Ölkə

Zaur, Xoşqədəm və Elgiz həkimləri neçəyə reklam edir? - FANTASTİK QİYMƏTLƏR

24 Yanvar 2023 12:39
Baxış: 8 780

Televiziyanın əsas funksiyalarından biri maarifləndirməkdir. Ancaq təəssüf ki, son vaxtlar yerli telekanallarda maarifləndirmə ilə ucuz reklamın sərhədləri qarışıb.

Milli,Az medicina.az-a istinadən xəbər verir ki, müəllif proqramlarında əhalini maarifləndirmək adı altında hansısa "ekspert" və "mütəxəssislər" reklam edilir. Manipulyativ xarakterli bu özfəaliyyət tamaşaçıya "tibbi maarifləndirmə proqramı" tipli verilişlərdə daha qabarıq şəkildə diqqəti çəkir.

Əgər əvvəllər telekanallar müxtəlif xəstəliklər, tibbi məsələlər, səhiyyə sahəsində mövcud olan problemlərlə bağlı az-çox sanballı verilişlər hazırlayırdısa, son dövrlər tamamilə başqa tendensiya diqqəti çəkir: hansısa həkimlər canlı yayıma və ya tibbi məzmunlu verilişlərə çağırılır, aparıcı isə qonaqla ciddi mövzuda söhbət etməkdənsə, daha çox onun ünvanına "bəy tərifi" yağdırmaqla məşğul olur. Vəziyyət o həddə çatıb ki, artıq həkimlər ölkənin çox izlənilən tok-şou və populyar şou verilişlərinə belə ayaq açıblar.

Məsələn, teleaparıcılardan Əkbərin, Elgizin, Tarix Əliyev (Tolikin) səhər verilişlərində, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin tok-şoularında həkimlər ekspert kimi saatlarla otururlar. Əsl şou da elə bu dəvətlər dəb halını alandan sonra başlayıb.

Aparıcılar bu verilişlərdə həkimləri "ölkənin nömrə 1 həkimi", "ən yaxşı cərrah", "ən yaxşı travmatoloq", "ən bacarıqlı ginekoloq" və s. kimi təqdim edirlər. Belə proqramlarda peşə etikası, hətta reklam haqqında qanunun tələbləri ciddi şəkildə pozulur, aparıcılar hansısa "mütəxəssis" barədə şəxsi, subyektiv fikirlərini tamaşaçılara həqiqət, real informasiya kimi sırımağa çalışırlar... Sirr deyil ki, bütün bunların arxasında ciddi maliyyə dəstəyi dayanır.

Vəziyyət o həddə çatıb ki, ölkədə həkimlər qeyri-rəsmi olaraq, 2 kateqoriyaya bölünüb: reklamı güclü olanlar, başını aşağı salıb işini görənlər.

Təbii ki, şou və əyləncəli proqramlarda reklam olunan həkimlərin pasiyentlərinin də sayı artır. Qabiliyyəti, savadı üstün olan həkimlər isə bu reklam şoularına qatılmır və daha az pasiyentlə kifayətlənməyə məcbur olurlar. Məsələnin ziyanlı tərəfi həm də ondan ibarətdir ki, teleaparıcıların sayəsində tamaşaçı pulu olan, ancaq yetərincə bacarığı olmayan belə "həkim"lərin toruna düşür. Pasiyentlər kifayət qədər pul sərf etsələr də, həmin həkimlərin apardığı müalicə və əməliyyatlar çox zaman nəinki uğurlu olmur, hətta bir çoxlarına sağlamlıqlarını itirmək bahasına başa gəlir.

Medicina.az saytı populyar televiziya proqamlarında həkimlərin reklam olunmasının qiymətləri barədə araşdırma aparıb.

Məlum olub ki, telekanalların reklam paketlərindən əlavə teleaparıcılardan Zaur, Xoşqədəm və Elgizin proqramında qonaq kimi iştirak edən həkimlər aparıcıların xüsusi təqdimatı üçün əlavə ödənişlər edirlər.

Belə ki, əgər sponsor paketi 10 min manatdırsa, həkim canlı verilişdə oturmaq və çıxış, xüsusi təriflənmək üçün əlavə 3-5 min manat arası pul ödəyir.

