Ölkə

Fərid Novruzi Bakıya qayıtdı - Qarşıda onu dünya səyahətinin ikinci mərhələsi gözləyir - VİDEO - FOTO

30 May 2020 14:55
Baxış: 1 683

Yanvarın 30-da azərbaycanlı iş adamı və səyyah Fərid Novruzi 180 gün davam edəcək və heç bir hava nəqliyyatından istifadə olunmadan həyata keçiriləcək dünya səyahətinə yollanmışdır.

Dünyanı bürümüş Koronavirus pandemiyasına baxmayaraq Fərid Novruzi dünya səyahətini dayandırmamış və artıq Kolumbiya, Ekvador, Peru, Pasxa adası, Taiti, Kuk adaları, Yeni Zelandiya, Avstraliya və Okeaniyaya səfər etmiş, oradan dəniz layneri ilə Marselə yola düşmüşdür. Fransanın bu liman şəhərinin dünya səyahətinin birinci mərhələsinin sonuncu məntəqəsi olacağı gözlənilirdi, ancaq hər bir səyahət özündə müəyyən bir gözlənilməzlik elementi daşıyır - bu halda isə tam gözlənilməzlik baş verdi: sərhədlərin bağlanması, ölkələrdə tətbiq olunan karantin rejimi və buna müvafiq olaraq, faktiki hərəkət məhdudiyyəti.

Dünyadakı vəziyət səyyahın Vətənə qayıtmasına da təsirini göstərmişdir - doğma Azərbaycana qayıdarkən onun üzləşdiyi problemlər və çətinliklərlə bu məqalədə tanış ola bilərsiniz.

Karantin Avropanı bağlamış və burada xüsusilə də, xarici vətəndaşlar üçün  hərəkət olduqca çətin və praktiki olaraq mümkünsüz hala gəlmişdir. Lakin F.Novruzi nisbətən qısa müddətdə Bakıya qayıda bilmişdir. Bu, onun Anar adlı izləyicisinin orijinal ideyası sayəsində mümkün olmuşdur.

İdeya yük avtomobili almaq və Bakıya onunla gəlməkdən ibarət idi.  Belə ki, pandemiya dövründə yalnız Avropada deyil, eləcə də  bütün dünyada yalnız yük avtomobilləri və onların sürücüləri müvafiq sənədlər əsasında heç bir məhdudiyyət tətbiq olunmadan hərəkət edə bilər.

Səyyah bu təklif haqqında çok düşünməmişdir. O, yaxın zamanda Azərbaycana qayıtmaq üçün başqa variantın olmayacağını anlayaraq, Bakıya yük avtomobilinin sükanı arxasında qayıtmağa qərar vermişdir. Beləcə, bir müddət yük avtomobilinin sürücüsü olmağa məcbur olmuşdur - bu barədə səyyah Facebook sosial şəbəkəsindəki səhifəsində ətraflı məlumat vermişdir.

Vurğulayırıq ki, bu müddət ərzində Fərid Novruzi rəsmi olaraq beynəlxalq nəqliyyat şirkətlərindən birinin sürücüsü olmuşdur.

Marseldən doğma Bakıya doğru maraqlı səyahət çoxsaylı sərhəd və gömrük məntəqələrindən keçidlərlə zəngin, planın hər an pozula biləcəyinə təşvişlə dolu olmuş, doğma ölkəyə varmaqla uğurla başa çatmış, 6200 km məsafəni əhatə etmişdir. Səyyah yük avtomobilinin sükanı arxasında səyahətindən bəhs edərkən qeyd edir ki, bütün ölkələrin qıfıllandığı bir anda, o, "nəhəng dünyada heç kimə lazım olmayan biri kimi Allahın köməyi ilə bir yol tapmış və keçilməz Avropa sərhədlərini aşaraq" evə qayıtmışdır. O, sükan arxasında 5 gün ərzində 5000 km  məsafə qət etmiş, son 3 gün ərzində isə avtobili yuxusuz və istirahətsiz idarə etmişdir.

