Cəmiyyət

Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib - FOTO

28 Fevral 2026 18:01
Baxış: 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ADA Universitetində "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" məzunları üçün "Qlobal təhsildən milli inkişafa" adlı karyera sərgisi keçirilib. Sərginin təşkilində əsas məqsəd Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil almış gənclərin milli əmək bazarına inteqrasiyasını təmin etmək və onların potensialını ölkəmizin dayanıqlı inkişafına yönəltməkdir.

Milli.Az xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev iştirak ediblər.

Açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli dövlətimizin insan kapitalına verdiyi önəmi xüsusi vurğulayıb. O qeyd edib ki, xaricdə təhsilə dair Dövlət Proqramı ölkəmizdə rəqabətədavamlı kadr potensialının formalaşdırılmasına yönəlmiş dövlət siyasətinin uğurlu nümunələrindən biri olmaqla yanaşı, gənclərin qazandığı beynəlxalq təcrübə Azərbaycanın gələcək inkişafının əsas hərəkətverici qüvvələrindən hesab olunur.

ADA Universitetinin prorektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə məzunlara müraciət edərək onların beynəlxalq mühitdə əldə etdikləri akademik nailiyyətlərin yerli qurumların fəaliyyətinə yeni və mütərəqqi yanaşmalar gətirəcəyinə əminliyini ifadə edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev isə Dövlət Proqramı məzunlarının əmək bazarında rəqabət üstünlüyünə malik olduqlarını bildirib və onlar üçün yaradılan əlverişli məşğulluq perspektivlərindən söz açıb.

Rəsmi hissənin ardınca açıq elan olunan karyera sərgisində 40-dan çox nüfuzlu dövlət və özəl qurum təmsil olunub. Məzunlar birbaşa işəgötürənlərlə ünsiyyət qurmaq, CV-lərini təqdim etmək və gələcək karyera imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.