Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün İctimai Televiziyaya verdiyi müsahibəsində Qarabağ məsələsi və ölkəsinin son illərdəki siyasi kursu ilə da danışıb.
Milli.Az xəbər verir ki, müsahibənin gedişində jurnalistin "Bu o deməkdir ki, siz güzəştə gedirsiniz?" sualı Nikolu özündən çıxardıb. O, bu suala sərt reaksiya göstərib. Paşinyan Ermənistanın heç nədə güzəştə getmədiyini iddia edib.
"Bir dəqiqə, bir dəqiqə... Siz hansı güzəştlərdən danışırsınız? Biz nədə güzəştə getmişik? Heç nədə! Qarabağ məsələsi... Dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayıbmı? Yaxud Kirants-Əskipara məsələsi... Biz nəyi güzəştə getmişik? Heç nəyi. Elə "real Ermənistan" tezisimiz də bunun üzərində qurulub", - Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, Ermənistanın son illərdə yaşadığı itkiləri inkar etmir, lakin bununla yanaşı, bəzi əhəmiyyətli qazanc və dərslər də əldə edib. Onun fikrincə, əvvəlki illərdə - o hakimiyyətə gəlməzdən öncə - ölkə suverenliyini, dövlətçiliyini və müstəqilliyini əldən verirdi:
"Bəli, itkilərimiz oldu. Mən uzun müddət düşündüm, niyə bizim oğullarımız həlak oldu? Mən bu sualın cavabını çox götür-qoy etdim və belə nəticəyə gəldim: onlar bizim müstəqilliyimiz uğrunda şəhid oldular". / Musavat.com
Milli.Az