Mədəniyyət

Gecə oxusu: Sənə gülümsəmək yaraşırdı

12 Aprel 2012 00:30
0 Şərh     Baxış: 1 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Məndən uzaqda olduqda belə, mənim üçün varsan" .

Jhon  Berger

Sənə gülümsəmək yaraşırdı

"Twins Cafe"nin qarşısında dayanıb, ikinci mərtəbənin pəncərələrinə baxırdın. İçini tərifəgəlməz bir kədər bürümüşdü. Üzün yanırdı.

Yadlaşmaq duyğusunu yenidən hiss edib, əllərinlə bir yerdən yapışıb içindəki bağırtını  gizlətməyə çalışırdın.

Addımların "Ayia Triada" Kilsəsinin bağçasına çəkib aparırdı səni. Gözlərin sarmaşıqlarla oleandrların bir-birinə sarmaşmasına sataşdı.

Rənglər silinmiş, yoldan keçən avtomobillərin səsləri uğultuya dönmüşdü.

Dəfələrlə bu guşədə ayaq saxlayıb bağçadan yola sallanan ağacların kölgəsini "dayanacağın" hesab etmiş, hər burdan keçəndə, yaşatdığın anlardan bir iz kimi baxdığını düşünmüşdüm.

Gəlib durduğun yerdə axtarıcı baxışlarının pərakəndəliyini düşündüm bir an. Axtardığını tapmış kimi bağçanın daş hasarının artırmasına toxundun. Əllərin üşüdü. Üzünü hasarın soyuğuna söykədin. Daşların çopur üzü içinə çəkdi səni. Eşidilən çəkic səslərini vecinə  almadın. "Daş dinləyəəən, daş dinləyəndi o!" sözlərinə də qulaq asmadın. Qarşıdakı evinə aparan küçədəydin artıq.

Ayaqların tutulmuşdu. Bir müddət burda, burada qalmağa məcbur olduğunun təlaşı içindəydin. Ağılar, mərsiyələr ilə qarşılaşacağını da bilirdin. Həm ayrılıq, həm üsyan  burulğanına düşmüşdün ilk dəfə... Biri o birini üstələməliydi; ancaq o cür davam edə bilərdin.

Heç nəylə ovuna bilmirdin. Günlərdir yaşadığın yerdən uzaq düşmüşdün. Getməyinlə qayıtmağın bir olurdu. Sanki, dəhlizin bu başından girib, o başından çıxırdın. Telefona, mesajlara dönüb baxmırdın belə. "Məcbur qalmadıqca istifadə etməyəcəm" - deyirdin öz-özünə. Ondan da hürkmüş, küsüb uzaqlaşmışdın. Halbuki sevinc və coşqu da gətirirdi. Candan  cana  bir sirdaş, ötürücü  idi.  Bəs içini  titrədən o səs? Yoxluğu bildirən donuq, incik sözlər. "Cənnətlə cəhənnəmin arası" - deyirdin buna! Səni bir ayrılıq, bir də ölüm özünə çəkirdi. Əzab leysanında yola çıxmaq istəyirdin.

O soyuq, kələ-kötür artırmanı öpdün. Əllərinlə kimisə, nəyisə axtarırsanmış kimi toxunub, bütün bədəninlə yayılanda səni içinə çəkdi artırma. Kif və yosun qoxusu... Daşlar yorğun idi. Düşüncələrin də onun kimi... Təmirdən çıxmış zəngin səsi ölüm-dirim hayqırışını xatırlatdı. İndi səsini kimin eşidə biləcəyi sualı içində uğultu qoparırdı. Şairin sözünü yazıb verdiyin kitabı xatırladım birdən...

Günlərcə arınıb təmizlənməyin yollarını axtara-axtara qalmışdın. Özünü müharibədən çıxmış kimi hiss edirdin. Bununla yanaşı dostunun da ölüm xəbərinin gəlməsi alt-üst etmişdi səni. Qeyri-təbii bir ölümdü. "Bəs o biri, guya o təbii idi?" - deyirdin öz-özünə.

Tamamilə müdafiə vəziyyətindəydin. Sənə döyüş dağıntıları arasından çıxıb gəlmiş kimi baxırdı. Sən isə gözlərini qaçırdıb boş masalara, pəncərədən çölə baxırdın. Leysan əməlli-başlı sürətlənmişdi. Saf niyyətli sözlərin heç bir anlamı yox idi. Oturduğunuz yerin hüznünü sözlərindən hiss etmişdin, halbuki baxışlarının ögeyliyi deyirdi hər şeyi. Elə o andaca səs eşidilmişdi:

- Affan öldürüldü!..

- O, onsuz da öldürülmüşdü, indi də məni öldürməyə çalışırlar.

- Boş-boş danışma balam, səni kim təqib edə  bilər?!  Yoxsa yanındaydın?!  Olanları görmüsən?

Susmuşdun. Müraciətlər cavabsız  qalırdı.

