Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binasının fasadına 4 nəfər boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Milli.Az xəbər verir ki, qrafit tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B ilə valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılıb.
Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.
Bu hadisə cəmiyyət arasında narahatlıq yaradıb.
Deputat Ceyhun Məmmədov Milli.Az-a açıqlamasında bildirib ki, baş verən hadisə olduqca üzücüdür və qəbulolunmazdır. Onun sözlərinə görə, bəzi gənclər bilmədən də olsa yanlış yola düşərək tarixi irsə zərər yetirirlər:
"Təəssüf ki, gənclərimizin bir qismi yanlış yoldadır və özləri də dərk etmədən belə bir tarixi abidəyə ziyan vurublar. Bu, qəbul edilməz bir məsələdir və tarixi binaları qorumaq hər birimizin üzərinə düşən vəzifədir".
C.Məmmədov xüsusilə bu addımın gənclər tərəfindən atılmasının narahatlıq doğurduğunu vurğulayıb. Onun fikrincə, bu hal gənclərlə daha sıx və sistemli iş aparılmasının vacibliyini göstərir:
"Bu məsələdə ən narahat edici məqamlardan biri də odur ki, bunu gənclər edib. Bu isə ciddi problemdir. Hesab edirəm ki, biz gənclərlə daha çox işləməliyik. Ailələr övladlarının tərbiyəsinə xüsusi diqqət yetirməli, məktəblərdə təlim-tərbiyə işləri gücləndirilməlidir. Gənclər arasında davamlı təbliğat aparılmalıdır".
Deputat əlavə edib ki, müasir dövrdə sosial media və qloballaşmanın təsiri bəzi gənclərin milli-mənəvi dəyərlərdən uzaqlaşmasına səbəb olur:
"Təəssüf ki, bu gün sosial media və qloballaşma gəncləri müxtəlif təsirlərə məruz qoyur. Bu da bəzi hallarda onların milli-mənəvi dəyərlərdən uzaqlaşmasına gətirib çıxarır. Nəticədə yanlış düşüncələr formalaşır".
Vurğulayıb ki, tarixi irsin qorunması hər kəsin borcudur və bu məsələdə gənclər xüsusi məsuliyyət daşıyır:
"Kim tərəfindən törədilməsindən asılı olmayaraq, bu, çox yanlış addımdır. Gənclər belə davranışlardan uzaq olmalıdırlar. Onlar dövlətimizin və milli-mənəvi dəyərlərimizin ən həssas qoruyucuları olmalıdırlar. Unutmamalıyıq ki, millətləri və dövlətləri güclü edən onların dəyərləri və tarixi abidələridir".
C.Məmmədov Azərbaycan xalqının zəngin tarixə və mədəniyyətə malik olduğunu söyləyib:
"Xalqımız öz dəyərlərinə sıx sarılmalı, onları göz bəbəyi kimi qorumalıdır. Bu istiqamətdə isə gənclər ön sırada dayanmalıdır. Çünki gənclər bizim gələcəyimizdir və onlardan gözləntilərimiz böyükdür".
Mina Mikayılova
Milli.Az





