Ziraat Türkiyə Kubokunun qrup mərhələsində keçirilən "Qalatasaray" - "İstanbulspor" matçında "sarı-qırmızılı" futbolçu Ahmed Kutucu ilə rəqib qapıçı İsa Doğan kəllə-kəlləyə toqquşub. Hadisə nəticəsində qapıçı təcili yardım maşını ilə meydançadan aparılıb.
Milli.Az xəbər verir ki, oyunun 46-cı dəqiqəsində "Qalatasaray"ın hücumçusu Ahmed Kutucu ilə "İstanbulspor"un qapıçısı İsa Doğan top uğrunda mübarizə zamanı çox sərt şəkildə kəllə-kəlləyə toqquşaraq yerə yıxılıblar. Hər iki komandanın tibbi heyəti dərhal meydana daxil olaraq futbolçulara ilk yardımı göstərib.
Ahmed Kutucu tibbi müdaxilədən sonra ayağa qalxa bilsə də, qapıçı İsa Doğanın vəziyyəti daha ciddi olub. Meydançaya daxil olan təcili yardım maşını futbolçunu xərəklə götürərək birbaşa xəstəxanaya aparıb. Onun vəziyyətinin həkim nəzarəti altında olduğu bildirilir.
Zədə səbəbindən hər iki futbolçu oyunu davam etdirə bilməyib:
51-ci dəqiqədə qapıçı İsa Doğanı Mücahit Sərbəst əvəzləyib.
52-ci dəqiqədə isə Ahmed Kutucunun yerinə İsmayıl Yakobs meydana daxil olub.
Lalə Qüdrətova
Milli.Az





