Ölkə

İqlim maliyyələşdirilməsində yeni era: COP29-un və gələcək təşəbbüslərin uğur açarı

23 Sentyabr 2024 23:45
Baxış: 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqlim maliyyələşdirilməsi qlobal iqlim dəyişmələri ilə mübarizədə əsas amilə çevrilib. Bakıda baş tutacaq COP29-un astanasında, müzakirələr geniş maliyyə strukturlarının inteqrasiyasını tələb edən iki mühüm komponenti əhatə etməlidir. Fiskal məhdudiyyətlər dövlətlərin inkişaf və iqlim tədbirlərinə vəsait ayırmaq imkanlarına təsir göstərməyə davam edir. Bu məhdudiyyətləri aradan qaldırmaq üçün ölkələrə maliyyə problemlərini daha yaxşı həll etməyə imkan verən dövlət borcunun effektiv idarə edilməsi üzrə strukturu tətbiq etmək lazımdır.

Bundan əlavə, yeni iqlim maliyyələşdirmə hədəfi müəyyən edilməlidir, lakin onun həyata keçirilməsi çoxtərəfli inkişaf banklarının geniş dəstəyi olmadan tam mümkün olmayacaq. Bu banklar sərfəli və uzunmüddətli maliyyə təmin edə bilər ki, bu da aşağı karbonlu iqtisadiyyata keçid üçün həyati əhəmiyyət daşıyır.

İqlim maliyyələşdirməsi: mənbələr və alətlər

İqlim maliyyələşdirməsi iqlim dəyişmələri ilə mübarizədə fəaliyyətlərin dəstəklənməsi üçün müxtəlif maliyyə resursları və alətlərdən istifadəni əhatə edir. Bu investisiyalar aşağı karbonlu qlobal iqtisadiyyata keçidi təmin etmək və cəmiyyətlərin iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşmasına kömək etmək üçün vacibdir. Maliyyələşdirmə müxtəlif mənbələrdən - dövlət və ya özəl, milli və ya beynəlxalq, ikitərəfli və ya çoxtərəfli mənbələrdən gələ bilər.

Maliyyələşdirməsi müxtəlif alətlər vasitəsilə həyata keçirilə bilər: qrantlar, ianələr, "yaşıl" istiqrazlar, səhmlər, borc svopları, zəmanətlər və güzəştli kreditlər. Bu vəsaitlər iqlim dəyişmələrinin təsirlərini yüngülləşdirmək və ona uyğunlaşmaq, eyni zamanda, dayanıqlılığı artırmaq üçün istifadə oluna bilər.

İnkişaf edən ölkələr üçün çoxtərəfli fondlar

İnkişaf edən ölkələr Yaşıl İqlim Fondu (GCF), Qlobal Ekoloji Fond (GEF) və Adaptasiya Fondu (AF) kimi bir sıra çoxtərəfli fondlara çıxış əldə edə bilərlər. Bu alətlər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində yaradılıb və aşağı gəlirli ölkələrin iqlim təşəbbüslərini dəstəkləmək məqsədini güdür.

Azərbaycanın yeni təşəbbüsü: İqlim Maliyyələşdirməsi üzrə Fəaliyyət Fondu

Azərbaycan COP29-da 1 milyard dollar məbləğində İqlim Maliyyələşdirməsi üzrə Fəaliyyət Fondunun (CFAF) yaradılmasını təklif edir. Bu Fond qalıq yanacaq istehsal edən ölkələr və neft, qaz və kömür sahəsində fəaliyyət göstərən şirkətlərin ianələri ilə maliyyələşdiriləcək. Azərbaycan fondun qurucularından biri olmağı planlaşdırır, hazırda isə 10 ölkə səhmdarlar sırasındadır.

Fond inkişaf edən ölkələrdə iqlim layihələrinin maliyyələşdirilməsinə yönələcək, bu ölkələrin qlobal istiləşməni 1.5°C sərhədində saxlamaq üçün milli öhdəliklərini yerinə yetirməkdə dəstəyə ehtiyacı var. CFAF dövlət-özəl tərəfdaşlığı formasında yaradılacaq, bu da özəl investisiyaların cəlb olunmasını və iqlim layihələrində risklərin azaldılmasını təmin edəcək.

Liderlərin iqlim maliyyələşdirməsinin zəruriliyi barədə fikirləri

ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi elçisinin müavini Syu Biniaz Trend-ə özəl müsahibəsində bildirib ki, COP29-da ABŞ üçün prioritet iqlim dəyişmələrinin azaldılması, uyğunlaşma və maliyyələşdirmə məsələləri olacaq. Xüsusilə S.Biniaz ABŞ, Çin və Azərbaycanın qeyri-karbon qazlarının emissiyası məsələlərinə həsr olunmuş üçtərəfli tədbirinin əhəmiyyətini vurğulayıb. Bu tədbir COP29-un ilk iki günündə liderlərin Zirvə görüşündə əsas tədbirlərdən biri olacaq.

