Azərbaycanda gələn ildən konkret gömrük güzəştlərinin tətbiqi planlaşdırılır.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.
"Bu günlərdə parlamentdə 2025-ci ilin büdcə zərfi çərçivəsində gömrük siyasətinə, gömrük tariflərinə bir daha yenidən baxılıb. Belə ki, növbəti ildən gömrük sistemi fiskal missiyaya yerinə yetirməklə bərabər, həm də gömrük güzəştləri hesabına ölkəmizdə sənayeləşmə prosesini, dövlət-özəl tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələri təşviq edəcək, bununla bağlı konkret gömrük güzəştləri tətbiq ediləcək", - o vurğulayıb.
A. Əmiraslanovun sözlərinə görə, elektron bəyan etmə, onlayn gömrük xidmətləri, rəqəmsal nəzarət və monitorinq sistemləri, yəni gömrük nəzarətinin tam rəqəmsallaşdırılması şəffaflığa və hesabatlığa şərait yaradır, elektron hökumətin inkişafına təkan verir: "Azərbaycanın gömrük məntəqələrində müasir nəzarət avadanlıqlarının quraşdırılması ölkəmizin iqtisadi gücünü və innovasiya imkanlarını nümayiş etdirməklə yanaşı, qeyri-qanuni yüklərin aşkarlanmasına, iqtisadi sərhədlərimizin daha etibarlı qorunmasına şərait yaradır"./"Report"
Milli.Az