Ölkə

"Şou-biznesdən uzaqlaşmaq qərarına gəlmişəm" - FOTO

17 İyun 2016 18:44
34 Şərh     Baxış: 4 176

Milli.Az Samira Allahverdinin musavat.com-a müsahibəsini təqdim edir. 

- Hələ yay tətilinə başlamaq ixtiyarım yoxdur. Çünki oğlum orta məktəbi bitirib, ali məktəbə qəbul olmaq üçün imtahan verəcək. Onun tələbə adını qazanıb, xoşbəxt olacağı günü gözləyirəm. Oğlum I qrupa hazırlaşır. Hələ heç nə haqda düşünmürəm, bütün fikrim ondadır. İnşallah, ondan sonra yaradıcılıq işlərimi davam etdirəcəyəm. Bilirsiniz ki, bu yaxınlarda "Sıravi əsgər" mahnısını tamaşaçılara təqdim etdim. Mən tez-tez mahnı yazan deyiləm, musiqi qəlbimi oxşamasa, onu oxumaram. Mən ürəklərdə yaşayacaq mahnı yazdırmaq istəyirəm. Oğlum ali məktəbə qəbul olduqdan sonra sevincimdən çoxlu yeni işlər görəcəyəm. 

- Valideynlər çox zaman övladlarının ali məktəbə qəbul olunması üçün əhd edirlər, qurban deyirlər. Siz nə isə əhd etmisiz?

- Mən kiməm ki, Allahla müqavilə bağlayım? Bütün günü əlimi açıb, Allaha dua edirəm ki, oğlum üçün xeyirlisi olsun. Qəbul olmasa da, dünyanın sonu deyil. Elə insanlar var ki, ali məktəbi bitirib, iş-güc sahibi deyil. Amma elə insanlar da var ki, heç bir ali təhsili yoxdur, lakin özünü inkişaf etdirib və ailəsi, ölkəsi üçün faydalı insandır. Allah hər kəsə ürəyinə görə versin. Istəyirəm ki, oğlum istədiyi peşəyə yiyələnsin və tələbəliyin gözəlliyini yaşasın. 

- Mahnılara qarşı necə həssas olduğunuzu bilirik. Samira kimləri dinləyir?

- Mənə oxuyanın kimliyi vacib deyil, əsas odur ki, gözəl səs olsun, mahnı ürəyimi, ruhumu oxşasın. Əsasən, xarici mahnılara qulaq asıram, dinlədiyim mahnıdan nə isə öyrənməliyəm. Mən dəb dalınca qaçan deyiləm, bu gün dəbdə olan ritmlərə üz tutmuram, mən peşəkar işləri sevirəm.

- Dinlədiyiniz zaman sizi əsəbləşdirən mahnılar varmı?

- Hər mahnının ifa olunacağı yer var. Elə mahnı var ki, efirdə oxuyarsan, insanları əsəbləşdirər. O mahnını klubda ifa etsən, hər kəs bəyənib, rəqs edər. Repertuarı özün seçməlisən, toyda, məclisdə oxuduğunu efirdə oxuya bilməzsən. Kimisə qınamağı doğru hesab etmirəm, zövqlər müxtəlifdir. Hazırda mahnıları Türkiyə musiqilərinə oxşadırlar. Ümumdünya şou-biznesində durğunluq var, mahnılar əvvəlki kimi gözəl yazılmır. Sanki, 7 not artıq davam gətirmir, yeniləri tələb olunur. Müğənnilərin sayı çoxalıb, musiqi zövqü korlanıb. 

- Müğənni Rəqsanə İsmayılova açıqlamasında bildirmişdi ki, Samira son zamanlar Tünzalə Ağayeva stilində oxuyur. Razısınız?

- Mən özümü yaşada bildiyim janrda oxuyuram. Mən muğamı sevirəm, Alim Qasımovla Fərqanə Qasımovaya dayanmadan qulaq asa bilərəm. Amma muğam oxumağı bacarmıramsa, heç vaxt oxumaram. Mən nə oxuduğumu bilirəm. Zamana uyğun boğazlar edə bilərəm, amma ifa tərzimdən uzaqlaşmaram. Mən başqa tərzdə oxusam, yalançı Samira olaram. 

