Ölkə

“Konyakın qəlyanaltısı pomada dəyməmiş qız dodağıdır” - VİDEO - FOTO

22 Yanvar 2020 12:40
27 Şərh     Baxış: 5 357

Milli.Az Mili Kulinariya Mərkəzinin rəhbəri, Azərbaycanın əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovun qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Tahir bəy, "Azərbaycan mətbəxində dolma. 381 növ" dünyanın ən yaxşı kulinariya kitabı seçilib. Təbrik edirik.

- Belə bir kitab Ermənistanda çıxsaydı və dünyada birinci olsaydı, nə baş verərdi? Mən kənar, müəlliflərə heç fəxri fərman da verilməyib. Mükafat nöqteyi nəzərdən demirəm. Hər yerdə göstərmək, yaymaq, müxtəlif dillərdə tərcümə etmək lazımdır. Kulinariya və mədəniyyət sahəsində bir abidə olmaqla bərabər, siyasi-iqtisadi əhəmiyyat kəsb edir. Biz heç nə istəmirik, silah vermişik, amma istifadə edə bilmirlər. Biz kitab üçün nələrsə istəmirik. Təkcə arzumuz bütün dünyada yayılmağıdır.

- Azərbaycanda 4 minə yaxın xörək növü müəyyənləşdirilib. Onun elə 381-dən çoxu dolmadır. Amma diqqət yetirsək, bu yeməklərin hamısı tarixi yeməklərdir və uzun müddət bundan əvvəl resepti müəyyənləşəndir. Nədənsə milli- müasir yeməklərə az rast gəlinir.

- Niyə? Kartof içli yeməklər müasir yeməklər sayılır. Bundan əlavə, 16 əsrədək hinduşka yeməkləri yox idi. Daha sonra yayılmağa başladı. Qarğıdalı, pomidor məhsullarından hazırlanan xörəklər də müasirdir. Bir xörəyin yaranması üçün 100-150 il lazımdır. Yemək millət arasında bərkiməlidir, yayılmalıdır və evdəki qız xörəyi özü ilə götürüb ərə getməlidir. O, başqa evdə həmin yeməyi bişirməlidir. Onun nəvəsi də başqa evə... 1 dəqiqəlik olan şeylər deyil. Xörəklər qədim olduğu qədər də müasirdir. Texnologiya qədim olur, təzə gələn ərzaqlarla adaptasiya edib istifadə olunur. Bunların hamısı tarixi proseslərdir və qanunauyğunluqlarla həyata keçirilir. İndi restoran biznesləri də eynidir. Hamısı eyni yeməkləri bişirirlər. Avropadan gələn Bakıda Avropa yeməkləri yemək istəmir. Otellərdə Azərbaycan xörəkləri təqdim olunmur.

Təhsil sistemində xörəklər təhrif olunmuş formada öyrədilir. Bunlar da biznesə təsir göstərir. Məsələn, İçərişəhərdə fəsəli yemək üçün yaxınlaşdım. Mənə blinçik verdi. Deyirəm ki, bu fəsəli deyil! Cavab verir ki, fəsəli belə olur. Məlum olur ki, peşə məktəbində təhsil alarkən nazirliyin təsdiqlənmiş dərs materiallarından istifadə olunub və blinçik tərcümədə fəsəli kimi tədris olunur. Mətbəxin evini yıxırlar. Ortaya sous adlı yemək soxuşdurublar. Sous yeməyə əlavədir. İndi savadsız aşpazlar, savadsız müəllimlər bozartmanı sous etdilər.

- Maraqlıdır, restoranları tənqid edirsiz. Toylara gedəndə nə edirsiz? Çox insan şadlıq saraylarının təqdim etdiyi qidalardan narazıdır.