Syu Biniaz qeyd edib ki, COP29-da ABŞ və digər iştirakçılar üçün prioritet məsələlərdən biri də gündəmdə olan məsələlər olacaq.

"COP29-da həll olunmalı vacib məsələlər var. Bundan əlavə, fəal müzakirə etdiyimiz və Fəaliyyət Planı adlanan bir sıra digər mövzular var. Bu məsələlər 200 ölkə arasında müzakirələrdə sərt şəkildə tənzimlənmir. Onlar daha kiçik ölkə qrupları arasında müzakirə oluna bilər və ya bir və ya bir neçə ölkə tərəfindən elan edilə bilər. Fəaliyyət planı çərçivəsində Azərbaycanın öz prioritetləri var və biz bu prioritetlərdə iştirak edirik. ABŞ-nin də COP-da öz prioritetləri olacaq. Bunlardan bəziləri iqlim dəyişmələrinin təsirlərinin azaldılması, bəziləri uyğunlaşma, bəziləri isə maliyyələşdirmə ilə bağlıdır.

Xüsusilə Çin və Azərbaycanla birlikdə karbon qazı emissiyaları ilə bağlı üçtərəfli tədbir keçirəcəyik. Bu, liderlərin Zirvə görüşündə əsas tədbirlərdən biri olacaq. Digər tərəfdən, ABŞ Mərkəzinə də diqqətimizi yönəldirik. Hər il COP-da bir çox tədbir təqdim etdiyimiz sərgimizi təşkil edirik. Bu il, düşünürəm ki, ABŞ tərəfindən təşkil edilən təxminən 50 tədbir təqdim edəcəyik. Bu, ABŞ-nin ölkə daxilində nələr etdiyini, submilli hökumətlərimizin, şəhərlərin, ştatların və digər ölkələrlə beynəlxalq arenada nə etdiyimizi göstərmək üçün bir fürsətdir", - deyə o açıqlayıb.

Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol müsahibəsində iqlim maliyyələşdirməsinin bütün iqlim problemlərinin "sinir mərkəzi" olduğunu söyləyib.

"Mənə konteksti izah etməyə icazə verin. Bu il dünyada ekoloji təmiz enerjiyə təxminən 2 trilyon dollar investisiya ediləcək. Bu kifayət qədər yaxşı deyil, amma ümidvericidir. Ancaq problem ondadır ki, bu 2 trilyon dolların 85 faizi inkişaf etmiş iqtisadiyyatlara və Çinə yatırılır. Yalnız 15 faiz inkişaf etməkdə olan ölkələrə investisiya edilir, burada dünya əhalisinin üçdə ikisi yaşayır. Burada ciddi bir problem var. Biz tərəflərin inkişaf etməkdə olan ölkələr üçün "təmiz enerji" maliyyələşdirilməsini təmin etməyi razılaşdığı bir mexanizm tapmalıyıq. Çünki bunu edə bilməsək, iqlim hədəflərimizə çatmaq şansımız olmayacaq", - IEA icraçı direktoru deyib.

O, problemlərin yalnız inkişaf etmiş ölkələrdə və Çində iqlim maliyyələşdirməsinin artırılması ilə həll olunmayacağını vurğulayıb. "Asiyada, Afrikada, Latın Amerikada emissiyalar yüksəkdir. Buna görə də bu, mənim üçün kritik bir məsələdir. COP29 və COP30 maliyyələşdirməyə fokuslanmalıdır. Mənim fikrimcə, COP29-un rəhbərliyi ilə yanaşı, bu il Braziliyanın G20-dəki sədrlik inkişaf edən ölkələr üçün lazım olan maliyyə dəstəyini təmin etməyə çalışmalıdır", - Fatih Birol deyib.

F. Birol, COP29 və COP30 ilə yanaşı, Braziliyanın G20-yə sədrliyinin iqlim maliyyələşdirməsi məsələsinə xüsusi diqqət yetirməli olduğunu da qeyd edib.

COP28 dərsləri: İtki və Zərər Fondu

İqlim maliyyələşdirilməsinin əhəmiyyətini vurğulayan bir nümunə COP28 təşəbbüsü olub. Bu çərçivədə, iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən zəif ölkələrə dəstək üçün İtki və Zərər Fondu rəsmi şəkildə yaradılıb. BƏƏ, Almaniya, Aİ, Böyük Britaniya, ABŞ və Yaponiyada bu fonda əhəmiyyətli məbləğlərin ayrılacağını vəd ediblər ki, bu da beynəlxalq icmanın iqlim şəraitinin dəyişməsinə uyğunlaşma məsələlərini həll etməyə hazır olduğunu göstərir.

Qarşıdakı COP29-da bu məsələlərin müzakirəsi ilə yanaşı, maliyyələşdirmə, xüsusilə iqlim dəyişmələrinə ən həssas olan aşağı gəlirli ölkələrdə gələcək iqlim səylərinin müvəffəqiyyətini təyin edən əsas amil olacaq.

Trend
Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.