Ölkə

Bakıda Beynəlxalq Forumun birinci günü başa çatıb - FOTO

27 İyun 2024 18:12
Baxış: 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:12

İyunun 27-də Bakıda "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı Beynəlxalq Forumunun birinci günü başa çatıb. Forum sabah işinə davam edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, forum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı ilə keçirilib.

Forumda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri iştirak edirlər.

Forum iki gün davam edəcək.

"Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib ki, "Təmiz Şəhər" ASC ətraf mühitə fayda vermək üçün tullantılardan maksimum istifadəni hədəfləyir.

"Bugünkü forum COP29-a hazırlığa öz töhfəsini verəcək və dayanıqlı inkişaf məqsədləri üzrə mühüm məsələləri müzakirə etməyə imkan verəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, "Təmiz Şəhər" ASC tullantıların idarə olunması üzrə aktiv şəkildə çalışır, Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna nəzarət edir və öz fəaliyyəti (tullantıların yandırılması) sayəsində təmiz elektrik enerjisi (ümumi elektrik şəbəkəsinə daxil olur) istehsal edir.

"Bugünkü "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı tədbir Azərbaycanda bu istiqamətə nə qədər önəm verildiyini göstərir", - deyə E.Abbasov qeyd edib.

O bildirib ki, ASC tullantılardan elektrik enerjisi hasil etməklə yanaşı, tullantıların bir qismini çeşidləyir və onlardan xammal qismində istifadə edir.

"ASC inanır ki, fəaliyyəti qarşıdakı COP29 gündəliyinə öz töhfəsini verəcək. Azərbaycan COP29-a layiqincə ev sahibliyi edəcək, biz bundan əminik", - deyə o əlavə edib.

O qeyd edib ki, 2017-ci ildən fəaliyyət göstərən və "Təmiz Şəhər" ASC-nin tərkibinə daxil olan Balaxanı Sənaye Parkına investisiyalar indiyədək ümumilikdə 53 milyon manat olub.

Onun sözlərinə görə, sənaye parkının ərazisində 229 milyon manat dəyərində məhsul istehsal etmiş 25 rezident fəaliyyət göstərir.

"Eyni zamanda, tullantıların emalı nəticəsində park ərazisində əldə edilən məhsulların 10 faizi xarici ölkələrə ixrac olunub", - deyə E.Abbasov qeyd edib.

O, parkda 1100 yeni iş yerininn açıldığını bildirib.

"Bu sənaye parkı müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsalının genişləndirilməsində və ölkəmizdə ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasında xüsusi rol oynayır", - o deyib.

E.Abbasov "Təmiz Şəhər" ASC-yə daxil olan 800 min ton tullantının bir hissəsinin Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləndiyini, yandırıldığını və bir il ərzində bu proses nəticəsində 200 mln. kVt-saat elektrik enerjisi hasil olunduğunu əlavə edib.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, 2030-cu ilədək Azərbaycan yüksək keyfiyyətli "yaşıl" enerji ekoloji mühiti və mərkəzləri yaratmağı planlaşdırır.

Onun sözlərinə görə, təyin edilmiş strategiyaya əsasən, ölkədə yaşıl sahə 12 faizdən 12,3 faizədək artırılmalı, istifadəyə yararsız torpaqların ərazisi isə 25 faizdən 15 faizədək azaldılmalıdır.

"Əhalinin içməli su ilə təmin edilməsi 70 faizdən 85 faizə, suvarma suyu ilə təmin olunması isə 80 faizdən 90 faizədək çatdırılmalıdır", - deyə nazir müavini vurğulayıb.

O, həmçinin, qeyd edib ki, tullantıların təkrar emalının payı Bakıda 20 faiz, regionlarda isə 10 faiz olmalıdır.

"Bundan başqa, 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasına əsasən, bərpa olunan enerji mənbələrindən enerji istehsalının payı 17,3 faizdən 24 faizə çatdırılacaq", - deyə o əlavə edib.

Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov qeyd edib ki, dünyada hər il 7-10 milyard ton bərk məişət tullantısı istehsal olunur və qlobal miqyasda istifadə olunan bütün resursların demək olar ki, 10 faizi tullantıya çevrilir.

Onun sözlərinə görə, ətraf mühitin çirklənməsi hər il bütün dünyada 12,6 milyon insanı öldürür.

