Ölkə

"Bu, fantastikadır" - 27 illik Vətən həsrəti bitən Xalq artisti

21 Noyabr 2020 11:30
Baxış: 2 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mənim doğulduğum torpaq, bu səsi qazandığım torpaq, 19 yaşıma kimi üzərində gəzdiyim torpaq artıq bizə qovuşdu".

Bunu Milli.Az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.

Xalq artisti bildirib ki, bu gün heç vaxt yaddan çıxmayacaq:

"30 illik həsrətimiz bitdi. Bundan böyük sevinc, bundan böyük xoşbəxtlik hissi ola bilməz. Bütün xalqımızın gözü aydın olsun. Ali Baş Komandanımızı təbrik edirəm. Həqiqətən, Ağdamın işğaldan azad edilməsi böyük bir qələbədir. Ağdam Qarabağda bir dayaq nöqtəsi idi. Ağdam böyük bir mədəniyyət mərkəzi idi, onlarla böyük sənətkar yetişdirən, böyük alimlər, ziyalılar, hüquqşünaslar, jurnalistlər, həkimlər yetişdirən bir bölgə idi. Ağdam hər zaman çal-çağırlı olub, hər zaman böyük tədbirlərə, böyük festivallara, müsaqibələrə ev sahibliyi edib. Ağdam həqiqətən bir mərkəz olub. Bu rayonun Ordumuz tərəfindən təhvil alınması, cənab prezidentimiz tərəfindən elan olunması... Bilirsiniz, bu elə bir gündür ki, bu gün heç vaxt yaddan çıxmayacaq. Əsas məsələ bilirsiniz nədir?! İşğal günlərini 30 ildir hər gün xatrlayırdıq e, xalq olaraq bezmişdik, çərləmişdik. Çünki yaxşı günlər deyildi axı. Baxın, cənab Prezident bizə görün nəyi bəxş etdi?! O qara təqvimləri günləri bayram günləri əvəz edəcək artıq. Ali baş Komandanımız, Milli Ordumuz, şəhidlərimizin ruhu bizə bunu yaşatdı. Artıq biz işğal günlərini yox, torpaqlarımızın işğaldan azad olunması günlərini qeyd edəcəyik. Artıq bizim bayramlarımızın sayı çoxaldı. Düşünürəm ki, rayonlarımızın işğaldan azad edildiyi günlər o rayonların ad günü olacaq". 

Məşhur xanəndə onu da qeyd edib ki, Qarabağ bütün Azərbaycan xalqı üçün müqəddəs bir qibləgah oldu:

"Qarabağ xalqı bir yumruq kimi birləşdirdi. Qarabağ bütün Azərbaycan xalqı üçün müqəddəs bir qibləgah oldu. Çünki ora Azərbaycanın bütün ucqar kəndlərindən, rayonlarımızdan tutmuş şəhərlərimizə kimi igid oğullarımızın, şəhidlərimizin qanı töküldü və ora hər bir insan üçün müqəddəs oldu. Bundan sonra biz o torpağın qədrini yüz qat biləcəyik. Çünki o həqiqətən də bizim dədə-baba torpağımızdır, başı bəlalı idi ki, mənfur düşmənlərimizdən təmizlədik o torpağı. Xalqımız bu gün xoşbəxtdir, sözün əsl mənasında. Allah bu birliyi bizə çox görməsin. Allah Ai baş Komandanımızı qorusun ki, həqiqətən onun apardığı həm daxili-xarici siyasət, həm ordu quruculuğu, həm dövlətin quruculuğu - elə bir siyasət yeritdi ki, 44 gün ərzində biz qələbəni əldə etdik. Bu, fantastikadır! Azərbaycanın igid oğullarının nəyə qadir olduğunu bütün dünya gördü. Mən bir daha xalqımızı təbrik edirəm, gözaydınlığı verirəm".

Xatırladaq ki, Ağdam rayonu Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq bir güllə atılmadan, qan tökülmədən 20 noyabrda Azərbaycana təhvil verildi.

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.