Səyyah həmçinin vurğulayır ki, onun yolu daha az vaxt apara bilər və müvafiq olaraq da, daha az kilometrə bərabər olardı. Lakin Belarus və Türkiyə öz ərazisindən tranzit avtomobillərinin keçidinə icazə vermir, Rusiya ilə bağlı problemlərdən dolayı isə Ukrayna ərazisindən keçmək mümkün olmamışdır.

Fərid Novruzinin ailəsi ilə görüşünün əks olunduğu video görüntü isə (səyyah doğmalarına sürpriz etmişdir) onun bütün dünyadan olan çoxsaylı izləyicilərini təsirləndirmişdir. Görüşün necə baş verdiyini növbəti keçiddə izləmək mümkündür.

Dünya səyahətinin birinci mərhələsini yekunlaşdıraraq, qeyd etmək istərdik ki, F.Novruzi üç qitəni - Cənubi Amerika (3800 km), Avstraliya və Okeaniya (1050 km), Avropanı (6000 km) geridə qoymuş, iki dəfə Ekvator xəttini keçmiş və dünyanın iki antoqonist guşəsində olmuşdur. Boqotadan (Kolumbiya) Bakıya (Azərbaycan) dayanacaqsız və hava nəqliyyatında istifadə olunmadan baş tutmuş səyahət marşrutu ümumilikdə 42 000 km-ə bərabər olmuşdur.

Başlanğıcı avqust ayına nəzərdə tutulan ikinci mərhələ belə olacaqdır: Asiya (Türkiyə ərazisi boyunca 1200 km), Afrika (Tunis), Şimali Amerika (ABŞ-Nyu York) və Panama Respublikası.

Dünya səyahəti dayandırılmamış və sona çatmamışdır, dünyadakı fövqəladə vəziyyətlə əlaqədar olaraq ona "fasilə verilmişdir". Xatırladaq ki, Fərid Novruzi səyahətini tam olaraq başa vurmadan artıq rəsmi dünya səyahətçisi sertifikatını almışdır. Lakin o, dünya səyahəti ilə bağlı qarşıya qoymuş olduğu çətinləşdirilmiş tapşırıqları hələlik tamamlamışdır - bu səbəbdən, yuxarıda qeyd olunan ikinci mərhələ nəzərdə tutulur.

Qeyd edək ki, mövcud beynəlxalq qaydalara əsasən heç bir hava nəqliyyatından istifadə etmədən bütün meridianlardan keçməklə, minimum 40 000 km məsafənin qət olunduğu səfər dünya səyahəti hesab olunur. Şərtlərdən biri mütləq qaydada səfər müddətində dünyanın iki antonoqonist guşəsində olmaq və ekvatoru iki dəfə keçməkdir. Fərid Novruzi əsas qaydaları çətinləşdirmiş, onlara yalnız 180 günlük vaxt məhdudiyyətini deyil, eləcə də 1000 km-ə qədər məsafənin piyada qət edilməsini əlavə etmişdir. Dünya səyahəti çərçivəsində səyyah dünyanın 6 guşəsinə - Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika, Avstraliyaya və Okeaniyaya səfər edəcəkdir.

Belə bir səyahəti həyata keçirəcək ilk azərbaycanlı məhz Fərid Novruzi olacaqdır.

Bu maraqlı və məlumatlandırıcı səyahəti onlayn qaydada Instagram və Facebook  sosial şəbəkələrində və YouTube videohostinqində izləmək mümkündür.

Dünya səyahətinin əsas tərəfdaşları olaraq, "MyBrands.az", "Pasha Bank", "Mercedes Benz", "Azercell", digər tərəfdaşlar qismində "Triponline" və "Az Insurance" çıxış edir.

Layihə "Vizam.az" şirkətinin və Azərbaycan diasporunun dəstəyi ilə həyata keçirilir.

Dünya səyahətinin məlumat dəstəyi "Day.az", "Trend.az" və "Milli.az" tərəfindən təqdim olunur.

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.