"Qeyri-qənaətbəxş ekoloji şərait dünya üzrə bütün ölümlərin 23 faizinin və beş yaşadək uşaqlar arasında ölümlərin 26 faizinin səbəbidir", - deyə o vurğulayıb.

Məişət tullantılarından danışan deputat bildirib ki, dünyada hər il bərk məişət tullantılarının payına 2 milyard ton düşür.

"Müxtəlif ölkələrdə sənaye tullantılarının miqdarı gəlir səviyyəsi, sənayeləşmə və iqtisadiyyatın strukturundan asılıdır. Lakin tullantıların daha böyük həcmi faydalı qazıntı hasilatı, metallurgiya və digər sahələrdə formalaşır. Azərbaycanda tullantılarının azaldılması problemini həll etmək üçün iqtisadiyyatın bu sahələrinə böyük diqqət yetirməlidir", - deyə o əlavə edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, iyunun 27-də Bakıda keçirilən "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forum beynəlxalq təcrübənin öyrənilməsi üçün çox vacibdir.

"Bizim üçün təqribən 300 iştirakçı ilə qarşılıqlı fikir mübadiləsi aparmaq və beynəlxalq təcrübəni öyrənmək çox vacibdir. Azərbaycan həmçinin öz milli prioritetlərində əsas məqsədlərdən biri kimi "yaşıl" inkişaf kursunu götürüb. Bu, "yaşıl" iqtisadiyyata keçid deməkdir. Bu təcrübə beynəlxalq prosesdə davam edir. Fikrimizcə, iki gün ərzində bu məsələ ilə bağlı geniş müzakirələr təşkil etmək mümkün olacaq", - deyə o qeyd edib.

F.Mütəllimov bildirib ki, forumun yekunnkarına əsasən iyunun 28-də "Sıfır tullantı - Bakı təşəbbüsü"nün qəbul edilməsi planlaşdırılır.

"Müasir dünyada tullantılar təkcə atılan məhsullar deyil. Əksinə, tullantılardan yeni məhsul istehsal etmək və yeni iqtisadi resurs qismində istifadə üçün tullantıların təkrar emalı müəssisələrinin istifadəsi geniş yayılıb. Bakıda bu istiqamətdə müxtəlif tədbirlər görülür. Lakin bizim fikrimizcə, regionlarda da bu istiqamətdə tədbirlərin keçirilməsi vacibdir. İnanırıq ki, bu iki gün səmərəli müzakirələrlə keçəcək. Nəticədə biz hamımız vacib məlumatları əldə edəcəyik, dünya isə Azərbaycanın müsbət təcrübəsinin şahidi olacaq", - deyə o əlavə edib.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev isə Bakıda keçirilən "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forumda çıxışında deyib ki, tullantıların təkrar emalı müasir iqtisadiyyatda mühüm rol oynayır, həmçinin ətraf mühitin mühafizəsi üçün böyük əhəmiyyət kəsb edir.

Onun fikrincə, tullantıların təkrar emal üsullarının artması, bu prosesə innovasiyaların tətbiqi resursların səmərəli istifadəsini təmin edir və xammala ehtiyacı azaldır.

Ətraf mühitin plastik tullantılarla çirklənməsinə toxunan nazir bunu ən ciddi ekoloji problemlərdən biri adlandırıb.

"Plastik tullantılar probleminin həlli üzrə addımlarda BMT-nin Ətraf Mühit Proqramının (UNEP) aparıcı rolunu qeyd etmək istərdim. UNEP ölkələr arasında əməkdaşlığı möhkəmləndirməklə plastik tullantılarla mübarizə üzrə qlobal təşəbbüs və proqramların inkişafını dəstəkləyir", - deyə M.Babayev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda bu sahəyə xüsusi diqqət yetirilir. O xatırladıb ki, 2019-cu ildən qalınlığı 15 mikrona qədər olan polietilen paketlərin, eləcə də birdəfəlik plastiklərin idxalı, istehsalı və satışı qadağan edilib. Bazarlarda 15-50 mikron qalınlığında polietilen paketlər alıcılara müəyyən ödəniş qarşılığında təklif olunur.

Nazir tibbi tullantılar probleminə də diqqət yetirib.

"Tibbi tullantılar ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Bu səbəbdən tibbi tullantıların toplanması, çeşidlənməsi, daşınması və utilizasiyası üçün müasir üsul və texnologiyalar tətbiq etməliyik", - o deyib.

