Ölkə

Deputatlar mənimlə məsləhətləşir, nə qədər pul verirlər versinlər... – Səbuhi Rəhimli

12 Fevral 2024 11:29
Baxış: 1 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az axar.az-a istinadən astroloq, avestaşünas Səbuhi Rəhimli ilə müsahibəni təqdim edir:

- Səbuhi bəy, qoroskop nədir?

- Qoroskopun nə olmasını vikipedik məlumatlarla bilmək olar, amma dəqiq "ulduz falı" deyil. Adətən, "astrologiya" , "qoroskop" deyəndə adamların ağlına bunlar gəlir. Astrologiya konkret elmdir, elmi əsasları var. Astroloji proqnoz, tövsiyələr, zəruri məsləhətlər planetar konfiqurasiyaya əsasən ortaya qoyulur. Mən isə falçılığın əleyhinəyəm, müştəri götürmürəm. Amma haqqımızda bu cür hədyanlar da söylənilir, ən azından adımın qarşısına qəsdən bu cür yazırlar...

- Astrologiya ilə ulduz falını niyə eyni görürlər ki?

- Savadsızlıqdan, həm də təqdimetmə yanlışdır. 1991-ci ildə Azərbaycana "Qoroskop əsasında siz kimsiniz" ("Кто вы по гороскопу?") adlı kitab gəldi. Tərcüməçilər o kitabı "Sizin ulduz falınız" kimi tərcümə etdilər. Bunun özü bir yanlış idi. Fal tamamilə başqa bir şeydir. Biri kofeyə baxaraq deyir, biri karta, biri əlin içinə. Bu bizim işimiz deyil, mən belə şeylərdən uzaq adamam, ibadətlə məşğul oluram, inanclıyam, dini təbliğ edirəm. Mətbuat da bəzən astroloji proqnozun, mənim adımın qarşısına "ulduz falı" yazır.

- Kofeyə, əlin içinə, karta baxıb, fal açmağı inkar eləyirsiniz, yoxsa bu da bir yoldur, həqiqət tərəfləri var?

- Bu sualın mənə aidiyyəti yoxdur. Əgər bir şeyi deyirsənsə, onun elmi əsaslarını ortaya qoymalısan. Materialist dünyagörüşü kimi yanaşsaq, əsaslandırılmayan bir şey doğru qəbul edilmir. Siz fala baxanların da üstünə düşün. Niyə onların üstünə düşmürlər, ancaq mənim üstümə gəlirlər? Mən hər il 25 siyasi proqnoz verirəm. Hər il də hesabat verən yeganə adamam. 25 proqnozdan 24-ü düz olur, biri yanlış olursa, düşürlər o yanlışın üstünə.

- Səhv çıxan proqnozunuzu qərəzdən qabardırlar, yoxsa astrologiya elminə olan inamsızlıqdan?

- Onu tirajlayan adamlardan soruşmaq lazımdır. Əgər inamsızlıq varsa, niyə gəlib çəkirlər? Üstəlik, efirə də vermirlər. Demək ki, məqsədləri var. Yalançı kimi təqdim etmək istəyirlər. Əvvəllər mənə lağ edirdilər ki astroloq da siyasi proqnoz verir. Amma görürlər ki, dediklərim düz çıxır. Lap biri səhv çıxdı, insanam da - düzgün hesablamaya, yanlış edə bilərəm. Bəs niyə demirlər iyirmi dördü düzdü?

- Bəlkə politoloqlar düşünür ki, siyasi proqnozlar ancaq onların işidir, yaxud elə düşünürlər ki, astrologiya ulduz falından fərqlənmir, siz də onların sahəsinə girməklə qəzəbləndirirsiniz?