- Bu cəsədə bundan artıq baxa bilmərəm. Hər şey burda başlayıb, burda da bitməlidir... İkiüzlünün, alçağın birisən! Başqa həyatlar necə tarimar olur, dön bir bax.

Tovuzquşum... "Sənə güldən ağır söz demərəm " deməkdənsə, ona bunları demişdinmi, həqiqətən?!

Savaşda  qələbə  qazanmış bir əda, yenə də son həmləni özünün etməli olduğunu düşünən bir rəftarla: O bambaşqa bir vəziyyət idi. Həyat davam edir. Nöqtəni belə qoymaq istəməzdim, amma başqa yolu yoxdu bunun, olan olub... həm də artıq başqasıyla görüşürəm, bəli.  Bir etirazın var?

Son sözləri belə olmuşdu. Qarışıq vəziyyətiniz çözülmüşdü! Affan heç istəmədiyi bir şeyi etmiş, sarı simə toxunmuşdu!

Vərdişlə həbdəki yazıları öncə barmaq uclarınla oxuyarcasına əlini üzündə gəzdirdin. Divardakı izləri tapmağa çalışırdın  sanki. "Daş dinləyən?!..",  "deməli, heç ağlanacaq halda deyiləm" deyə keçirdin ürəyindən. "Bu, üçüncü gün oldu...", sonra ucadan saymağa başladın: "Cümə, Şənbə, Bazar... Bu gün bazar ertəsi olduğuna görə, dörd..."

Kimsəni arayıb-axtarmadın. Xəbəri sənə Əhməd vermişdi? Yasına da getmədin. İçinin xofu çölünə vurmuşdu. Camalın səni axtardığını söyləyirdilər. Bunu da başa düşə bilmədim. Yoxsa, eləmi düşünmüşdün?! "Bununla nə əlaqəsi var?" deyə reaksiya vermişdin amma. Uzaqlaşmağa çalışdığın bu yas mərasimi, görünür, başqa yozumların yaranmasına səbəb olmuşdu. Gedərək içində, Affana qarşı haqsızlığı "özüm etmişəm" düşüncəsi yaranmışdı. Halbuki, içində tam fərqli bir küskünlük, əzginlik, qorxu-hürkü girdabındaydın. Əməlli-başlı susqunluq içindəydin. Əvvəlkilərlə bu qazma arasındakı ayrı-seçkiliyi ən çox indilərdə düşünməyə başlamışdın. Günlərdir aşındırdığın yollar önündə labirintə, batacağın quyulara çevrilmişdi. Gəlib dayandığın yerdə cəsarətini toplayaraq o küçəyə girmək, evə çatmaq istəyirdin hər şeyə rəğmən.

***

Məndə qalmış kitablarını vərəqləyirəm bir-bir. Qarşıma adın çıxır; sağda üst küncdə,  diyircəkli qələmlə solğun şəkildə yazılıb. Məni yasəmən qoxusuyla qarşılayırsan. Səsin , gülüşün, dişlərinin parıltısı... İçindəki ağrıları dilə gətirdiyi üçün sevdiyin şeir kitablarına baxıb, yan-yana sıxılıb oturmuş cocuqların hüzünlü baxışlarına dalıram. Hər birində uşaqlığından nələrsə görürəm. Artıq kimsənin heç bilməyəcəyi , mənim də xatırlamaq istəməyəcəyim, hətta haqqında xəyal belə qura bilməyəcəyim uşaqlığın...

Bu  fotoşəkildəki hər şeylə üzbəüz dayanır, heç cür addım ata bilmirəm. Əlim çatmır ikinci, üçüncü, dördüncü səhifələrə. Hürkürəm! Sanki qarşımda oturub, boğuq səsinlə bunları söyləyəcəksən:

Sənə dumduru kəlmələr gətirəcəyəm
qəhr olmuş dünyanı məhv edən kəlmələr.

Sözcüklər bir də süzüləcək dodaqlarından. Səsini duymaq, səni eşitmək... Eşidə bilmək... Bu dünyanı yaşamaq. Bundan daha dəhşətli nə ola bilər ki, mənimçün?

Sən bir çiçəkdin. Dumduru sözlərin, uçqun yalqızlıqların, incik sevgilərin, əsla itirmək istəmədiyin ümidlərin, bağlılıqların, qırılmaz dostluqların dostu.

Yaxşı, bəs o... O, nə ifadə edirdi sənin üçün?

Mələklərin diliylə danışdım onunla, daşların diliylə. Quşların diliylə danışdım onunla, sevinclərin diliylə. Gözlərin diliylə danışdım onunla, sevginin diliylə. Eşqin diliylə danışdım onunla, acının diliylə.

Çevrilib  o mənə baxdı, mən ona.

- Eşqin üzünə bütün qapıları bağladın. - dedim.

Susdu.

