Kriminal

Bakıda bir ailədə 4 nəfər qurğuşunla zəhərlənib öldürüldü - ŞOK TƏFƏRRÜATLAR - FOTO

3 Noyabr 2014 09:41
0 Şərh     Baxış: 2 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aidə və Samirə Yəhyayevaların ölümündə təqsirli bilinərək ən yüksək cəzaya məhkum edilən dustağın prezidentə məktubu "Yeni Müsavat"da...

Bakıda iki nəfəri zəhərləyərək öldürməkdə təqsirli bilinən Astara sakini, 59 yaşlı Aydın Qəhrəmanovun məhkəməsi başa çatıb. Oktyabrın 20-də keçirilən son prosesin yekununda Bakı Ağır Cinayətlər Məhkəməsi A.Qəhrəmanova ömürlük həbs cəzası verib. A.Qəhrəmanov qeyri-rəsmi nikahda yaşadığı, Bakı sakini Aidə Yəhyayeva və onun qardaşı qızı Samirəni qurğuşunla zəhərləyib öldürməkdə təqsirləndirilib.

A.Qəhrəmanov ona elan olunmuş ittihamlarla razılaşmayıb. O, heç kimi öldürmədiyini, əksinə, hər iki mərhumun, hətta onun özünün də qurğuşun tozu ilə zəhərləndirildiyini bildirib. Ömürlük məhbus və bacısı Sakitə Qəhrəmanova prezident İlham Əliyevə yazdığı məktubların bir surətini "Yeni Müsavat"a göndəriblər.

Məhbus prezidentə müraciətində yazır: "Mənim üç övladım var. İkisi tələbə, biri məktəblidir. 2006-cı ildə Aidə Yəhyayeva ilə şərikli 4-otaqlı ev tikdirmişik. Məqsəd təmirdən sonra evi satıb ayrı-ayrı mənzil almaq olub.

2008-ci ilin sentyabrında məndə bərk ağrılar və hərəkətsizlik müşahidə olundu. İki gün sonra eyni hallar Aidədə də baş verdi. Vəziyyətim günbəgün ağırlaşdı, saçlarım töküldü. Bir müddət qohumlarımın səyi ilə plazmafarez olunub düzəldim. Aidə ilə birlikdə yaşayan qardaşı qızı Samirənin də halı pisləşdi.  2008-ci il oktyabrın 14-də Samirə vəfat etdi. Yoldaşımla birlikdə Əfəndiyev adına xəstəxanaya Aidəyə ziyarətə getdik. Aidə vəziyyətinin ağır olduğunu deyərək mənzili satmaq üçün mənə etibarnamə verməyi təklif etdi. Oktyabrın 16-da etibarnamə imzalandı. Ayın 21-də isə Aidə dünyasını dəyişdi".

Bu iki müəmmalı ölümdən sonra Yasamal rayon prokurorluğu işi tibbi ekspertizaya göndərib və Aidənin ölümünə səbəb 17, 55 mq qurğuşun tozu orqanizminə keçdiyi müəyyən edilib. Ömürlük məhbus qeyd edir: "Samirənin də eyni səbəbdən öldüyü aşkar olundu.

Məndə isə qurğuşun 15,2 mq miqdarda çıxdı. Aidə ölümündən əvvəl mənə dedi ki, bizi bacısı İndira zəhərləyib. Bizdən əvvəl də İndira qardaşı Mustafa Yəhyayevi və onun oğlu Cavidi eyni şəkildə zəhərləyib öldürüb. Məqsəd onların mülkünü ələ keçirməkdir ki, buna da nail olub.
Eynilə bizi də - Aidə və mənim şərikli tikdirdiyim evi mənimsəmək arzusu ilə zəhərləyib. Ancaq Mustafa və Cavidi öldürənin kimliyi istintaq tərəfindən müəyyən edilməyib. Odur ki, mən 2008-ci ildən başlayaraq 4 illik şikayətlərdən sonra nəhayət baş prokuror Zakir Qaralovun qəbulunda oldum".

A.Qəhrəmanov bildirir ki, Zakir Qaralov işi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə tapşırıb və 2012-ci il oktyabrın 15-dən araşdırma başlanıb: "Lakin müstəntiq Qurban Səfərov qeyri-obyektiv istintaq apardı. Hətta məni günahkar çıxardı ki, orqanizmimdə aşkar edilən qurğuşunun 15, 2 miqdarda olması normadır. Eyni motivlə zəhərlənən 5 nəfərdən 4-ü öldüyü və bir tək mən sağ qaldığım üçün istintaq əsl müqəssiri tapa bilməyib, belə qənaətə gəldi ki, cinayətkar mənəm. Təsəvvür edin ki, mən şikayət edib, əsl günahkarın tapılması üçün prokurorluğa müraciət edirəm, özümü qatil çıxarırlar. Əgər Aidə və Samirəni zəhərləyib öldürmüş olsaydım, işin açılması üçün niyə şikayət edirdim?"

A.Qəhrəmanov daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarova yazılı ifadəsində bu sualları ünvanlayıb: "Məni zəhərləyən, Aidə və Samirənin ölümünə səbəb olanın tapılması üçün müvafiq orqanlara müraciət etmişəm. Əgər bu şəxsləri zəhərləyib öldürmək niyyətim olsaydı, niyə baş prokurora bu işlə bağlı teleqram vururdum ki? Aidəni, Samirəni və məni zəhərləyənlər bunu tamah məqsədi ilə ediblər.