- Hazırda müğənnilər daha çox toylardan qazanc əldə edir. Sizin ifa tərziniz fərqlidir. Toylarda bu sizə çətinlik yaratmır?

- Toylarda öz repertuarımdan kənara çıxmıram, mahnılarımı sevə-sevə dinləyirlər. Yeri gələndə isə xalq mahnıları ifa edirəm, ailə başçısıyam, qazanc əldə etməliyəm. Mən məclisə girən kimi insanların musiqi zövqünü bilirəm və ona uyğun repertuar seçirəm.
 
- Məclislərdə yaxınlaşıb, sevmədiyiniz bir mahnını ifa etməyinizi istəyiblər?

- Getdiyim məclislərdə mənim kim olduğumu bilirlər və ona uyğun mahnı istəyirlər. Xalq mahnısını oxuyanlardan deyil, məndən istəyiblər. Mən xalq mahnısı oxuyan müğənni deyiləm. 

- Son zamanlar sizi rəfiqəniz Tünzalə Ağayeva ilə bir arada görmürük. Küsüşdüyünüz deyilir.  Ümumiyyətlə, şou-biznesdə küsülü olduğunuz müğənni var?

- Bir ara Röya ilə küsüşdüyümüzü də deyirdilər. Röya və Tünzalə ilə münasibətlərimiz yaxşıdır. Sadəcə, vaxt azlığından görüşə bilmirik. Həm də şou-biznesdən uzaqlaşmaq qərarına gəlmişəm, burada sünilik çoxdur. Mənə hörmət olunmasını istəyirəm, sabah sənətdən uzaqlaşsam, insanlar məni unutmasın. Mən insanların xarici görünüşünə fikir vermirəm, qəlb gözəlliyinə önəm verirəm. Qəlbi gözəl insanları axtarıram. Sənətə gələndə hamı birinci olmağa çalışır. Mən birincilik iddiasında deyiləm, ulduzluq etmirəm. Çünki birinci mən deyiləm, Allahdır. 

- Bir çox müğənnilər deyir ki, müəyyən yaşdan sonra sənətdən gedəcəklər. Sizin belə fikriniz var?

- Bir dəfə rəfiqəmlə evdə oturmuşduq, dedi ki, gəl köməyə ehtiyacı olan Fatimə bala üçün xeyriyyə konserti keçirək. Razılaşdım, konsert çox maraqlı keçdi. Yəni demək istəyirəm ki, insan 5 dəqiqə sonra nə olacağını bilmir. Planla qurduğum işlər alınmır. 40 yaşımda yaşayıb-yaşamayacağımı bilmirəm. 1994-cü ildən namaz qılıram, amma hələ başımı bağlamamışam, özümü Allaha tam təslim etməmişəm. Amma yeni namaz qılmağa başlayan qadınlar hicaba bürünür.
 
- Müğənnilərin hicaba bürünməsi insanlar tərəfindən birmənalı qarşılanmır. Qınaq obyekti olmaqdan qorxmursuz?

- Mən insanlar üçün hicaba bürünmürəm, Allahım üçün başımı bağlamaq, Allahım üçün yaşamaq istəyirəm. Bəzən deyirik ki, xalqım üçün oxuyuruq. Düzdür, konsertlər veririk, xeyriyyə tədbirlərinə qatılırıq, xalq üçün nə isə edirik. Amma, əsasən, qazanc əldə etmək üçün oxuyuruq. Mən gözəl paltarı özüm üçün geyinirəm, mahnıları özüm üçün oxuyuram. Mənim mahnılarım Allahıma lazım deyil. Allahıma mənim mahnılarımdan qazandığım pulu hara xərclədiyim maraqlıdır. Sabah məndən kimlə rəfiqəlik etdiyim soruşulmayacaq. Deyəcəklər ki, niyə filankəslə rəfiqəlik etdin, siz niyə qeybət etdiniz? Etdiyimiz yaxşılığı tez-tez dilə gətirməməliyik, gözəl əməllər üçün yaşamalıyıq. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

34 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.