- Toya gedəndə hər şeyi yeməliyik? Canınıza yazığınız gəlmir? Mən aşpazların az müdaxilə etdiyi yeməkləri yeyirəm. Tərəvəz salatı, kabab və s. ola bilər. Doğranmış ət məhsullarından qidalanmıram. Kəsmikli blinçiki də misal çəkə bilərəm. Blinçik eyni yağda 10-50 dənə bişirilməlidir. 100-ü aşandan sonra insanda xərçəng yaradır. Savadsız aşpaz yağı vaxtlı- vaxtında dəyişmir və insan qidanı qəbul edəndən sonra mədəsində qıcqırma olur. Toydan sonra xüsusi ağırlıq yaranır, 4-6 saatdan sonra qan mədə-bağırsaq sisteminə yaxınlaşır və sakitləşirsən. Özü də axşam vaxtı bu qədər yemək olarmı?

- Son zamanlar hamı dietoloqla çalışır, hamı bir cür pəhriz proqramından istifadə edir.

- 38 min pəhriz proqramı var, yazsınlar. Baxın, hər kəsin bir məcazı var. Biri melanxolikdi, digəri xalkorikdir. İkincisi, gün ərzində çox işləmisiz, metal əridibsiz. Enerji yoxdur, yemək yeməlisiz. Bu, normal prosesdir. Tarixən də insanlarımız gün ərzində nə qədər enerji itirirdisə, bir o qədər də qida qəbul edirdilər. İndi səhər 5-də bir boşqab xaş yemək olar? İki qaşıq yeyib dayandırmalısan. Əgər bir boşqab xaş yeyib kabinetde hərəkət etmədən oturacaqsansa, mədə-bağırsaq xəstəliyi tutacaqsan. Nə qədər itirirsənsə, o qədər də qazanmalısan. Bunları öyrətmək vacibdir. Yeməklərdən ləzzət almaq lazımdır. Bir paxlavadan zövq almayan bir neçəsini yeyir. İbn Sina deyib ki, yeməyi için, suyu çeynəyin. Paxlavanı bütöv udub mədə ağrısından gileylənirlər.

- Yeməkdən zövq almağı tövsiyə etdiz. Bir sual verim. Yeməklə xoşbəxtlik arasında bağ varmı? Yemək yeməklə xoşbəxt olduğunu deyən insanlar var.

- İnsan ana bətnində olarkən birinci qida borusu yaranır. Sonra bunun yanında onurğa sütunu və baş əmələ gəlir. Qida borusu baş beyinə zoğ atır, bədən formalaşır. Beyini də idarə edir. Qida borusundan ürək, böyrəklər və digər orqanlar yaranır. Bununla ləzzət də vermək, zülm də etmək olar. Bir az bərk yemək qəbul edəndə qəbz olursan. Əsəb və qıcıq yaranır, özünü yaxşı hiss etmirsən. Bütün bunların kahinləri aşpazlardır. Biz insanların kefini də aça və korlaya bilərdik. Rəssamlar 7 rənglə, musiqiçilər 7 notla, parfumerlər 7 ətirlə əhvalınızı dəyişirlər. Biz isə 7 rəng, 7 dad, 7 ətir, 7 təmas və 7 səslə təsir göstəririk, şüuru idarə edə bilərik. Əsl hipnozu biz yaradırıq. Amma bu işin mütəxəssisi olmaq lazımdır.

- Sizin fikriniz maraqlıdır, bir zamanlar gündəmi palma yağları tutmuşdu. Qurumlar isə açıqlamasında palma yağının zərərlilər siyahısında olmadığını qeyd etmişdi. Siz nə düşünürsüz?

