"Fransadakı terrorun islamla bağlılığı yoxdur"
Portuqaliya milli komandasının və "Real"ın hücumçusu Kriştianu Ronaldu Parisdə Məhəmməd peyğəmbərin karikaturasını dərc edən jurnalın əməkdaşlarına qarşı terror hücumuna münasibət bildirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, öz ölkəsinin mətbuatına müsahibəsində o bildirib ki, baş verənlərin islam dünyası ilə hər hansı bağlılığı yoxdur.
"Tanrı heç vaxt deməyib ki, peyğəmbəri təhqir edəni öldürün. Həmin terror hadisəsini törədənlərin islamla bağlılığı yoxdur. Bu hücum zamanı ölənlərdən biri - polis özü də müsəlman olub".
K.Ronaldu bildirib ki, dünyanın hər yerində bu cür üzücü hadisələr olur:
"Amma onların çoxu görməzliyə vurulur. Jurnal redaksiyasına edilən silahlı hücumu tək bir dinin üzərinə atıb müsəlmanları günahlandırmaq, məncə, yanlışdır. Bu cür terror hücumları təkcə müsəlmanlar tərəfindən edilmir. Dünyada ölümlə nəticələnən bütün hadisələrə etirazımızı bildirməliyik".
Qeyd edək ki, Məhəmməd peyğəmbərin karikaturasını dərc edən Fransanın "Çarli Herbo" satirik jurnalına silahlı hücumda 12 nəfər ölüb.
Xatırladaq ki, Kriştianu Ronaldu müsəlman dünyasına dəstəyi ilə fərqlənir. O, indiyədək bir neçə dəfə Fələstinə maddi kömək göstərib.
Milli.Az