Telekanallarda Xüsusi sponsor qiymətləri aşağıdakı kimidir.

ATV telekanalında Zaur Baxşəliyevin "Bizimləsən" proqramında müvafiq xidmətin qiyməti ƏDV-siz 16-18 min manatdır. Zaur Baxşəliyevin verilişinə şəxsən çıxmaq üçün əlavə ödəniş tələb oluna bilər. Yeri gəlmişkən, aparıcı bu yaxınlarda həyat yoldaşı və özünü "Azərbaycanda ən bahalı reklam edən aparıcısı" elan etmişdi.

ATV-nin "Nanəli" proqramında həkimlərin reklamı ƏDV xaric 9-12 min manata başa gəlir.
ARB kanalında Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində sponsor qiyməti 17-20 min manatdır.

Verilişin xüsusi sponsoru olmayan (yəni 17 min manatı ödəməyən) həkimi ayrıca verilişə çıxarıb reklam etmirlər. Xoşqədəm Hidayətqızının həkimi şəxsən təqdimatı üçün nə qədər ödəməli olduğu sirr saxlanılır, bunu yalnız aparıcı özü təyin edir.

"Elgizlə İzlə" verilişində reklam paketi 8-9 min AZN-ə başa gəlir. Həkimin verilişdə qonaq kimi təqdimatı, əyləşməsi, ekspert kimi çıxışı 5-6 min manatdır. Bu məbləği Elgiz özü təyin edir və aparıcının özünə aiddir.

Tarix Əliyevin "Ümid ilə gəl" verilişində sponsor paketləri 5 min manatdan başlayır. O verilişinin sponsor, reklam qiymətlərini şəxsən özü təyin edir.

Sponsor paketində həkim və ya klinikanın reklamı rolik şəklində göstərilir və aparıcı tərəfindən səsləndirilir.

Həkimin birbaşa həmin verilişə qatılması, tanıdılması və aparıcı tərəfindən şəxsən təqdimatı ayrıca hesablanır.

Bir neçə il əvvəl Xoşqədəm Hidayətqızının verilişinə qatılan həkimlərdən biri hər ay üçün əlavə pul ödədiyini bildirib:

"Kanala ayrıca reklam paketi ödənişi etdim. Xoşqədəm xanımın verilişində təqdimatı üçün ayrıca pul verdim. Həmin vaxt xəstə çox oldu, otağımın qarşısı dolu idi. Özəl klinika rəhbərliyi bunu görüb, mənə ayrıca mərtəbə ayırdı, otaqları çoxaltdı. Klinika bizə reklam üçün pul vermir. Həmin il mən telekanallarda müxtəlif proqramlara 35 min pul xərclədim. Bu məbləği ikiqat çıxardım. Amma sonra pandemiya oldu. Daha sonra icbari tibbi sığortaya görə xəstələr mənim etdiyim əməliyyatı sığorta ilə etdirməyə başladılar. Ona görə xəstə sayı çox düşdü. İndi həmin verilişlərdə reklam qiymətləri qalxıb".

Adı çəkilən verilişlərdə aylarla "ən yaxşılar" kimi təqdim olunan göz həkimi, ginekoloq, cərrah, travmatoloq, pediatr, kök hüceyrə mütəxəssisləri, eləcə də uroloq və böyrək həkimlərinin reklamdan sonra qəbul qiymətlərinin artdığı da bildirilir.

Xüsusən bölgələrdən həmin həkimlərin qəbuluna xəstə axını müşahidə olunur. Xüsusən yaşlı nəslin nümayəndələri yaxınlarından onları Zaur, Xoşqədəm və Elgizin reklam etdiyi həkimə aparmağı tələb edirlər.
Beləcə, aparıcıların reklam etdiyi həkimlər peşəkar həmkarlarını üstələyir, onların kabinetlərinin qarşısında pasiyent növbəsi yaranır. Bəzi həkimlər bir gündə 50 xəstə qəbul edir və təbii ki, gəliri artır. Daha sonra onlar bu gəliri növbəti, daha yüksək məbləğli reklam dövriyyəsinə buraxır.

