Qəbələ şəhərində, Qəbələ Mədəniyyət Mərkəzində keçirilən "Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku - 2026" beynəlxalq müsabiqəsi böyük uğurla başa çatdı.
Layihə Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirildi.
Müsabiqənin əsas məqsədi istedadlı uşaq və gənclərin üzə çıxarılması, incəsənətin inkişafına dəstək verilməsi, eləcə də müxtəlif bölgələrdən olan kollektivlər arasında yaradıcılıq mübadiləsinin genişləndirilməsi idi.
Tədbir çərçivəsində iştirakçılar müxtəlif incəsənət istiqamətləri üzrə rəngarəng və yadda qalan çıxışlar təqdim etdilər. Proqrama xoreoqrafiya, vokal, xalq və klassik musiqi alətlərində ifa, həmçinin digər səhnə janrları daxil idi.
İştirakçıların çıxışları peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirildi və onların yüksək hazırlıq səviyyəsi xüsusi qeyd olundu.
Müsabiqənin nəticələrinə əsasən, Gracia Dance Group və Gəncə "Xəmsə" uşaq rəqs ansamblı müxtəlif nominasiyalar üzrə ümumilikdə 7 qələbə qazanaraq qaliblər sırasında yer aldılar.
Qaliblər diplom və kuboklarla təltif olundular, ən yaxşı çıxışlar isə həm münsiflər, həm də tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi.
Qeyd edək ki, "Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku" hər il çoxsaylı gənc istedadları bir araya gətirərək mədəni və yaradıcı təşəbbüslərin inkişafına mühüm töhfə verir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az





