Hadisə

43 yaşlı həkimin ölümünə səhlənkarlıq SƏBƏB OLUB? - Rəsmi REAKSİYA - YENİLƏNİB

28 Fevral 2026 00:55
Baxış: 4 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməliyyatdan sonra həyatını itirən Xəzər Tibb Mərkəzinin həkim-neonatoloqu Gülnarə Əkbərovanın bacısı Səkinə Əhədova onun həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edib.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, G.Əkbərova "SAF Hospital"da dünyasını dəyişib.

Hospitaldan həkimin orada öldüyü təsdiqlənib. Bildirilib ki, G.Əkbərova tibb mərkəzinə ağır vəziyyətdə gətirilib:

"1983-cü il təvəllüdlü, onkoloji xəstəlikdən əziyyət çəkən pasiyent fevralın 25-də ağır vəziyyətdə digər tibb müəssisəsindən təxliyə olunub. Qəbul zamanı traxeya və traxeostoma nahiyəsindən aktiv qanaxma müşahidə olunurdu.

Müayinədən sonra pasiyent reanimasiya şöbəsinə köçürülüb. Reanimasiya şöbəsində müşahidə zamanı qanaxma davam edib, sonradan qəfil və profuz xarakter alıb. Təxminən 1 500 ml həcmində massiv qan itkisi fonunda hemorragik şok inkişaf edib, arterial təzyiqin kəskin enməsi qeydə alınıb.

Aparılan intensiv terapiya, yüksəkdozalı vazopressor və inotrop dəstək, həmçinin transfuzion və perfuzion müalicəyə baxmayaraq, arterial təzyiqin stabilləşdirilməsi mümkün olmayıb. Massiv qanaxma və proqressivləşən hemorragik şok fonunda pasiyentdə kardiopulmonar fəaliyyətin dayanması baş verib. Aparılmış bütün reanimasion tədbirlərə baxmayaraq, bioloji ölüm qeydə alınıb", - deyə xəstəxananın məlumatında bildirilir.

----------

Xəbər verdiyimiz kimi, Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib. 43 yaşlı həkimin cərrahi əməliyyatdan sonra vəziyyətinin ağırlaşdığı və bu səbəbdən həyatını itirdiyi bildirilir.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, onun bacısı Səkinə Əhədova bacısının həkim səhlənkarığı səbəbindən həyatını itirdiyini qeyd edib:

"Bacım zobdan əməliyyat olundu, 2-ci günü ayıldı. Gəzirdi, amma uzana bilmirdi. Ağrıdan ölürdü, otura bilmirdi. Boynundan belinə kimi ağrıdan sızıldayırdı. Həkimi əməliyyatdan sonra bir dəfə də olsun palataya gəlib xəstəsinə baş çəkmədi. Dedi ki, mənlik deyil. 3 gün yemək yeyə, uzana, yata bilməyən bacıma sonradan gəlib nə iynəsi vurdularsa, komaya düşdü. 25 gün reanimasiyada qaldı.

Başqa həkimlər gətizdirdik, bacımı komadan çıxartdılar. Amma dili tutuldu, gəzə bilmədi. Yenə də Allahıma şükür etdik ki, sağdır. Loqoped gətizdirdik, dilini müalicə elətdirirdik, artıq dilini tərpədə bilirdi. Sevinirdik ki , ümid yerimiz var, sağalacaq, reanimasiyadan çıxacaq, onu görəcəyik, balalarına qovuşacaq. Amma süni tənəffüs yolunda olan aparatı səhv salaraq şah damarına toxunub şah damarını partdatdılar. Bacım qanaxmadan öldü".

Qeyd edək ki, G.Əkbərova 2012-ci ildən Xəzər Tibb Mərkəzində Doğum və ginekologiya şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.

Milli.Az 

______________

Saat - 10:31

Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.

43 yaşlı həkimin cərrahi əməliyyatdan sonra vəziyyətinin ağırlaşdığı və bu səbəbdən həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, G.Əkbərova 2012-ci ildən Xəzər Tibb Mərkəzində Doğum və ginekologiya şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.