Bir maraqlı nüansı da qeyd edək ki, tanınmış göz həkimi, professor Rasim Hacıyevlə müsahibə zamanı həmin aparıcılardan birini öz uşağını müalicə üçün onun qəbuluna gətirdiyinin şahidi olduq. Hətta həkimdən yarızarafat, yarıciddi "aparıcı niyə övladını reklam etdiyi "bir nömrəli göz həkimi"nə deyil, sizin yanınıza getirir" sualını verdik. Belə aydın olur ki, teleaparıcılar öz və ailə üzvlərinin sağlamlığını reklam etdikləri və xalqa məsləhət gördükləri həkimlərə etibar etmirlər.

Həkimlərin reklam olunmasının qanunvericiliyə və tibbi etikaya nə qədər uyğun olub-olmadığınına gəlincə, bu barədə elə tanınmış həkimlərin rəyini soruşduq.

"O cür reklam olunmaq həkim adına həqarətdir"
Adil Qeybulla professor, tibbi ekspert:

 

"Azərbaycanda həkimlərin reklam olunma forması dünyada analoqu olmayan biabırçılıqdır. Bu qədər pulu verib efirə çıxırlar, aparıcılar da onları "1 nömrəli həkim", "ən yaxşı həkim" adlandırırlar. Hansısa həkimin bu təqdimata razı olması, onun öz peşəsinə və həmkarlarına qarşı həqarətdir. O aparıcılar pul üçün hər şeyə gedirlər. Onlar üçün "ayıbdır" sözü yoxdur.

TƏBİB, Səhiyyə Nazirliyi, hətta İcbari Tibbi Sığorta, Teleradio Şurası hara baxır? Həkim yalnız və yalnız tibbi profilli mətbuat vasitəsində öz sahəsi üzrə yeni müalicələr barədə informasiya verməlidir. Amma televiziyada "yalnız bu həkimə gedin, başqa yerə getməyin, bu, ən yaxşısıdır" kimi çağırışlar yolverilməzdir. Bu, başqa həkimlərin hüquqlarının tapdanması və icbari tibbi sığorta sisteminə keçən ölkəyə zərbədir. Mən belə şeylərin əleyhinəyəm. Mən özüm reklamdan, televiziyalara pulla çıxmaqdan uzağam. Fərdi, korporativ maraqlara keçmək yolverilnməzdir. Bu, həm mənəvi, həm də hüquqi məsuliyyət yaradır".


"Dünyada 1 nömrəli həkim anlayışı yoxdur, bu, insanları aldatmaqdır"
Aydın Əliyev, həkim radioloq, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini:

"Birmənalı olaraq, həkimlərin pul, xüsusən də bu qədər yüksək məbləğ qarşılığında efirdə reklam olunması yanlışdır. Həkimin yüngülvari təqdimatı gedə bilər. Saytlarda, sosial şəbəkəsində özü barədə konkret məlumat, gördüyü işlər və s. barədə məlumatlar yayıla bilər. Xüsusən də yeni başlayan həkimlərin bunu etməsi qismən başadüşüləndir. Yaxşı həkimlərin isə buna heç vaxtı yoxdur. İnsanlar tanımalıdır həkimi. Məşhur verilişlərdə aparıcıların bu məsələni şouya çevirməsi, kimisə "nömrə 1" adlandırması, həkimin də bunun qarşılığında pul ödəməsi biabırçılıqdır. Dünyada "1 nömrəli həkim" anlayışı yoxdur. Aparıcıların ucuz şou xarakterli "Xəstə ölürdü, bir iynə vurdu dirildi, "Filankəsin əlacı tapılmırdı, bu həkim tapdı" kimi fikirləri insanları aldatmağa xidmət edir. Bu, eyni zamanda həkimin savadsızlığından xəbər verir.
Mən 20 ildən yuxarıdır bu sahədəyəm, bu illər ərzində otağını kral otağı kimi bəzəyən, divarına getdiyi bütün kursların sertifikatlarını düzən, bütün günü salonlarda, çəkilişlərdə olan kişili-qadınlı həkimlərin, şan-şöhrəti sevənlərin həmişə savadsız, yarımçıq insanlar olduğunu görmüşəm. Yaxşı həkimlər oxuyur, xəstəylə məşğul olur, onun heç bəzənməyə, reklama, salonlara getməyə vaxtı belə olmur. Həkimin göstərişə ehtiyacı yoxdur. Təəssüf ki, bizdə cəmiyyətdə problem var, insanlar belə şeylərə önəm verir, bahalı həkimə, reklama inanır. İnəyini, qoyununu satıb rayondan həmin həkimin yanına gəlir və möcüzə gözləyir. Pullarını sağa-sola xərclədirlər, amma nə müalicə alır, nə düzəlirlər. Ümumiyyətlə, ucuz, şou xarakterli həkim, səhiyyə reklamlarını ləğv etmək lazımdır. İnsanları aldatmaq cinayətdir. Mən bir həkim kimi heç vaxt belə reklamlara getməmişəm. Heç o verilişlərə də baxmıram. Tibb xidmət sahəsidir, insanların sağlamlığının keşiyində durmalıdır. Milyonçu, məşhur olmaq istəyənlər gedib şou bizneslə məşğul ola bilərlər".

