Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Milli.Az xəbər verir ki, Talışxanovun barəsində DTX-nin İstintaq baş idarəsində aparılan ilkin araşdırma yekunlaşıb. Toplanmış dəlil və sübutlar hüquqi qiymət verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İlk iclasda təqsirləndirilən şəxsin şəxsi məlumatları dəqiqləşdirilib. İşdə qanun pozuntuları aşkar edilmədiyindən iş baxışa verilib.
Məhkəmənin baxış iclası iyulun 30-u keçiriləcək.
Qeyd edək ki, M.Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 5 ildən 8 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Onun əvvəllər hüquq-mühafizə orqanlarında çalışması məlumdur./qafqazinfo.az
Milli.Az