Azərbaycanda kənd təsərrüfatında innovativ yanaşmalar genişlənir. Ölkədə əvvəllər rast gəlinməyən qaragilə, dekapon, kinkan, quayava, payız zeytunu kimi meyvə və giləmeyvələr artıq becərilir. Onların bir çoxu sağlamlıq üçün faydalı olmaqla yanaşı, yüksək ixrac potensialına da malikdir.
Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumata əsasən, 2025-ci ildən etibarən ilk dəfə intensiv mavigilə (qaragilə) bağlarının salınması dövlət tərəfindən subsidiyalaşdırılacaq. Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı, Lənkəran-Astara və Quba-Xaçmaz iqtisadi rayonlarında hər hektar əkin sahəsinə 15 min manat birdəfəlik subsidiya ayrılacaq. Şərtlərə əsasən, hər hektarda azı 3.400 ting əkilməli, sahə damcı suvarma sistemi ilə təchiz olunmalıdır.
Eyni zamanda, Lənkəran və Astara rayonlarında dekapon və kinkan kimi sitrus meyvələrinin becərilməsi genişlənir. Masallıda berqamot, Balakəndə isə yapon iydəsi kimi ekzotik növlər yetişdirilir. AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində quayava meyvəsinin yerli şəraitə uyğunlaşdırılması istiqamətində uğurlu nəticələr əldə olunub. Yeni iqlimə davamlı pomidor və lavanda sortları da fermerlərin marağına səbəb olub.
Kənd təsərrüfatında məhsul çeşidlərinin artırılması və ixracyönümlü meyvələrin yetişdirilməsi, regionlarda sahibkarlığın və məşğulluğun inkişafına təkan verir.
Aysel Əkbər
Milli.Az