Ölkə

Gediş haqlarının bahalaşmasından sonra kommunal xidmətlərin qiyməti artacaqmı?

31 İyul 2018 14:05
Baxış: 4 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarif Şurasının verdiyi yeni qərar ilə metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, həmçinin digər şəhər və rayonlarda sərnişindaşıma xidməti, şəhərdaxili məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik təsdiq edilib.

Qeyd edək ki, yeni qərar avqustun 1-dən qüvvəyə minəcək.

Milli.Az xəbər verir ki, finans.az bu məsələ ilə əlaqədar iqtisadçı-ekspert Samir Əliyev, Azərişıq, Azərsu və Azəriqaz rəsmilərinin, millət vəkilləri Aydın Hüseynov və Azər Badamovun rəylərini alıb.

İqtisadçı-ekspert Samir Əliyev bu artımı 2015-ci ildə baş vermiş devalvasiyanın təsirləri kimi qiymətləndirir. Onun sözlərinə görə, həmin dövrdə bu sektorda demək olar qiymət artımı baş vermədi:

"Nəzərə alsaq ki, Azərbaycanda nəqliyyat və ya kommunal sektorun bütün avadanlıqları xaricdən gəlir, bu baxımdan bu artımı gözləmək olardı. Bundan da vacib olan xroniki bir səbəb var ki, bu da maya dəyərinin daima şişməsidir. Belə olan halda xidmətin qiyməti maya dəyərindən ucuz olur, bu barədə dəfələrlə ən yüksək səviyyədə açıqlamalar verilib. Bəs onda niyə bu maya dəyəri artır? Bu qurumların fəaliyyəti heç zaman şəffaf olmayıb və daim qapalı olub Bu baxımdan şəxsən məni maya dəyərinin şişməsi qane etmir və bu cür açıqlamaları ciddi qəbul etmirəm. Bu gün bizdə tariflər xarici ölkələrlə müqayisə edilir. Xaricdə bu sektor özəldir və orda qiymətlər tənzimlənmir, bizdə isə bu dövlətin əlindədir. Bu o deməkdir ki, dövlət bunu strateji hesab edir və bunun əhalinin sosial vəziyyətinə neqativ təsirinin olduğunu anlayır və başa düşür ki, burada qiymətlər bazar qiymətlərindən aşağı olmalıdır. Buna görə həmin qiymətlər tənzimlənir və əgər dövlət bunu öz üzərinə götürübsə onu davam etdirməlidir. Mən qətiyyən bu artımı dəstəkləmirəm ancaq istənilən halda məsələyə daha yumşaq formada yanaşılmalı idi və qiymət artımı mərhələli olmalı idi. Bu gün metro 100% kart sisteminə keçib və burda bu cür yanaşmanı asanlıqla rellaşdırmaq olardı. Yəni qiyməti birdən birə 30 qəpik yox ilkin mərhələdə 22 qəpik, beş ay sonra daha iki qəpik artırmaq və sair bu kimi davam etdirmək olardı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu qiymət artımı tək nəqliyyat sektoru ilə məhdudlaşmayacaq və ilin sonuna kimi və ya gələn ilin əvvəllərində yanacaq və kommunal xidmətlərin qiymətinin artımını gözləmək olar".

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev sözügedən sayta verdiyi açıqlamada bildirib ki, yaxın zamanda bu cür artımın bizdə də olub olmayacağı hələ bilinmir.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev:

"Biz də icra edən qurumuq, dövlət, tarif şurası, Milli Məclis hansı qanunu versə, o qanun da icra olunacaq".

Azərsu mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı təmsil etdiyi qurumun gündəmində belə bir məsələnin olmadığını vurğulayıb:

"Azəriqaz mətbuat katibi İbrahim Kərbalayev bildirib ki, həmin qurum tərəfindən Tarif Şurasına tariflərin artması ilə bağlı hər hansı bir müraciət olunmayıb".

Milli Məclisin deputatı, iqtisadçı ekspert Aydın Hüseynov məsələ ilə bağlı sayta bildirib ki, gediş haqqının 10 qəpik artırılması böyük artım deyil.

"Metro daimi zərərlə işləyən bir sahədir və bu zərər daim dövlət büdcəsi tərəfindən qarşılanır. Qiymətin qalxması zərərin daha çox olmasının göstəricisidir. Gəlirlər xərcləri ödəyə bilmir. Buna görə zərər dövlət büdcəsi hesabına bağlanılır. Bu dövlətin yükünün azaldılması üçündür. Dövlət zərərin ödənilməsinə ayrılan büdcəni əhalinin sosial xərclərinə ayırıb. Bu baxımdan məncə bu çox düzgün bir addımdır. Biri var metrodan istifadə edən kateqoriya, biri də var ki, dövlət bölüşdürsün xərci. Sadəcə kiçik məntiq var ki, onu tutmaq lazımdır. Bu vəsait sonra sosial təbəqənin ehtiyaclarına xərclənəcək. Bu qərardan sonra yüklü təsərrüfat da yenilənəcək. Komfort daha da artacaq, vətəndaşların zövqü oxşanacaq. Bu elə də yüksək artım deyil. 50% ilə deyəndə çox görsənə bilər amma sadəcə 10 qəpik artıb".

Millət vəkili iqtisadçı ekspert Azər Badamovun fikrincə xidmət artımı hər bir ailənin daxili büdcəsinə öz təsirini göstərəcək:

"Dünən Tarif Şurasının qərarı ilə Metro və ictimai nəqliyyatda gediş haqlarının qaldırılması ilə bağlı qərar qəbul olunmuşdu və əhaliyə avqustun 1-dən yeni tariflərlə xidmət göstəriləcəkdir. Təbii ki, hamı kimi mənim ailəm də ictimai nəqliyyatdan istifadə edir və bizim ailə büdcəmizə də bu öz təsirini göstərəcəkdir. Amma biz bununla bağlı mövcud vəziyyəti də başa düşməliyik. Bizdə ictimai nəqliyyatda xidmətlər demək olar ki, regionda ən aşağı qiymətlərdir. Hətta artımdan sonra da regionda ən aşağı qiymətlər olaraq qalır. İctimai nəqliyyatda xidmətlərin müasirləşdirilməsi üçün hər il dövlət büdcəsinindən kifayət qədər maliyyə vəsaiti ayrılır. Qiymətlərin ucuz olması xidmətlərin müasirləşdirilməsində çətinlik yaradır, bu sahəyə dövlət büdcəsindən ayrılan dotasiyanın da artmasına gətirib çıxarır. Vəziyyət də həmişə belə davam edə bilməz. Dünyanın hər yerində xidmət sahələri həm xidmət göstərir, həm də pul qazanırlar. Amma bizdə isə daim dövlətin himayəsindədir. Düşünürəm bunun üçün qiymətlərdə müəyyən artıma zərurət yaranmışdı. Düşünürəm ki, gediş haqlarından gələn əlavə vəsait yeni metro stansiyaların tikintisinin sürətləndirilməsinə, müasir avtobusların alınmasına , qeyd olunan xidmət sahələrində iş fəaliyyətinin yaxşılaşdırılmasına, xidmətlərin səviyyəsinin yüksəlməsinə xidmət edəcəkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.