- Baş götürüb gedə bilsəydim əgər, bir iz kimi üzümdə gəzdirərdim gözlərinin rəngini . - dedim.

Ağladı.

- Rüzgarlardan keçib gedəcəyəm, adınla bağlı xatirələr solacaq bir gün. - dedim.

Gülümsədi.

- Bir gün əlvida olacaq, - dedim.

Üzüldü.

- Bir gün əlvida olacaq, öncə bu şəhəri tərk edəcəyəm. Bu dildə danışmağı unudacağam. Səninlə qura bilmədiyim xəyalların bayramına hazırlaşacaq qəlbim...

- Sus artıq, dediklərin əsla olmayacaq!

Gecə qara örpəyinə bürünürdü, qapılar bağlandı. İnsanlar mininci yuxularını görürdülər... Yağmur altında bir sahildə onu düşünürdüm. Yalnız səsini duymaq istəyirdim. Ümid, sevgi, coşğu gətirən səsini... Təbəssümünü isə unutmaq mümkün deyildi!

Sərin bir yay gecəsi  gizli dərinliklərdə əcəl zəngi çalındı. Gecənin sirrinə döndün. Nə bir səs, nə bir iz... Halbuki, bu şəhərə necə də ümidlərlə gəlmişdin. "Bunca illəri yaşamadıqlarımın əvəzi olaraq məndən aldılar, salamatçılıq olsun!" sözlərində yenə də bir sitəm, giley-güzar vardı. Amma oralara qayıtmadıq  yenidən. İlk qarşılaşmanın sükutunda utanc, xəcalət hissi keçirirdim. Bunun fərqinə varmış kimi "biz daha güvəndəydik, əslində sizlər yaşadınız çətinlikləri" deyərək, bir anda bizi bərabərhüquqlu mövqeyə gətirməyə çalışmışdın. Halbuki nələr yaşadığını bilirdik. "Hər şey uzaqlarda qaldı, biz hardan başlayırıq..." deməyini unuda bilmirəm. Həyata yenidən qayıtmağının sevinciylə çağlayırdın.

Başqa diyarlara sovrulmuşdun sən də. Hər şeyi gözə almışdın. Qınamışdılar, "nə fərqi var, o da olsun, o da; nizamını pozma..." demişdilər. Onların təklif etdikləri yolu müzakirə etməyə belə gərək duymamışdın.

Acılarını unutmağa çalışdığın hər hərəkətindən bəlli olurdu. Qaranlıqlardan doğularaq gəlib çıxdığın yeri gəlincik tarlasına bənzətmişdin. Səbrlə, hissiyyatla müqavimət göstərmişdin. Dözümünə mat qalmışdım.

Aydınlığa  çıxmamışdan  qabaqkı son məktubun bu ardıcıllıqla bitirdi. "Mən başıboşun biriyəm, bunu insanlar bilsin. Ruhumu jandarm və maliyyə izləyir. Vəzifəsini yaxşı bilən hər kəs mənə qara ruhlu deyir. Laboratoriyada çalışanlardan soruşsanız, deyəcəklər ruhum saxtadır". Və əlavə edirdin: "De görüm, bizi bu cür  ayıran, layiq olmadığımız yerlərə atan , bu qapıarxası əsaslara məhbus edən nə idi? Bəs bu acıları bizə yaşadan? İndi bizə layiq olmadığımız "xoşbəxtlik" təqdim edirlər. Sabah çıxıram. Hə, indi gedə bilərsən..."
Və hər yerim əzgin halda məni də salırlar aranıza.

Bir anlıq  əvvəlki yazdıqlarına qayıdıram. Davamlı olaraq Taşrada yaşadığın  xoşagəlməzlikləri dilə gətirir, bu şəhəri qurtuluşun bilirdin. Araya uzun, qaranlıq illər çökdü. Üst-üstə gələn vurğunlar kimi... Doğurdan, əsil ölən kimi idi? Bir qəzet manşeti gəldi gözümün önünə: "Əslində anam deyil, mən öldüm!" bəlkə də sənə yamanmış, ağzından çıxmış kimi göstərilən bir cümləydi! Hürkmüş, inanmamışdım. Xəstəxanada keçirdiyin günlərdən sonra, sərbəst buraxıldığını , ölkə xaricinə çıxacağını öyrənmişdim. Sonra da uzun müddət xəbər-ətərin gəlmədi. Ortaq dostumuz  demişdi deyəsən, səni ziyarətə gəlib, "hiyləni" danışıbmış. Küskün, yaralı, için sızlayaraq gəldin. Sezdirmədən, olub-keçənlərin vecinə olmadığını göstərməyə çalışaraq, həyatın bir ucundan yapışaraq yaşamağa başlamışdın.