- Jurnalistlər aləmi qarışdırdı. Bütün beyin xolestrindir. Xolestrin olmasa, beyin nə edəcək? Əlbəttə, testesteron əmələ gəlməyəcək. Qadın və kişidə istək yaranmayacaq, nə evlilik, nə də övlad olacaq. Beləliklə, dünyanın sonu çatacaq. Ona görə də təmiz yağlı yeməklər yemək lazımdır. 1 ton marqarinə 1, yarım kq palma yağı vururlar. Siz heç marqarini düşünmürsüz. 1 kilonu müzakirə edirsiz, 9999 kq zibildən danışmırsız. Əvvəllər dadı gücləndirmək üçün kimyəvi maddələr vururdular. Sonra müəyyən oldu ki, dad gücləndiricilər palma yağında var imiş. Təbii bitkidən gələn yağdır. O yaxşıdır, ya kimyəvi maddə? Hay-küy yaratdılar. Camaat dedi ki, bizi qırırlar. Təbiətdən gələn məhsulun insanlara ziyanı olmaz. Zəhərin də xeyri var. İlan zəhərinin müalicəvi əhəmiyyəti var.

- Hər kəs spirtli içkilərin ziyanlı tərəflərini müzakirə edir. Yəni, bu içki növlərinin heç faydası yoxdur?

- Spirtli içkilərin müalicəvi əhəmiyyəti var. Amma sizə bir şey danışım. Elə xalqlar var ki, 30-50 qramla sərxoş olurlar, 300 qram onları öldürə bilər. Qanlarında spirti bağlayan yuyucu yoxdur. Bizim qanımızda azdır. Rus- Avropa insanlarında isə həmin maddələr çoxdur. Biz içki mövzusunda onlarla yarışa girə bilmərik. Nə vaxt görmüsüz ki, avropalı sərxoş olsun? Onlar bir qədəh şərabı səhərədək damcı-damcı içəcək. Bizimkilər şərab içmir, dağarcığı doldurur. Sonra bir neçə saat sonra şərab tuluğu olur, bununla da fəxr edir.

Bundan başqa konyakı, qırmızı şərabı soyuducuda saxlayırlar. Bu, olmaz. Təkcə ağ şərabı ora qoya bilərsiz. Hər şeyin öz yeri var. Qədəhdən qədəhə də fərq var. Eləsi var ki, şərabın dadını açır. Bunlar böyük bir elmdir. Bir "rumka" konyakla gecə boyu böyük ləzzət ala bilərsən. Konyakın üstündən heç nə yemək olmaz. Konyakı bir damcı dilinin ucuyla götürüb dilinin ucu ilə əzməlisən. Boğazına çatanda artıq sovrulmalıdır. Dad isə içəndən bir az sonra gəlir. Nəsə yeyəndə öldürəcəksən. Konyak hələ bir az isti olmalıdır, acı badam ətri verməlidir. Yəni, böyük bir mədəniyyətdir. Müəllimim deyirdi ki, konyakın bir qəlyanaltısı var. O da pomada dəyməmiş qız dodağıdır. Sevgilisi, həyat yoldaşı ilə öpüşəndə dodaqda istilik yaranır. Öpüşəndə istilik artır və konyakın dadı açılır.

Hər şeyi yerində etmirik. Məsələn, düyü ilə spirtli içki tutmur. Bunu edən adam kütün kütüdür. Hələ deyirlər ki, Koroğlu 7 dananı yeyirdi. Koroğlunu oxuyanda iki sətir bu tərəfə də nəzər sal. Koroğlu 10 minlik qoşuna girib təkcə qırırdı. Əgər yazsaydılar ki, 1 boşqab şorba içib döyüşə girirdi, kim inanacaq? Nə qədər enerji sərf edilirsə, bir o qədər qida qəbul olunur. Axı sən Koroğlu deyilsən! Arvad üstünə qışqıranda gizlənməyə yer axtarırsan. Mənə Koroğluluqdan danışırlar.

-Adətən meyvə şirəsini çəkərkən deyilir ki, tez için, vitaminləri ölməsin. 

