Xəbər verildiyi kimi, bu dəfə lisey və gimnaziyalara qəbul yalnız 6-cı sinifdən aparılacaq. Bu qərarın imtahana qısa müddət qalmış verilməsi və açıqlanması valideynlərdə aqressiyaya, uşaqlarda isə ruh düşgünlüyünə səbəb oldu.
Bəs, uzun müddətdir əziyyət çəkən şagirdlər və xərc çəkən valideynlər indi nə etsin?
Bu barədə Trend-ə danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunun verdiyi məlumata əsasən, lisey və gimnaziyalara yalnız VI sinif şagirdlərinin mərkəzləşdirilmiş imtahanla qəbul olunacağı bildirilib.
"Bu qərar kağız üzərində texniki dəyişiklik kimi görünsə də, əslində yüzlərlə ailəyə ciddi zərbə vurub. Sual yaranır: İmtahana bu qədər az müddət qalmış belə bir qərarın verilməsi nə qədər doğrudur?
İlin əvvəlindən valideynlər övladlarını imtahanlara hazırlamaq üçün ciddi maddi və mənəvi resurslar sərf edib. Övladının gələcəyini düşünən hər bir valideyn bu müddətdə repetitor xərclərinə, əlavə dərslərə, nəqliyyat və zaman itkilərinə qatlanıb. İndi isə, heç bir xəbərdarlıq olmadan belə bir qərarın elan olunması valideynlər arasında haqlı narazılığa səbəb olub. Bu, sadəcə təhsillə bağlı texniki dəyişiklik deyil. Bu, valideynin planını pozmaq, məqsədli şəkildə yaranan xərcləri nəzərə almamaq, uşaqların psixoloji durumunu gözardı etmək deməkdir. Axı bir valideyn nə üçün sistemin qeyri-müəyyənliyi üzündən belə bir sürprizlə qarşılaşmalıdır?".
Ekspert qeyd edib ki, ən əsası isə bu qərarın il sonunda, imtahanlara sayılı günlər qalmış verilməsi absurddur.
"İstənilən qərar qəbul olunmazdan öncə, onun ictimai nəticələri və insanlara təsiri analiz olunmalıdır. Təəssüf ki, bu məsuliyyətin daşıyıcısı olan qurumlar bunu ya dərk etmir, ya da etməyi vacib saymır.
Bu gün onlarla valideyn bizə müraciət edərək şikayətlərini bildirir. Bu narahatlıq görməzdən gəlinə bilməz. Təhsil sistemində sabitlik və öncədən planlaşdırılmışlıq prinsipi pozulduqda, bunun bədəlini uşaqlar və ailələr ödəyir. Biz buna susa bilmərik.
Valideynin səsinə qulaq verilməli, verilən qərarlar şəffaf və vaxtında açıqlanmalı, vətəndaşla hesablaşma mədəniyyəti qurulmalıdır. Əks halda, bu tip hadisələr cəmiyyətdə təhsilə inamı daha da sarsıdacaq",- deyə Ə.Həsənli əlavə edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov isə Trend-ə açıqlamasında qeyd edib ki, lisey və gimnaziyalara qəbul prosesinin yalnız VI sinif şagirdləri ilə məhdudlaşdırılması, həm hüquqi, həm pedaqoji, həm də sosial baxımdan ciddi suallar, problemlər yaradacaq.
"Bu qərarın imtahana cəmi bir həftə qalmış ictimaiyyətə elan edilməsi isə vəziyyəti daha da dramatikləşdirir və valideynlərin haqlı narazılığına səbəb olur. İki ilə yaxındır ki, övladını liseyə qəbul üçün hazırlayan, kurslara böyük vəsaitlər ayıran minlərlə ailə fakt qarşısında qoyulub. Qəbul prosesinə bu şəkildə müdaxilə təhsilin strateji idarəçiliyində plansızlığın, şəffaflığın olmamasının və ictimai məsuliyyətin zəif olduğunun göstəricisidir.Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsində qeyd olunur ki, dövlət təhsil müəssisələrində təhsil alma hüququ bərabər prinsiplərlə, şəffaflıqla və əlçatanlıqla təmin edilməlidir. Hazırkı qərar bu hüququ pozur, çünki birdən-birə qaydaların dəyişdirilməsi nəticəsində minlərlə şagirdin bu prosesə daxil olma imkanı hüquqi baxımdan əlindən alınır. Həmçinin, həmin qanunun 20-ci maddəsində təhsilalanların maraqlarının müdafiəsi, onların sosial və psixoloji rifahının qorunması təhsil siyasətinin prioritetlərindən biri kimi göstərilir. Lakin tətbiq edilən bu məhdudiyyət, heç bir keçid dövrü olmadan və xəbərdarlıq edilmədən həyata keçirildiyindən, uşaqlarda və ailələrdə ciddi psixoloji travmaya, motivasiya itkisinə və narazılığa səbəb olur",- deyə o əlavə edib.
