Dünya

Ərəb ölkələrində Ramazan ayında yeni məhdudiyyətlər tətbiq ediləcək

12 Aprel 2021 21:25
Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərəb ölkələrinin hökumətləri tərəfindən müqəddəs Ramazan ayında COVID-19 pandemiyası ilə əlaqədar yeni məhdudiyyətlərin siyahısı açıqlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Misirdə axşam saatlarında kütləvi iftar süfrələrinin açılması, insanların bir yerə toplaşması qadağan ediləcək. Bundan başqa, məscidlərdə təravih namazı vaxtı sosial məsafənin qorunması, habelə qoruyucu maskalardan istifadəsinə nəzarət gücləndirilir. Misirdə dindarların adətən 10 gün ərzində ibadət etmək üçün vaxtlarının məscidlərdə keçirmələri də qadağan edilib. Misirin Baş naziri Mustafa Mədbuli bildirib ki, əhalinin epidemiyadan qorunması məqsədilə məscidlərdə yas mərasimlərinin keçirilməsinə də icazə verilməyəcək.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kollektiv iftar süfrələri qadağan edilib. Əmirliyin hökuməti məscidlərdə təravih namazının müddətini 30 dəqiqəyə qədər azaldıb. Bundan sonra ibadət ocaqları dərhal bağlanacaq. Əbu-Dabi və digər şəhərlərdə də məhdudiyyətlər tətbiq ediləcək.

Kütləvi iftar süfrələri Səudiyyə Ərəbistanında da qadağan edilir. Ümrə ziyarəti üçün Krallığa gələn zəvvarların COVID-19 əleyhinə vaksin vurdurması və testdən keçməsinə xüsusi nəzarət olunacaq. İki müqəddəs məsciddə təravih namazı qılınması vaxtı da 30 dəqiqə müəyyən edilib, eyni zamanda, qaydaları pozan və məscidlərə icazə sənədi olmadan daxil olan zəvvarlara cərimələr tətbiq ediləcək.

İordaniya hökuməti Ramazan ayında pandemiya əleyhinə tədbirlərin həyata keçirilməsinə iki ay öncə başlayıb. Krallığın ərazisində axşam saat 19-dan səhər 6-dək küçəyə çıxmaq qadağan edilir. İordaniyada da kütləvi iftar süfrələrinin təşkilinə icazə verilməyəcək. Bu ölkədə pandemiya ilə vəziyyətin daha ağır olması səbəbindən məscidlərə toplaşmaq və kollektiv ibadətə də qadağa qoyulub.

Küveytdə də Ramazan ayı boyunca axşam saatlarında keçəyə çıxmaq qadağası tətbiq edilib. Bu ölkənin pandemiya ilə mübarizə üzrə ali şurasının rəhbəri Xalid əl-Cərallah bildirib ki, sərt karantin rejimi, habelə iftar süfrələrinin qadağan edilməsi və məscidlərdə təravih namazının vaxtının məhdudlaşdırılması Ramazan bayramı günlərində də davam edəcək. Bu ölkədəki restoranlar isə sifarişləri evlərə çatdıracaq və supermarketlər səhər saat 6-dan axşam 8-dək işləyəcək.

Omanda da Ramazan ayında sərt karantin rejimi davam edəcək. Rəsmi ONA xəbər agentliyi məlumat yayıb ki, kommersiya obyektlərinin, o cümlədən kafe və restoranların fəaliyyəti axşam saat 20-dən səhər 7-dək dayandırılır. Bundan başqa, digər ərəb ölkələrində olduğu kimi, Sultanlığın ərazisində də kollektiv iftar süfrələri qadağan edilir, həmçinin axşam saatlarında məscidlərdə toplaşmağa icazə verilmir. Oman hökuməti ölkəyə girişə də məhdudiyyət qoyub. Belə ki, Ramazan ayında hava, dəniz və quru yolu ilə Omana yalnız ölkə vətəndaşları və burada müvəqqəti yaşamaq hüququ olanlar gələ biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.