Cəmiyyət

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)

28 Sentyabr 2026 17:51
Baxış: 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Meksikanın "Ası Lo Dice Mexico" qəzetində Federiko La Montun "Ehtiram sükutu: Azərbaycan və qəhrəmanlarının sarsılmaz yaddaşı" adlı məqaləsi dərc olunub. 

Milli.Az xəbər verir ki, məqalə 27 Sentyabr - Anım Gününə həsr edilib. 

Müəllif qeyd edir ki, 27 Sentyabr - Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə ehtiramın ifadə olunduğu mühüm tarixlərdən biridir. Bu gün təkcə müharibənin ağır nəticələrini xatırlamaq deyil, həm də milli yaddaş, dövlətçilik və gələcəyə baxış haqqında düşünmək üçün bir fürsətdir. Məqalədə bildirilir ki, bəzi tarixlərin mahiyyətini izah etmək üçün uzun siyasi nitqlərə ehtiyac qalmır, bu tarixlər bir xalqın kollektiv yaddaşında yaşayır və nəsildən-nəslə ötürülür. Azərbaycanda 27 Sentyabr da belə günlərdəndir.

"2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində dərin iz buraxıb. Anım Günü həmin müharibədə və sonrakı dövrdə həyatını itirmiş hərbçilərin xatirəsinə ehtiramın ifadəsidir. Minlərlə insanın həyatına təsir edən müharibənin ağrısı bu gün də ailələrin, yaxınların və bütövlükdə cəmiyyətin yaddaşında yaşayır", - deyə məqalədə vurğulanır. Qeyd olunur ki, bu tarix insan həyatının, milli iradənin və tarixi yaddaşın dəyərini də gündəmə gətirir. Müharibələr şəhərlərə, yollara və infrastruktura vurulan zərərlə yanaşı, insanların həyatında və cəmiyyətlərin yaddaşında da dərin yaralar buraxır.

Müəllif yazır ki, 2022-ci ilin iyununda Şuşaya səfər edən xarici jurnalistlərin müşahidələri də bu reallığın müxtəlif aspektlərini üzə çıxarmışdı. Təxminən otuz il davam etmiş işğalın izlərini daşıyan şəhər Azərbaycanın mədəni irsinin və tarixi yaddaşının mühüm simvollarından birinə çevrilib. Şuşanın bərpası isə müharibədənsonrakı dövrün əsas istiqamətlərindən biri kimi diqqət çəkir. Tarixi yaddaş yalnız Azərbaycana xas anlayış deyil. Dünyanın müxtəlif ölkələrində müharibələrdə həyatını itirən insanların xatirəsinin xüsusi günlərdə yad edilməsi geniş yayılmış ənənədir. Böyük Britaniya və digər Anqlosakson ölkələrində Anım Günü, Fransada 11 Noyabrın qeyd olunması, Meksikada milli tarixin müxtəlif mərhələlərində həlak olanların xatirəsinə ehtiram ənənələri göstərir ki, fərqli cəmiyyətlər arasında ortaq bir prinsip mövcuddur: keçmişin ağrısını xatırlamaq gələcək nəsillər üçün mühüm mənəvi məsuliyyətdir.

Azərbaycan üçün Qarabağ məsələsinin həlli və ərazi üzərində suverenliyin bərpası uzun illər davam edən mürəkkəb siyasi və hərbi proseslərin nəticəsi kimi təqdim olunur. Bakı isə postmünaqişə mərhələsində sülh müqaviləsinin imzalanması, dövlət sərhədlərinin delimitasiyası və regionda iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində diplomatik gündəliyini önə çəkir. Son illərdə aparılan diplomatik təmaslar Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması məsələsini beynəlxalq gündəmdə saxlayır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin müəyyənləşdirilməsi və regional nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı postmünaqişə dövrünün əsas mövzuları sırasında yer alır. 27 Sentyabrda ölkə boyu yaşanan sükutun mənası da məhz burada ortaya çıxır. Bu sükut yalnız keçmişin xatırlanması deyil, insan həyatının qiymətinə verilən dəyərin ifadəsidir. Həlak olanların xatirəsini yaşatmaq, onların ailələrinə ehtiram göstərmək və müharibənin yaratdığı yaraların sağalmasına çalışmaq tarixi yaddaşın ən mühüm elementlərindəndir.

Müəllifin fikrincə, tarixi xatırlamağın mənası yalnız keçmişə baxmaqdan ibarət deyil. Əsl məqsəd gələcəyə daha böyük məsuliyyətlə yanaşmaqdır. Müharibədən sonra dayanıqlı sülhün qurulması, bölgənin iqtisadi və humanitar baxımdan bərpası, xalqlar arasında etimadın möhkəmləndirilməsi və yeni qarşıdurmaların qarşısının alınması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

"Anım Gününün əsas mesajlarından biri də budur: qəhrəmanların xatirəsinə ən böyük ehtiram onların fədakarlığını yaddaşda saxlamaqla yanaşı, sülhün və sabitliyin qorunmasına xidmət edən gələcək qurmaqdır.

Tarixi yaddaş sərhəd tanımır. Müxtəlif ölkələrin fərqli təcrübələri göstərir ki, öz ölkəsi və xalqı uğrunda həyatını itirən insanların xatirəsinə ehtiram universal mənəvi dəyərdir. Azərbaycanın 27 Sentyabr - Anım Günü də bu baxımdan yalnız milli yaddaşın deyil, müharibədən sülhə keçidin, yaraların sağaldılmasının və gələcəyə yönəlmiş məsuliyyətli yanaşmanın simvoludur.

Bu günün sükutu keçmişin ağrısını unutmaq üçün deyil, onu xatırlayaraq gələcəkdə yeni ağrıların qarşısını almaq üçündür. Həlak olanların xatirəsini yaşatmağın ən layiqli yolu isə onların uğrunda can verdiyi dəyərləri qorumaq və sülhün davamlı olması üçün çalışmaqdır", - deyə məqalədə bildirilir.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.