K.Əsədov vurğulayıb ki, bu qərarın pedaqoji baxımdan da zəif əsaslandırıldığı görünür:
"Fərqli yaş dövrlərində uşaqların intellektual və sosial inkişaf tempində ciddi fərqlər olur. Bəzi şagirdlər VI sinifdə bu tip imtahanlara hazır olmaya bilər, lakin VII və ya VIII sinifdə yüksək nəticə göstərə bilərlər. Yalnız VI sinif şagirdlərinin qəbuluna icazə verilməsi, şagirdlərin fərdi inkişaf imkanlarını və potensiallarını nəzərə almır. Bu, şagird mərkəzli və inklüziv təhsil anlayışlarına ziddir. Belə yanaşma təhsildə çevikliyi və adaptivliyi məhdudlaşdırır. Statistikaya nəzər yetirdikdə, 2024-cü ildə Azərbaycanda lisey və gimnaziyalara qəbul imtahanlarında iştirak etmək üçün təqribən 30 mindən çox şagird qeydiyyatdan keçib. Onların azı 40%-i V və ya VII sinif şagirdləridir. Bu isə on minlərlə ailənin birbaşa olaraq prosesdən kənarlaşdırılması deməkdir. Həm də bu ailələr iki ilə yaxın müddətdə övladlarını hazırlamaq üçün fərdi müəllimlərə və hazırlıq kurslarına xeyli vəsait xərcləyiblər. Mövcud vəziyyət, bu ailələrin həm maliyyə, həm də mənəvi baxımdan ciddi zərər görməsi ilə nəticələnir".
"Dünya təcrübəsində lisey və gimnaziyalara qəbul zamanı yaş həddinə deyil, şagirdin hazırkı bilik və bacarıqlarına əsaslanma tendensiyası üstünlük təşkil edir. Məsələn, Almaniyada "Gymnasium"lara qəbulda əsas göstərici şagirdin akademik göstəriciləri və müəllimlərin tövsiyələri hesab olunur. Fransada "Lycée"lərə keçid 9 illik əsas təhsildən sonra mümkündür və yaş məhdudiyyəti qoyulmur. Finlandiyada isə tamamilə könüllü əsasda və geniş yaş intervalında liseylərə qəbul həyata keçirilir. Azərbaycanda isə təhsilin fərdiləşdirilməsi deyil, inzibati məhdudiyyətlər ön plana çəkilir. Yeniliyin müsbət tərəf olaraq qeyd edim ki, erkən mərhələdə liseyə keçid şagirdin daha sistemli və ixtisaslaşmış mühitdə yetişməsinə şərait yarada bilər. Lakin bu yalnız o halda effektiv olur ki, sistem şəffaf və ədalətli şəkildə qurulsun, əvvəlcədən ictimaiyyətə məlumat verilsin və mərhələli keçid planlaşdırılsın. Hazırkı tətbiq bu prinsiplərin heç birinə cavab vermir",- deyə Kamran Əsədov vurğulayıb.
O eyni zamanda əlavə edib ki, əgər bu dəyişikliklər davam edəcəksə, sistemli şəkildə hazırlanmış keçid modeli təqdim edilməlidir.
"Bunun üçün ictimaiyyətə ən azı bir il əvvəl məlumat verilməli, keçid müddəti tanınmalı və yeni sistemin tətbiqi mərhələli şəkildə həyata keçirilməlidir. İndiki vəziyyət isə həm valideynləri, həm də şagirdləri çaşqınlığa salır, təhsilə olan ictimai inamı sarsıdır və təhsil siyasətinə qarşı ciddi narazılıq yaradır.
Bu qərar yalnız texniki səhv deyil, strateji idarəetmədə ciddi problemlərin göstəricisidir. Təhsil sisteminin sabitliyi və legitimliyi belə qərarlarla zərbə alır. Cəmiyyətə gec və qeyri-kafi məlumat verilməsi, ictimai rəyə məhəl qoyulmaması və planlaşdırmanın olmaması təhsildə dərin struktur böhranının göstəricisidir. Qərarın bu şəkildə verilməsi ciddi tənqid olunmalı, məsul şəxslər tərəfindən izah verilməli və dərhal düzəliş edilməlidir. Əks təqdirdə, lisey və gimnaziyaların məqsədi şübhə altına düşəcək, sosial ədalət prinsipi pozulacaq və təhsil sistemi daha çox elitləşməyə doğru yönələcək. Bu isə inklüziv, əlçatan və şəffaf təhsil modelinə ziddir", - K. Əsədov fikirlərini tamamlayıb.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən bildirilib ki, yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur.
Bu yanaşma lisey və gimnaziyalara şagirdlərin qəbulunun daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində həyata keçirilməsi məqsədinə xidmət edir.
Beynəlxalq təcrübələr də göstərir ki, təmayül əsaslı seçimlər çox erkən yaşlarda deyil, müəyyən baza biliklər formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr verir. Nəzərdə tutulduğu kimi, lisey və gimnaziyaların VII siniflərinə qəbul elan olunduğu qaydada keçiriləcək. Liseylərə olan marağı və vətəndaş müraciətlərini nəzərə alaraq, digər yaş qrupları üzrə qəbul prosedurlarına dair ətraflı məlumat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq.
Milli.Az