Nazir qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı və digər rayonların sakinlərinin maarifləndirilməsi, tullantıların çeşidlənməsi, akkumulyator, şüşə, plastik və digər növ xammalların toplanması və təkrar emala yönəldilməsi üçün praktikaların formalaşması istiqamətində geniş maarifləndirmə tədbirləri həyata keçirilir.

""Təmiz ölkəm", "Təmiz hövzələr" kimi təmizlik aksiyaları keçirilir. Bu kimi addımlar Sıfır tullantı konsepsiyasını həyata keçirməyə kömək edir. Baxış nöqtəmizi dəyişdirməklə və tullantıları qiymətli resurs kimi nəzərdən keçirməklə bir çox iqtisadi, ekoloji və sosial faydalar əldə etmək olar. Bu dəyişikliklər dövlət siyasəti, özəl sektorda innovasiyalar və vətəndaşların fəal iştirakını əhatə edən kollektiv səylər tələb edir.

2022-ci ildə Azərbaycan Türkiyənin təşəbbüsü ilə irəli sürülmüş "Bütün dünyada, ortaq evimizdə sıfır tullantı üzrə qlobal öhdəlik" Bəyannaməsinə qoşulub. Hazırda bu istiqamətdə Türkiyə ilə fəal əməkdaşlıq edirik və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu cür əməkdaşlıq bizə tullantıların azaldılması və təkrar emalı sahəsində müsbət nəticələr əldə etməyə imkan verir", - deyə o əlavə edib.

Nazirlər Kabinetinin Kənd təsərrüfatı və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Bakıda keçirilən "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forumda çıxışında qeyd edib ki, tullantıların utilizasiyası və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi gündəlikdə duran əsas məsələlərdəndir.

Onun fikrincə, tullantıların təkrar emalı ilə əlaqəli dayanıqlı həllərə ehtiyac getdikcə artmaqdadır.

"Tullantıların miqdarının azaldılması və onların səmərəli təkrar emalı ətraf mühitin mühafizəsi üçün vacibdir", - deyə L.Qasımov qeyd edib.

Onun sözlərinə görə, hazırda bütün Azərbaycanda tikinti işləri nəticəsində yaranan tullantıların təkrar emalı və zərərsizləşdirilməsi istiqamətində işlər intensivləşib.

"Həmçinin ətraf mühitin mühafizəsi məqsədilə köhnə nəqliyyat vasitələrinin utilizasiyası prosesinə start verilib", - deyə L.Qasımov bildirib.

O, Azərbaycanın bütün sahələrdə "yaşıl" iqtisadiyyatın yaradılması istiqamətində irəlilədiyini, paralel olaraq ətraf mühit problemlərini həll etdiyini qeyd edib.

"İqlim dəyişikliyi insanların həyat şəraitinə ciddi təsir göstərir. Qarşıdakı COP29 ekoloji və iqlim "sağlamlığı" üçün yeni imkanlar yaradacaq", - deyə o əlavə edib.

Daha sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forumda çıxışında vurğulayıb ki, COP29-un astanasındayıq və inanırıq ki, tullantıların dayanıqlı idarə olunması üzrə özünü iqtisadi nöqteyi-nəzərdən təsdiqləyəcək dəyərli təkliflər irəli sürüləcək və qərarlar qəbul ediləcək.

Onun sözlərinə görə, BMT bərk tullantıların idarə olunması üzrə yeni konsepsiya hazırlayır və burada əks olunan tövsiyələr dövlətlərin müvafiq yeni strategiyalarında da yer alacaq.

Andreyeva Azərbaycanın tullantıların idarə olunması üzrə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə əməkdaşlıq etdiyini xatırladıb.

"Dünyada hər kəs tullantılarla bağlı davranışını radikal şəkildə dəyişməlidir. Təkcə hökumət və dövlət müəssisələri deyil, həm də özəl təşkilatlar və ev təsərrüfatları planetin təmizliyi üçün öz məsuliyyətlərini dərk etməlidir", - deyə Andreyeva vurğulayıb.

Onun fikrincə, tullantıların radikal şəkildə azaldılmasına resurslardan daha səmərəli istifadə yolu ilə nail olmaq mümkündür. Həmçinin ən son texnologiyalar da tullantıları təkrar emal etməyə imkan verir.

----------
11:03


İyunun 27-də Bakıda "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı Beynəlxalq Forum işə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, forum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı ilə keçirilir.

Forumda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri iştirak edirlər.

Forum iki gün davam edəcək.

Xəbər yenilənəcək

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.