"Aparıcılar çempionat keçiriblər ki, 1 nömrəli həkimdən danışırlar?"
Fuad İslamzadə , "Tibb" jurnalının baş redaktorunun müavini:

İqtisadi rəqabət və bazar münaibətlərində reklam verən və o reklamı əhali arasında yayan şəxslər ədalətsiz rəqabətə yol verməməli, digər şəxslərin mənafeyinə zərər verəcək addımlar atmamalıdırlar. "Reklam haqqında" qanuna görə, heç bir məhsul və ya xidmət növünü "ən yaxşı", "ölkədə bir nömrə", "ən yüksək keyfiyyətli" kimi sözlərlə təqdim etmək olmaz. Təəssüf ki, ölkəmizdə bu məsələyə kifayət qədər diqqət yetirilmir və biz belə reklamlarla tez-tez rastlaşırıq. Bu cür qüsurlu reklamlar ən çox həkim fəaliyyəti ilə bağlı reklamlarda müşahidə edilir.

Tibbi fəaliyyət 2 cür reklam edilə bilər: 1) tibb mərkəzlərinin fəaliyyət dairəsinin reklam edilməsi ilə. Yəni, tibb müəssisəsində hansı tibbi yardım növlərinin olduğu haqda reklam məlumatı verilir. 2) həkim kütləvi informasiya vasitələrində müəyyən bir tibbi problem haqqında danışır, dinləyənlər də həmin həkimin bu problemlə məşğul olduğunu anlayıb, ona müraciət edirlər.

Azərbaycanda isə özəl telekanallar müxtəlif həkimlərin fərdi reklamlarını verir və ya onları efirə çıxarıb ağızdolusu tərifləyirlər. Çox qəribədir ki, özünü bu cür reklam etdirən həkimlər haqqında tez-tez "ölkənin nömrə bir həkimi", "Azərbaycanın ən yaxşı həkimi", "ölkədə tayı-bərabəri olmayan həkim" kimi ifadələr eşidirik. Belə sözləri güləşçiyə, boksçuya, şahmatçıya aid etmək olar. Televiziya aparıcıları həkimlər arasında çempionat keçiriblər ki, nömrə bir həkimdən danışırlar? Hələ onu da deyim ki, bəzi həkimlərimiz də televiziya efirinə çıxıb, orada özlərini malik olmadıqları titullarla təqdim edirlər. Məsələn, professor, akademik və s. Şübhə etmirəm ki, bizim praktik həkimlər arasında peşəkarlıq baxımından professorlardan yüksəkdə duranlar ola bilər və hətta var. Lakin hər hansı bir adamın özünü xalqa malik olmadığı titullarla tanıtması riyakarlıqdan başqa bir şey deyil. Mənim yaxından tanıdığım, tibb təhsilini bütünlüklə Türkiyədə alan çox qabiliyyətli bir həkim var. Bir dəfə zarafatla ona dedim ki, "nə əcəb, televiziyaya çıxıb uzman olduğunu demirsən?" O mənə cavab verdi ki, özünü uzman kimi təqdim edənlər arasında elələri var, onlara baxıb, uzman olduğunu dilimə gətirməyə utanıram".

Milli.Az

İllik 12,99%-dən 40 000 manatadək zaminsiz komissiyasız kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics