Ölkə

Ceyhun Bayramov Gürcüstan parlamentinin sədri ilə görüşdü - YENİLƏNİB - FOTO

27 İyun 2024 18:43
Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:43

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

XİN-dən Milli.Az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq gündəliyində duran məsələlər, parlamentlərarası əməkdaşlığın perspektivləri, habelə regionda cari vəziyyət müzakirə olunub.

İki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, energetika, nəqliyyat və kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə strateji tərəfdaşlıq xarakteri daşıyan qarşılıqlı faydalı əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb. "Orta Dəhliz" üzrə işlərin və birgə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Bununla yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə arasında həm xarici işlər nazirləri, həm də Parlamentlər səviyyəsində üçtərəfli format çərçivəsində birgə səylərin genişlənməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud çoxşahəli əməkdaşlıq gündəliyinin inkişafında parlament diplomatiyasının, parlament sədrləri və nümayəndələrinin qarşılıqlı səfərlərinin, dostluq qrupları arasında geniş əməkdaşlığın əhəmiyyətli rol oynadığını qeyd edib.

İki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın xalqlarımız arasında mövcud dostluq və mehriban qonşuluq münasibətlərinə verdiyi töhfə müsbət qiymətləndirilib.

Cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat verən nazir Ceyhun Bayramov, COP29 çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanların yarandığını diqqətə çatdırıb.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesi barədə məlumatlandırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov həmçinin Parlamentin fəxri qonaqları kitabına ürək sözlərini yazıb.

----------
13:43


Gürcüstanda səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovun gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüşü olub.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sonra XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib.

Tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar aspektlərini müzakirə ediblər.

Xarici işlər nazirləri həmçinin müxtəlif regional və beynəlxalq formatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi təşəbbüsləri ətrafında fikir mübadiləsi aparıblar.

Münaqişə sonrası regional sülh və yenidənqurma səyləri də gündəmin əsas mövzusu olub.

--------
10:07


Bu gün xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.

Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.