Siyasət

Rufiz Qonaqov: "Leyla Yunus yaratdığı şoularla Azərbaycanın imicinə xələl gətirməyə çalışıb"

1 Avqust 2014 15:46
Baxış: 803
"Leyla Yunus müxtəlif vaxtlarda yaratdığı şoularla Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələri ölkəmizə qarşı yönəltmək, dövlətimizin imicinə xələl gətirmək istəyib".

Bu barədə Trend-ə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov L.Yunusun həbsinə münasibət bildirərkən deyib.

R.Qonaqov bildirib ki, BMAM hüquq müdafiəçisi adı ilə özünü və təmsil etdiyi qurumu kamuflyaj edən L.Yunusun onun həyat yoldaşı Arif Yunusla birlikdə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə, Ermənistana səfərlər təşkil etmələrinə və qrant vəsaitləri alaraq müxtəlif birgə layihələr keçirmələrinə daim öz qəti etirazını bildirib: "Yunusova Leyla Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu "Sülh və Demokratiya İnstitutu" adlı qurum vasitəsilə və bir neçə erməni ilə birlikdə Ermənistanın bir sıra qeyri-hökumət təşkilatları arasında "xalq diplomatiyası" adlı birgə layihələr həyata keçirib. Bu layihə adları altında Leyla Yunus beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına köçürüb. Təhlükəsizlik orqanlarının da qeyd etdiyi kimi, bu pulları isə xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün istifadə edib".

O qeyd edib ki, bir çox dağıdıcı müxalif dairələr də L.Yunusu dəstəkləyərək, onun yaratdığı şoulara bəraət qazandırmaqla diqqət mərkəzinə çevrilməyə calışıb: "Dəfələrlə bəyan etmişik ki, Azərbaycanda fəaliyyətləri ilə cinayətlərə yol vermiş insanlar mövcuddur. Leyla Yunus kimiləri isə onları siyasi məhbus kimi dəyərləndirməklə beynəlxalq ictimaiyyəti Azərbaycanın üzərinə qaldırmaq niyyətində olublar. Belə şoular yaratmaqla Leyla Yunus özünün "siyasi məhbus" kimi həbs olunması ssenarisini planlaşdırıb. Azərbaycan Konstitusiyasını, qanunları pozan, ölkəmizin milli maraqlarına zidd hərəkət edən hər bir kəs qanun qarşısında cəzasını almalıdır".

BMAM rəhbəri əlavə edib ki, təəssüflər olsun ki, sapı özümüzdən olan baltalar, xaricdəki dəstəkçilərinin köməyi ilə ölkənin ictimai-siyasi həyatında aktiv mövqeyə sahib olub, insan hüquqları, hüquq müdafiəçisi, demokratiya və bu kimi ülvi idealların kamuflyajı ilə vətənə də, xalqa da xəyanət edirlər: "Hər bir sivil ölkədə, əlbəttə ki, müxalifət var. Lakin sivil ölkələrdə o da var ki, müxalifətçilik hökumətə qarşı olur və bu da normaldır. Heç bir sivil ölkədə dövlətə müxalifətçilik sivil qəbul edilmir və xalqın təhlükəsizliyinə zərər gətirən hər bir şəxs vətən xaini sayılır. Təhlükəsizlik və hüquq mühafizə orqanlarının Leyla Yunusla bağlı bu ittihamları kifayət qədər ciddidir və araşdırılıb bu işdə əli olan hər kəs ədalət məhkəməsinə cəlb edilməlidir. Bu cür insanların ciddi məsuliyyətə cəlb edilməsi və ölkə məhkəməsi qarşısında cavab verməsi ilə yanaşı, vətənə, dövlətə qarşı apardığı işin cəzasını alması bu cür fəaliyyət göstərən və göstərmək niyyətində olan başqa şəxslərə də dərs olmalıdır. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi olaraq, bir daha milli və siyasi təhlükəsizliyimizə qarşı yönələn bu cür halların aradan qaldırılmasının ölkəmiz üçün həyati əhəmiyyət daşıdığını bildiririk".

Qeyd edək ki, L.Yunusovanın Cinayət Məcəlləsinin 274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2, A.Yunusovun isə həmin məcəllənin 274 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 30 iyul 2014-cü il tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, L.Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, A.Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.