Cəmiyyət

Aliment probleminin yeni həll yolu

1 İyul 2015 19:57
0 Şərh     Baxış: 2 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boşanmadan sonra yaranan ən böyük problemlərdən biri də alimentlərin verilməsi ilə bağlı olur. Çünki qanuna əsasən, boşandıqdan sonra uşaq valideynlərdən birində qalarsa, digər valideyn aliment ödəməlidir. Çox zaman uşaqlar analarında qalır və tənha qadınlar üçün uşaqlara baxmaq o qədər də asan başa gəlmir. Bu məsələ elə bir həddə gəlib çatıb ki, bir çox valideynlər məsuliyyəti öz üzərilərindən atırlar, müxtəlif üsullarla aliment ödəməkdən boyun qaçırırlar.

2014-ci ilin sonlarında Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin icraatında alimentlə bağlı 52 467 məhkəmə qərarı olub. 2015-ci ilin I rübündə isə bu rəqəm 51 738 təşkil edir. Bu rəqəm bütün illər üzrə bu gün icra vəziyyətində olan sənədləri əhatə edir. Bura iki, üç il əvvəl qəbul edilənlər qərarlar da daxildir. 2014-cü ildə alimentdən yayınmaya görə 1565 fakt üzrə inzibati məsuliyyətə cəlb edilmə olub. 2015-ci ilin I rübündə isə bu rəqəm 457 fakt təşkil edib. Eyni zamanda, alimentdən yayınmaya görə 2014-cü ildə 915 nəfərə, 2015-ci ilin birinci rübündə isə 274 nəfərə inzibati həbs tənbeh növü təyin edilib.

Fond yaradılması ilə bağlı təkliflər

Ona görə də alimentlərin verilməsi ilə bağlı yeni mexanizmin hazırlanmasına ehtiyac var idi. Bir neçə il öncə millət vəkili Elmira Axundova ilk olaraq bu məsələ ilə bağlı çıxış edərək bildirmişdi ki, problemin həlli üçün Aliment Fondunun yaradılmasına ehtiyac var. Həmin vaxt bu məsələ müzakirə mövzusu olsa da, sonradan arxa plana keçdi. Bu ilin əvvəlində isə millət vəkili Qənirə Paşayeva da Aliment Fondunun yaradılması ilə bağlı çıxış etmişdi. Q.Paşayevanın bu təklifinə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov isə demişdi ki, belə bir fond yaradılarsa, aliment verməyənlərin sayı daha da artacaq: "Fond yaratmaq, dövlətin yükünü artırmaq lazım deyil. Hesab edirəm ki, axtarışlar aparıb başqa çıxış yolu tapmaq lazımdır. Rusiyada bunun yaxşı təcrübəsi var".

Başqa ölkələrin təcrübəsi öyrənilir

Həmin vaxt təklif bəyənilməsə də, artıq bu sahədə müəyyən addımlar atılmaqdadır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı Nazirlər Kabinetinə rəsmi şəkildə təklif göndərib. Komitənin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya bildirib ki, bu işdə başqa ölkələrin təcrübəsi öyrənilir. Onun sözlərinə görə, Aliment Fondu yeni bir struktur olacaq: "Bizim komitə Aliment Fondunun yaradılmasına dair təşəbbüskarlardan biridir. Başqa dövlətlərdə - Macarıstanda, Almaniyada, Fransada belə fond var. Aliment Fondu ya müstəqil bir təşkilat olmalı, ya da Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərməlidir".