- Üzüm və narı ağacdan qopartmadan sıxıb suyunu içmək lazımdır. Hələ nara otaq temperaturunda olan yarı- yarıya su əlavə etmək lazımdır. Çuğundur şirəsi isə 4-6 saat gözləməlidir ki, tərkibindəki ağır maddələr parçalansın. Yerkökü suyuna isə bir damcı bitki yağı atılmalıdır ki, həzmi yaxşılaşdırsın. İnək südünü sağılan kimi içmək, heyvanın quyruğunu kəsib çiy yemək lazımdır. Sonra yemək ziyandır. Hər şeyin bir qaydası var.

- Su içmək məsələsi də aktual mövzuya çevrilib. Kimsə suyu çox içəndə kökəlir, kimsə isə arıqlamaq üçün daim sudan istifadə edir.

- Suyun şüşələşdirilməsinə qədər heç bir tədqiqat institutu suyu çox içmək barədə məsləhət görmürdü. Bir lirt suyun qiyməti 1 litr benzindən bahadır. O elmi nəticələri hansı institut yazırsa, baxmaq lazımdır ki, onları kim maliyyələşdirir?! Onda başa düşəcəksiz ki, sizi necə aldadırlar. Su mafiyası neft mafiyasından daha yüksək gəlir gətirir. Bir litr su ilə nefti istehsal etmək üçün nə qədər əziyyət çəkmək lazımdır? Su benzindən bahadır, hazırlanması rahat! Xeyli də gəlir gətirir. Bədəndən nə qədər tər çıxırsa, bir o qədər də su qəbul olunmalıdır. Sadə məntiqi şeylər var. Bunu şişirtmək, şou yaratmaq lazım deyil. Əgər insan melanxolikdirsə, su insanı kökəldə bilər. Bəzən doydura da bilir. Zəmzəm suyu bu funskiyanı yerinə yetirir. Piyin tərkibi karbohidrat, su və piydir. Su içirsən, bədənindəki şəkər, duz və mineral maddələri həll edir, sovurub bayıra çıxarır.

- Ən çox eşitdiyimiz ifadələr var. Onlardan biri də ac qarnına filan yeməyi qəbul etmə, alma yemə ki, mədəni sıyıracaq və s. Ac qarnına yeməkdən əvvəl biz nə qəbul etməliyik?

- İnsana görə dəyişir. Məsələn, elə insanın mədəsində turşuluq çoxdur. Buna görə yeməkdən qabaq su içməlidir. Turşuluq çox olan insan yeməkdən sonra da ilıq su içə bilər. Amma soyuq su içmək olmaz. Bu zaman mədədə olan turşuluq bağırsağa gedir. Orada olan qələvi ilə turşuluq reaksiyaya gedir, həzm problemi yaranır, çürümə verir.

- Bəs meyvə-tərəvəzlərin yemək vaxtı olurmu?

- Axşam yesən nə olacaq ki? Hər şeyi qaydasında yesəz, problem olmaz. Axşam bir vedrə alma yeməyəcəksən ki?! Cəmi birinin dadına baxacaqsan.

- Bizdə ədviyyatlardan da az istifadə olunur. Adətən bütün yeməklərdə bütün ədviyyatlardan istifadə edənlər də var. Misal üçün dolma...

- Əgər yeməyi bişirə bilmirsə, ət dadsızdırsa, ədviyyat qatmaqla düz edir. Ətimiz çiçəkdir, duzdan, istiotdan başqa nəsə vuran aşpazın qolunu kəsmək lazımdır. Şirniyyatlarımızda amma ədviyyatlardan istifadə olunur. Amma mətbəximiz hind mətbəxi kimi deyil. Bişirib dada gətirmək üçün ədviyyatlar vururlar. Bizdə buna ehtiyac yoxdur. Göy-göyərti bizdə qəlyanaltı deyil, müşayiətçi yeməkdir. Digər ölkələr yeməkdən əvvəl, biz isə yeməklə birgə yeyirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

27 Şərh:

  • Anonim
    Ağsaqqal · 22 Yanvar 12:5333

    Bu başlığa görə mən müəllimin əvəzinə köynək -köynək ƏT tökdüm !

    Cavab yaz
  • Anonim
    asi · 22 Yanvar 12:5753

    Maraqlı müsahibədir).. Fikirləri maraqlıdır.. Amma 9-un biri artıqdır..1ton marqarindən 1kq palma yağını çıxanda 999 kq marqarin qalır)..

    Cavab yaz
    • Anonim
      Thanks · 22 Yanvar 13:2530

      Raziyam senle...birde basliqa allanib meqalen oxumayib rey yazanlar,olmasaydi ela olardi her sey

      Cavab yaz
    • Anonim
      Princess · 22 Yanvar 15:5010

      Yegin sohbet esnasinda duzgun hesab etmeyib de.:)

      Cavab yaz
  • Anonim
    Həmid · 22 Yanvar 13:0031

    Bərəkallah, əməkdar mədəniyyət işçisi.

    Cavab yaz
  • Anonim
    Namiq · 22 Yanvar 13:0611

    Ondansa deyin öpülmemiş qiz dodagidir bu daha yaxsi cixar

    Cavab yaz
  • Anonim
    Ağsaqqal · 22 Yanvar 13:0753

    Sonra da deyirik cavan qızlar ,oğlanlar niyə evdən qaçırlar .Ağlıkəsəni belə bənzətmə vrənimin ,ağlıkəsməzi də necə olmalıdırkı ?

    Cavab yaz
  • Anonim
    Alsu. · 22 Yanvar 13:2043

    Məsləhətlər əla ! Amma bu dodaq məsələsi hər şeyin dadını da , ləzzətini də məhv etdi !

    Cavab yaz
  • Anonim
    Thanks · 22 Yanvar 13:2630

    Müəllimim deyirdi ki, konyakın bir qəlyanaltısı var. O da pomada dəyməmiş qız dodağıdır. Sevgilisi, həyat yoldaşı ilə öpüşəndə dodaqda istilik yaranır. Öpüşəndə istilik artır və konyakın dadı açılır.

    Cavab yaz
  • Anonim
    Thanks · 22 Yanvar 13:29100

    Meqalen oxumayib rey yazanlar ,ucun kopi eledim konyak hissesin... Emekdar medeniyet iscisin,en basdaki fikrine de reaksiya verin .o boy da kitab hazirlayiblar.ama hec yerde xeberi cixmir...yaxsi islere goz yumub,,,soyunub oxuyanlara,bayagi xeberlere ne qeder ki,baxis cox gelecek, cox serh yazilcaq bu millet ag gune cixmiyacaq...

    Cavab yaz
  • Anonim
    ttt · 22 Yanvar 14:2126

    kulinariyamiz basdan ayaqa sadliq saraylarinda restoran ve kafelerde menseyi melum olmayan mehsullarla hazirlanir bunlarla mubarize haqda danismaqdansa konyak bele geldi dodaq bele getdi ayib olsun sene

    Cavab yaz
  • Anonim
    sas · 22 Yanvar 14:2626

    tesevur edin ki bu adam tehsil muessesinde muellimdir yaziq telebeler

    Cavab yaz
  • Anonim
    Papatya · 22 Yanvar 14:3674

    Ela fikirlerdir. Hele su ile bağlı dediklerini cox bəyəndim. Məndə tebessüm yaratdı. Ümumilikdə suallara verilən cavablar xoşuma gəldi. Teşekkürler Milli.

    Cavab yaz
    • Anonim
      123 · 22 Yanvar 15:0030

      Milli.az təşəkkürlər. Bəyəndim...

      Cavab yaz
  • Anonim
    Princess · 22 Yanvar 15:4921

    Cox maragli musahibe olub. Buna gore tesekkur edirem. Cox savadli ve mentigli sozler deyib. Yemek barede tam duzgun sozler. Her kes oxusa yaxsi olar.

