Ölkə

Nazirlikdən Azərbaycan meşələrində yanğın təhlükəsi ilə bağlı AÇIQLAMA

13 Yanvar 2020 18:04
0 Şərh     Baxış: 1 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycan ərazisində gözlənilən temperatur yüksəlməsi ilə əlaqədar meşələrdə yanğın təhlükəsinin baş vermə ehtimalının artıb-artmaması məsələsinə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, hazırlanmış müxtəlif iqlim ssenarilərinə əsasən, Azərbaycanda növbəti illərdə orta illik temperaturun artım tendensiyası davam edəcək. 2040-cı ilədək ölkə üzrə havanın orta illik temperaturunun 1,5 dərəcə C, 2041-2070-ci illər ərzində 2,5 dərəcə artacağı gözlənilir. Temperaturun əsas artımının Mərkəzi Aran rayonlarında olacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə isə temperaturun elə də yüksək artımı ehtimal edilmir.

Azərbaycanda meşələrin əsasən dağlıq ərazilərdə olduğunu nəzərə çatdıran A.Verdiyev qeyd edib ki, temperaturun artması birbaşa meşə yanğınlarına səbəb olmayacaq. Amma havanın mülayim, isti, quraq keçməsi meşə yanğınlarının baş verməsi üçün əlverişli şərait yarada bilər:

"Meşə yanğınlarının baş verməsi üçün ən əsas faktor insandır. İnsanların ətraf mühitə təsiri nəticəsində meşələrdə yanğınlar baş verir. Azərbaycanda da yay dövründə insan amili ilə əlaqədar müəyyən ərazilərdə meşə yanğınları müşahidə olunur".

Qeyd edək ki, son illər ərzində ölkədə havanın orta illik temperaturu regiondan asılı olaraq, baza dövrünə (1961-1990-cı illər) nisbətən təqribən 0.8-1.9 dərəcə C artıb, atmosfer yağıntılarının orta illik miqdarı əsasən azalıb.

Kür-Araz ovalığının bəzi rayonlarında yağıntının miqdarındakı azalma 12-15 % olub, Abşeron yarımadasında və ondan şimalda yerləşən sahilboyu ərazidə isə 2-3% artıb. Bununla yanaşı, ilin isti dövründə yağıntıların miqdarı 3-17% azalıb. İllik temperaturun artım sürəti 134 il ərzində 0.8-1.4 dərəcə C, onilliklər üzrə isə artım sürəti təqribən 0.1 dərəcə C olub. Atmosfer yağıntıları 125 il ərzində bəzi ərazilərdə azalıb (Ağstafada 88 mm, Naxçıvanda 7 mm), Gəncədə isə 8 mm artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.