Dünya

Yerin ən böyük adası ilə bağlı mühüm kəşf: Qrenlandiya hərəkət edir və formasını dəyişir

19 Oktyabr 2025 12:54
Baxış: 315
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son onilliklərdə baş verən iqlim dəyişikliyi nəticəsində buzlaqların əriməsi Yer kürəsinin ən böyük adası olan Qrenlandiyanın həm mövqeyinə, həm də formasına təsir edib.

Milli.Az xəbər verir ki, alimlərin apardığı yeni tədqiqatlar Qrenlandiyanın hər il təxminən 2 santimetr sürətlə şimal-qərb istiqamətində hərəkət etdiyini ortaya çıxarıb.

"IFLScience" nəşrinin yaydığı məlumata görə, bu prosesin kökləri 20 min il əvvəl başa çatan son Buz dövrünə gedib çıxır. Həmin dövrdən etibarən buz örtüyünün tədricən əriməsi yer səthinə olan təzyiqi azaltdığı üçün Qrenlandiyanın altında yerləşən tektonik plitələr və dərin süxurlar deformasiya olunmağa başlayıb. Bu dəyişiklik adanın bəzi bölgələrinin kiçilməsinə, digərlərinin isə genişlənməsinə səbəb olub.

Danimarka Texniki Universiteti və NASA-nın Reaktiv Hərəkət Laboratoriyasından tədqiqatçı Danial Lonqfors Berq bildirib:

"Ümumilikdə Qrenlandiya bir qədər kiçilir, lakin bu tendensiya gələcəkdə dəyişə bilər. Hazırda sürətlə artan ərimə prosesi adanın həm formasını, həm də hərəkət trayektoriyasını dəyişə bilər".

O, həmçinin qeyd edib ki, buz örtüyünün çəkisinin azalması nəticəsində yer səthində yüngül qalxma müşahidə olunur. Bu dəyişikliklər, həm də adanın eyni vaxtda sıxılması və yerdəyişməsi ilə müşayiət olunur.

Berqin sözlərinə görə, bu dəyişiklikləri yüksək dəqiqliklə ölçmək üçün alimlər Qrenlandiya sahillərində yerləşdirilmiş 58 GPS stansiyasından əldə olunan məlumatları təhlil ediblər. Bu cihazlar vasitəsilə adanın mövqeyindəki dəyişikliklər, süxurların hündürlüyü və zamanla yerin necə deformasiyaya uğradığı dəqiqliklə izlənilib.

Toplanan nəticələr Qrenlandiyanın təkcə buzla örtülü bir ada olmadığını, həm də iqlim dəyişikliyinə dinamik reaksiya verən geoloji bir sistem olduğunu sübut edir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.