Biz də eləydik onunla. Yaşanmamış bir ömrü  qısa  anlara sığışdırmışdıq. Uzun-uzun məktublar yazmış, sənin o ardı-arası kəsilməyən məktublarından da danışmışdım ona.
Yenə o şəhərdən yazdığın bir məktubunda "Laterna Magica"dan, - sevdiyin hekayə yazarından söz açmışdın. Sözlərin gedişatında  intihar və ekstaz düşüncələrinin melanxoliyası yatırdı. Yoxsa, mən elə anlamışdım?! Bunu günlərin bir günü üz-üzə gəldiyimiz zaman dilə gətirdiyimdə, üzünün rənginin  qaçdığını  indi xatırlayıram.
Mən də o sahillərə gedib gəlmişdim. Yaşamadıqca bilmir, anlamır insan.

Nə  biləydik o görüş uzun ayrılığa aparan son görüşüymüş?! O qədər dağa-daşa çırpılma, zərbə yaşadın. "Günlərim günsüz-günəşsiz  keçir, nəfəs  ala  bilmirəm. Suyun və səmanın   rəngini unutmuşam. Canımda torpağa və bitkilərə toxunmağın, isti  çörəyi qoxlayaraq  dişləməyin, gün işığında qəzet oxumağın həsrətini hiss edirəm" dediyin günləri gəzirəm  həmişə. Arada bir səsin eşidilsə, məktubların gəlsə, sözün yetsə də bəsimiydi. O şəhər  də bir həbsxanaydı  sənin üçün.

O gün limanda oturub sənə gül-çiçəklə birlikdə verdiyim kitabdan, yazarından danışmışdıq. "Və Üzlərimiz, Qəlbim, Fotoşəkillər Qədər Qısa Ömürlü"* zaman və uzantısı içində səndən danışırdı mənə. Oxuduğum sətirləri dinlədikdən sonra, "sözə sözlə qarşılıq vermək lazımdır, başqası yalandır!" demiş, "Taşra Qovqununun Qaralamaları" kimi xarakterizə  etdiyin  qeydlərindən söz açmışdın. Bir gün onları oxumağımı istəmişdin.

Əsasən yaşadıqlarından danışardın. Amma bunları da özünü inkar edib, başqasının dilindən dilə gətirirdin. Yazdığın məktublarda da bu əda var idi. O qaranlıq dəhlizlərə, qapalı qapılar  arxasına  keçmədən öncə yazdıqlarına qayıdıram indi. Məncə, ilk məktubun idi, bir  hekayədən sitatla  başlamışdın. "İnsan, soyuna-soyuna dəriyə çatar, qürura, öz sayğısına  yetər. Bunları üzmək, qoparıb atmaq çətin olduğu üçün soyunmağı yaxşıca mənimsəmiş adam, yeri gəldikdə bu son addımı atmağı dəyər hesab etdiyi zaman, ölməyi də bilər. Bu işi bircə dəfə  görmək, belə bir hərəkətin dəyərini anlayacaq insanların qarşısında etmək istəyər. Yanılıb, zamanı gəldi deyərək, uyğun olmayan bir yerdə bu işə girişərsizsə, nağıl  olub gedərsiz".

Səhərə yaxın yazılmış hər bir sətir necə də səndən danışır. "Gecə boyu çəkilmiş  siqaretin kəsif dumanıyla dolu bir otaqda daha öncə 3 dənə 5mq diazem, sonra da 2 dənə moqadon qəbul etmiş, buna rəğmən səhər yeddinin yarısında hələ yata bilməmiş, gözləri qan çanağı və yarı qapalı bir insan əlindən təkcə sənə məktub yazmaq gəldiyini anlayırsa, başını ağrıdacağı üçün bəri başdan bağışla.

Hamımızın (mənimmi deyim?) içində bir Kafka yaşayır əslində. Yuvasına qapanmadan, ətraf  aləmdən qopmadan  döllənib, rahatlana bilməyən köstəbəyin yazarıdır Kafka. O, deyək  ki, taleyilə barışıb oturub, bəs  mən?! Beş dəqiqə gerçəkçi, on dəqiqə romantik. Bu  get-gəllər axırıma çıxacaq. Ətraf  aləmlə əlaqəm tamamilə neytraldı. Evdə oxuyaraq  sabahı qarşılayıb, axşam beşə, altıya kimi yatıram. Çöllə yeganə əlaqəm ya 200 metr  qabaqdakı köşkə enib, qəzet-jurnal almaq, ya da atılası məktub varsa, gözə dəyməyəcəyim ara küçələrdən keçib, poçta kimi getməkdi.

Diazemlərlə  süni  bir  ekstaz (o da  tam deyil), moqadonla da süni bir yuxu. Haçandır, belə doyunca təbii bir yuxuya gedib, gərnəşə-gərnəşə üzümdəki gündüz yuxularının şişlərini gəzdirmədən oyanmağa həsrətəm. Yaxşı, bunu istəyirəmmi? Onu da bilmirəm. Bu ankı həssaslığa uyğun gələn bir kitab axtardım, tapmadım. İtirməsəydim, bəlkə "Dostluqların Son Günü" ola bilərdi.

Sağ olsunlar DAN qrupunun üzvləri istədiklərimi göndəriblər. O  "Zambaqlı  Padşah" dəhşət  idi. Mən də şairə bi  nəzirə yazdım:

'Şiirimiz her iş yapar abiler!
Topun ucu kırk beş sayfada bir bazen
Bazen iki satır/satırdır kelamın
Seksen liraya okutuluşunun şiiridir
her işi yapan şiire bu, seksen kağıt
bayılıp kerizlendiğimizin şiiridir
abiler! Şiir diyedir...'

Bir az da biz lağlağı edək. Həmişə onlar edəsi deyil ki? ! Zarafat bir yana "Padşah"da  təəccübləndirici tapıntılar, "Dəftərlərdə" də maraqlı təsbitlər olub və var.

Əsgərlikdəykən dərgilərin birindən - yazarını yazmağı unutmuşam - bir yazıdan sitat   götürmüşəm. Məktubu onunla bitirim: "Çexov bir erməni qızından söz açır. Gözəlliyilə cinsi  istək deyil, qəribə bir hüzün oyandırır, bulanıq, xəyalla qarışıq bir hüzün. İnsana bir  daha  ələ keçirə bilməyəcəyini sezdirən bir hüzün oyandıran bir erməni qızı... "*" Fərhad usta, Fərhad usta bu gözəllik neçin qəmli qılar  səni..." bunun da kimə aid olduğunu bilirsən  məncə.

Bilirəm, tutqun idin. Çarəsizdin. Taşra səni boğurdu. Ruhun kimi bədənin də acı çəkirdi. Sən fəryadlarını içinə  atırdın. Bir gün yeni bir yol seçəcəyin anda səni ordan çəkib aparacaq, sorğu-sualsız qaranlıqlara atacaqdılar.

"Yasəmən matəmin bərəkətidirmi könüllər ölkəsində?"* misrasıyla qəflətən çıxıb gəldiyin bir gün içinə qapanmaqdan bir az daha  qurtulurdun:"Burada da dəhşətli pivəxana epidemiyası boy göstərdi. Yaxşı-yaxşı yatırımlar edirlər. Alan razı, satan razı. Mədəni gerilik xaricində, Taşra kimi bir hadisə qalmır qənaətimcə.

Burada da İstanbuldakı kimi  ümumxanalar, "butkalar" sürətlə çoxalır. Tənbəllik etməyib , yaza bilsəm, Taşra aristokratiyası yaxşı mövzudu. Eynən İstanbuldakı kimi burda da bir  gözəlçə geydiyi şortiklə küçələrdə ərzi-əndam edir. Ya da kanal uzunu qarşılaşdığın bir qrup, özünü bir an Nişantaşında  hiss etməyinə yol aça bilir.  Hər nəysə..."

Sonra yaxşıca qapanırsan. Yenə misralar gətirir səni mənə:

"Sevdalar çağı dönsün,
Dönsün geri qayıtsın"*. 

Bu aralar "Pavese" i  oxuyuram. Hissə-hissə, sanki  mənə aid edilmiş təsbitlərlə rastlaşdıqda da bağlamaq məcburiyyətində qalıram gündəliyi. İntihar getdikcə daha çox düşündürməyə başlayır. Lütfən qaçış , acizlik, həyatı qəbul etməmək, həddindən artıq duyğusallığın zərərli ədəbiyyatı tənqidini gətirməyəsən. (Etməyəcək qədər "anlayışlı" olduğunu bildiyimə görə, üzrlü say, hər kəsdən bunu eşidə-eşidə cana gəldim. Səndən də eyni şeyləri eşitsəm, üzülərəm. Ən  azından yanlış tanımış olmaqla özümü  bağışlaya bilmərəm. Səndən bir  "ağsaqqal " cümləsi bu nöqtəyə işıq  tutar hər halda:"Ürəyin sirrlərini bilməkdən ötrü öncə insanın istiliyinə toxunmaq  gərəkdir..."

Əvvəllər mən də tənqid etmişdim səni. Nifrətinin, sevgisizliyinin, kədərinin hardan qaynaqlandığını görə bilməmişdim. Ehtiraslarının səni apardığı sahildə durduqda, üstəlik də divarların o üzündə yaşamağa məhkum edildiyini görüncə, hüzünlənmiş, özümə acıqlanmışdım. Heç bir şey etmək mümkün deyildi. Şəhərin ən soylu, varlı bir ailəsi üçün qara gün idi. Durub sizə gəlmişdim. Sən yoxuydun, əlbəttə ki. Nə soruşan oldu, nə də mən  dedim kim olduğumu. İmarətinizdə yer-göy inildəyirdi. Atandan narahat idim. İmarətin ərik ağacları olan bağçaya açılan qapısından keçib, artezyanın yaxınlığındakı çardağa çatdım. Kişilərin təziyəsi davam edirdi. "Dünyalar gözəli baxışları" axtarırdım. Elə demişdin atanın  eynisi olduğunu söyləyərkən. Yenik, yaralı, çökmüş baxışları tapdığımı sanmış, söhbətləşincə isə heç də elə olmadığını görmüşdüm. Ürəkdən sevinirdi sanki!

Uzun ayrılıq, susqunluq yaşamışdıq səninlə. Unutmamışdım, amma heç dönməmişdim də sənə! Süzgün baxışlarını, için-için gülümsəmələrini, solğun üzünü gətirmişdi mənə qəfildən gələn sözlərin. Sığınacaq yeri bildiyin İstanbulda da "bacara bilərəmmi" deyərək gəlib-getdiyin günlərdən birində mənə uzun bir məktub yazıb qoymuşdun. Sözləşdiyimiz halda, görüş yerinə gəlməmiş, nədənsə görüşmək istəməmişdin. Sönmüş vəziyyətdəydin. Taşradakı problem, ailənin faciəsi... "Bu dəfə sarsılmağım məni  dağıntılara  səsləyir, qorxuram" -deyirdin. Bu sözlərinə anlam verə bilməmişdim onda: "Bir gözəlin surətinin altında əzilmək, bir "əzab" kimi yaşamaq, ona  yaxınlaşdıqca qorxmaq, qorxduqca da  ehtirasla səni yaşadan surətə bağlanmaq... Əldə edə bilməmək, itirmək, çılğınlıq növbələşmələri... Həm də Taşranın soyuq üzündə... Bu halıma acıyıram. Məni qıyma-qıyma edərlər!"*

Və nəhayət, o  qorxunun qurbanı olmuşdun.

"Guya səni sözləşdiyimiz yerdə gözləyəcəkdim. Fiqaronun Toyuna gedəcəkdik və s. Üzr istəmək nəyi geri qaytara bilər yenidən? Yenə də üzr istəyirəm. Bəli, bir dönəm bütün duyğularımla  ətraf aləmə qapıldım - nə bacarar, nə edə bilərəm deyib oralara can atsam da, bu hələ də belədi-bu nələrisə açıqlayar sənə. Heç bir şəkildə sağlam münasibətlər qura bilməmək, qaçmaq - bəli qaçmaq, ümidsizliklər, qırılmalar və s. Hər kəsdən və hər şeydən əvvəlsiz-axırsız  qırılma. Eləşoranlaşdı, qurudu ki hər şey, qırılma da qaçılmaz oldu. Necə yaşayırıq , necə olacağıq o da məchul. . Səni görmək istərdim. Sən də çox şeydən inciksən bilirəm mənim kimi. İki incik insanın qarşıdurmasını , bir də mənim "Bizansdakı alçalmış halımı" görməyini istəmədim sözün düzü. Gələr-gəlməz özümü film biznesinin içində gördüm. Buna gördümmü, yoxsa düşdümmü demək düzgün olar - bilmirəm? ! Sənin bildiyindən də tez gəlmiş, - bunu gizlədiyim üçün utanıram indi, - münasibətləri nəzərdən keçirməyə  qarışmışdı başım.

Bu yaxınlarda film biznesindən  ilk "pazı" yedim. Ünlü rejissorumuz  üç dənə otuz paralıq, ötəri bir rol verdi, "Səninçün Darıxıram"da. Ssenarist, "hələki yaxşıdır, oyna" dedisə də qürur məsələsi hesab edib oynamadım. Elədi də, günü min lirədən Yeşilçam fiquru deyiləm hər halda... gəlib sənin yanında günəmuzd işçi olaraq qazıntılara qatılsam, bundan daha yaxşıdı! Heç olmasa , o işin necə olduğunu öyrənərəm. Nə deyirsən, hə?!

Başqa bir sahiləmi çıxmağa hazırlaşırdın, bilmirəm?! İstəmədiyin halda səni bu münasibətlərə sürükləyən nə idi? Bilirəm, hər biri cavabsız suallardı artıq. Özünəməxsus görünüşün idimi  sənə bu qapıları açan? Həyatındakı bu problem çarxınının fırlanmağını dayandırmaq istəmirdin. Bəlkə, Taşraya qayıtmasaydın, başına bunlar gəlməyəcəkdi! Bəli, "bəlkələrlə", "yoxsalarla" yaşanılmır. Taşrada qalsaydı(n) "bəlkə də yaşayır" hesab ediləcəkdi(n).

