Ölkə

Kəsimə verilən "Qarabağ" atları Zooparkda balaladı

2 İyul 2020 20:06
Baxış: 1 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heyvanların bir çoxu zooparkdan müvəqqəti köçürüldüyü müddətdə bala verib.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakı Zooloji Parkının direktoru Azər Hüseynov deyib. Onun sözlərinə görə, Zooloji Park üçün çox nadir olan hadisələrdən biri də Qarabağ atlarındakı artım olub:

"Dekabr ayında bir şir balası almışıq. Həmin ərəfələrdə meymunlar da bala verib. Bundan əlavə bu il 5 baş canavar, 6 baş dəvəquşu balası olub. Martda isə Qarabağ atlarından bir baş bala almışıq. Zoopark üçün bu çox nadir hadisədir. Həmin heyvanlar yararsız adı ilə Zooloji parka verilmişdi, ancaq biz onları saxladıq və bala aldıq".

A.Hüsenov əlavə edib ki, pandemiya dövründə heyvanlar tibbi qaydalara riayət edilərək bəslənilir:

"Xoşbəxtlikdən Zooparkdakı heyvanlarda koronavirus əlamətləri bu günəcən aşkarlanmayıb. Ümumiyyətlə, bütün qaydalara riayət olunur, heyvanlardan əlavə işçi heyətin də sağlamlığı lazımı səviyyədə qorunur. Belə ki, məhdud sayda işçilər işə çıxır, insanlarla heyvanlar arasında təmas maksimum dərəcədə azaldılıb. Hazırda 40 nəfər heyətlə çalışırıq, sərt karantin günlərində isə yalnız heyvanları yemləyən şəxslər işə çıxırlar".

Direktor qeyd edib ki, heyvanların saxlanıldığı ərazi həftədə bir, yaxud iki dəfə dezinfeksiya olunur.

Qeyd edək ki, ötən ilin əvvəllərindən fəaliyyəti müvəqqəti dayandırılan Bakı Zooparkında yenidənqurma və genişləndirmə işləri aparılır. Hazırda parkın ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 hektar olacaq. Heyvanlar isə müvəqqəti olaraq Qaradağ rayonuna köçürülüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.