- Mübariz Mənsimov həbs olunanda onunla bağlı açıqlama istəmişdilər. Mən gününə qədər demişdim ki, bu vaxt buraxılacaq. Məhz mən dediyim gün elan olundu ki, məhkəmədə günahsız olması ortaya çıxıb, azad olunacaq. Amma siyasi qərar olduğuna görə buraxılmadı. İndi mən nə edim? Amma demişdim axı. Artıq qanun, prosedur elə tələb edib ki, bir neçə gün sonra azad edibər. Bütün hallarda isə proqnozum düz çıxıb. Bəzən olur ki, bir dairənin deputatlığa namizədliyini hesablayıram, deyirəm ki, bu adam olacaq. Amma olmur. Yaxud qoroskopuma çıxır ki, sabah məni qonaq çağıracaqlar. Amma gedib-getməməyəcəyim məndən asılıdır. Ümumi olaraq deputatların çoxunun mənimlə münasibəti yaxşıdır, bəzən mənimlə məsləhətləşirlər, bacardığım qədər köməklik edirəm.

- Deputatlar sizinlə nəyi məsləhətləşir ki? Növbəti seçkilərdə seçilib-seçilməyəcəklərini?

- Yox, deputatlar məni tanıdığına görə fərdi müraciətlər etmirlər. Mən birmənalı şəkildə sırf mediada işləyirəm. Nə olur olsun, nə qədər pul verirlər versinlər, müştəri şəklində işləmirəm. Fərdi siyasi proqnozlar hazırlamaq təhlükəlidir. Bizimki siyasi proseslərdə ümumi məsləhətləşmələrdir. Məsələn, Rusiya-Ukrayna müharibəsi haqqında və s.

- Rusiya-Ukrayna müharibəsilə bağlı hansı proqnozu vermək olar? Məsələn, nə vaxt bitəcək və nəticəsi nə olacaq?

- Rusiya-Ukrayna müharibəsində ilk gündən deyirlər ki, kim udacaq? Deyirəm, Amerika və İngiltərə. Bəlkə də bu, konkret siyasi cavabdır. Məsələn, Qəzza bölgəsində may ayında dayanma ehtimalı var. Amma noyabra qədər dəqiq davam edəcək, bəlkə ondan sonra danışıq oldu. Hələlik bunu deyə bilərəm. Astroloji pəncərədən baxanda ən azı noyabra qədər davam edəcək.

- Siyasi proqnozları "zərdüştlük astrologiyası"na əsaslanıb verdiyinizi demişdiniz. Bilməyənlər üçün açıqlayaq. Zərdüştlük astrologiyasının digərləri ilə fərqi nədir?

- Tam o cür deməmişəm. Sadəcə, "Avesta" qoroskopu var. Mən fəaliyyətə bununla başlamışam, avestaşünasam. Məni təqdim edəndə də bu cür edirlər. Orada bəzi siyasi proqnozlar var ki, Çin qoroskopu onu təyin edə bilmir, amma zərdüştlük qoroskopunda olur. "Avesta gerçəyi" adlı sayca 40-cı kitabım var, hər şeyi qeyd eləmişəm. Dünyada çox təqvimlər var. Zərdüştlükdə Saturn əsas götürülüb, bu da Günəş ətrafında 32 ilə dövr edir. Ona görə illəri 32 yerə bölüblər. Maral ilində başlayıb, şahin ilində bitir. Onun da öz özəllikləri var.

- İbadətlə məşğul olduğunuzu da dediniz. Dinin proqnoz verməyi qadağan etməsini bilirsinizmi?

- Falçılıq olsa, hə, siz deyəndir. Siyasi proqnozlar başqa məsələdir. Elmi əsası var axı. Mən ürəyimdən gəlir deyə danışmıram, demirəm ki, hisslərim belə deyir. Hesablayıram və əsaslandırıram.

- Son olaraq bu müsahibəmizin dərc olunandan sonra uğurlu olub-olmamağı ilə bağlı hansısa proqnozu hesablayıb verə bilərsinizmi?

- Əgər müsahibənin başlığı sensasion olsa, uğurlu olacaq (gülür). Hər şeyi insan bilmir axı. Bu, oxuculardan, auditoriyadan, sizin saytdan asılıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.