Ölkə

Komitə məcburi köçkün yataqxanalarındakı yanğınlarla bağlı məlumat yaydı

18 Fevral 2020 17:29
0 Şərh     Baxış: 1 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 18-də Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilidə və Neft-Energetika Kollecinin Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən yataqxanasının üçüncü mərtəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Milli.Az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, yanğın barədə məlumat daxil olduqdan Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən tikilidə 7 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı müəyyən edilib. Onlardan 3-ü Laçın, 4-ü Xocalı rayonundan məcburi köçkündür.

Bakı şəhərində Dövlət Komitəsinin balansında olan xüsusi təyinatlı yaşayış sahələrində hazırda boş mənzil olmadığı üçün həmin ailələrə regionlarda mənzil təklif edilib. Eyni zamanda, yanğın baş vermiş tikilidə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Neft-Energetika Kollecinin Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən yataqxanasının üçüncü mərtəbəsində baş vermiş yanğın zamanı Ağdam rayonunun Abdal kəndindən məcburi köçkün Elşən Xəlilovun yaşayış sahəsinə ziyan dəyib. Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olub, yaşayış sahəsinə baxış keçiriblər. Burada qısa müddətdə təmir-bərpa işlərinin aparılması qərara alınıb.

Hər iki yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.