Onlar da Aidənin bacıları İndira və Nazilə Yəhyayevadır. Bu iki bacı mənim Aidə ilə birlikdə olmağıma qarşı çıxırdılar. Aidə ilə ev təmir edib satmaq istəyəndə, bizi aradan götürüb mənzilə sahiblənmək istədilər. Yalançı şahidlərin dediyinə görə, mənzilin pulunu guya Nazilə Aidəyə veribmiş. İttiham aktının 29-cu səhifəsində isə yazılır ki, Nazilə Yəhyayeva Türkiyənin Afyon şəhərində yaşayır, orada ticarətlə məşğuldur, xalça, avtomobil yumaq işinə baxır. Bu işlərdən Nazilə nə qədər qazanır ki, 70 min manata ev alsın?" 

Ömürlük məhbus əlavə edib ki, Yasamal Rayon Prokurorluğunun səyi ilə saç və dırnağından nümunələr götürülüb: "Bu nümunələrdə 15, 2 mq qurğuşun aşkar olunub. Əgər "ekspertlərin" dediyi kimi, bu miqdar insan orqanizminə çirkli hava, meyvə-tərəvəz vasitəsi ilə keçirsə, o məntiqlə Azərbaycan xalqı kütləvi şəkildə tələf olmalıdır.

Aidənin ekspert rəyini nəzərə alsaq, tükün məhkəmə-kimyəvi tədqiqatı nəticəsində metallar arasında qurğuşunun orqanizmin normal fizioloji tutumundan artıq olduğunu görərik. Yəni 17, 55 mq qurğuşun tapılıb ki, bu da ölümünə səbəb olub.

Ölümə səbəb olduğu deyilən "Finlepsin" praparatına gəlincə, bəli, Samirəyə bu dərmanı mən vermişəm. Onda özündəngetmə və qıcolma halları baş verirdi. Mən də aptekdən onların öz istəyi ilə bu dərmanı alırdım.

Məgər dərman alıb vermək qəbahətdir? Əgər bu dərmanla insan zəhərləyib öldürmək niyyətim olsaydı, bunu Samirəyə niyə, məntiqlə Aidəyə alıb içirdərdim. İkincisi, 8 tableti ona zorla necə içirə bilərəm ki, bunu heç kəs görməyib?!

O qızın mülk işində heç bir iştirakı olmayıb. Sadəcə, İndira və Nazilə ortada şahid qalmasın deyə onu da aradan götürüblər. Hazırda Nazilə Türkiyədə işlətdiyi cinayətə görə həbsdə saxlanır. İndira isə evi mənimsəyib".

Məhkumun bacısı Sakitə Qəhrəmanova da bildirir ki, Yasamal Rayon Prokurorluğu bu işdən əvvəl zəhərlənib ölən Mustafa və Cavidin meyitlərini eksqumasiya edib. Tibbi ekspertiza hər ikisinin sümüklərində normadan artıq qurğuşun duzu, digər ağır metal birləşmələr tapıb.

"Müstəntiq Qurban Səfərov İndira və Nazilə bacıları ilə iş birliyinə girib. Müstəntiq tibbi ekspertizanın 2008-ci ildəki cavablarına əhəmiyyət vermədən yeni analizlər tapır, hədə-qorxu ilə şahid izahatları alaraq işə tikir.  Əgər qardaşım cinayətkar olsaydı, Zakir Qaralovun qəbulunda hər şeyi danışmağa risk etməzdi".

S.Qəhrəmaova qardaşının övladlarının ali təhsil aldığını yazaraq prezidentdən imdad diləyir: "Sizdən xahiş edirəm ki, bu özbaşınalığa görə bir ailənin məhvinə imkan verməyəsiniz".

Məhkəmə materiallarında göstərilir ki, şahid qismində ifadə verən Təranə Eyyubova 52 saylı orta məktəbdə müəllim işləyib. O, mərhumə Samirənin sinif rəhbəri olub və onun ağıllı, əlaçı şagird olduğunu bildirib. Yasamal Rayon Polis İdarəsi 29-cu bölməsinin təhqiqatçısı Valeh Nəbiyev isə deyib ki, 2007-ci ildə bölməyə İndiranın şikayəti daxil olub, şikayətlə bağlı təhqiqat araşdırılması aparılıb: "İndira ilə Aidə yola getmirdilər. Şikayət edəndən sonra Aidəni bölməyə çağırdıq. O, Aydın Qəhrəmanovla birlikdə gəlmişdi. İki bacı bölmədə də dalaşırdılar. İndira Aidədən şikayətçi idi, Aydın Qəhrəmanovun evə gəlməməsini istəyirdi. Bununla bağlı araşdırma apardıq. Həmin vaxt İndira günahkar bilindi. Onun barəsində toplanan materiallara Yasamal Rayon Məhkəməsində baxıldı. Məhkəmə İndiranı cəzalandırdı".

4 saylı xəstəxananın həkimi Şöhrət Talıbovun sözlərinə görə, A.Qəhrəmanov xəstəxanada müalicə alıb. Həkimin bildirdiyinə görə, A.Qəhrəmanov "Finlepsin" dərmanından özü də istifadə edib: "Bu, ən çox istifadə olunan dərmandır. Həkim resepti ilə xəstələr həmin dərmanı aptekdən alırlar. "Finlepsin" əsəbləri sakitləşdirir, artıq dərəcədə istifadə edəndə zəhərlənmə ilə nəticələnir".

Qeyd edək ki, ömürlük məhkum 2013-cü il avqustun 27-də həbs edilib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.