Mədəniyyət

Əsası Azərbaycanda qoyulan Gürcüstan kinosu - ilk gürcü rejissorun Bakıda çəkdiyi 14 film tapılmır - VİDEO - FOTO

22 May 2022 09:30
Baxış: 1 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan kinosunun yaranma tarixi 1908-ci il mayın 15-dən başlayır. Bu il 114 illiyini qeyd edən Gürcüstan kinematoqrafiyasının banisi Vasil Amaşukeli, yaranma məkanı isə Bakı şəhəridir.

Milli.Az bildirir ki, report "Bakı doğumlu" Gürcüstan kinosunun yaranma tarixi və gürcü kinorejissorun Azərbaycandakı fəaliyyəti ilə bağlı araşdırma aparıb.

Bakıya dəvət, şəhərin ən yaxşı kinomexaniki

V.Amaşukeli 1886-cı ildə Kutaisi şəhərində anadan olub. O, 1902-ci ildə operatorluq sənətinə yiyələnmək üçün Moskvaya təhsil almağa yollanır. 1907-ci ildə 21 yaşında olarkən Bakıya köçür. Həmin dövrdə qardaşı Mamuka gürcü dram teatrında çalışırdı. Teatrın rəhbəri Kote Mesxi o zaman Bakıda "Elektrobioqraf" adlı kinoteatr açır və V.Amaşukelini mexanik işləməyə dəvət edir. Gürcü gənc Bakıda ən yaxşı kinomexanik kimi tanınır.

O, Bakıda qısa süjetlər lentə almağa başlayır və onları kinoteartda əcnəbi filmlərin seansları arasında nümayiş etdirirdi. V.Amaşukeli çəkiliş üçün lentləri Bakıda "Ələddin" adlı texniki kontordan əldə edirmiş. "Dəvələrlə kömürün daşınması", "Bakı bazarlarının tipləri", "Gəminin limana daxil olması" və digər qısa filmlər o zaman Bakıda tamaşaçılar arasında böyük uğur qazana bilmişdi.

V.Amaşukelinin Bakıda qələmə aldığı və Gürcüstanın Milli Arxivində saxlanılan xatirələrindən:

"1907-ci ildə Bakıda Kote Mesxinin rəhbərlik etdiyi gürcü cəmiyyətlərinin yığıncağında həftədə bir dəfə gürcü tamaşaları təqdim olunurdu. Boş vaxtlarda kinolar nümayiş etdirirdik. Filmi Efemiya Mesxinin həyat yoldaşı, tanınmış pedaqoq Qepner hazırlayırdı. Avadanlıq xarici "Qomon" firmasının idi. Qepnerin də kino çəkməsi üçün "Qomon" firmasının aparatı var idi. O, məni öyrədirdi və mən sənətə yaxşı yiyələndim. Hərdənbir Bakıda neft hasilatı, Bakı xronikaları mövzusunda qısa çəkilişlər aparırdıq və kinoteatrda nümayiş etdirirdik.

Qeyd etmək lazımdır ki, Kote və onun kürəkəni Qepnerin kino işi digərləri ilə müqayisədə daha çox mədəniyyətə aid idi və ən çox xaricdən gətirilən elmi - astronomiya, tibb, texnika və s. aid ekran əsərləri nümayiş etdirilirdi".

Niyə məhz 15 may 1908-ci il?

15 may 1908-ci il tarixinin gürcü kinosunun "doğum günü" hesab edilməsi ilə bağlı iki fərqli versiya var. Bir məlumatın istinad edildiyi mənbə Bakıda tipoqrafiyaların birinin direktoru Noe Ramişvilinin V.Amaşukeliyə ünvanladığı məktubdur. 15 may 1908-ci il tarixli həmin məktubda operatordan tipoqrafiya işçilərinin kinoseanslara ödənişsiz buraxılmasına icazə istənilib.

