"Koronavirusa yoluxanların sayında artım var. Yəqin ki, karantin rejimi yenidən sərtləşdiriləcək".
Bunu Milli.Az-a açıqlamasında ATU-nun Tədris Cərrahiyyə Klinikasının Yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişiyev deyib.
Şöbə müdiri bildirib ki, bayramdan əvvəl yenidən müəyyən qədər sərtləşdirmə tədbirləri görülə bilər:
"Baxmayaraq ki, insanlar arasında vaksinasiya işi gedir, son vaxtlar profilaktik tədbirlərin yerinə yetirilməsində müəyyən qədər çatışmazlıqlara yol verildi. Eləcə də, məktəblərin, universitetlərin açılması sərnişin avtobuslarında sıxlıq yaratdı və bu, xəstəliyin yenidən alovlanmasına, xəstələrin yenidən artmasına gətirib çıxardı. Əgər bu tendensiya belə davam etsə və bunlarla bərabər Novruz bayramı ərəfəsində də insanlarda sərbəstlik, kütləvi toplaşmalar olsa, COVİD-ə yoluxanların sayı daha çox arta bilər ki, bu da ölüm faizinin yüksək olmasına gətirib çıxara bilər. Güman edirəm ki, bu tendensiya davam etsə, bayramqabağı yenidən müəyyən qədər sərtləşdirmə tədbirləri görülə bilər".
Təhməz Əsədov
Milli.Az