Aliment ilkin olaraq dövlət büdcəsindən ödəniləcək

Şöbə müdiri Azərbaycanda Aliment Fondunun yaradılması mexanizminin bir qədər fərqli olacağını vurğulayıb: "Mexanizmin özündə yeni bir təşkilatın yaradılması əks olunub. Yeni təşkilatın yaradılması üçün isə yeni büdcə olmalıdır. Büdcədə də tutaq ki, 2000 vətəndaşa alimentin ödənilməsi ilə bağlı vəsait müəyyənləşdirilməlidir. Yəni, aliment ilkin olaraq dövlət büdcəsindən ödəniləcək. Daha sonra isə icraedici şəxslər alimentin məbləğini faizi ilə birgə tutaraq dövlət büdcəsinə qaytarmalıdırlar. Bu mexanizmin yaradılması çox vacibdir".
E.Səfərov əlavə edib ki, Aliment Fondunun yaradılması ilə Azərbaycanda sosial risk qrupunda olan şəxslərə yardım etmək imkanı yaranacaq: "Alimenti ödəməkdən boyun qaçıran valideynlər məcburi şəkildə psixoloqlara göndəriləcək ki, niyə aliment ödənilmir, nəyə görə valideyn uşağına qarşı laqeyddir. Valideyn psixoloqa getməyəndə azadlıqdan məhrum edilir. Qanunvericilik təkmilləşdiriləndən sonra bunu tətbiq etmək olacaq. İnkişaf etmiş ölkələr bu praktikadan istifadə edir".

Aliment beş ay müddətində ödənmirsə...

E.Səfərov qeyd edib ki, bu gün alimentlə bağlı qanunvericilikdə təkmilləşdirmə işləri davam etdirilməlidir: "Təsəvvür edin insanın adına əmlak yoxdur, rəsmi əmək haqqı heç bir yerdə göstərilmir. Ancaq yaşayış səviyyəsi yaxşıdır. Bununla belə, alimenti ödəmir. Elektron baza yaradılmalıdır. Cinayət məsuliyyətinə cəlbetmə prosesi daha da gücləndirilməlidir. Aliment beş ay müddətində ödənmirsə, bunu edən şəxs avtomatik olaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır".

Şöbə müdiri qeyd edib ki, Aliment Fondunun vasitəsilə aztəminatlı ailələrə təcili səhiyyə və sosial xidmətlərin göstərilməsi də nəzərdə tutulub.

Dövlətin sosial dəstəyi

Millət vəkili Elmira Axundova bildirdi ki, o, bu təklifi edərkən aliment ala bilməyən valideynlərə dəstəyi əsas tutub. Əgər belə bir fond yaradılarsa, aliment ala bilməyən valideynlər üçün böyük yardım olacaq: "Aliment ala bilməyənlərə dövlətin dəstəyi olacaq. Dövlət qurumu vətəndaşların hüquqlarını müdafiə edəcək. Mən belə bir təklif vermişdim ki, fondun özünün müəyyən miqdarda vəsaiti olsun və həmin pul aliment ala bilməyən şəxslərə ilkin olaraq verilsin. Çünki bəzən vətəndaşlar yarım və ya bir il alimenti ala bilmirlər. Bu zaman fond həmin ailələrə nəzərdə tutulan alimenti verir. Vətəndaşlar dövlətin sosial dəstəyini hiss etsinlər".

Fond aliment verməyən şəxsi məsuliyyətə cəlb edə biləcək

Millət vəkili deyir ki, vətəndaşa alimenti verən fondun, eyni zamanda, aliment verməkdən imtina edən şəxsi qanuni yolla məsuliyyətə cəlb etmək səlahiyyəti də olmalıdır: "Fondunun strukturlarının, işçilərinin səlahiyyəti olmalıdır ki, məhkəmənin icra məmurları ilə bir yerdə onlar aliment verməyənlərin axtarışını aparsınlar və ödənilən pulun geri almasını təşkil etsinlər. Hətta bu işdə stimullaşdırma ilə bağlı bir təklif də irəli sürmüşdüm ki, aliment verməyənləri daha çox aşkar edib, onlardan pulu almağa nail olanlara mükafatlar verilsin. Bunlar xüsusi qaydalardır və fond yaradılandan sonra bu haqda danışmaq olar. Amma prinsipial məsələ odur ki, belə bir fond yaradılsın. Çünki bizdə bu problem çox kəskindir. Minlərlə insan alimentdən yayınır, vətəndaşlar isə problemin həllində tək qalırlar. İcra məmurları çox çətinliklə bu işi həll edə bilirlər".

Aliment verməyənlərin adı "qara siyahı"da

E.Axundova deyir ki, aliment verməyənlərin adlarının sərhəddən çıxışına qadağa qoyulan "qara siyahı"ya əlavə edilməsi də atılan önəmli addımlardan olub: "Bir neçə dəfə Milli Məclisdə bu təkliflə çıxış etmişdim. O təklif yüksək dəyərləndirildi və bununla bağlı Cinayət Məcəlləsinə 306-cı maddə əlavə edildi. Bu qanunun tətbiqindən sonra bir az müsbətə doğru dəyişikliklər əldə etməyə nail olundu. Artıq dövlət sərhəd məntəqələrimizdəki "qara siyahı"da aliment verməyənlərin də adı var. Əgər alimenti ödəməyən şəxs sərhədi keçmək istəsə, siyahıda adı varsa, o sərhəddə saxlanılır. Pulu tam ödəməyincə, nə xaricə gedə bilir, nə də ölkəyə geri qayıdır. Bəzən ata uşağa aliment vermir və özü də xaricdə yaşayır. Dəfələrlə belə hal olub ki, belə şəxslər ölkəyə qayıdanda sərhəddə saxlanılıb və borcu olan qədər məbləğ onlardan alınıb anasına verilib."

Bu məsələ təklif olaraq qalmaqdadır

Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə deyir ki, Azərbaycanda aliment ödənilməsi ilə bağlı böyük problemlər var. Ona görə də bu problemin həlli üçün addımlar atılır: "Son zamanlar bizim tərəfdən qəbul edilmiş qanunlara əlavə və dəyişikliklər problemin həllinə bir az kömək edib. Yəni, aliment borcu olan adamın ölkədən çıxışına qadağa qoyulub. Onlar qaçıb xarici ölkədə gizlənə bilmirlər. Aliment ödəməməyə görə inzibati qaydada cəza və daha sonra cinayət işinin qaldırılması məsələsi var. Nisbətən irəliləyiş var. Aliment Fondunun yaradılması təklifi də ombudsman və bir neçə millət vəkili tərəfindən irəli sürülüb. Fondun işi belə olacaq ki, dövlət alimenti ehtiyacı olan şəxsə versin və sonra iddiaçı qismində çıxış edib qarşı tərəfdən həmin pulu qanuni yolla tələb etsin. Bu hələ ki təklif olaraq qalmaqdadır. Əgər belə bir fond yaradılarsa, minlərlə aliment ala bilməyən qadına uşaqlarını böyütməyə kömək edə bilər".

Fondun yaradılması böyük vəsait tələb edir

Ç.Qənizadə deyir ki, belə bir fondun yaradılması üçün böyük vəsait tələb olunur. Ona görə də hazırkı vaxt üçün bunun real olmadığını düşünür: "Bu gün aliment ala bilməyən şəxslərin demək olar ki, yüz faizini qadınlar təşkil edir. Fondun yaradılması həmin qadınlar üçün böyük dəstək ola bilər. Amma bu, xırda bir iş deyil ki, qərar verib reallaşdırılsın. Bundan ötrü böyük büdcə lazımdır. Bu məsələ ölçüb-biçilməlidir. İcra orqanları, Maliyyə Nazirliyi və digər qurumlar bu məsələni araşdırmalıdırlar. İl ərzində nə qədər alimentin ödənildiyi, nə qədər yayınma hallarının olduğu ilə bağlı statistika öyrənilməlidir. Bunları dəqiqləşdirmədən qanunu qəbul etmək çətin olar. Amma təklif reallaşarsa və dövlətin maddi imkanı bu işi görməyə imkan verərsə, mən də alqışlayaram. İndiki zamanda deyə bilmərəm, amma gələcəkdə bu məsələyə baxıla bilər".

Kaspi.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.