"Ortaq "dost"umuz - artıq elə deyirlər axı - Şahindən məktub almışdım. Tez-tez - arvadı antalyalıdı, tətilə ora gediblər - Antalyadan, Finikiyadan, Kaşdan danışılır. (Pardon, Finikiya ikinci məktuba təxirə salınmışdı, birinci məktub Kaşa həsr edilmişdi). Ay Allah! - dedim. Köhnə tüfənglər bir-iki işi Ağdəniz hissiyyatlılığına tökürlər, halbuki, dünən xainliklə bərabər dəyər kimi görürdülər - yanlış anlama, səni nəzərdə tutmuram və yenə yanlış anlama Ağdənizli filan deyiləm, üstəlik iyrənirəm o hermofrodit diyardan deyə də qeyd etdim məktuba - nolar mənə Ərzincandan yaz, Finikya sənin olsun. Degenerasiyaya uğramamış münasibətlərdən yaz deyib də bitirdim. Bəlkə, kobudluq oldu, amma indən belə Ağdəniz  söhbəti dinləyə biləcəyimə inanmıram. Yaxşı bəs, məğlubiyyətini qeyd edənlərə nə demək lazımdı? Əslində nümayiş marağı da var. Mühakimə etməyim, amma uşağın varlığına  işləmiş bir sünilik var. Ən son kimi oxuyubsa məktubunda tamamilə onun üslubu hakimdi. Hər şey VİTRİN! Gələcəyin insanını , insan münasibətlərinin hansı səviyyədə olacağını diksinərək görürəm sanki... bu da başqa cür bir boşluq! Nə deyirsən, çoxmu qəddar oldum yenə?"

Mənə gəlib çatan son sözü bunlar olmuşdu. Sonra İstanbulda görüşmüşdük. O uzun ayrılıq dönəminin hardasa yarısının keçdiyi dəlixanadan bir neçə istək qeydi, bir-iki qırıq-sökük xatirə... Amma hər an şüurumun bir küncündəydin.

Sonra qəfildən görüşdük, həyat heç də qaldığımız yerdən davam etmirdi. Sovrulmuşduq, qolumuz-qanadımız qırılmışdı. Hə, 1402-dən bəri universitetin qapısının önündən belə keçməməyə qərar vermişdim. Bilmədiyim bir sahədə ticarətə girişmişdim. Tekstil gəlirli sektor idi. Tanınmış markaların "geydirmələrini" istehsal edirdik. Üç ortaqla yaxşıca "start " götürdük. Qazanmağa başlayanda , işin görüntüsü, əlaqələrimizin rəngi dəyişdi. Ardınca, eşqlər, ayrılıqlar, sovrulmalar girdi araya. Aylardı işsizəm. Sənin ölüm xəbərini həyatımda yeni bir fırtınanın başladığı gün  almışdım. Yəni, nə başını ağrıdım,  darmadağın olmaqçun yaxşı seçilmiş bir gün idi.

Cənazən üstə gələ  bilmədim. Bəlkə də qorxurdum. Bir gecə öncə yağış yağırdı İstanbula. Yaz yağışı. Nədənsə səni xatırlatmışdı mənə. Evə dəyib söhbətləşə  biləcəyimizə  ümid etmişdim. Tapa bilməyincə də, yazdığım qeydi qapının arasından keçirmiş, kinoya getmişdim. Bu aylar sonra məndə oturub danışa bilmək yanğısıydı.

Gecənin o saatlarında mən  qoltuğa yayxanıb film izləyərkən, sən son dəfə həyata  baxırdın qaranlıqda. Toxunan əl, yığılan bədən... Və  saatlarla o sahildə gülümsəyərək baxırdın ulduzsuz göy üzünə.

O qədər əzginlik, o qədər incikliyə baxmayaraq sənə ən çox gülümsəmək yaraşırdı. Tək pənah aparacağın yer misralar olmuşdu, deyilmi? Oxuduğun hər şeirdə, hər mətndə ölümünü görürdün. Ya da hardansa tapıb çıxarırdın. Çarəsizliyinə sığınır, ovuntu adaları qururdun. Masanın üzərindəki qeydlər, şeirlərdən sitatlar içindəki yaralara məlhəm idi sanki. Həmişə təkrarladığın bir bənd düşür yadıma:

Yaşadım aranızda, artıq bitdi, insanlar!
Pisləri tanıdım və sevdim yaxşıları.
Döyüş sona yetdi, tükəndi bütün günlər
İnsanlar!
Sizlərdən biri. *
***

Küçənin sonunda  yavaşıdın. Binaya giriş soldan səkkizinci blokda olmalıydı. Yüksəklik qorxusu olduğuna görə günlərlə ev axtardıqlarını demişdin. Addımların geriye gedirdi. İçindəki ürpərti bədənində titrətməyə  çevrilmişdi. Gözün səyriyir, əllərin ağırlaşmağa başlayırdı. Mənzilin yaxınlığında polis maşının  dayandığının  fərqinə vardığın  zaman  sürətləndin. Sanki kimsə səni arxadan itələyirmiş kimi binaya  saldı!

- Gözlərim həmişə səni axtarıb.

- Xəbər tutanda burda deyildim.

- O  sevimli dostun getdi , yoxdu artıq. Canına qıydılar. Nə qədər günahsız idi...

- ... ...