Digər məlumata əsasən isə V.Amaşukeli ilk sənədli kadrlardan ibarət materialı Bakı mesenatının dəstəyi ilə lentə alıb. Həmin materialın premyerasının 1908-ci ilin mayın 15-də baş tutduğu bildirilir. Məhz bu premyera günü gürcü kinosunun yaranma tarixi kimi qəbul olunub. Xeyriyyəçinin kimliyi barədə isə arxivlərdə hər hansı bir məlumata rast gəlinmir.

Gürcüstan kinosunun yaranma tarixinə aid bəzi materiallar ölkənin İncəsənət Sarayında saxlanılır. Sarayın Afişalar fondunun mühafizi, kinoşünas Qvantsa Kupraşvili "Report"a müsahibəsində tarixi faktlar barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, 1896-cı ildə Lümyer qardaşlarının filminin ("Qatarın dəmiryol stansiyasına daxil olması" - red.) Gürcüstandakı ilk nümayişindən sonra V.Amaşukeli kino sənətinə vurulur, Moskvada rəssamlıqla yanaşı kinomexaniklik sənətinə də yiyələnir və bu sahədə çalışmağa başlayır:

"O, 1906-cı ildə Gürcüstana dönür, lakin o dövrdə ölkədə kino inkişaf etməmişdi. Qardaşı Mamuka o zamanlar Bakıda yaşayırdı. Orada Kote Mesxinin rəhbərlik etdiyi gürcü teatr truppası fəaliyyət göstərirdi. Qardaşı V.Amaşukelini Bakıya dəvət edir. O, Bakıda texnikuma qəbul olunur, axşamlar kinomexanik kimi çalışırdı. Kote Mesxinin kürəkəni İvan Qepner Bakıda Gürcü Maarif Cəmiyyətində kinoteatr açır, burada əsasən aşağı keyfiyyətli əcnəbi filmlər nümayiş etdirilirdi. V.Amaşukeli və İ.Qepner bir yerdə film çəkməyə qərar verirlər. Bu məqsədlə onlar Moskvaya gedib "Qomon" aparatı alırlar və 6 ay ərzində bu aparatla çəkiliş aparmaq texnikasına yiyələnirlər. Bakıya dönəndən sonra V.Amaşukeli qısa tammetrajlı sənədli filmlər lentə almağa başlayır. Onun "Gürcü Maarif Cəmiyyəti üzvlərinin Xəzər dənizi sahilində gəzintisi" adlı ilk sənədli filmi bədii məna daşıyırdı. V.Amaşukeli cəmiyyət üzvlərinə müraciətində demişdi: "Bu axşam özünüzü ekranda görmək istəyirsinizsə, sahil boyunda gəzməyə çıxın". Sahilə insanların axını oldu və kadrlar çəkildi, montaj olundu və həqiqətən də sahildə gəzintiyə çıxanlar axşam özlərini ekranda görmüş oldular. Bu filmin ardınca bir sıra tammetrajlı sənədli filmlər - "Bakı mənzərələri", "Bakı neft quyusunda iş" və digərləri çəkildi".

Bir ildə çəkilən, günümüzə qədər gəlib çıxmayan 14 film

Kinoşünas V.Amaşukelinin Bakıda 1908-1909-cu illərdə ümumilikdə 14 film lentə aldığını bildirib: "Lakin təəssüflər olsun ki, onların heç biri günümüzə qədər gəlib çatmayıb. Filmlərə aid bir kadrın mövcud olduğu və Gürcüstanın Milli Arxivinin onu əldə etməsinə dair müəyyən məlumatlar olsa da, araşdırma və tədqiqata ehtiyac var. V.Amaşukelinin Bakıda çəkilən fotoşəkilləri də qalmayıb. Bəlkə də şəxsi kolleksiyaçılarda hansısa fotolar və kadrlar var".

