Ölkə

Xaçmazlı əlil: "İcra başçısının müavini mənə dedi ki, get, hara şikayət edirsən, et" - FOTO

8 Fevral 2016 13:31
9 Şərh     Baxış: 8 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmaz rayonu Hacıəlibəy kənd sakini Mehrəliyev Niyaz Nizam oğlu Milli.Az-a müraciət edərək səhhətində olan problemlərdən, ailə vəziyyətinin çətinliyindən şikayətlənib.

Onun sözlərinə görə, ağır ailə vəziyyəti ilə bağlı Xaçmaz Rayon İcra Hakiminin birinci müavini Yetkin Mehmanovun qəbulunda olub. Amma həmin vəzifəli şəxs onunla pis rəftar edib və şikayətini dinləmədən otaqdan çıxarıb:

"Mən I qrup əliləm. Özüm də, epilepsiyadan və digər xəstəliklərdən əziyyət çəkirəm. Üç azyaşlı uşağım var. Onları saxlamağa gücüm çatmır. Ona görə də, Xaçmaz rayon icra başçısının birinci müavini Yetkin Mehmanovun qəbuluna getdim. Dedim ki, 3 körpə balam var. Özüm də, xəstəyəm. Mənim müalicəm üçün kömək edin. Dedi ki, biz o işlərə baxmırıq. Get, hara şikayət edirsən, et. Mən də, əlilliyə görə cəmi 127 manat təqaüd alıram. Mənim istəyim, sadəcə, odur ki, müalicəm üçün köməklik etsinlər. Bütün aidiyyəti qurumlara müraciət etmişəm. Hamısı rədd cavabı verir. Mənim müalicəm elə də, bahalı deyil. Sadəcə olaraq imkanım yoxdur. Özüm nevroz xəstəliyindən əziyyət çəkirəm. Tez-tez təzyiqim düşür. Dərmanlarım hardasa 600-700 manat pul edir. Xahiş edirəm, aidiyyəti qurumlar mənə kömək etsin".

N.Mehrəliyev deyib ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul şəxsi ilə də görüşüb: "Məni qəbul etdilər, dinlədilər. Lakin əsaslı kömək etmədilər. 3 ay ərzində cəmisi 100 manat pul verdilər ki, bu da yaralarıma məlhəm deyil".

Milli.Az olaraq Niyaz Mehrəliyevin şikayəti ilə bağlı bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Səhiyyə Nazirliyinə sorğu ünvanladıq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, bu şəxsə nazirlik tərəfindən imkan daxilində dəfələrlə kömək göstərilib. Lakin onun müalicəsi və dərman təchizatı məsələləri bizim səlahiyyətimiz çərçivəsində deyil. 

Səhiyyə Nazirliyindən isə Milli.Az-a verilən məlumata görə, adıçəkilən şəxslə əlaqə saxlanılaraq bu gün o, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çağırılıb. N.Mehrəliyevi birbaşa xəstəxanın baş həkimi qəbul edib və əlilin bütün dərman təchizatı ilə bağlı məsələlər artıq həllini tapıb.

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.