Səni kədər dolu,  boğuq səslə, ağlayaraq qarşıladı . Qucaqladın onu. Yenidən içini çəkərək ağlamağa başladı. Heç cür ağlaya bilmirdin. Əllərinlə gözlərini örtüb , sən də içini çəkərək ağlamağa başladın.

- Gəl, otur. Gör bizə nələr etdilər?

Yoldaşının yumşaq halı getmiş, uşağını itirən anaya  çevrilmişdi. Hər danışığı, iç çəkməyi, hadisənin nədən, necə ola biləcəyini yozmağı bunu deyirdi sənə.

- Bilirsənmi, əməlli-başlı şübhələnmişdik. Səs-səmirinin heç çıxmaması, telefonda atama söylədiklərin... O gecə Camalın Affanla birlikdə  olması,  sonrasa ortalıqdan qeybə çəkilməsi. . Bircə oydu şahid. Bir də, o gecə sənin kimləsə evə dəyib bizə  yazdığın  "qeyd". . Bacımla  polis bölməsinə gedib qayıtdığımızda sənin bu qeydini tapdıq. Gəlib qayıtmısan. Eyni saatlarda Affan sahildə öldürülüb. İş yerindən səninlə və Camalla görüşəcəyini söyləyərək çıxıb - yanındakı uşaq elə deyir..."

Donub qalmış, bir anlıq deməyə söz tapa bilməmişdin.

"Ayşə təkidlə bu kompası, Camalla sənin adını polisə verməyimizi istəyirdi ki, sən çıxıb gəldin. Bizi və Affanı tənha qoydun. Sən burda onun ən yaxın adamıydın . Niyə belə  elədin? Bunun arxasında başqa bir şey vardı? Nə olar, olub-keçəni bizə danış. Özümü boğazına  bıçaq dirənmiş qurban kimi hiss edirəm. Acım içimi qovurur, qorxumsa  tətikdədir həmişə. . "

Oturduğun yerdən qalxdın, gözlərini Səmranın gözlərinə zilləyib:

- Necə belə düşünə bilirsiniz,  belə bir şey necə ağlınızdan keçə bilər başa düşə  bilmirəm. İnanın mən sizdən də pis haldayam. Nəyin necə olduğunu bilmirəm. Camal mənə də zəng edibmiş. Günlərdi Affanla birlikdəydi, bəli. Müvəqqəti evakuasiya olunmuşdu, əgər hücumu görübsə,  deməli qorxusundan ortalığa çıxmayıb.

Bu sözlərinlə həm özünü, həm də onları  sakitləşdirmək istəmişdin.

- Bilirsənmi, o  gözəl üzü gülümsəyirdi. Bir də. . Hələ qanı damcılayırdı.

Qırıq-qırıq gələn səsindən bunları başa düşə bilmişdim.

- Bütün kəlmələrin altında qan var... - hardan xatırlamışdın bunu, yoxsa o söyləmişdi?! Durub-durub  misraları, sevdiyi cümlələri təkrarlayardı. Ən çox da, ölümü xatırladanları. Halbuki, yaşayarkən səndə daha çox bir gün, hardasa öz canına qəsd edəcəyi hissini yaradırdı.

Özünü ələ  almağa çalışıb bunları söyləmişdin:

Əgər bu sizi sakitləşdirəcəksə gedib polisə ifadə verim?! Bu hamımızın acısıdı, sonra peşman olacağınız şeyləri düşünməyin lütfən!

Siqnal səslərinin uğultusu içini titrətmişdi. Səmra əllərindən tutub:

- Ümidsiz, çarəsiz qalmışdıq. Belə bir vəziyyətdə kölgəmizdən belə şübhələnirdik. Bunca  faciədən keçdik, dik durmağa çalışdıq , gəlib bu şəhərə yenildik sözləriylə səni bir daha laxlatmağa çalışmışdı.

Qapı zəngi uzun-uzadı çalanda diksinmiş, ardınca  pəncərədən gələn səsləri ayırd etməklə alt-üst olmuşdun.

O məngənədən canımı qurtarıb özümə gələ bildiyim qarabasmalı günlərin  ardınca yazdıqlarına qayıtdım. Gecə boyunca içimdən axan  çayları bəndləməyə çalışdım. Uzağı yaxın edənləri, itkilərdən  bizdə nələr qaldığını düşündüm. Səni və onu. Daimi və dağıdıcı olanı yəni. Leysanda yaşadıqlarımız, yaşatdıqlarımızı...

Bir daha bu şəhərə dönməmək şərtilə cənuba - yeni qazıntı yerimə gedəcəyəm.

İndicə gün doğacaq.

Özümü  küçələrə vurdum. Yanımda səni ən çox ifadə edən məktubun vardı.

Yay yağışı başlamışdı. Bir sən, bir mən, bir də "Sabri" yola çıxırdıq.

Tanpınarı niyə sevdiyindən danışırdın...

Tərcümə etdi: Aytən Təhmasib

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.