Ölkə

MSK-da dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib - YENİLƏNİB

10 İyul 2024 13:23
Baxış: 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbədənkənar parlament seçkiləriylə əlaqədar bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün müşavirə keçirilib.

Milli.Az xəbər verir ki, müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, daxili işlər nazirinin müavini Oqtay Kərimov və ədliyyə nazirinin müavini Abiddin Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

MSK sədri Məzahir Pənahov bildirib ki, Seçkiləri müşahidə etmək üçün Azərbaycana bütün qitələrdən nümayəndə heyətləri gəlir: "Məhz Prezidentin tapşırığı ilə Azərbaycanda 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Dünyanın istənilən nöqtəsindən MSK-nın saytında seçkiləri veb-kameralar vasitəsilə izləmək olur və veb-kameralar vasitəsilə seçkiləri müşahidə edənlərin sayı da ildən-ilə artır. Tələbləri pozan seçki komissiyalarını cəzalandıracağıq".

Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev qeyd edib ki, seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır. Bununla bağlı yerli icra orqanlarına tapşırıq verilib".

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev seçki hüququ və onun əsas prinsiplərinin Azərbaycan Konstitusiyasında əksini tapdığını nəzərə çatdırıb.

Baş prokurorun birinci müavini Elçin Məmmədov seçki qanunvericiliyinin pozulmasına yol verən şəxslərin cəzalandırılacağını vurğulayıb.

Daxili işlər nazirinin müavini Oqtay Kərimov nəzərə çatdırıb ki, qanunsuz aksiyaların qarşısının alınması üçün bütün tədbirlər görüləcək.

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov əhalinin reyestrində olan məlumatların MSK-nın İnformasiya Mərkəzinə də inteqrasiya olunduğunu söyləyib: "Bu da ölən şəxslərin seçici siyahılarından çıxarılması sahəsində problemlərin qarşısını alır".

------

11:39

İyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir.

Milli.Az xəbər verir ki, müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, daxili işlər nazirinin müavini Oqtay Kərimov, ədliyyə nazirinin müavini Abiddin Hüseynov və digər rəsmi şəxslər iştirak edirlər.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə VI çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılıb və növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

MSK indiyədək 17 siyasi partiyanın səlahiyyətli nümayəndəsini qeydə alıb.

Qeyd edək ki, ölkə üzrə seçicilərin vahid siyahısına 619 məntəqə üzrə 6 milyon 326 min 764 seçicinin adı daxil olunub. Onların 47,55 faizi kişi, 52,45 faizi isə qadınlardır.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.