşən Behcət yad edilib - FOTO
-
“Sənətkarın dostu” layihəsinin növbəti qonağı Xalq artisti Salman Qəmbərov olub - FOTO
-
Vyanada Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş parlaq konsert baş tutdu – VİDEO - FOTO
-
Elxan Cəfərova vəzifə verildi
-
Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Ötən günlər” tamaşasının premyerası keçirildi - FOTOlar
-
“Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olub - FOTO
XƏBƏR LENTİ
-
Tramp "papa oldu" - FOTO
-
Narkotiki görün nəyin içində keçirmək istədilər - FOTO
-
Keçmiş məmurun nəvəsi qadına hücum edib? - DİN-dən AÇIQLAMA - VİDEO
-
Yağışlı-küləkli hava nə vaxtadək davam edəcək?
-
Sürücülər üçün vacib XƏBƏR: sabah 9-dan...
-
Ramiz Mehdiyev 8 milyona villasını satır? - Özü AÇIQLADI
-
Başından problemi əskik olmayan BÜRCLƏR
-
Azərbaycanlı aktrisaya "dəli" diaqnozu qoyuldu - FOTO
-
Pezeşkianın oğlu “Traktor”un çempionluğuna belə reaksiya verdi - FOTO
-
"Zəng gözlədiyim insanlar artıq bu həyatda yoxdur"
-
“Ünvanli sosial yardım” almaqla bağlı aldana bilərsiniz – XƏBƏRDARLIQ - VİDEO
-
Məşhur aktrisanın bu sözləri gündəm oldu: "Özümü deyil, insanları dəyişdirirəm”
-
Başqalarının sözünü dərd etməmək üçün nə edə bilərik?
-
Yataqda zəif performans göstərən 10 məşhur - İDDİA - FOTOlar
-
Kişi-qadın münasibətində balansı necə qorumaq olar?
-
Bu 4 BÜRCDƏN əsl psixopat çıxa bilər: uzaq durun
-
Məşhur telefon markası fəaliyyətini dayandıracaq - FOTO
-
Kondisioneri əvəz edəcək yeni üsul - Evi anında soyuyur
-
57 yaşlı Nikol Kidman eyvanda qüsursuz bədənini göstərdi - VİDEO
-
Bu məhsul marketlərdən yığışdırılır - İçindən şüşə qırıqları çıxdı - FOTO
-
Ən cazibədar futbolçu FOTOları ilə azarkeşləri heyran etdi
-
“Vacib uğurdur” - Rəşad Sadıqov
-
Rusiya Xarkovu PUA-larla vurdu - onlarla yaralı var
-
Talıb Tale qızına onun adını qoyacaq - VİDEO