Mədəniyyət

"İndiki toylarda oxumağa nə var, elələri var ki, başqasının səsi ilə gedib oxuyur, pul qazanır..."

3 İyun 2023 12:46
Baxış: 1 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bacım Rübabə Muradovanın hər yubileyində səhnədə oxuyuram. 80 illiyini Beynəlxalq Muğam Mərkəzində qeyd etdilər. 90 illik yubileyini də dövlətimiz Filarmoniyada etdi. Mən də səhnədə onun ən gözəl mahnılarından birini ifa etdim. İstər-istəməz həyəcan keçirirdim, o qədər həyəcanlı idim ki. Daxilən həyəcanlanırdım. Rübabənin bütün mahnılarını mən oxuyuram. İnşallah, 100 illik yubileyini də qeyd edəcəyik. Ən böyük arzumuz onun yubileyini doğma diyarı Ərdəbildə qeyd etməkdir. İnşallah ki, bu arzumuz da reallaşar".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Rübabə Muradovanın müğənni bacısı Tahirə Muradova deyib.

"Bizim evə kimlər gəlməyib?! Şövkət Ələkbərova, Sara Qədimova, Nəcibə Məlikova, Hökümə Qurbanova kimi böyük sənətkarlar gəlib-gediblər. Rübabənin süfrəsi həmişə açıq olub. Mən onları görmüşəm, yad etmişəm. Rübabə hamını sevib, hamını saxlayıb. Məni çox istəyirdi. Danışırdıq, gülürdük. Onun ruhuna qurban olum. O hamıya qarşı yaxşı olub. Rübabə də dünyadan köçdü, qızları da. Allahın hər kəsə bir ömür payı var" deyə sənətçi bildirib.

Müğənni bildirib ki, onun səsini bacısının səsinə bənzədənlər də var.

"Rübabənin səsindən bir dənə idi. Bəlkə də araşdırsalar dünya səviyyəsində oxuyan biridir. Bu cür oxuyan bir də dünyaya gəlməz. Onda vergili səs idi. Mənim də səsim onun səsinə bənzəyir. Hətta mənə deyirlər ki, Rübabə kimi oxuyursan. Mən də deyirəm ki, elə deməyin, Rübabənin səsinə bir az oxşayır. Bu gendən gəlir. O vaxt mənim bir gün də olsun boş vaxtım yox idi. Bütün günü toylarda idim, gündüz də, axşam da. Ev nə rəngdədir, heç onu da bilmirdim. Gözəlliyim də, səsim də yerimdədir. İndi çox müğənnilər oxuyur. Baxırsan, heç tanımırsan ki, kimdir? Bacarana can qurban. Bu gün də oxuyuram. Allah bu səsimi məndən almasın. Səsimlə çörək qazanıram. El şənliklərinə gedirəm, sağ olsun dostlar, dəvət edir. Həyatımdan narazı deyiləm, sevilirəm. Məşhurluq siz nəyə deyirsiniz? Məni sevib toylara dəvət edirlərsə, demək ki, məşhuram da. O da xoşbəxtlikdir. Televiziya efirlərinə çıxmaqla deyil ki. Efirlərə elə adamlar çıxır ki. Mənim qədər xeyriyyə konsertlərində iştirak edən bəlkə də yoxdur. Qocalar və uşaq evinə tez-tez gedirəm. Onlar özləri məni istəyirlər. Bu da bir xoşbəxtlikdir ki, onların qəlbinə yol tapmışam. Üzlərindəki təbəssüm nəyə desəniz deyərdi. İnsanın gərək sənətdə bəxti gətirsin. Mənim kimi bəlkə də oxuyan yoxdur. Özümdən razıyam, həm gözəlliyimdən, həm də səsimdən. Niyə də razı olmayım?! Rübabənin səsindən məndə varsa, mən niyə özümdən razı olmayım ki?!" deyə Tahirə Muradova deyib. 

Tahirə Muradova əvvəlki toylardan da danışıb.

"Mən sənətə gələndə Ruhəngiz Musəvi, Kəmalə Rəhimli, Təranə Vəlizadə kimi sənətçilər də fəaliyyət göstərirdilər. Görüşürdük, bir-birimizlə hal-əhval tuturduq. Onlarla birlikdə toylarda olmuşuq. Tək apardığım toylar da olub. Aramızda mehribanlıq var idi, indiki kimi bir-birimizə paxıllıq etməmişik. Bir toy artıq olanda o birinə vermişik ki, gedib o da çörək qazansın. Hamı bir-birinə xeyir verirdi. İndiki toylarda oxumağa nə var ki? Diskin varsa asandır. Elə adam var ki, başqasının səsi ilə gedib oxuyur, pul qazanır. Mən gedən toylara getsinlər, görüm oxuya bilərlər? Canlı oxusunlar, onda deyərəm ki, sənətkardırlar. Sənəti yaman günə qoyublar. Kim nə istəyirsə o mahnıları yazır, oxuyur" deyə Tahirə Muradova bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.