Müsahibimizin təqdim etdiyi siyahıya əsasən filmlərin adları aşağıdakı kimidir:

1. "Gürcü Maarif Cəmiyyəti üzvlərinin Xəzər dənizi sahilində gəzintisi"

2. "Gürcü səhnə xadimləri: Efemiya Mesxi, Kote Mesxi və digərləri şəhər parkında"

3. "Ramişvili tipoqrafiyasının işçiləri" (1908)

4. "Kapitan S.Esadzenin başçılığı altında Qunib alayının paradı" (1909)

5. "Neft quyularında iş"

6. "Dəvələrlə kömürün daşınması"

7. "Gəminin "Qafqaz Merkuri"yə daxil olması"

8. "Bakı şəhərinin mənzərələri"

9. "Xəzər sahili"

10. "Bakı bazarlarının tipləri"

11. "Lülə kabab satıcısı"

12. "Müsəlmanların bayramı"

13. "Xəzər sahilində balıqçılar"

14. "Küçə ilə addımlayan hərbçilər"

İlk gürcü rejissor-dokumentalist olan, Gürcüstan SSR-in Xalq artisti (1974) V.Amaşukelinin yaradıcılığının Bakı dövrü 1910-cu ildə başa çatır. O, həmin ildə Kutaisiyə "Radium" kinoteatrında işə dəvət olunur. Kinorejissor doğma şəhərdə 1910-1914-cü illər arasında təxminən 17 film çəkir. Onların arasında ən əhəmiyyətlisi "Akaki Tseretelinin Raça-Leçxumiyə səyahəti" filmidir. Bu sənədli ekran əsəri V.Amaşukelinin yeganə tammetrajlı filmidir və onun dünyada ilk tammetrajlı sənədli film olması barədə məlumatlar da var. Böyük gürcü şairin Raça-Leçxumi bölgəsinə səfərindən bəhs edən filmin lentinin uzunluğu 1 500 metr olub, bu günədək təxminən 400 metri qorunub saxlanılıb.

A.Tsereteli həmin film haqqında V.Amaşukeliyə minnətdarlığını bu sözlərlə ifadə etmişdi: "Filmə görə çox sağ ol, gənc oğlan. Perxulini (Raça rəqsi - red.) çəkməklə siz məni xoşbəxt etdiniz. Bu, köhnə Raça perxulisidir. Yaxşı çəkilib. Film gələcək nəsillər üçün qalacaq". Gürcü şairə xalq sevgisi, Gürcüstanın həyat tərzi və adət-ənənələrini əks etdirən "Akaki Tseretelinin Raça-Leçxumiyə səyahəti" filmi Gürcüstan kinematoqrafiyasında dəyərli yer tutur.

1914-cü ildən sonra V.Amaşukelinin kinodakı fəaliyyətinə dair məlumata rast gəlinmir.

Kinorejissor "Radium" kinoteatrında 1922-ci ilədək çalışır və qısa filmlər çəkir. Daha sonra müxtəlif fabriklərdə elektrik kimi işləyir. O, 1915-ci ildə Ana Marcanaişvili adlı xanımla evlənir. Övladları olmayan cütlük qohumlarının 2 qız uşağını övladlığa götürür.

Kino xadimi 1977-ci ildə 91 yaşında vəfat edib və Kutaisidə dəfn olunub. Gürcü kinosunun 105 illiyinin qeyd olunduğu 2013-cü ilin mayında onun Kutaisidə "Sakartvelo" kinoteatrının yaxınlığında heykəli ucaldılıb. 2014-cü ildə abidənin bir hissəsi - kinoaparat oğurlanıb, 2016-cı ildə heykəl bərpa olunub.

Azərbaycan arxivlərinə ümid

Q.Kupraşvili V.Amaşukelinin Bakıdakı yaradıcılıq işlərinin araşdırılmasına böyük ehtiyacın olduğunu dilə gətirib. O ümid edir ki, Gürcüstan kinosunun əsasını qoyan görkəmli xadimin Bakıda çəkdiyi filmlərlə bağlı əhəmiyyətli materiallar Azərbaycan arxivlərində saxlanılır. Bu materialların araşdırılması və üzə çıxarılması üçün isə Gürcüstan və Azərbaycanın dövlət kino-foto sənədləri arxivlərinin birgə fəal iş aparması tələb olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.