    Cavab yaz
  • Anonim
    ss · 22 Yanvar 15:5506

    papatya onda dodaqla konyaki da beyenersen

    Cavab yaz
    • Anonim
      Birisi · 22 Yanvar 16:5951

      Musahibəni 5 yasindaki usaqlar ücün verməyibki sözündə məna axtarirsiz.Məncə elə o pomada dəyməmiş həyat yoldasi sevgilisi sözüdə bir məsləhət dasiyir.Xoşuma gəldi cox gözəl musahibəydi.

      Cavab yaz
    • Anonim
      asi · 22 Yanvar 18:2030

      Bəyənəndə nə olar ki?? O, dodaqla konyakı başa düşəcək başda və yaşdadı.. Qəbahət sənin deyil, başlıq seçənindir.. Çoxunuz heç müsahibəni oxumamısınız..Başlıq olsaydı, “Azərbaycanda 4 min yemək növü var”, heç olmasa, yemək sayını bilmiş olardınız.. Amma iddialı başlıq konyakla dodağın vəhdətini öyrətmiş oldu çoxuna..

      Cavab yaz
    • Anonim
      Papatya · 22 Yanvar 19:0200

      Şərh yazıb çıxandan sonra baxmamisdim sehifedeki şərhlərə. Çox sağolun Asi, Birisi nikli şərhçi. Bəziləri birinci şərhleri oxuyur, şərh 100dene de olsa bir bir oxuyacaq, amma məqalədə nə var deyə baxmağa erinən tiplerdi.

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 22 Yanvar 16:0261

    381 növ dolma nelerdendiki?? turp, xiyar, cuqundur,alma ve sair...bunlarin da dolmasin yeyən olub ??

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 22 Yanvar 17:3423

    Sevirəm də Tahir bəyi.Çox savadlı,dünya görüşlü,işinin ustadıdır.Dediyi hər cümlə isə qızıldan qiymətlidir:).

    Cavab yaz
    • Anonim
      asi · 22 Yanvar 18:2511

      Əsi, Tahir bəylə Rəşid doktor xüsusi insanlardı).. Həmişə hər ikisinin fikirlərinə xüsusi simpatiyam olur.. Fərqli mövzuların insanları olsalar da, dərinlikləri bənzərdi)...

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 22 Yanvar 22:2000

        Tahir bəy öz sahəsinin əhlidir,o sahəni dərinliklərinə qədər bilir,düzdür..Ağsaqqal kimi,böyük kimi hörmət edə bilərəm amma,Rəşid doxturu elə də sevmirəm mən,asi.

        Cavab yaz
  • Anonim
    Ağsaqqal · 22 Yanvar 17:5022

    Yazının başlığına ·(porno başlığa )heç cür haqq qazandıra bilmirəm !Qaldı konyak məsəlisənə ,əsl konyak qaldı 1970-ci illərdə ,Şəmkir ,Göy -Göl rayonu ,kim əldə etsə ,Tahir bəylə vursunlar !...

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 22 Yanvar 18:1761

      Tahir bey belke Martelll vurur. Fransiz konyaki tarixi 300 il bundan evvele gedir vee eslinee hecc bir şubhe yoxdu.

      Cavab yaz
  • Anonim
    Göytəpə · 22 Yanvar 18:1910

    Masallı konyakı ilə xoş trim qızları tutmur axı?! Gərək rus qızları ola!

    Cavab yaz
  • Anonim
    ALEKS❤ · 22 Yanvar 22:2830

    Bir kulinariya ,,,xəstəsi,,,olduğum üçün Tahir məllimin adı və müsahibəsi diqqətimi cəlb elədi.onun səsləndirdiyi fikirlərə yüksək dəyər verirəm.başa düşənlər bilirki məllimin dediklərində ,,məna,,var.bu mənalara da bayağı yanaşmaq olmaz.dəyər vermək lazımdı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.