Ölkə

Azərbaycanda hərbi zavodda PARTLAYIŞ: 2 ölü, xeyli yaralı var - YENİLƏNİB - FOTO - VİDEO

26 İyul 2016 22:48
41 Şərh     Baxış: 41 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:48

İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan "Araz" zavodunda baş vermiş hadisə nəticəsində zavodun iki əməkdaşı - Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı dünyalarını dəyişiblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazirlikdən verilən məlumata görə, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan "Araz" zavodunda hadisə baş verib.

Bundan öncə hadisə nəticəsində 11 nəfərin xəsarət aldığı barədə bildirilirdi.

20:28

Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş vermiş partlayışla əlaqədar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına indiyədək 24 nəfər müraciət edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.  
Məlumata görə, onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb: "Hazırda xəstəxanada 10 nəfərin müalicəsi davam edir. Bu şəxslərdən 3 nəfərinin vəziyyəti orta-ağır qiymətləndirilir, 7 nəfərin vəziyyəti isə yüngüldür".

20:17

Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri Şirvandakı partlayışla bağlı birgə məlumat yayıb.

Milli.Az "Report"a istinadən bildirir ki,məlumatda deyilir: "İyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunun utilizasiya sahəsində partlayış baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar, Müdafiə Sənayesi, Daxili İşlər, Səhiyyə nazirliklərinin və Baş Prokurorluğun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və canlı qüvvəsi cəlb olunub, zəruri birgə tədbirlərin görülməsinə başlanılaraq partlayışın genişlənməsinin qarşısı alınıb, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 24 nəfərə təcili tibbi yardım göstərilməsi üçün Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan Şəhər Diaqnostika Mərkəzinə çatdırılıb və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir. Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək evə buraxılmış, digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir.
Fakta görə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb, Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və digər zəruri prosesual hərəkətlər aparılıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, partlayış zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində baş verib. Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədilə cinayət işi üzrə kompleks məhkəmə yanğın-texniki, partlayış, fiziki-texniki, materialşünaslıq, ekoloji, tikinti-texniki, əmtəəşünaslıq və məhkəmə tibbi ekspertizaları təyin edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

18:36

Müdafiə Sənayesi Nazirliyi Şirvanda zavodda baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan "Araz" zavodunda hadisə baş verib.

Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül formada xəsarət alan var. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər.

Fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb. Hazırda hadisə yerindədir.

Hadisənin baş vermə səbəbləri ilə bağlı məlumatlar araşdırmalardan sonra veriləcək.

18:12

Şirvanda partlayış mərmi saxlanc anbarında baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hazırda ərazidə ara-sıra partlayış səsləri eşidilir. Lakin intensiv partlayışlar artıq yoxdur. Partlayış baş verən ərazidə tüstülənmə var. Hadisə zamanı partlayan mərmilər yaxınlıqdakı ərazilərə səpələnib.

Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilir. Hadisə nəticəsində ölənlərin olması ilə bağlı məlumatı hələlik heç bir rəsmi mənbə təsdiqləmir.

Xəstəxanadan verilən son məlumatda 20 nəfərin bura yerləşdirildiyi bildirilir.

Müdafiə sənayesi naziri Yavər Camalov, fövqəladə hallar nazirinin müavinləri Faiq Tağızadə, Etibar Mirzəyev, baş prokurorun birinci müavini Rüstəm Usubov hadisə yerindədir. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun hazırda məzuniyyətdə olduğu bildirilir.

Hadisə baş verən ərazi yaşayış evlərindən aralıda yerləşir. Buna görə yaşayış evlərində heç bir evakuasiya həyata keçirilməyib. Lakin əraziyə toplaşmış mülki şəxslər təhlükəsizliklə bağlı ərazidən uzaqlaşdırılıblar.

18:06

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda baş vermiş partlayışda ölənlərin olduğu ehtimal edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki,  Səhiyyə Nazirliyindənverilən məlumata görə, hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

16:30

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Milli.Az-a bildirib ki, Şirvanda Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki "Araz" zavodunda baş verən partlayışla bağlı hadisə nəticəsində ölən və yaralananlarla bağlı hələlik dəqiq məlumat yoxdur.

Lakin şəhərdəki bütün təcili tibbi yardım xidməti və xəstəxanalar səfərbər olunub. Bundan əlavə, Bakıdan da əlavə qüvvələr göndərilib: "Hadisədən dərhal sonra Bakıdan Şirvan şəhərinə reanimatoloq, travmatoloq və s. olmaqla 2 həkim briqadası yollanıb. Daha sonra 3 həkim briqadası da hadisə yerinə ezam edilib"

----------

16:17

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş verən dəhşətli partlayış nəticəsində yaralananlar xəstəxanalara daşınır.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov bildirib. Onun sözlərinə görə, xeyli sayda yaralı var. Hələlik yaralıların sayı dəqiqləşdirilməyib.

Report isə xəbər verir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib. 

Trend bildirir ki, yarlılardan biri Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə baş verən əraziyə yaxın evlərdə yaşayanlar təxliyə olunurlar.

---------

16:06

Bir neçə dəqiqə öncə Şirvanda "Araz" zavodunda baş vermiş partlayış barədə bəzi məlumatlar əldə etmişik.

Milli.Az bildirir ki, şahidlərin verdiyi məlumata görə, adıçəkilən zavod tərəfdə bir neçə dəfə ardıcıl güclü partlayış səsləri eşidilib və bu, bütün şəhərdə hiss olunub, binalar silkələnib. Jurnalsit Elvin Şirinli məlumat verir ki, partlayış nəticəsində yaranan alov isə 10 km məsafədən görünür. Hadisə yerinə təcili tibbi yardım briqadası və FHN əməkdaşları cəlb olunub.

Hal-hazırda alov güclü olduğuna görə ona yaxınlaşmaq mümkün deyil.

-----------

15:47

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda güclü partlayış olub.

Milli.Az report-a istinadən bildirir ki, hadisə nəticəsində ölən və yaralananlar var.
Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.

Hadisənin baş verməsini nazirlikdən Milli.Az-a təsdiqləyiblər. MSN-nin ümumi şöbəsinin müdiri Bəxtiyar Əsədov bildirib ki, hələlik faktla bağlı dəqiq məlumat yoxdur, araşdırma aparılır.

Yerli sakinlər qafqazinfo-ya bildiriblər ki, partlayış silah zavodunda baş verib. Partlayışın səsi bütün şəhərə yayılıb.

Qeyd edək ki, sözügedən zavod Müdafiə Sənayesi Nazirliyinin "Üfüq" İstehsalat Birliyininin nəzdindədir.

Artıq zavoda yaxın ərazidə yaşayan sakinlər təxliyə olunur.

Xatırladaq ki, ötən ildə də həmin zavodda partlayış olmuşdu.

İlkin İzzət, Ceyhun Ələkbərov
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda hərbi zavodda PARTLAYIŞ

Azərbaycanda hərbi zavodda PARTLAYIŞ - 1

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.